DÜNYANIN BÖYÜK XİLASKARININ XÜSUSİYYƏTLƏRİ
Bəşər tarixində baş verəcək ən böyük inqilab rəhbərinin aşağıdakı spesifik xüsusiyyətlərə malik olması zəruriyyətini bilmək kifayətdir:
1. Geniş və əhatəli məlumat;
2. İnsaniyyət aləminin genişliyi qədər misilsiz uzaqgörənlik;
3. İnqilabın bütün sahələri ilə ətraflı tanışlıq;
4. Hədsiz şücaət və iradə;
5. Hədəfinin əzəməti qədər təqva, sədaqət və paklıq;
6. Həyatın bütün sahələrini nəzərə almaq və yalnız maddi cəhətlə kifayətlənməmək;
7. Ayrı-seçkilik, şəxsi mənafe, düşmənçilik, mövcud adət-ənənə, məktəb və məsləklərin fövqündə duran geniş ruhiyyə.
Qeyd edilən xüsusiyyətlərə sahib olan rəhbərin ordusundakı inqilabçı əsgərlərinin də bu böyük islahatın gerçəkləşməsi üçün ali təhsil alması zəruridir. Nadanlar, dardüşüncəli, qorxaq, iradəsiz və çirkinliklərə qurşananlar, həmçinin qeyri-inqilabi qüvvələr bu orduya yol tapa bilməyəcəklər!
Biz burada ümumi bəhsimizi sona yetirərək İslam mənbələrində dünyanın böyük xilaskarı kimi tanınan şəxsin zühuru ilə əlaqədar araşdırmalara başlayırıq. Onun zühuru ilə bağlı, təqribən, bütün dünya məzhəblərinin mənbələrində söz açılmasına baxmayaraq, İslamda ona və təfərrüatına verilən əhəmiyyət digər məzhəblərin heç birində gözə dəymir. Diqqəti cəlb edən məsələ bu zəmində İslam mənbələrində göstərilənlərin “məntiq və fitrət” vasitəsilə sübut olunanlarla tam üst-üstə düşməsidir və bu uyğunluğun iki təsiri vardır: bir tərəfdən, bizim əqli hökmlərə inancımızı artırır, digər tərəfdən də, bizi İslam təlimlərinin əsillik və doğruluğuna nikbin edir.
QURANİ-KƏRİMDƏ BÖYÜK XİLASKAR
İslamın ən mühüm mənbəyi olan Qurani-Kərimin digər mövzular kimi bu mövzu ilə bağlı göstərişləri də ümumi xarakter daşıyır və onun təfərrüatından söz açılmır. Başqa sözlə, Quran ayələri eynilə əqli dəlillər və fitrətdə göstərilənləri izləyir və iman sayəsində dünyamiqyaslı ədalətli hakimiyyətin gerçəkləşəcəyindən söz açır. Biz burada həmin ayələrdən bir neçəsini nəzərdən keçiririk:
1. “Ənbiya” surəsinin 105-106-cı ayələrində buyurulur:
وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ
“Həqiqətən, biz Zikrdən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu sözdə ibadət edən bir qövm üçün moizə, öyüd-nəsihət var!”
Ayədə qeyd olunan bir neçə ifadə diqqəti cəlb edir:
1. “Ərz” yer kürəsinə deyilir.
2. “İrs” lüğətdə ticarətsiz əldə olunan mal mənasını verir. Qurani-Kərimin bəzi ayələrində isə bu söz saleh qövmün günahkar qövmə qələbəsi və hakimliyi, onların malik olduqlarını ələ keçirməsi mənasında işlədilmişdir.
3. “Zəbur” əslində kitab və yazı mənasını daşısa da, adətən, Davud peyğəmbərin “Məzamir” adlı kitabına aid edilir. Bu kitabda o həzrətin münacatları, raz-niyaz və nəsihətlərindən söz açılır. Bir ehtimala əsasən, Qurani-Kərimdən əvvəl nazil olmuş bütün səmavi kitablar “Zəbur” adlanır.
4. “Zikr” əslində xatırlayan və yada salan hər bir şeyə deyilir. Amma uyğun ayədə “Zəbur”dan öncə qeyd olunduğu üçün, Musa peyğəmbərin səmavi kitabı – Tövrat nəzərdə tutulur. Digər təfsirə əsasən, “Zikr” Qurani-Kərimə işarədir. Çünki ayələrdə bu ad Qurani-Kərimin özünə verilir və buyurulur:
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
“O, (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.”1
Bu təfsirə əsasən, ayədə qeyd olunan “min bə`diz-Zikr” ifadəsi “Zikrdən əlavə” mənasını daşıyacaqdır. (Həqiqətən, biz Zikrdən (Qurandan) əlavə, Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq.)
5. “Saleh” səlahiyyətli və ləyaqətli mənasını bildirir və mütləq şəkildə qeyd edildikdə, hər bir sahədə səlahiyyətli olmağa aid edilir; elmi səlahiyyət, əxlaqi səlahiyyət, iman, təqva, agahlıq, müdiriyyət və s.
Nəticədə, ayənin mənası belədir: “Həqiqətən, biz Zikrdən (Tövratdan) sonra (və yaxud Qurani-Kərimdən əlavə,) Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin sahib olacağını yazmışdıq. Həqiqətən, bu söz ibadət edən (Allah yolunda qədəm götürən) qövmün hədəflərinə çatması üçün kifayətdir!”
Bu məsələnin “Zəbur”da (yəni bütün keçmiş səmavi kitablarda) qeyd edilməsi onun bütün səmavi kitablarda sabit bir prinsip olduğunu aşılayır. “Zəbur” dedikdə, Davud peyğəmbərin kitabı nəzərdə tutulsa da, məqsəd o həzrətin hakimiyyətinin haqq-ədalət və insanların mənafeləri istiqamətinə yönəlməsidir. Onun hakimiyyəti bütün dünyanı əhatə etməsə də, Zəburda ona azadlıq, əmniyyət və ədalət əsasında qurulacaq cahanşümul hakimiyyət müjdəsi verilmişdi. Yəni bir zaman gələcək ki, Allahın saleh və səlahiyyətli bəndələri yer üzünün bütün miraslarına – həm maddi, həm də mənəvi hakimiyyətə – varis olacaqlar.
Bu ayənin təfsiri ilə bağlı nəql olunan bir sıra rəvayətlərdə daha aydın ifadələr də göz çarpır. O cümlədən, “Məcməül-bəyan” kitabında həmin ayənin təfsirilə bağlı imam Baqirdən (ə) belə nəql olunur:
هم اصحاب المهدى فى آخر الزّمان
“Allahın saleh bəndələri axirəz-zamanda Mehdinin (ə) səhabələri olacaqlar.” Onlar bu böyük missiyaya layiq görüləcək və yer üzünün varisi olacaqlar.
Bu məsələ “Əhdi-Qədim” (Tövrat) kitabını bir hissəsini təşkil edən Davud peyğəmbərin “Məzamiri” kitabında fərqli ifadələrlə qeydə alınmışdır. Məsələn, “otuz yeddinci məzmur”da belə deyilir: “Şər insanların nəsli kəsiləcək və Allaha təvəkkül edənlər yer üzünə sahib olacaqlar. Bilin ki, az müddətdən sonra şər insanlar olmayacaq və onları məkanlarında görməyəcəksən. Amma hikmət sahibləri yer üzünün varisinə çevriləcəklər.”
“Otuz yeddinci məzmur”un digər bir yerində başqa ifadələrlə belə deyilir: “Allahın bərəkətli bəndələri yer üzünə sahib olacaqlar. Amma Onun lənətinə gələnlərin nəsli kəsiləcək. Doğruçular yer üzünün varisi olacaq və orada əbədi yaşayacaqlar.”
Göründüyü kimi, Qurani-Kərimdə buyurulan “salihun” (saleh bəndələr) ifadəsi geniş məna daşıyır və hikmət sahibləri, doğruçular, Allaha təvəkkül edənlər və bərəkətli bəndələrə də şamildir.
Qeyd etdiyimiz kimi,إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ (Həqiqətən, bu söz ibadət edən bir qövmün hədəflərinə çatması üçün kifayətdir!) – ifadəsindən anlaşılır ki, yer üzünə hökmranlıq saleh bəndələrin axırıncı hədəfi deyil, əksinə onların sonuncu hədəfə, yəni insanın hər bir sahədə təkamülə çatması üçün bir vasitədir. “Bəlağ” sözü də “insanı hədəfə çatdıran vasitə” mənasını bildirir.
Kitabın adı: İmam Məhdinin (əc.f) cahanşümul hakimiyyəti
Tərcümə edən: Rza Şükürlü
1. “Təkvir” surəsi, ayə 27.