İMAM HÜSEYN (ə) PEYĞƏMBƏR (s) ÖVLADIDIRMI?

:

NƏ ÜÇÜN ŞİƏLƏR ƏLİ İBNİ ƏBU TALİB (Ə)-IN ÖVLADLARINI (HƏSƏN VƏ HÜSEYNİ) PEYĞƏMBƏRİ-ƏKRƏM (S)-İN ÖVLADI HESAB EDİRLƏR?
Cavab: Təfsir, tarix və rəvayət kitablarını araşdırdıqda, aydın olur ki, bu söz təkcə şiələrə aid deyildir, hətta bunu da demək olar ki, bütün müsəlman mühəqqiqləri hansı qrupdan olmalarına baxmayaraq, bu məsələdə yekdil fikrə malikdirlər.

Biz Qurana, Peyğəmbər (s) hədislərinə və məşhur müfəssirlərin sözlərinə istinad edərək bu məsələnin aydın dəlillərini qeyd edirik.
Qurani-Kərim insanın sülbi (öz nəslindən olan) övladlarını onun övladı hesab edir, eləcə də onun övladlarından – istər qız, istərsə də oğlan – doğulanları (nəvə-nəticələri) onun övladları hesab edir. Quran və sünnə baxımından bu mətləbə dair çoxlu şahidlər vardır ki, onlardan bəzilərini qeyd edirik:
1. Qurani-Məcid aşağıdakı ayədə həzrət İsanı İbrahimin övladlarından hesab edir, halbuki İsa Məryəmin oğludur və ana tərəfdən həzrət İbrahimə çatır:
وَوَهَبْنَا لَهُ اِسْحَاقَ وَيَعْقُوبَ كُلاًّ هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَاَيُّوبَ وَيُوسُفَ وَمُوسَي وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ وَزَكَرِيَّا وَيَحْيَي وَعِيسَي وَاِلْيَاسَ كُلٌّ مِنَ الصَّالِحِينَ
“Biz ona (İbrahimə) Yəqubu və İshaqı əta etdik, hamısını düz yola hidayət etdik. Nuhu da İbrahimdən qabaq və İbrahimin övladlarından Davud, Süleyman, Əyyub, Yusif, Musa, Harunu da hidayət etdik. Biz yaxşı əməl sahiblərinə belə mükafat verərik, (həmçinin İbrahimin övladlarından) Zəkəriyya, Yəhya və İsanı (hidayət etdik).” 1
İslam alimləri bu ayəni imam Həsənlə imam Hüseynin Peyğəmbər (s)-in övladları olmasına dair dəlil hesab etmişlər. Onlardan birini qeyd edirik. Cəlaləddin Süyuti belə nəql edir:
اَرْسَلَ الْحَجَّاجُ اِلَي يَحْيَي بْنِ يَعْمُرَ فَقَالَ بَلَغَنِي اَنَّكَ تَزْعَمُ اَنَّ الْحَسَنَ وَ الْحُسَيْنَ مِنْ ذُرِّيَّةِ النَّبِيِّ ¸ تَجِدُهُ فِي كِتَابِ اللّهِ وَ قَدْ قَرَاْتَهُ مِنْ اَوَّلِهِ اِلَي آخِرِهِ فَلَمْ اَجِدْهُ قَالَ اَلَسْتَ تَقْرَاُ سُورَةَ الآَنْعَامِ؟ وَ مِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَ سُلَيْمَانَ- حَتَّي بَلَغَ - وَ يَحْيَي وَ عِيسَي؟ قَالَ  بَلَي قَالَ اَلَيْسَ عِيسَي مِنْ ذُرِّيَّةِ اِبْرَاهِيمَ وَ لَيْسَ لَهُ اَبٌ؟ قَالَ صَدَقْتَ
“Bir gün Həccac, Yəhya ibn Yəmurun ardınca bir adam göndərib onu çağırtdırdı və dedi: “Mənə belə xəbər çatıb ki, sən Həsənlə Hüseynin Peyğəmbərin övladı olduğunu deyirsən və bu barədə də Quranda bir dəlil tapmısan, halbuki mən Quranı əvvəldən axıra qədər oxumuşam, amma bu mətləbə dair dəlil görməmişəm.” Yəhya ibn Yəmur dedi: Sən “Ənam” surəsinin “Və min zurriyyətihi Davudə və Suləymanə...” ayəsini oxumamısanmı ki, axırda “Yəhya və İsa” deyə buyurulur?!” Həccac dedi: “Əlbəttə ki, oxumuşam.” Yəhya dedi: “Quranın bu ayəsində həzrət İsa İbrahimin övladı hesab edilmişdir, halbuki onun atası yox idi (və ana tərəfdən İbrahimə gedib çatırdı).” Həccac cavab verdi: “Sənin sözün doğrudur.” 2
Həm bu ayədən, həm də təfsirçilərin sözlərindən aydın olur ki, təkcə şiələr deyil, eləcə də bütün müsəlman alimləri imam Həsənlə imam Hüseyni Peyğəmbər (s)-in övladı və onun zürriyyəsindən hesab edirlər.
2. Müddəamızın düzlüyünə şəhadət verən digər bir ayə “Ali-İmran” surəsindəki “Mübahilə” ayəsidir. İndi “Mübahilə” ayəsinin özünü və müfəssirlərin bu barədəki sözlərini qeyd edirik:
فََمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ اَبْنَاءَنَا وَاَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَاَنْفُسَنَا واَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَّعْنَةُ اللّهِ عَلَي الْكَاذِبِينَ
“(Ey Peyğəmbər!) Allahın vəhyi sənə gəldikdən sonra hər kəs səninlə (İsa barəsində) mübahisə və ehticac məqamına gəlsə de: Gəlin övladlarımızı və övladlarınızı, qadınlarımızı və qadınlarınızı, canlarımızı və canlarınızı çağıraq, sonra bir-birimizə qarğış edib Allahın lənətini yalançılara yağdıraq.” 3
Müfəssirlər deyirlər: Qeyd olunan ayə “mübahilə” adı ilə məşhurdur və Peyğəmbər (s)-in Nəcran məsihilərinin başçısı ilə mübahisə etməsindən və onların inadkarlıq göstərməsindən sonra nazil olmuşdur. Belə ki, Peyğəmbəri-Əkrəm (s) Allahın fərmanı ilə Əli ibn Əbu Talib, Fatimeyi-Zəhra, imam Həsən və imam Hüseyn (ə)-la birlikdə mübahilə aparmaq üçün yola düşdü. Məsihi başçıları Peyğəmbəri-Əkrəm (s)-in və onun Əhli-beytinin nurani simalarını müşahidə etdikdə qorxuya düşdülər və o həzrətdən istədilər ki, mübahilə və qarğış fikrindən dönsün. Peyğəmbər (s) də onların təkliflərini qəbul etdi, müqavilə bağlamaqla bu hadisə sona çatdı.
Həm sünni, həm də şiə alimləri bu məsələ barəsində yekdil nəzərdədirlər ki, mübahilə günü imam Əli, Fatimə, imam Həsən və imam Hüseyn (ə) Peyğəmbər (s)-lə yanaşı idilər. Bu da göstərir ki, “əbnaəna” (bizim övladlarımız) kəlməsində məqsəd imam Həsənlə imam Hüseyndir, deməli, bu ayədə Həsən və Hüseyn Peyğəmbəri-Əkrəm (s)-in övladları kimi göstərilmişdir.
Qeyd olunmalıdır ki, müfəssirlər mübahilə ayəsi ilə əlaqədar çoxlu rəvayətlər nəql etdikdən sonra onun səhih olduğuna – müddəamızın səhihliyinə şəhadət vermişlər. Nümunə üçün, onlardan bir neçəsini qeyd edirik:
a) Süyuti Hakimdən, İbn Mərdəveyhdən, Əbu Nəimdən, onlar da Cabir ibn Abdullahdan nəql edərək deyir:
اَنْفُسَنَاوَاَنْفُسَكُم رَسُولُ اللّهِ¸َ عَلِيُّ وَ اَبْنَائُهُمَا الْحَسَنُ وَ الْحُسَيْنُ وَ نِسَاءَنا فَاطِمَةُ
“Ənfusəna” (bizim canlarımız) dedikdə məqsəd Əli ibn Əbu Talib, “əbnaəna” (övladlarımız) dedikdə məqsəd Həsən və Hüseyn, “nisaəna” (qadınlarımız) dedikdə isə məqsəd Fatimeyi-Zəhradır.4
b) Fəxruddin Razi öz təfsirində yuxarıdakı rəvayəti qeyd etdikdən sonra yazır:
وَاعْلَمْ اَنَّ هذِهِ الرَّوَايَةَ كَالْمُتَّفَقِ عَلَي صِحَّتِهَا بَيْنَ اَهْلِ التَّفْسِيرِ وَ الْحَدِيثِ
“Bil ki, bu rəvayət təfsir və hədis alimlərinin, düzgünlüyü barədə yekdil nəzər verdikləri hədislərdəndir.”5
Sonra əlavə edir:
اَلْمَسْاَلَةُ الرَّابِعَةُ هذِهِ الآَيَةُ دَالَّةٌ عَلَي اَنَّ الْحَسَنَ وَ الْحُسَيْنَ  كَانَا اِبْنَيْ رَسُولِ اللّهِ¸ وَعَدَ اَنْ يَدْعُوَ اَبْنَاءَهُ فَدَعَا الْحَسَنَ وَ الْحُسَيْنَ فَوَجَبَ اَنْ يَكُونَ اِبْنَيْهِ
“Qeyd olunan ayənin mənası budur ki, Həsən və Hüseyn (ə) Peyğəmbər (s)-in övladıdır, çünki qərara alınmışdı ki, Rəsuli-Əkrəm öz övladlarını çağırsın, buna görə də Həsən və Hüseyni çağırdı.” 6
v) Əbu Əbdillah Qurtubi də öz təfsirində belə yazır:
اَبْنَاءَنَا دَلِيلٌ عَلَي اَنَّ اَبْنَاءَ الْبَنَاتِ يُسَمَّوْنَ اَبْنَاءً
“(Qeyd olunan ayədəki) “əbnaəna” kəlməsi göstərir ki, insanın qız tərəfindən olan övladları da onun öz övladları kimidir.” 7
3. Peyğəmbəri-Əkrəm (s)-in sözləri imam Həsən və imam Hüseynin o həzrətin öz övladı olmasına aşkar bir dəlildir. O həzrətin sözlərindən ikisini qeyd edirik:
a) Peyğəmbəri-Əkrəm (s) imam Həsən və imam Hüseyn (ə) barəsində buyurur:
هذَانِ اِبْنايَ مَنْ اَحَبَّهُمَا فَقَدْ اَحَبَّنِي
“Həsən və Hüseyn mənim iki övladımdır, hər kəs onları sevsə məni sevmişdir.” 8
b) Peyğəmbəri-Əkrəm (s) imam Həsən və imam Hüseynə (ə) işarə edərək buyurmuşdur:
اِنَّ ابْنَيَّ هذَيْنِ رَيْحَانَتَيَّ مِنَ الدُّنْيَا
“Mənim bu iki övladım dünyadan olan iki reyhanımdır.” 9

Kitаbın аdı: Şübhələrə cаvаblаr
Tәrcümә еdәn: M. Əlizadə


1 Ənam” surəsi, ayə: 84-85.
2 “Əd-durrul-Mənsur”, 3-cü cild, səh.28, Beyrut çapı.
3 “Ali-İmran” surəsi, ayə: 61.
4 “Əd-durrul-Mənsur”, 2-ci cild, səh.39, Beyrut çapı.
5 “Təfsiri-Məfatihul-qeyb”, 2-ci cild, səh.488, Misir çapı, 1308.
6 “Təfsiri-Məfatihul-qeyb”, 2-ci cild, səh.488, Misir çapı, 1308.
7 “Əl-camiu li əhkamil-Quran”, 4-cü cild, səh.104, Beyrut çapı.
8 “Tarixu mədinətid-Dəməşq”, İbn Əsakir, imam Hüseyn (ə)-ın tərcümeyi-halı, səh.59, hədis: 6, Beyrut çapı, 1400-cü qəməri ili.
9 “Tarixu mədinətid-Dəməşq”, İbn Əsakir, imam Hüseyn (ə)-ın tərcümeyi-halı, səh.62, hədis: 112.

 

 

Tags: İMAM HÜSEYN (ə), SUALLARA CAVAB, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!