CƏMADİUS-SANİ AYI

:

Cəmadius-sani ayının təqvimi:
3, 4 və 5 cəamadius-sani: Bir sıra rəvayətlərə görə Xanım Fatimə-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf edir.1 Böyük alimlər bu günlərə xüsusi əhəmiyyət vermişlər.

20 cəmadius-sani: Besətin 2-ci2 və ya 5-ci3 ilində belə bir gündə Xanım Fatimə-Zəhra (s.ə) dünyaya göz açmışdır. Cəmadius-sani ayı Həzrət Rəsulallahın (s) təbiri ilə "yer üzünə gəlmiş va gələcək xanımların sərvəri olan Xanım Fatimə-Zəhranın (s.ə) adı ilə bağlıdır. Belə ki, ayın ilk günlərində Əhli-beyt aşiqləri o xanımın şəhadət gününü qeyd edib hüzn mərasimləri təşkil edir, ayın 20-i isə onun mübarək doğum gününü sevinclə qeyd edib şadlıq mərasimləri təşkil edirlər. Bu mərasimləri təşkil etməkdə əsas məqsəd isə o xanımın fəzilətləri və mənəviyyatı ilə yaxından tanış olmaq, o nümunəvi ailədə o nümunəvi xanımın əxlaqını öyrənib nümunə gotürməkdir
Əhli-beyt davamçılarına tövsiyə olunur ki, Məsumların (ə) şəhadət və doğum günlərində böyük mərasimlər təșkil edib həyatın hər bir sahəsinə aid məsələlərə düzgün islami baxışı açıqlamaqla İslam və Əhli-beyt düşmənlərının təbliğatlarını zərərsizləșdirsinlər.
Cəmadius-sani ayının əməlləri:
1 cəmadius-sani: Bu gün mərhum Seyid İbn Tavusun "İqbal" kitabında qeyd etdiyi duanı oxumaq bəyənilir.4
Yenə də Seyid ibn Tavus qeyd edir ki, bu ayda - ayın hansi günü olursa olsun, amma yaxsı olar ki, ayın birinci günü olsun-dörd rəkət namaz qıl (iki rəkət-iki rəkət): birinci rəkətdə "Həmd"dən sonra bir dəfə "Ayətəl-kursi və iyirmi beş dəfə "Qədr" surəsini, ikinci rəkətdə "Həmd"dən sonra bir dəfə "Təkasur" və iyirmi beş dəfə "Tövhid" surəsini, üçüncü rəkətdə "Həmd"dən sonra bir dəfə "Kafirun" və iyirmi beş dəfə "Fələq" surəsini, dördüncû rəkətdə "Həmd"dən sonra bir dəfə "Nəsr" və iyirmi beş dəfə "Nas" surəsini oxu.
Namazı qılıb qurtardıqdan sonra yetmiş dəfə bu zikri de:

سُبحانَ اللهِ، والحَمدُ لله، ولا إلهَ إلا اللهُ، و اللهُ أكبَر

Subhanəllahi, vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu Əkbər

"Allah pak va münəzzəhdir, həmd-səna Allaha məxsusdur, Allahdan qeyri ilah yoxdur, Allah böyükdür." Sonra yetmiş dəfə salavat de:

اللهم صل على محمد و آل محمد 

Əllahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd

"Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər." Sonra üç dəfə de:

اللهم اغفر للمؤمنين و المؤمنات 

Allahumməğfir lilmumininə vəl muminat  "Ey Allahım, mömin və möminələri bağışla." Daha sonra başını səcdəyə qoy və üç dəfə de:

يا حى‌ يا قيوم، يا ذا الجلال والإكرام، يا الله يا رحمن يا رحيم، یا ارحم الراحمين 

Ya Həyyu ya Qəyyum, ya Zəl-cəlali və ikram, ya Allahu, ya Rəhmanu, ya Rəhim, ya Ərhəmər-rahimin  "Ey diri, ey əbədi, ey cəlalət və ikram sahibi, ey Allah ey Rəhman ey Rəhim, ey rəhimlilərin ən rəhimlisi." Sonda Allahdan öz istəyini dilə (ümid vardır ki, qəbul olunar). Bu rəvayətdə qeyd olunur ki, hər kim bu namazı qeyd olunan qaydada qılarsa, Allah onu, onun mal-mülkünü, ailəsini və övladlarını, həmçinin dinini və dünyasını gələn ilə qədər qoruyar. Əgər həmin il ölərsə, ona şəhidlərin savabı yazılar.5
3 cəmadius-sani: Bu gün Xanım Fatimə-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə o xanımı ziyarət etmək bəyənilir. Mərhum Seyid İbn Tavus "İqbal" kitabında o xanım üçün aşağıdakı ziyarəti qeyd etmişdir: .

السلامُ عليکِ يا سيِّدَةِ نساءِ العالمين. السلام علیکِ یا والدةَ الحُجَجِ على الناسِ أجمعين

السلام عليك أيتُها المظلومةُ المَمنوعةُ حَقُها. اللهُمَّ صَلَّ على أَمَتِکَ و ابنَةُ نَبِیِّکَ، و زُوجةُ وَصِیِّ نَبِیِّک: صَلاةً تُزلِفُها فُوقَ زُلفا عِبادِكَ المُكَرَّمِينَ، مِن أهلِ السمواتِ و أهلِ الأرَضِينَ 

ƏsSəlamu ələyki ya Səyyidətə nisail aləmin. ƏsSəlamu ələyki ya Validətəl Hücəci ələn-nasi əcməin. ƏsSəlamu ələyki əyyətuhəl məzlumətul məmnuətu həqquha. Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti vəsiyyi nəbiyyik: Səlatən tuzlifuha fəvqə zulfa ibadikəl mukərrəminə min əhlis-səməvati və əhlil-ərəzin.

"Salam olsun sənə ey dünya xanımlarının sərvəri. Salam olsun sənə ey bütün insanlara (Allah) hüccətlərinin anası. Salam olsun sənə ey məzlum və haqqı əlindən alınan qadın. Ey Allahım, Öz kənizinə, Öz Peyğəmbərinin qızına və Peyğəmbərin vəsisinin zövcəsinə salam göndər: elə bir salam ki, göy və yer əhli arasında Sənin ən girami bəndələrinin sahib olduğu məqamdan da uca bir məqamı ona bəxş etsin." Seyid ibn Tavus davamında qeyd edir: Hədisdə buyurulur ki, hər kim bu cümlələrlə Xanım Fatimə-Zəhranı (s.ə) ziyarət edərsə və Allahdan bağışlanma diləyərsə, Allah onun günahlarını bagişlayar və onu Cənnətə daxil edər.6

20 cəmadius-sani: Bu gün Xanım Fatimə-Zəhranın (s.ə) mübarək doğum günü olduğu üçün bir neçə əməli yerinə yetirmək tövsiyə olunur:
1-Oruc tutmaq;
2- Sədəqə vermək və möminlərə ehsan vermək;
3-O xanımı ziyarət etmək

 

Kitabın adı: Yeni Məfatih
Hazırladı: Rəsul Mahmudzadə


1.Doğrudur ki, mötəbər rəvayətə əsasən Xanım Fatimə-Zəhranın (s.ə) şəhadət günü cəmadius-saninin 3-ə təsadüf edir (Misbahul-mutəhəccid, s.793; Zadul-maad, s,456; Biharul-ənvar, c.43, s.170), lakin o Xanımın Həzrət Rəsulallahın (s) vəfatından 95 gün sonra vəfat etdiyini bəyan edən rəvayətləri, habelə ayların 29 və ya 30 gün olduğunu nəzərə alsaq, cəmadius-saninin 3, 4 va 5-i Xanım Fatimə-Zəhranın (s.ə) şəhadət günləri olaraq qeyd etmək tövsiyə edilir.
2.Biharul-ənvar, c43, s.9, hədis: 15; Misbahul-mutəhəccid, s.793; Iqbal, s.623.
3.Usuli-kafi, c.1, s458; Biharul-ənvar, c43, s.7, hədis: 8.
4.İqbal, s.62 599
5.İqbql,s622
6.İqbal,623

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!