İMAM ƏLİNİN (Ə) XANIM ZƏHRA (SƏ) İLƏ İZDİVACI

:

Bu izdivac hadisəsi şiə tarixində ən mühüm hadisələrdən biridir ki, bu mübarək və məhəbbət dolu bağlılığın səmərəsi İmamət (ə) ağacı oldu. Bu mübarək izdivacın tarixi haqqında müxtəlif nəzərlər vardır. Lakin rəsmi olaraq Zil-Hiccə ayının birinci günü bu izdivacın günü kimi qeyd olunub.

İZDİVAC ZAMANI HƏZRƏT ƏLİNİN (Ə) VƏ XANIM ZƏHRANIN (SƏ) YAŞI
Şiə alimlərinin böyük əksəriyyətinin nəzərinə əsasən Xanım Zəhranın (sə) evləndiyi zaman doqquz ya on yaşı var idi. Bu yaşı ən çox deyənlər on bir yaş qeyd etmişlər.1 Həmçinin izdivac zamanı İmam Əlinin (ə) yaşı isə 21 il 5 ay qeyd olunur.2

HƏZRƏT ZƏHRANIN (SƏ) ELÇİLƏRİ
Tarixi mütaliə etdikdə hamıya məlum olur ki, Xanım Zəhraya (sə) elçi düşənlər həddən artıq çox olmuşdur. Buna səbəb bir tərəfdən atasının şəxsiyyəti digər tərəfdən də xanımın öz məqamı olduqca çox idi.
İmam Əlidən (ə) öncə xanım Zəhra (sə) üçün çoxlu elçilər içində Əbu Bəkr və Ömər də var idi və onlar da bu böyük şəxsiyyətli xanımla evlənməyə hazır olduqlarını bildirmişlər. Buna baxmayaraq hər ikisi həzrət Peyğəmbərdən (s) yalnız bu cavabı eşitmişlər: Zəhranın (sə) izdivacı haqqında yalnız İlahi vəhyi gözləyirəm.3
İbn Şəhri Aşub da xanım Zəhraya (sə) gələn digər elçilərdən bir neçəsini belə qeyd edir: Böyük sərvət sahiblərindən olan Əbdür Rəhman ibn Ovf və Osman ibn Əffan Allah Peyğəmbərinin (s) yanına gəldilər. Əbdür Rəhman ərz etdi ki, ey Allahın Rəsulu (s)! Əgər Fatiməni (s) mənə versən gözləri göy rəngdə olan yüz qara dəvə və o dəvələrin yükləri Misrin əla növ kətan parçaları üstündə, həm də on min dinar mehriyyə verməyə hazıram. Osman da belə dedi: Ya Rəsuləllah! Mən də eyni bu mehriyyəni verməyə hazıram və mən Əbdür Rəhmandan daha üstünəm çünki ondan daha tez iman gətirmişəm.
Onların sözlərindən bərk qəzəblənən Peyğəmbər (s) onların mallarına tamahı olmadığını və izdivac məsələsi alqı-satqı və pul mübadiləsi məsələsi olmadığını onlara anlatmaq üçün bir ovuc qum götürüb Əbdür Rəhmana tərəf səpərək buyurdu: mən pul və sərvət quluyammı sən öz sərvətin vasitəsi ilə mənim üçün öyünür, fəxr edərək mənə sərvətin vasitəsilə evlənmək məsələsində təsir edəcəyini düşünürsən?!4
Əhli sünnə mənbələrində digər bir yerdə yenə belə oxuyuruq: Peyğəmbərin (s) qızına elçi çıxmışdı lakin Peyğəmbər (s) bütün əmisi oğlanları arasında Əli ibn Əbi Talibi (ə) qızına ər seçdi və qızıba belə buyurdu: Səni elə bir kəsə verirəm ki, hamısından daha gözəl əxlaqlı və müsəlmalıqda hamısından öndədir.5

HƏZRƏT ƏLİNİN (Ə) XANIM ZƏHRAYA (SƏ) ELÇİLİYİ
Şiə və sünni rəvayətlətinə əsasən Əbu Bəkr və Ömər xanım Zəhra (sə) ilə evlənməkdən ümidsiz olmuşlar. Əmirəl-möminin həzrət Əliyə (ə) dedilər ki, sən onun elçiliyinə get.6
Başqa yerdə rəvayət olunur ki, səhabə və ənsar (Mədinə müsəlmanları) Ovs qəbiləsinin başçısı Sə`d Məaz ilə söhbət etdikdən sonra başa düşdülər ki, həzrət Əlidən (ə) başqa kimsə xanım Zəhra (sə) ilə evlənməyə layiq deyildir və həzrət Peyğəmbər (s) də ondan başqasını razı deyil. Bundan sonra həzrət Əlinin (ə) yanına gedərək onu ənsardan olan bir nəfərin bağında tapdılar və gördülər ki, öz dəvəsi ilə xurma bağını suvarır. Onlar Əliyə (ə) üzünü tutub dedilər: Qüreyşin adlı-sanlı şəxsləri həzrət Zəhra (sə) üçün elçilik etsələr də həzrət Peyğəmbər (s) onların cavabında buyurdu ki, Zəhranın (sə) işi Allahın iradəsinə bağlıdır və biz ümid edirik əgər sən elçiliyə getsən razılıq cavabı alacaqsan və əgər sənin varın az olarsa biz sənə kömək etməyə hazırıq.7

HƏZRƏT ƏLİ (Ə) NECƏ ELÇİLİK ETDİ?
Zəhhak ibn Məzahim nəql edir Əli ibn Əbu Talibdən eşitdim ki, həzrət Zəhra (sə) üçün elçilik mərasimi haqqında belə buyurdu: Peyğəmbərin (s) yanına getdiyim zaman o böyük şəxsiyyət məni görüb gülümsəyərək buyurdu: Ey Əli (ə)! Hacətin üçün mənim yanıma gəlmisən? Mən hamıdan qabaq müsəlman olduğumu və Allah yolunda etdiyim cihadları o həzrətə dedim. Peyğəmbər (s) buyurdu: Ya Əli (ə)! Düz deyirsən sənin məqamın dediklərindən daha yüksəkdir. Dedim: ey Allahın Peyğəmbəri (s)! Fatimeyi Zəhranı (sə) mənimlə evləndir (onun üçün elçiliyə gəlmişəm). Buyurdu: ya Əli (ə)! Səndən öncə neçə kişi bunu məndən istəmişdi amma hər dəfə mən Fatiməyə (sə) deyəndə narazı olduğunu bildirirdi. Sən bir qədər səbr elə mən onun yanına gedib gəlirəm.8
Peyğəmbər (s) Fatimənin (sə) yanına getdi. Atasını görən xanım Zəhra (sə) ayağa qalxıb atasının qabağına gəlib ayaqqabılarını çıxardı və həzrət üçün əl suyu gətirib onun əl-ayağını yuduqdan sonra oturdu. Bundan sonra həzrət Peyğəmbər (s) qızına belə buyurdu: “ey Fatimə (sə)!” Xanım cavab verdi: Bəli, ey Allahın Rəsulu nə istəyirsən? Həzrət buyurdu: “Əli ibn Əbi Talib, o şəxsdir ki, sən onun qohumluğunu, fəzilətini və müsəlmanlığını tanıyırsan və mən də Allahdan istəmişəm Onun yanında ən yaxşı olanını səninlə evləndirsin və Əli (ə) sənə elçiliyə gəlib. Nəzərin nədir?”. Xanım Zəhra (sə) sakit qalıb üzünü də döndərmədi9 və Peyğəmbər (s) də xanımın üzündə narazılıq əlaməti görmədi. Sonra ayağa qalxaraq “Allahu Əkbər! Onun sükutu, razılığıdır (razılıq əlamətidir)”. Bundan sonra həzrət Cəbrail (ə) nazil olaraq həzrət Peyğəmbərə (s) buyurdu: “Ey Muhəmməd! Onu (Zəhranı (sə)) Əli (ə) ilə evləndir ki, Allah da bu ikisini bir-biri üçün bəyənmişdir.10
Digər rəvayətdə Əli ibn Əbi Talib (ə) buyurur ki, Peyğəmbər (s) mənə belə buyurdu: Ey Əli! Qüreyşdən olan bir dəstə kişi, Zəhraya (sə) görə məni qınayaraq dedilər: Biz Zəhranı (sə) istəyirdik və sən qəbul etmədin amma indi onu Əli ibn Əbi Talibə (ə) verdin. Mən cavab verdim and olsun ki, sizi mən yox Allah qaytardı, elçiliyinizi qəbul etmədi vı Fatiməni (sə) Əli (ə) ilə (Allah) evləndirdi. Çünki Cəbrail (ə) nazil olaraq buyurdu ki, Allah Taala buyurur: Əgər Mən Əlini (ə) yaratmasaydım həzrət Adəmdən (ə) sonra (bu günə qədər) yer üzündə Fatiməyə (sə) layiq ər olmazdı.11
Həmçinin Peyğəmbərdən (s) İmam Əliyə (ə) xitabən nəql olunan hədisdə belə oxuyuruq: “«لولاك یا على لما كان لفاطمه كفو على وجه الارض – ya Əli əgər sən olmasaydın yer üzündə Fatiməyə (sə) tay olmazdı”.12
Əllamə Həsənzadə Amuli, bu hədisin şərhində belə buyurur: “Məsum olmayan kişinin ismət sahibi olan qadınla evlənməsi yolverilməzdir”.13

XANIM ZƏHRA(ƏS)IN MEHRİYYƏSİ
Xanım Zəhranın (sə) mehriyyəsini bilmək üçün ilk öncə həzrət Əlinin (s) sərvəti ilə tanış olmalıyıq.
Həzrət Peyğəmbərimiz (s) xanım Zəhranın (sə) razılğını gördükdən sonra İmam Əlinin (ə) yanına gələrək təbəssümlə ona buyurdu: Ya Əli (ə)! Toy üçün nəsə varındırmı? Həzrət Əli (ə) cavab verdi: Ey Allahın Rəsulu (s) atam və anam sənə qurban olsun, siz mənim vəziyyətimdən tamamilə xəbərdarsınız. Mənim bütün sərvətim bir qılınc, bir zireh və bir dəvədən ibarətdir. Peyğəmbər (s) buyurdu: Sən mücahid bir kişisən və qılncın olmadan Allah yolunda cihad edə bilməzsən, qılınc sənin zəruri ehtiyaclarındandır. Dəvəyə gəlincə o da sənin zəruri ehtiyaclarından sayılır. Gərək onunla suvarma işlərini, özünün və ailənin iqtisadi işlərini təmin etməklə yanaşı həmçinin səfər etdikdə də yükünü onunla daşımalısan. Yedə yalnız zirehin qalır ki, ondan keçə bilərsən. Mən də səni çətinliyə salmayacam və elə o zirehlə kifayətlənəcəm.14
Həzrət Əlinin (ə) sərvətini bildikdən sonra indi isə xanım Zəhranın (sə) mehriyyəsinin nə qədər olmasını təxmin etmək çox da çətin olmayacaq. Xanımın mehriyyəsinə gəlincə bu haqda iki hədis vardır:
Yer üzünə aid olan adi mehriyyə yaxud başqa dillə desək yer üzündə olan müsəlman qadınların mehriyyəsi kimi olan bir mehriyyə idi. Bu haqda da iki rəvayət mövcuddur:
Xanım Zəhranın (sə) mehriyyəsi zireh idi və o zireh çox möhkəm olduğu üçün ona qılınc qıran zireh deyərdilər və bu zirehin qiyməti dörd yüz başqa rəvayətə əsasən beş yüz dirhəm idi.15
İslami rəvayətlərə əsasən xanımın mehriyyəsi beş yüz dirhəm olub.16
Təbii ki, bu iki hədisi bir yerə toplayaraq bir ortaq nəticə almaq mümkündür və deyə bilərik ki, İmam Əlinin (ə) zirehinin qiyməti beş yüz dirhəmə sataraq xanıma mehriyyə etmişlər.
Asimani mehriyyə: Allahın Peyğəmbəri (s) buyurub: Fatimeyi Zəhranın (sə) mehriyyəsi asimanda yer kürəsinin beş hissəsindən biri təyin olub beləliklə Qiyamətə qədər kimsə Fatiməyə (sə) və övladlarına kin bəslədiyi halda yer üzərində gəzməsi haramdır (yeri qəsb etmişdir).17 Başqa bir hədisdə isə İmam Muhəmməd Baqirdən (ə) nəql olunur ki, buyurub Fatimeyi Əthərin (sə) mehriyyəsi dünyanın beş hissəsindən biri, cənnətin üç hissəsindən biri, dörd axar çay idi ki, o çaylar bunlardır: Fərat, Misirdə olan Nil, Nəhrəvan və Bəlx çayları.18
Beləliklə Əmirəl-möminin İmam Əli (ə) Peyğəmbərin (s) göstərişi ilə zirehi sataraq pulunu həzrət Peyğəmbərə (s) təqdim etdi. Peyğəmbər (s) də həmin pulu üç hissəyə bölüb bir hissəsini cehizlik üçün ev əşyalarına xərclədi, digər bir hissəsini toy üçün ətriyyat hazırladı və üçüncü hissəsini isə Ümmü Sələməyə tapşıraraq toy gecəsi çatanda onu İmam Əliyə (ə) qaytardı ki, toya gələn qonaqların qabağına yemək-içmək alsın.
Əziz müsəlman bacı və qardaşlar. Gördüyünüz kimi bizə sözün əsl mənasında örnək olan Həzrət Muhəmməd (s) peyğəmbər və onun pak ailəsinin həyatının bütün sahələrində çoxlu ibrətlər vardır. Ümid edirik hər birimizə örnək olan bu sadə lakin eyni zamanda bərəkət və məna dolu o həyatı yaşayaraq dünyadan köçəndə də onlar kimi köməyi özümüzə arzu edək. Necə ki, Aşura ziyarətnaməsində belə oxuyuruq:

اَللّهُمَّ اجْعَلْ مَحْیاىَ مَحْیا مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ مَماتى مَماتَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

İlahi mənim yaşayışımı Muhəmməd (s) və onuin ailəsinin yaşayışı kimi və ölümümü də Muhəmməd (s) və onun ailəsinin ölümü kimi qərar ver.

Fürsətdən istifadə edərək izdivac günü münasibətilə öndə İmam Zamanı (əc) və haqq naibi həzrət Ayətullah Xameneini, sonra siz dəyərli müsəlman qardaş və bacılarımızı təbril edərək dünya və axirətdə Peyğəmbər (s) və onun pak ailəsi ilə birlikdə olmanızı Uca Allahdan diləyirik.

Hazırladı: Rəsul Mahmudov


1. Əl-Movsuətul Kubra ən Fatimətiz-Zəhra, c4, səh 21, Qum 1428 h.q
2. Əl-İsti`ab fi mərifətil əshab, c4, səh 1893
3. Təbəqat, c8, səh 11. Əhli sünnənin mötəbər qaynaqlarından olan Sünəni Nəsai kitabında belə yazılıb: Peyğəmbər (s) o ikisinin cavabında dedi: “Fatimə (s) azyaşlıdır” və elə ki, Əli (ə) elçiliyə gəldi, Peyğəmbər (s) qəbul etdi – mənbə: Sünəni Nəsai, c6, səh 62
4. Mənaqibi İbn Şəhri Aşub, c 3, səh 345. Təzkirətul Xəvas, səh 306.
5. Sünəni Nəsai, c2, səh 31.
6. Ər-Riyazun Nəzər, c2, səh 182.
7. Biharul Ənvarın tərcüməsi, c 43, səh 441.
8. Əl-Əmali, s 39, hədis 44. Bəşarətul Mustəfa (s), 261.
9. Çünki, bundan öncə gələn elçilər üçün narazılıq əlaməti olaraq üzünü döndərərdi
10. Əl-Əmali, s 39, hədis 44. Bəşarətul Mustəfa (s), 261.
11. Biharul Ənvarın tərcüməsi, c 43, səh 288.
12. Biharul Ənvarın, c 43, səh 107.
13. Şərhi fussu hikmətu ismətiyyə fi kəliməti Fatimiyyə, s178
14. Biharul Ənvarın tərcüməsi, c 43, səh 409.
15. Həmin qaynaq
16. Əhqaqul-Həqq, c8, s351
17. Zendeqaniye həzrət Zəhra (sə), Biharul Ənvarın tərcüməsi, 43-cü cild, s358
18. Həmin qaynaq

 

 

Tags: HƏZRƏT ZƏHRA (s), İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!