NURLARIN QOVUŞMASI - I hissə

:

İndi Xanım Fatimə (ə.s) izdivac yaşına çatmışdı. O, ömrünün elə bir mərhələsindədir ki, gərək özünün müştərək həyatına başlayıb, yeni həyatına qədəm qoysun.

O, bu yeni müştərək həyatını bütün ömrü boyu bir-birinin qəminə və sevincinə şərik olan bir insan ilə birgə keçirməlidir...
Aydındır ki, Fatimə (ə.s) kimi bir qız, İslam Peyğəmbərinin (s) sevimli qızı ömrünün bu yaşında cəmiyyətdə hansı mövqeyi tutur və hansı şəraitdə yaşayırdı. İslam cəmiyyətinin gözü Peyğəmbərin (s) evinə dikilmişdi. Hamı bilmək istəyir: o, hansı xoşbəxt kişidir ki, Allahın Peyğəmbərinin (s) kürəkəni olmaq səadətini qazanacaqdır. Belə bir böyük səadətə qovuşmaq arzusunu ürəklərində bəsləyənlər çox idi. O günlərdə hər tərəfdən Qüreyş qəbiləsinin başçıları və əyanları Peyğəmbərin (s) gözünün nuru, İslam cəmiyyətinin nurlu çırağı olan Fatimənin (ə.s) elçiliyinə gəlirdi. Gələnlər içərisində nüfuzlu, yüksək mövqeli vəzifə sahibləri və varlılar da var idi. O, gələcək həyatının şərikini vəzifə və nüfuz sahibimi görmək istəyirdi? Görəsən adlı-sanlı qəbilələrə mənsub olan şəxslə evlənmək istəyirdi? Elçilərin sərvəti, varı haqqında fikirləşirdimi? Yox, əsla yox, bunların heç biri onu düşündürmürdü. O, həyatı boyu iman və paklıqdan, etiqad və saflıqdan, təmizlik və düzlükdən başqa heç nəyi istəmirdi. Lakin bu elçilər içərisində bütün bu şərtləri ödəyən bir kəs vardımı? Kim idi o?
Həmin məsələyə başqa gözlə nəzər salaq: Fatimə (ə.s) İslam Peyğəmbərinin (s) dördüncü qızı idi. Ailənin ən kiçik və sonuncu övladı idi. Oğlan övladı olmayan ailənin sonuncu qız övladı. Özü də elə bir cəmiyyətdə ki, hər bir atanın və ailənin hörməti, nüfuzu oğlan övladının olmasına bağlı idi. Kimin çox oğlu var idi, daha çox hörmət və nüfuz sahibi idi. Kimin oğlu yox idisə, heç yerdə nüfuz və etibarı da yox idi. Kimin qızı vardısa, sanki ətəyinə ar yamağı yapışdırılmışdı.
Belə bir mühitdə, cahiliyyətin bu cür adət-ənənələrinin hökm sürdüyü bir cəmiyyətdə İslam Peyğəmbərinin (s) elə bir cavan və xoşbəxt qızı var idi ki, bütün bu yanlış təsəvvürləri, dünyagörüşləri alt-üst etmiş və mübarək vücudu ilə qadın, qızlar üçün yeni bir mötəbərlik və etibar gətirmişdi. Bəli, Fatimə (ə. s) təkcə bir qız deyildi, həm də ətir və nurla, əzəmətlə dolu elə bir dalğa idi ki, Muhəmmədin (s) peyğəmbərlik nurunu əsrlərdən əsrlərə ötürməli, zaman, məkan əhatəsində yaymalı və bəşər cəmiyyətini o nemət - əbədi həyat bəxş edən nur ilə işıqlandırmalı idi...
Fatimə (ə. s) elə bir qız idi ki, Allahın Elçisi (s) kimi bir ata onu ürəkdən sevir, onun varlığı ilə fəxr edirdi. Ata ilə övlad arasındakı bu qırılmaz əlaqəni, dərin mənəvi bağlılığı təsəvvür etmək üçün yalnız bunu qeyd etmək kifayətdir ki, Peyğəmbər (s) ona Ümmi-Əbiha (atasının anası) adını vermişdi. Peyğəmbər (s) Fatiməni (ə. s) çox vaxt bu adla çağırmış, ona ürəyinin sirrini açmış, nəvazişlə başını sığallamış, açıq ürəklə sözlərinə qulaq asmış və istəklərini məmnuniyyətlə yerinə yetirmişdi...
Bəli, Fatimə (əs) belə bir qız idi və təbii ki, onun ərə getməsi, ailə qurması məsələsi Allahın Rəsulu (s) kimi bir ata üçün olduqca böyük əhəmiyyət daşıyırdı. Peyğəmbər (s) ona xüsusi qayğı və diqqətlə yanaşırdı. Buna görə də İslam peyğəmbəri (s) həmişə düşünür və çalışırdı ki, əziz Fatiməsinin (ə. s) ərə getməsi barədə İlahi məsləhəti  və əmri almadan bir addım atmasın. Odur ki, cahiliyyə dövrünün Qüreyş qəbilələrinin başçıları, böyükləri və Ərəbistan yarımadasının adlı-sanlı məşhur varlıları Fatimə (ə. s) üçün elçiliyə gələndə onların hamısına “yox” cavabını verdi və bu barədə qərarı İlahi məşvərəti, səma nidası çatanadək təxirə saldı... Və nəhayət, Pərvərdigardan, İlahi iradəsindən lazımi göstəriş aldıqdan sonra bu barədə addım atdı və Fatiməni (əs) İslamın fədakar əsgəri, canından keçən sərdarı, qəhrəman Əli ibni Əbu Talibə (ə) ərə verdi. Peyğəmbərin (s) kürəkəni və Fatimənin (ə. s) əri iftixarına bütün bəşəriyyət tarixində heç bir şəxsiyyət Əli (ə) qədər layiq deyildi. “Təbəqat” əsərinin müəllifi İbn Səd yazır: “Fatimənin (ə. s) elçiliyi üçün Peyğəmbərin (s) hüzuruna ilkin tələsən Əbu Bəkr idi. Xahişinin cavabında eşitdi ki, mən İlahinin əmrini gözləyirəm. Əbu Bəkr oradan qayıtdıqda elçiliyə getməsini və Peyğəmbərin (s) verdiyi cavabı dostu Ömərə danışdı. Ömər dedi: “Peyğəmbər (s) bu yolla sənə “yox” cavabı vermək istəmişdir.” Səhərisi günü Ömər, Əbu Bəkrin tövsiyəsi ilə Fatimənin (ə.s) elçiliyinə getdi. O, da Əbu Bəkr eşitdiyi cavabı eşitdi. Sonra Əlinin (ə) ailəsi Fatiməyə (ə. s) elçi getmək barədə onunla söhbət edib, onu bu işə həvəsləndirdilər. Əli (ə) məyusluq və ümidsizliklə dedi: “Məgər Əbu Bəkrlə Ömərin elçiliyinə rədd cavabından sonra mənim elçiliyimə razılıq alınar?” Əlinin (ə) ailəsi Əli (ə) ilə Peyğəmbər (s) yaxınlığını və qohumluğu məsələsini yada salaraq onu bu işə ümidvar etdilər. Odur ki, Əli (ə) elçilik üçün İslam Peyğəmbərinin (s) hüzuruna tələsdi və utana-utana, çəkinə-çəkinə öz xahişini bildirdi. Beləliklə, Peyğəmbər (s) də Əlinin (ə) xahişini qəbul etdi, ona “hə” cavabını verdi. Tezliklə Fatimə (ə. s) (onun dünya malından demək olar ki, heç nəyi yox idi) Əliyə (ə) ərə getdi.”1

XANIM FATIMEYI-ZƏHRANIN (ə. s) MÖVLA ƏLININ (ə) ELÇILIYINƏ CAVABI
Həyat yoldaşı seçmək hər bir cavanın – istər qız olsun, istər oğlan – həyatının ən həssas mərhələlərindən biridir. Evlənmə, ərəgetmə - müştərək bir həyatın, birgə ömrün taleyinin seçilmə mərhələsidir, bir sıra qüvvətli nəsillərin tarixinin mühüm yaradıcı dayağı və sabahkı cəmiyyətin övladları, nəvələri, qurucuları üçün gələcəyin bünövrəsidir. Deməli, təbii olaraq, evlənmə, ərəgetmə məsələsi şəxsi, xüsusi bir iş çərçivəsindən çıxaraq ictimai-sosial və tarixi səciyyə daşıyır. Bu isə öz-özlüyündə aydındır ki, bir çox millətlərin taleyində, gələcək tarixində mühüm və taleyüklü rol oynayır.
Buna görə də layiqli həyat yoldaşı seçmək çətin işdir, xüsusilə də qızlar üçün o qədər də asan və sadə bir məsələ deyil. Əksinə, bu mühüm iş ölçülüb-biçilmiş əsaslar və qanunlar, əsrlərlə mövcud olan sabit dəyişilməz qaydalar üzərində qurulmalıdır. Bu işdə Allah eləməmiş, kiçicik bir xətaya, yanlış hərəkətə yol verilməməlidir. Deməli, bu barədə ən etibarlı üsul, sözsüz ki, İlahi qanunlarına, əbədi səma təlimlərinə əməl etməkdir. Bu qanun və təlimlər isə bəşər övladına öyrədir ki, ata və ana həm adi, həm də ümumi şəraitdə həmişə bu barədə övladlarından daha çox təcrübəlidir. Onlar daha çox canyananlıq və qayğı ilə, ani, ötəri hisslərə qapılmadan lazımi və düzgün qərar çıxara bilirlər. Buna görə də ata və ana ilə məsləhətləşmək, onların razılığını almaq qızların ərə getməsi üçün başlıca şərtlərdən sayılır. Bəziləri bunu gənclərin ən vacib və zəruri dini-bəşəri vəzifələri sırasında hesab edərək bu cəhəti nəzərə almamağın zərərli olduğunu göstərmişlər. Bununla belə nəzərə almaq lazımdır ki, bu icazə və razılıq da gərək düzgün və ağıllı, məntiqi və məqsədyönlü əsaslara söykənmiş olsun. Əgər ata və ana nadanlıq, düşmənlik, tərslik üzündən bu məsələyə zidd çıxsalar və ya bu hüquqlardan sui-istifadə edərək ağıllı dəlil gətirmədən yalnız qeyri-məntiqi şəxsi mülahizələrini əsas götürsələr, onda onların bu hüququ inkar edilir. Məhz buna görə də hər bir qızın özü üçün layiqli, ürəyi istəyən həyat yoldaşı seçməsi məsələsində razılığı və sərbəstliyi müqəddəs İslam şəriətində mükəmməl şəkildə nəzərdə tutulmuş və bu barədə müsəlman qızlarına elə geniş hüquqlar verilmişdir ki, onların bənzərini heç bir başqa dində tapmaq mümkün deyil.
İlahi məramların nəzərə alınmasının əsasını qoyan, onları icra edən, səma qanunlarını yer üzündə yerinə yetirən kəramət sahibi Peyğəmbər (s) qızı Fatimənin (ə. s) özünə həyat yoldaşı seçməsini onun öhdəsinə qoydu və bu barədə kiçicik bir təzyiq belə göstərmədi. Qızın öz fikrini azad şəkildə bildirməsinə, İslam hüququna əməl etməsinə böyük ehtiramla yanaşdı ki, bu iş İslam cəmiyyəti və tarixi üçün bir nümunə olsun. Burada diqqəti cəlb edən bir mühüm cəhət var: Hz. Peyğəmbər (s) yaxşı bilirdi ki, Hz. Fatimənin (ə. s) ərə getməsi məsələsi ilə təkcə onun gələcəyinin taleyi yox, eyni zamanda bəşər cəmiyyətlərinin, İslamın gələcək nəsillərinin xeyir və əmin-amanlığı həll olunur.
İslam Peyğəmbəri (s) indiyədək bir neçə qızını ərə vermişdi və heç zaman onların iradə və ixtiyarlarını əllərindən almamışdı. İslamın şücaətli, qoçaq əsgəri Əli ibni Əbu Talib (ə) Zəhrayi-Mərziyyə (ə. s) üçün İslam Peyğəmbərinin (s) yanına gəldikdə o Həzrət buyurdu: “İndiyədək bir neçə nəfər də elçiliyə gəlmiş və mən şəxsən bu məsələ haqqında qızımla məsləhətləşmişəm. Amma o, razı olmadığı üçün üzünü çevirmişdi. İndi də sənin elçiliyini ona çatdıraram.”
Peyğəmbər (s) qızı Zəhranın (ə.s) yanına getdi və məsələni əziz qızına açıb dedi. Zəhra (ə.s) əvvəlki dəfələrin əksinə olaraq bu dəfə üzünü döndərmədi və öz sükutu ilə razılığını anlatdı. Kəramət sahibi Peyğəmbər (s) “Allahu Əkbər” deyə-deyə bayıra çıxdı və qızının sükutunun razılıq –xoşluq əlaməti olduğunu bildirdi.”2
Beləcə, Xanım Fatimə (ə.s) ilə Mövla Əli (ə) evləndilər. Bu evlənmə doğrudan da, iki nurun əsl qovuşması idi. Elə iki nurun ki, bir-birinin kənarında imamlığın parlaq günəşini bəşəriyyət üfüqündə ucaldaraq hər yerə işıq saçdılar...

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Mənbə: Siddiqeyi-Tahirə
Tərcümə edən: Möhsün Nağısoylu


1     Təbəqati-İbn Səd, 1 cild, s. 19
2     İslamda qadın hüququ qaydası, s. 58

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!