HANSI GÜNLƏR FATİMİYYƏ GÜNLƏRİDİR?

:

«Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsəsinin tələbələrinin sualı əsasında hazırlanmışdır.

Allahın adı ilə.

ƏsSəlamu ələyk ya Bintə Rəsulillah - ƏsSəlamu ələyk əyyətuhəs-Siddiqətuş-Şəhidə

السلام علیک یا بنت رسول الله - السلام علیک ایتها الصدیقة الشهیدة

Bildiyimiz kimi Xanım Zəhra səlamullahi ələyhanın şəhadət günü tarixi mənbələrdə iki cür qeyd olunub. Birinci tarixi rəvayətə əsasən Xanım Fatimə (ə.s) İslam peyğəmbəri Həzrət Muhəmməd Mustafanın (s) vəfatından 75 gün sonra aldığı zərbələr və yaralar nəticəsində dünyasını dəyişmişdir. İkinci rəvayətdə isə Xanım Zəhranın (ə.s) şəhadətinin Cənab Rəsulullahın (s) vəfatından 95 gün sonra baş verməsi zikr olunur.

Sual 1: Hansı günlər Əyyami Fatimiyyə (Xanım Fatimə (ə.s) günləri) sayılır?
Sual 2: Hər iki rəvayətə əsasən əzadarlıq etmək olarmı?
Sual 3: İki rəvayətin arasında 20 gün fərq var, bu iyirmi gün ərzində hər hansı şadlıq məclisi təşkil etmək və şənlənmək caizdirmi?

Anamız Xanım Fatimə ələyha səlamın şəhadəti barədə mövcud olan iki tarixi nəzəriyyəninin birincisi - yəni 75 gün rəvayəti (Hicri-qəməri təqvimi ilə Cəmadiul-ula ayının 13-ü) - Əhli-sünnə alimləri tərəfindən daha səhih hesab edilir. Şiə alimləri isə ikinci rəvayəti (Hicri-qəməri təqvimi ilə Cəmadius-saniyə ayının 3-ü) tarixi həqiqətə daha uyğun hesab etdikləri üçün Xanımlar Xanımı Həzrət Zəhranın (əs) şəhadətinin atası Həzrət Muhəmməd (s) peyğəmbərin vəfatından 95 gün sonra baş verməsini məqbul sayırlar.

Cavab 1: Əhli-Beyt (ə) aşiqləri və alimlər tarix boyu hər iki rəvayətə hörmətlə yanaşmış, hər iki tarixdə imamlar anası Xanım Fatiməyə (əs) əzadarlıq etmişlər. Şiə alimləri və şəxsiyyətləri, dindar camiənin müəyyən qismi birinci rəvayəti nəzərə alıb Xanımın (ə.s) hörmətini qorumaq məqsədilə qəti şəkildə şənlikdən və şadlıq məclislərinin təşkilindən çəkinmişlər, müxtəsər olsa da 3 gün müddətinə əza məclisləri qurmuşlar. Amma ikinci rəvayət bütün dövrlərdə ümum şiələr tərəfindən əsil matəm günləri kimi qəbul edilmişdir. Ona görə də Əhli-Beyt (ə) davamçıları çox geniş formada 3 gün fərdi və cəm şəklində Peyğəmbərin (s) dürdanəsinə matəm saxlamış, nohələr oxuyub sinə döymüş, göz yaşları axıtmışlar. Şilərin tarixi adət-ənənələrini nəzərə alsaq Cəmadiul-ula ayını 12-13-14-ü birinci Fatimiyyə günləri, Cəmadius-saniyə ayının 2-3-4-ü ikinci və əsil Fatimiyyə günləri sayılır.

Cavab 2: İmkanı və gücü çatan hər kəs, hər iki Fatimiyyə günlərini 3 gün müddətinə əzadarlıq etsə şübhəsiz bəyənilmiş bir iş görmüşdür. Amma təkidimiz budur ki, ikinci Fatimiyyə günləri layiqli dərəcədə qeyd olunsun!

Cavab 3: Şiə alimləri və dini şəxsiyyətlərin tarixi ənənəsinə görə birinci Fatimiyyə günləri ilə ikinci Fatimiyyə günlərinin arasında fasilə salan 20 gün Fatimiyyə günləri sayılmır. Ona görə də 2 Fatimiyyə günlərinin arasında (şəriət qanunları çərçivəsində) şənlik məclislərinin keçirilməsi maneəsizdir.

Qeyd: Fatimiyyə günlərinin 20 - 22 gün müddətinə uzadılmasının tarixi əsası yoxdur. Möminlər fərdi qaydada - öz istəklərinə uyğun ilin hər hansı günündə (Fitr, Qurban və Qədir Xum bayramlarından qeyri günlərdə) məsumlara əza saxlaya bilərlər. Lakin şiələrin düşünülmüş, müctəhidlər tərəfindən təsdiqlənmiş və tarix boyu şəhidlərin qanı və alimlərin zəhməti ilə formalaşmış məzhəbi ayinlərini fərdi istəklər naminə dəyişmək və məntiqi əsası olmayan (qərəzli və ya hissiyyata söykənən) yeni idxal və ya icadlar, dini camiənin uzunmüddətli mənafei və Əhli-Beyt (ə) məktəbinin ictimai tərbiyə prinsiplərinə xidmət etmir.

Möminləri fərdi və ictimai həyatlarında ayıq və sayıq olmağa çağırırıq.
Allah bütün ibadət və əzadarlıqları iman və təqva əhlindən qəbul etsin! 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!