İMAM MƏHDİNİN (Ə.C) DÜNYAYA GƏLİŞİ HAQQINDA HANSI YOLLARLA MƏLUMAT VERİLİR?

:

CAVAB

İmam Əskərinin (ə) səhabələrindən bir çoxu və başqaları imam Məhdinin (ə) dünyaya gəlişi haqqında xəbər vermişlər. Onun kiçik və böyük qeyb dövrlərində görənlər də var. Onlardan bəzilərinin adını qeyd edirik:


1. Əbulfəzl Hüseyn ibn Həsən Ələvi deyir: “Samirada imam Məhdinin (ə) mövludunu təbrik etmək üçün imam Əskərinin (ə) yanına getdim.”1

2. Əhməd ibn Məhəmməd deyir: “Zübeyri öldürdükdən sonra imam Əskəridən (ə) məktub aldım. O yazırdı: “Bu, Allah və Onun övliyasına iftira yaxanın, canişinim olmamış məni öldürə biləcəyini düşünənin cəzasıdır. Allahın qüdrətini necə gördü?!” Hicri 255-ci ildə həzrətin oğlu oldu və ona Mühəmməd (ə) adı verildi.”2

3. Əbu Haşim Cəfəri deyir: “İmam Əskəriyə (ə) ərz etdim: “Sizin övladınız varmı?” Həzrət buyurdu: “Bəli.!.”3

4. Şeyx Səduq imam Əskərinin (ə) xidmətçisi Nəsiminin dilindən belə nəql edir: “Həzrət Məhdi (ə) anadan olandan bir gün sonra onun yanına getdim. Yanında olduğum vaxt asqırdım. Həzrət (ə) buyurdu: “Yərhəməkəllahu” (“Allah sənə rəhm etsin”) Bu söz məni sevindirdi. Sonra Həzrət buyurdu: “Sənə asqırmaq haqqında müjdə verimmi? Bil ki, asqırmaq insanı üç gün ölümdən amanda saxlayar.”4

5. Şeyx Tusi Nəsim və Mariyaya istinadən belə nəql edir: “Həzrət Məhdi (ə) anasının bətnindən çıxdıqdan sonra iki dizi üstə oturdu, şəhadət barmağı ilə səmaya işarə etdi, sonra asqırdı və buyurdu: “Əlhəmdu lillahi Rəbbil-aləmin və səlləllahu əla Muhəmmədin və alihi əbədən və daxərən ğəyri-mustənkəfə və la mustəkbər.” Sonra Həzrət (ə) sözünə belə davam etdi: “Zalımlar güman etdilər ki, Allahın höccəti gəlməyəcək. Əgər bizə danışmaq izni verilsəydi, bütün şəkk-şübhələr aradan qalxardı.5

6. Şeyx Tusi Kamil ibn İbrahim Mədənidən bir rəvayət nəql edir. Kamil imam Əskəri (ə) ilә görüşündən danışır: “Külək əsdi, pərdə kənara çəkildi. Qəfildən ay tək nur saçan bir uşaq göründü. Onun dörd yaşı olardı. Bəlkə də, mənə belə göründü. Mənə buyurdu: “Ey Kamil ibn İbrahim! Onun xitabı bədənimi lərzəyə gətirdi. İlhamlanıb “eşidirəm, mənim ağam” dedim. Həzrət buyurdu: “Sən Allahın vəlisi, höccəti və qapısının yanına gəlmisən.”6

7. Əmr Əhvazi deyir: “İmam Əskəri (ə) öz övladını mənə göstərdi və buyurdu: “O, məndən sonra sizin sahibinizdir.”

Şeyx Hürr Amili deyir: “Kuleyni və başqa müəlliflər mötəbər sənədlərə əsasən nəql edirlər ki, bir çox insanlar mövludundan sonra həzrət Məhdi (ə) ilə görüşmüşdür. Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Həkimə bint Məhəmməd, Əbu Əli ibn Mutəhhər, Xadim İbrahim ibn Əbdə, Əbu Əbdillah ibn Saleh, İbrahim ibn İdris, əmisi Cəfər ibn Əli, Əmr Əhvazi, Zərif Xadim, Farsi, Mədaini həzrət Məhdini (ə) görən şəxslərdəndir.”7

8. Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh və Məhəmməd ibn Osman Əmri deyir: “İmam Əskəri öz mənzilində övladını bizə göstərdi. Biz 40 nəfər idik. Həzrət buyurdu: “Bu məndən sonra sizin imamınız, mənim canişinimdir. Ona itaət edin və məndən sonra parçalanmayın...8



   1  “Bihar”, c. 51, s. 17.

   2  “Bihar”, c. 51, s. 17.

   3  “Kafi”, c. 1, s. 328.

   4  “Kəmaluddin-din”, c. 430.

   5  “Əl-ğeybət”, Tusi, s. 245.

   6  “Əl-ğeybət”, Tusi, s. 247.

   7  “İsbatul-Hudat”, c. 3, s. 442.

   8  “Kəmalud-din”, s. 435.

       

 

 

Tags: İMAM ZAMAN (ə), ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!