İLAHİ ƏDALƏT VƏ İNSANIN BAŞINA GƏLƏN MÜSİBƏTLƏR

:

Sual: Deyirlər ki, haram qida övlada öz təsirini göstərir. Əgər övlada haram mal yedirən ata-anadırsa, onların günahının acısını nə üçün övlad dadmalıdır?

İZAH: Aşağıda qeyd olunan incə mətləblər bu sualın cavabının daha yaxşı başa düşülməsində bizə kömək edəcəkdir:
1. İlahi hikmət, yaxud Allahın işlərinin məqsədyönlü olması: Bizim etiqadımız budur ki, Allahın fellərində (işlərində) xüsusi məqsəd vardır. Onun feli məsləhətə əsaslanır və xeyri məxluqlara qayıdır. Belə də deyil ki, Onun yaratdıqlarının mənfəətlərini nəzərə almaqla onun yerinə yetirilib-yetirilməməsi bərabər səviyyədə olsun. Buna görə də Allahın fellərində məqsəd fail (işi görən) yox, felin özüdür. Çünki Allahın zatı kamil, mütləq və ehtiyacsızdır, Onun üçün heç bir məqsəd təsəvvür edilə bilməz.1
Bu təhlilə diqqət yetirdikdə, Allahın felləri məqsədli görünür. Yəni Allah-Taala puç və yersiz işlərdən uzaq və felləri hikmət üzündəndir.
2. İlahi ədalət: Ədalətin ən düzgün mənası haqq sahibinə haqqı vermək və ya hər şeyi yerli-yerində qərar verməkdir. Demək, ilahi ədalətin mənası belədir: “Allah-Taala hər bir varlıqla ona layiq şəkildə rəftar edir, onu layiq olduğu məqamda görür, nəyə layiqdirsə, onu da bəxş edir və bu işdə onların istedad və bacarığı nəzərdən qaçırılmır.”2
3. Hikmətlə ədalətin əlaqəsi: “Hikmət” failin (iş görənin) çirkin işlərdən çəkinməsi mənasını daşıyır. Bu məna ədalətə də aiddir. Çünki ədalət yaxşı, zülm və haqsızlıq isə pisdir. Buna əsasən, ədaləti hikmətin bir hissəsi hesab etmək olar.3
4. Müsibətlərin mənbəyi: Dünyada insanların əzab-əziyyətə, işgəncələrə məruz qaldığını görür və bunu gizlədə bilmirik. Bunun isə iki səbəbi ola bilər:
a) İnsanın başına gələn müsibət və bəlalar pis işlərdən qaynaqlanır və onun xəta və günahlarının nəticəsidir. Onun yaranışındakı hikmətli məqsədə diqqət yetirdikdə, insanın ixtiyar sahibi olaraq yarandığını görürük. Bəziləri öz azadlıqlarından düzgün istifadə etmir, günaha bataraq acınacaqlı aqibətə düçar olurlar.
b) İnsanın başına gələn ağrı-acı və bəlaların bir hissəsi onun əməlləri ilə heç də əlaqəli deyil və günahlarının cəzası sayılmamalıdır. Məsələn, öncə bəyan olunduğu kimi, övladların bəlalarla üzləşməsi ailənin, ata-ananın onlara haram tikə yedirtməsi və əməlləri ilə yox, başqa səbəblərlə bağlıdır.
5. İlahi ədalət və insanın başına gələn bəlalar: Belə görünür ki, ilahi ədalət və hikmət bölməsindəki dini prinsiplərə əsasən, bəşərin başına gələn bəlaların iki qismi ilahi ədalət və hikmətlə heç bir ziddiyyət təşkil etmir. Bu məsələni iki cür təhlil etmək olar:
1. Aydındır ki, insanın öz əməlinin nəticəsi olan bəlaların Allahla heç bir əlaqəsi yoxdur. Allahın ədalətinə görə, bu bəlalar insanın öz əməllərinin nəticəsidir. Lakin insanın öz əməlləri ilə bağlı olmayan və başqalarının günahı nəticəsində qarşısına çıxan çətinlik və bəlaları Allah-Taala Öz ədalət və rəhməti sayəsində aradan qaldırır; yəni O, elə bu dünyada, yaxud axirətdə zərər çəkən insana elə bir nemət bağışlayır ki, bu yolla öncəki məşəqqət və çətinliklər aradan qalxır və yaddan çıxır. Haram mal yeyənin pis əməli nəticəsində övladın müsibətə düçar olmasına baxmayaraq, Allah-Taala Öz ədaləti ilə bu müsibəti aradan qaldırır. Əlbəttə, Allahın bu işi övladın müxtəlif səbəblər üzündən öz istəyinin ardınca getməyib yaşayış yolunu dəyişdiyi zaman baş verir. Əgər öz iradəsindən düzgün şəkildə istifadə etməyə və həyati proqramlarını valideyninin tutduğu yoldan ayırmağa qadir olsa, hidayət yoluna yönəldilir. Müsibətlərin davamı və onların ağrısı insanın öz əməllərinin nəticəsi oluduğundan, ilahi ədalət həmin övladın (pis işlər ardınca gedərək öz həyat proqramlarını dəyişmədikdə,) istər dünya, istərsə də axirtdə cəzalanmasını tələb edir.
2. İkinci təhlil aşağıdakı nöqtələrə diqqət yetirdikdə aydın olur:
a) Kainatın xüsusi nizamı var. Ona hakim qayda-qanunlar əbədi və dəyişməzdir. Bu qayda-qanunların ən üstünü “səbəb-nəticə” qanunudur. Bu qanuna əsasən, yaranmış hər bir varlığın müəyyən səbəbi olduğu üçün səbəb və nəticə arasında müəyyən əlaqələr mövcuddur. Amma nəzərə almaq lazımdır ki, hər nəticə hər səbəbdən vücuda gəlmir.
b) Dünyaya hakim nizam-intizam əbədidir və dünya mövcud ikən onun qayda-qanunları və nizam-intizamının dəyişməsini fərz etmək qeyri-mümkündür. Necə ki, şirin olmayan şəkər və rütubətsiz su fərz etmək mümkün deyil.
c) Dünyanın sabit, əbədi və dəyişməyən qanunlarının müqəddiməsi budur ki, varlıqlar arasında fərqlərin mövcud olması zəruridir. Məsələn, səbəb və nəticə arasındakı əlaqə tələb edir ki, kor, ya şikəst halda doğulmağa səbəb varsa, ona (bir uşağın kor, yaxud şikəst doğulması ilə) uyğun gələn nəticə də olmalıdır. Başqa bir misala diqqət yetirin: Haram mal yemək və onu başqasına yedirtmək insanı dünyada bəla və müsibətlərə düçar edir. Əksinə, halal mal yemək və onu başqasına yedirtmək mal-dövlətin bərəkətli olması ilə nəticələnir. Demək, Allahın yaratdıqları arasında fərqlərin mövcudluğu sabit və diyişməyən qayda-qanunlara görədir. Onların dünyadan kənarlaşması mümkün deyildir. Ümumiyyətlə, bu nizama əsasən, belə bir tələb ilahi ədalət və hikmətdən qaynaqlanır.
Bunlara diqqət yetirdikdə, demək olar ki, haram mal yeyən övladın bəzi kamallara çatmamasının, eləcə də, bəla və müsibətə düçar olmasının səbəbi obyektiv aləmə hakim qayda-qanunlardır. Haram yeyən övladın müsibətə düçar olması Allahın ədalətinə əsla zidd deyil. Bu, Allahın haqsızlıq və yaxud insanlar arasında fərq qoymasından qaynaqlanmır. Onu Allah tərəfindən pis bir iş hesab etmək olmaz. Bundan əlavə, ilahi ədalət və hikmətə görə, həmin övlad ixtiyar və iradə azadlığına malikdir. Ondan yaxşı istifadə etməklə özünü atasının süfrəsindən yediyi haram malın acınacaqlı nəticəsindən azad edə bilər. Diqqət yetirmək lazımdır ki, insan zəhmətkeş, məsuliyyətli bir varlıqdır. O, gözəl həyat sürmək üçün çalışmalı, bəyənilməz amillər və başqalarının (hətta öz atası olsa belə) çirkin əməlləri ilə mübarizə apararaq gələcəyini işıqlandırmalıdır.
Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. Bax: “Amuzeşi kəlami İslami”, Məhəmməd Səidi Mehr, 1-ci cild, səh. 310 və 314; “Məcmueyi-asar”, Şəhid Mürtəza Mütəhhəri, 2-ci cild, səh. 143 və 145.
2. “Amuzeşe kəlame islami”, 1-ci cild, səh. 326-327.
3. Yenə orada, səh. 325.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!