«YƏCUC» VƏ «MƏCUC» TAYFASI VƏ ZÜLQƏRNEYN KİM İDİ?-I HİSSƏ

:

«YƏCUC» VƏ «MƏCUC» TAYFASI KİM İDİ? ONLARIN AQİBƏTİ NECƏ OLDU? ZÜLQƏRNEYN KİM İDİ VƏ BU TAYFA İLƏ NƏ ETDİ?
Bu suallara cavab tapmaq üçün təbii ki, ilk öncə Qurana sonra isə tarixə nəzər salmalıyıq. Quran bu tayfa haqqında belə buyurur:

Nəhayət, iki (Zülqərneyn) səddin arasına yetişəndə, onlardan aşağıda (düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü. Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən Yə’cuc və Mə’cuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər. Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik təyin edək?»
 (Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
 Mənə böyük dəmir parçaları gətirin.» Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə tökmək üçün mənə ərimiş mis gətirin.»
 Beləliklə (Yə’cuc və Mə’cuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.1
Bundan əlavə «Əhdi Ətiq»2  kitabında da bu hadisəyə işarə olunub. Tarix yazarlar da bu iki mənbəyə istinad edərək bu tayfa haqqında müxtəlif nəzərlər bildirmişlər.
Quran ayələrindən göründüyü kimi Yəcuc və Məcuc tayfaları zalım bir tayfa olub ki, Zülqərneyn onların arasında bir sədd çəkərək zülmlərinə son qoydu. Həmçinin Qurani Kərimdə Ənbiya surəsinin 96-97-ci ayələrində bu məsələyə işarə olunaraq buyurulur:
(İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yə'cuc ilə Mə'cuc(un yolu) açılana və onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi(davam e)dir. Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq.»
Qurani Kərim elə bu iki ayə ilə bu tayfa haqqında bizi başa salır ki, onlar zülmkar tayfa olub.
Həmçinin Tövrat kitabında da bu haqda zikr olunan mətləblər mövcuddur: Yaradılış Kitabında bu haqda yazılan mətləblərdən belə nəticə almaq olur ki, Yəcuc və Məcuc tayfası Asiyanın şimal hissəsində abad bir ərazidə yaşayaraq qan tökmək, müharibələr etmək və fitnəkarlıq və qarətlə məşğul olublarmış.3 
Qurandan və Tövratın bu tayfa haqqında məlumat verdiyi mətləblərdən başqa, bütün digər mənbələrdə gələn məlumatlar dəqiq deyil.
Əllamə Təbatəbai Təfsirul Mizan kitabında belə yazır: “Təfsirçi və tarixşünaslar bu dastan haqqında çox söz danışıblar və onlardan çoxu belə nəticəyə gəlib ki, Yəcuc və Məcuc tayfası olduqca böyük bir ümmət olmuş və Asiyanın şimalında yaşamışlar.4
Bəziləri də belə hesab edirlər ki, Yəcuc və Məcuc tayfası Asiyanın şimal hissəsində sakin olan bir ümmət olub ki, onların şəhərləri Şimal Buzlu Okeanından, Tibet və Çinə qədər qərbdən Türküstan torpaqlarına qədər ərazini əhatə edib.5
Seyyid Muhəmməd Hüseyn Hüseyni Tehrani, öz Məadşünaslıq kitabında Yəcuc və Məcuc kəlməsi və onun mənası haqqında söz açaraq bu nəticəyə gəlir ki; bu iki kəlmənin kökü, “Monquk” ya “Monçuq” olub ki, sonradan yəhudi (ibri) və ərəb dilində Yəcuc və Məcuc kimi istifadə olunub. Yunan dilində isə bu kəlmələr “Quk” və “Maquq” kəlmələri ilə əvəz olunub. Bu iki kəlmə “Monquk” ya “Monçuq” kəlmələrinə oxşadığından nəticə çıxarmaq olur ki, bu kəlmələrin əsli Çin mənşəli olub ki, “Monğul” və “Moğul” kəlməsi onun təkmilləşmiş formasıdır. Deməli Yəcuc və Məcuc elə həmin Moğol tayfasıdır ki, qədim zamanlardan Asiyanın şimal şərqində sakin olmuş və bu böyük tayfa bəzən Çinə, bəzən də Qafqaz dəryalından Ermənistan və İranın Şimalına hücum etmişlər. Bəzi vaxtlar isə sədd tikdikdən sonra Avropanın şimalına hücum etmiş və onların yanında “Seyt” kimi tanınmışdı. Onlardan bir dəstəsi isə Romaya hücum edirdi. Məhz bu dövrdə Rumuniya dövləti süqut etdi.6
Quranda onların məhv olmasına birbaşa işarə olunmasa da Zülqərneynin səddi tikməsilə onların zülmünün sona çatması zikr olunub. Lakin o tayfaların indinin özündə də yaşayıb yaşamaması haqqında Quran və hədislərdə əlimizə bir şey gəlib çatmayıb. Amma İbn Abbasın qiraətində Ənbiya surəsinin ayəsindən çox dəqiq istifadə etmək olur ki, onlar ölüblər. Çünki İbn Abbas, uca yer mənası verən “حَدَبٍ - hədəbin” kəlməsinin əvəzinə, qəbr mənasını verən “جدث – cədəsin” kəlməsindən istifadə etmişdir. Belə olduqda ayənin mənası belə olacaq: Yə'cuc ilə Mə'cuc(un yolu) açılana və onların qəbirlərindən sürətlə çıxdığı zamana qədərdir.7
Hədislərin bəzisi bu ayənin təfsirində deyibdir ki, axır-zamanda Yəcuc və Məcuc tayfası yenidən dünyaya daxil olacaq.8  Bu ondan xəbər verir ki, hal-hazırda onlar dünyada yoxdur və gələcəkdə qayıdacaqlar.
Onların yenidən hücumu haqqında da alimlər arasında fikir ayrılığı vardır. Təhqiqatçıların bəziləri Quranın – axır-zamanda Yəcuc və Məcuc tayfası xuruc edib yer üzündə fitnə-fəsad törədəcək - xəbərini, hicrətin yeddinci əsrinin birinci yarısında, Tatarların (yəni Moğolların) Asiyanın qərbinə etdiyi hücumuna tətbiq ediblər. Çünki o vaxt onlar xüruc edərək qan töküb abad şəhərləri viran etdilər, şəhərləri xarab edib camaatın mallarını talan etməklə elə bir cinayət törətdilər ki, tarix belə bir cinayətin şahidi olmamışdı. Onlar Çin, Türküstan, İran, İraq, Şam, Qafqazı alaraq kiçik Asiyaya qədər qarət edib onların müqabilində duran hər bir şəhəri xarabazara çevirərək əhalisini qılıncdan keçirdilər.9
Nəticə etibarı ilə tarixə nəzər saldıqda moğolların törətdiyi vəhşiliklərlə Yəcuc və Məcuc tayfasının əməlləri və vəhşilikləri üst-üstə düşməsinə baxmayaraq mütləq demək olmaz ki, Yəcuc və Məcuc Tayfası elə həmin Moğollardır. Çünki bu fikirdə olanların nəzəri müqabilində bunu demək olar ki, əgər Yəcuc və Məcuc tayfası, Zülqərneynin səddi bağladıqdan sonra olduqca qədim zamanlarda ölmüş olsalar və gələcəkdə yenidən dünyaya gəlməli olsalar onlar Moğollar ola bilməz çünki qəbirdən çıxmaları onların haqqında təsdiqlənməmiş və tarixdə belə bir xəbər gəlib çatmayıb əlimizə ki, Moğollar qəbirdən çıxıb qarətlə məşğul idi.
Nəhayət bu haqda bunu deyə bilərik ki, Yəcuc və Məcuc tayfası haqqında deyilən bütün nəzəriyələr ehtimallardı və dəqiq bir söz sübuta yetirilmədiyi üçün onlara yəqin etmək olmaz və gərək təkcə Quranın onlar haqqında buyurduğu ilə kifayətlənək. Quran da onların kimliyi yox sadəcə fitnə-fəsad törədən bir tayfa olduğunu qeyd etmişdir.
Qeyd: yazının bu hissəsinə qədər Yəcuc və Məcuc haqqında məlumat verdik. İnşallah ikinci hissəsində Zülqərneynin kimliyi haqqında məlumat verəcəyik.
Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN



1. Kəhf surəsi, 93-97-ci ayələr
2. Yəhudilərin müqəddəs kitabı sayılan Tövratın başqa bir adı da Əhdi Ətiqdir. Əhdi Ətiq, öz növbəsində, 39 kitabdan (bölmədən) ibarətdir, məs: Yaradılış Kitabı, Çıxış Kitabı, Levililər Kitabı, Saylar Kitabı, Qanunun Təkrarı, Yeşuanın Kitabı, Hakimlər Kitabı, Rut Kitabı, Birinci Şamuel Kitabı, İkinci Şamuel Kitabı və s.
3. Seyyid Muhəmməd Hüseyn Hüseyni Tehraninin, Məadşünaslıq kitabı, 4-cü cild, səhifə 85
4. Əl-Mizan fi təfsiril Quran, seyid Musəvi Həmədaninin tərcüməsi, 13-cü cild,səhifə 542
5. Seyyid Muhəmməd Hüseyn Hüseyni Tehraninin, Məadşünaslıq kitabı, 4-cü cild, səhifə 85
6. Həmin mənvə səhifə 87
7. Asan təfsiri, cild 12, səhifə 366
8. Əllamə Məclisinin Biharul Ənvar kitabı, cild 12, səhifə 179
9. Əllamə Təbatəbainin Əl-Mizan təfsiri, Baqir Musəvi Həmadaninin tərcüməsi,  cild 13, səhifə 542

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!