HÜRR İBN YEZİD KİMDİR?

:

CAVAB
İmam Hüseynin (ə) karvanı bir neçə məntəqədən keçib Şərafa yetişdi. İmamın qarşısını kəsmək tapşırığını almış Hürr ibn Yezid xeyli döyüşçüsü ilə birgə bu məntəqədə İmamın qarşısını kəsdi. Hürrün qoşununu susuz, yorğun görən İmam (ə) öz köməkçilərinə göstəriş verdi ki, Hürrün əsgərlərinə su versinlər.

Hürrün əsgərlərindən biri belə xatırlayır: “Mən susuz və yorğun olduğumdan qoşundan dala qalmışdım. Düşərgəyə daxil olanda gördüm ki, Hüseynin yaxınları bizim əsgərlərə su paylayırlar. Mənə baxan olmadığını görən Hüseyn (ə) əlində su məşki (tuluq) mənə yaxınlaşdı. Mənim taqətdən düşdüyümü görən Həzrət məşki əlində tutaraq su içməkdə mənə kömək etdi.”
Günorta namazının vaxtı çatdı, İmamın müəzzini azan verdi. İmam (ə) Hürrə buyurdu: “Sən öz qoşununla namazını qıl!.” Hürr İmamla birgə namaz qılıb, ona iqtida edəcəyini bildirdi. Namazdan sonra Hüseyn (ə) Hürrün qoşununa müraciətlə xütbə oxudu və əsl həqiqəti açıqladı. İmamın xütbəsi başa çatdıqdan sonra Hürr dedi: “Bizə əmr olunub ki, sizi Kufəyə ibn Ziyadın yanına aparaq.” İmam bu sözlərdən qəzəbləndi və üzünü yaxınlarına tutub geri dönmək əmri verdi. Hürrün yolu kəsdiyini görən İmam (ə) buyurdu: “Anan əzanda otursun, bizdən nə istəyirsən? Hürr dedi: “Bir başqası anamın adını çəksəydi, ona cavab verərdim. Amma sənin anan haqqında dilimə təzimdən başqa bir söz gəlməz.”
Bununla belə, Aşura günü İmamın (ə) fəryadını eşidən Hürr özünü ona çatdırdı və ərz etdi: “Sənə fəda olum, ey Peyğəmbər övladı! Mən yolunu kəsib səni qayıtmağa qoymayan, sənin bu bəla dolu torpaqda qalmağına bais olan adamam. Heç vaxt güman etməzdim ki, bu camaat səninlə vuruşub, belə rəftar edə. Artıq peşmanam və Allahın dərgahına tövbə edirəm. Allah mənim tövbəmi qəbul edərmi? Həzrət buyurdu: “Bəli, Allah tövbəni qəbul edər və günahını bağışlayar.” Maraqlı bir nöqtəyə diqqət edək: Hürrün imam Hüseynə (ə) qoşulması hadisələrin nəticəsini dəyişə bilərdimi? Əlbəttə ki, Aşura günü artıq hər şey məlum idi, İmam və ətrafındakılar şəhadətə qucaq açmışdılar. Demək, imam Hüseyn (ə) Hürrü qəbul etməklə hərbi qüvvəsini artırmaq yox, daha bir insanın hidayətinə, islahına cəhd edirdi. Budur övliya mərhəməti!
Hürr ibn Yezid İmama qoşuldu və çox keçməmiş şəhadət camını başına çəkdi. Yarıcan Hürr İmamın hüzuruna gətirilərkən Həzrət əlini onun üzünə çəkib buyurdu:”Sən ananın qoyduğu ad kimi insansan, sən dünya və axirət azadəsisən.” (“Biharul-ənvar”, c. 45, s. 14)

Kitabın adı: Şübhə doğuran suallar

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!