HƏZRƏT HƏMZƏ (Ə) HAQQINDA QISA MƏLUMAT

Müəllif Rəsul Mahmudzadə Nəşr edilib . Bölüm ÜMUMİ

:

Allahın adı ilə
Əbdül Mütəllib oğlu Həmzə, İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) əmisi idi. O, Peyğəmbərdən iki  il qabaq dünyaya göz açmışdı.

Qureyş cavanları arasında öz azad düşüncəsi, dilavərliyi, böyüklüyü və zülmlə mübarizəsi ilə seçilirdi. Döyüş bacarığı və igidliyi elə cavanlıq yaşlarından başlamışdı.
Bu azad insan İslamı qəbul etməmişdən öncə Allahın Peyğəmbəri ilə yanaşı müşriklərin zülmünə qarşı çıxmışdır və İslamı qəbul etməsi ilə bu dinin başının uca olmasına səbəb olmuşdur. Çünki, ondan sonra müsəlmanlar təcriddən azad oldu və Qüreyş də Peyğəmbərin (s) möhkəm hami və dayağının olduğunu dərk edərək o Həzrətə olan əziyyətlərini azaldıb, rəftarlarını Peyğəmbərə (s) və müsəlmanlara qarşı mülayimləşdirdilər.
Həzrət Həmzə (ə) başqa müsəlmanlarla birlikdə Mədinə şəhərinə hicrət edərək İslam dininə əvəzolunmaz xidmətlər etdi. Onun hərbi məsələlərdə olan xidmətləri isə daha qabarıq idi. Peyğəmbər (s) yeni qurulmuş hökümətin müdafiə məsələlərində çox ciddiyyətli idi. O Həzrət döyüş qrupları təşkil etməklə Mədinənin təhlükəsizliyini təmin etməyə çalışır və müsəlmanları düşmən müqabilində durmağa hazırlayırdı. Buna əsasən hicrətdən yeddi ay sonra Peyğəmbər (s) həzrət Həmzənin (ə) rəhbərliyi ilə bir döyüş dəstəsi yaradaraq düşmənlə mübarizəyə ezam etdi. Baxmayaraq ki, bu mübarizə savaşsız sona çatdı, amma İslamın kiçik ordusunun düşmən qarşısına çıxması İslamın iqtidarından xəbər verirdi. Allah Peyğəmbəri (s) Qüreyş karvanını təqib etmək üçün hicrətin ikinci ili Rəbiül-əvvəl ayında “Əbva” döyüşünün və Cəmadiül-əvvəl ayında isə “Zatul Əşirə” döyüşünün tədarükünü gördü. Bu iki döyüşdə də sərkərdə həzrət Həmzə (ə) idi. O cəsur döyüşçü Bədr döyüşündə çox rəşadətlə iştirak edirdi. Bu döyüşdə ilahi yardımlar, Əmirəl-möminin İmam Əlinin (ə) igidliyi və həzrət Həmzənin (ə) cəsarəti İslam ordusunun qəti qələbəsi ilə sona çatdı. Bu qələbədə kafirlərin başçılarından bir neçəsi həzrət Həmzənin (ə) qüdrəti ilə həlak oldu və bir neçəsi əsir düşdü. Ölən müşriklər arasında Təimə Bən`ədi, Əbu Qeys bin Fakə də var idi. “Bəni Qeynəqa” döyüşündə İslam ordusunun sərkərdəsi, şəhidlər ağası həzrət Həmzənin (ə) əli ilə əsir düşənlərdən biri də Əsvəd bin Amir idi. Sonra Həzrət Peyğəmbər (s) əsirləri Mədinədən sürgün edərək mallarını müsadirə etdi.
Bədr döyüşündən bir il sonra müsəlmanlardan qisas almaq üçün hücuma keçən müşriklərin ordusu ilə mübarizə və Mədinə müsəlmanlarının müdafiəsi üçün Ühüd döyüşü baş verdi.
Həzrət Həmzə və digər bir dəstə cəsur müsəlman müharibənin Mədinədən çöldə olmasını istəyirdi. Həzrət Həmzə (ə) Allah Rəsuluna (s) dedi: "Quranı sənə nazil edən Allaha and olsun ki, Mədinədən çöldə düşmənə öz qılıncımla həmlə etməyincə bu gün əlimi yeməyə uzatmayacam".
Həzrət Həmzə (ə) barmaqla sayılan qəhrəmanlardan biri idi ki, döyüşdə özünü göstərərək  düşmən və dost tərəfindən tanınardı. O, döyüş meydanda igidlik və şücaətlə özünü düşmən qoşunun dərinliyinə salaraq düşmən ordusunu yarıb darmadağın edərdi. Allah Rəsulunun (s) yanında iki şəmşir ilə döyüşər və belə deyərdi: “Mən Allahın şiriyəm"!
Ühüd döyüşündə düşmənin hücumu qarşısında Peyğəmbərə (s) öz vəfadarlığını sabit edərək, müşriklərdən otuz cəngavəri cəhənnəmə vasil etməyi bacardı. Müşriklərdən “Vəhşi” adlı bir nəfər İslamın şücaətli sərdarı həzrət Həmzəni (ə) şəhid etmək üçün pusqu qurmuşdu. Bunu görən həzrət Həmzə (ə) ona tərəf şığıdı. Düşmənlərdən biri onun yolunu kəsdi, lakin həzrət Həmzə (ə) ona həmlə edərək onu da qətlə yetirdi. Sonra Vəhşiyə tərəf qaçanda ayağı ilişərək yerə yıxıldı. Fürsəti fövtə verməyən Vəhşi ona tərəf mizraq atdı... bu minvalla o böyük şəxsiyyət bir ömür Allah yolunda cihad etdikdən sonra Allah dərgahına ucalaraq mələküt aləminə qovuşdu. Allah peyğəmbəri Həzrət Muhəmməd (s) onun haqqında belə buyurdu: “Qiyamət günü Allah yanında şəhidlər başçısı Həmzədir (ə)”.
O böyük insanın və Ühüd döyüşünün digər şəhidlərinin müqəddəs məzarları həmişə Allah aşiqlərinin ziyarətgahı olmuş və bu müqəddəs məzarlardan ilham alaraq Allah yolunda cihad və fədakarlıq dərsi almışlar.
“Salam olsun sənə ey Allah Rəsulunun (s) əmisi və ey şəhidlərin ən yaxşısı, salam olsun sənə ey Allah və Peyğəmbərin (s) aslanı”!

Mənbə: sibtayn.com
Tərcümə etdi: www.Rizvan.net saytı

 

Tags: TARİX, SƏHABƏ

Çap