38-Cİ MÜNAZİRƏ - III hissə

:

MÜCTEHİD HÖKMLƏRİ DƏYİŞDİRƏ BİLƏRMİ?
Şeyx: “Bildiyiniz kimi, bəzi alimlərimizin inancına görə, Peyğəmbər (s) də şəri hökmlərdə bir müctehid idi. Daha doğrusu, başqa bir müctehid, ictihadla ilk hökmü, yəni halal və ya haramı dəyişdirə bilər. Bax, bu səbəbdən Ömər: “Mən onları haram edirəm” buyurmuşdur!”

Dəvətçi: “Siz ağalardan bir xətanı düzəltmək üçün başqa xətalara düşəcəyinizi, doğrusu, gözləmirdim. Zəhəmət olmasa, Allah-taala rizası üçün düşünün, nəss (dəlil) qarşısında ictihad doğrudurmu? Peyğəmbəri (s) bu qədər alçaldıb, Öməri bu qədər yüksəldərək iki müctehid kimi qarşı-qarşıya qoymağınız doğrudurmu? Sizin də dediyiniz Quran ayələrinə zidd deyilmi? İndi vaxt dar olduğundan, sadəcə bu ayələrdən bəzisinə işarə edirəm:
Allah-taala “Yunus” surəsinin 15-ci ayəsində belə buyurur: “Onlara de ki, “Mən onu özbaşına dəyişə bilmərəm. Mənə vəhy olandan başqa bir şeyə tabe deyiləm...”
Peyğəmbər (s) belə öz meyli ilə vəhy olmadan hökmləri dəyişdirə bilmədiyi halda, necə olur vəhydən tamamilə uzaq olan Ömər halal və haramı dəyişdirə bilir?! Halbuki, Quran Peyğəmbər (s) haqqında “Nəcm” surəsinin 3-cü və 4-cü ayələrində belə buyurur: “O, həva-həvəs üzündən danışmır. Bu, ancaq endirilmiş vəhydir”.
Həmçinin, “Əhqaf” surəsinin 8-ci ayəsində belə buyurur: “Və ya deyərlər: (Mühəmməd) özündən onu uydurmuşdur”. De: “Əgər onu mən özümdən uydurmuşamsa, məni Allahın (cəzalandırmasından qurtarmağa) heç bir şeyə malik deyilsiniz. O, sizin (Quran haqqında) dedi-qodularınızı yaxşı bilir...”
Bu ayələr Peyğəmbərin (s) tam mənasıyla ilahi hökmlərə itaət etməsinin vacibliyini göstərir. O halda, nə Ömərin, nə də bir başqa birinin ilahi hökmləri dəyişdirməyə və halalı haram etməyə, qətiyyətlə, haqqı yoxdur!”.
Şeyx: “Şübhəsiz, xəlifə Ömər ümmətin məsləhətini bu hökmün nəsxində görmüşdür. Çünki bu gün də bəzilərinin bir saat və ya bir ay və yaxud bir il müddətində bir qadınla mütə əqdi bağlayıb hamilə və ya hamilə olmadan tərk etdiklərini görürük. Bu isə fəsadın yayılmasına səbəb olur”.
Dəvətçi: “Bağışlayın, sizin bu bəyanınız çox gülüncdür. Necə olur, bir qrup şəhvətpərəst insanın etdiklərini Allahın halal və haramına meyar sayırsınız?!
Əgər bir qrup şəhvətpərəst insanın etdiyini meyar götürsəniz, onda belə çıxır ki, daimi nigah da haramdır! Çünki bəzi insanlar məqam, mal və ya digər şeylər üçün əsil-nəcabətli bir qadınla daimi nigah bağlayıb, sonra da çox rahat bir şəkildə onu atıb gedirlər. Bu halda dediyinizə görə, daimi nigahın da yanlış olduğunu söyləmək lazımdır!
Xalqa dini aşılamaq, dini vəzifələrini onlara söyləmək lazımdır. Bir insan dindar olub daimi nigahdan evlənməkdən məhrum qalırsa, zina etməyəcəyi üçün gedib mütə əqdi bağlayacaq. Bu adam dindar olduğu üçün məcburən mütənin şərtlərini araşdıracaqdır. Çünki hər hökmün şərtləri olduğunu, əvvəl şərtlərinin həqiqiləşməsinin zəruriliyini, daha sonra da əməl etməsi lazım gəldiyini biləcəkdir. Bu səbəbdən, kişi evlənərkən qadına mütədən sonra gözləyəcəyi 45 günlük müddətdə rahat yaşaya biləcəyi miqdarda mehriyyə verəcəkdir.
Ayrıldıqdan sonra da qadının hamilə qalıb-qalmadığını araşdırmalıdır. Əgər qadın hamilədirsə, o uşaq özünün olduğu üçün qadını qorumalıdır. Uşaq olduqdan sonra ona (uşağa) baxmaq məcburiyyətindədir. Əgər bu şərtlərə riayət etməzsə, siz düşünmədən o dəqiqə halal olan bir hökmün nəsx edildiyini iddia edə bilməzsiniz!
Üstəlik, dediyiniz doğru olsa belə, cəmiyyətin faydasını Allah-taala və Peyğəmbər (s), heç şübhəsiz, Ömərdən daha yaxşı bilir! Bu halda, nə üçün cəmiyyətin xeyri üçün əshabı bundan uzaqlaşdırmadılar?!
Əgər Peyğəmbər (s) nəhy etməmişsə, heç bir imam və xəlifə, “məsləhət” üzrə, Allahın halal etdiyini haram edərək mütəni qadağan edə bilməz!

MÜTƏNİN QADAĞAN EDİLMƏSİ ZİNANIN ARTMASINA SƏBƏB OLDU
Əgər diqqət etsəniz, mütə hökmünün fəsada səbəb olmadığını görərsiniz. Əksinə, mütəni qadağan etmək zinanı artırdı. Çünki daimi nigahda evlənə bilməyən gənc, mütəni də Ömər qadağan etdiyi üçün, şəhvətinə hakim ola bilmədikdə, məcburən zina edəcəkdir. Zinanın yayıldığı cəmiyyətlərdə isə hörmət pərdələri yırtılır, insanlıq namusu sarsılır, bir çox cinsi xəstəliklər əmələ gəlir və ailələr dağılır. Bu səbəbdən imam Əhməd Sələbi və Təbəri öz “Təfsir” kitablarında, imam Əhməd ibn Hənbəl isə “Müsnəd” də mütə ayəsinin təfsirində sənədiylə həzrət Əlidən (ə) belə rəvayət edir: “Ömər mütəni qadağan etməsəydi, pis insanlardan başqa heç kim zina etməzdi”.
Həmçinin, İbn Cüreyh və Əmr ibn Dinar Abdullah ibn Abbasdan belə rəvayət edir: “Mütə rəhmətdir, Allah-taala onunla Mühəmmədin ümmətinə rəhmət etmişdir. Əgər Ömər qadağan etməsəydi, pislərdən başqa heç kim zina etməzdi”.
Bu halda Peyğəmbərin (s) əshabının da buyurduğu kimi, mütə zinanın səbəbi deyildir. Əksinə, mütəni qadağan etmək zinanı artırır. Daha doğrusu, Allah-taalanın Peyğəmbər (s) vasitəsilə cəmiyyətə bildirdiyi hökmlər Qiyamətə qədər bütün insanlığın xeyrinədir. Mütənin haram olduğunu söyləyən əqidənin batil olduğu haqda bir çox dəlil vardır. Amma bura yeri deyildir.
Biz də bu mövzunu ayrıca bəhs etmirdik. Mən, sadəcə Peyğəmbər (s) dövründə qanuni olan bir əməlin uydurulan hədislərlə dəyişdirildiyinə misal çəkmək istəmişdim.
İstədim biləsiniz ki, Allahın bir çox hökmləri dəyişdirilmiş, halal və haramlarla oynanılmışdır.
Şiə və sünni üləmasının ittifaq etdiyi xums və iki mütə hökmü Peyğəmbər (s) dövründə ümmət arasında geniş yayılmış və tətbiq edilən bir əməl idi. Sonradan Ömər öz arzusu ilə, heç bir dəlil olmadan halalı haram etdi. İndi də milyonlarla müsəlman heç bir dəlil olmadan, sadəcə atalarının izi ilə gedərək bu inancı müdafiə edirlər. Halbuki, öz mötəbər kitablarınızdakı hədislər və Quran ayələri xums və bu iki mütə hökmlərinin nəsx edilmədiyini açıq şəkildə bəyan edir.
Buna baxmayaraq, nəsx edildiyi haqqında heç bir dəlil olmayan bu hökmlərə əməl edənləri azğın və zəlalət əhli sayırsınız. Daha doğrusu, ümmət arasındakı Əbu Talibin (r.ə) mömin və müsəlman olduğu bilindiyi halda, “Zihzah” hədisi uydurularaq, tam əksi göstərilmişdir. Xalq da düşünmədən təqlid edərək həqiqətləri ayaqlar altına atmışdır. Düşünən və elm sahibi olan insanlar üçün bu qədər dəlil kifayətdir. Bəsirət əhlinin də bildiyi kimi, Əbu Talibin iman gətirdiyi haqqında bir çox dəlil vardır, biz də mövzunu araşdırmağa çalışdıq. Həzrət Əlinin (ə) düşmənləri xaricilər, nasibilər və Əməvilər Əbu Talibin (r.ə) dirilib kəlmeyi-şəhadəti söyləmiş olduğunu görsələrdə belə, yenə təvil edəcək, başqa mənaya yozacaqlar!
Bu mövzda daha çox məlumat əldə etmək istəyənlər Cəlaləddin Süyuti, Əbülqasim Bəlxi, Məhəmməd ibn Əshəq, İbn Səd, İbn Quteybə, Vaqidi, Mosuli, Şovkani, imam Təlməsani, imam Qurtubi, Əllamə Bərzənci, imam Şərani, imam Səcmi, Əbu Cəfər İskafi və digərlərinin kitablarına müraciət etsinlər. Onların hamısı da Əbu Talibin (r.ə) iman gətirdiyini qəbul edirlər və bu mövzuda müstəqil kitablar yazmışlar.
Xüsusilə bu söylənənlərdən də başa düşüldüyü kimi, nəsil, soy baxımından Əli (ə) böyük bir məqama sahibdir. Əshabdan heç kəs o müqəddəs məqamda deyildir: Həqiqət gün kimi ortadadır, kimsəyə gizli deyildir.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!