MƏHƏRRƏM AYININ SƏKKİZİNCİ GÜNÜ

:

İMAM HÜSEYNİN (Ə) ECAZKARLIQLA YERDƏN SU ÇIXARMASI
Susuzluq İmam Hüseyni (ə) və səhabələrini yormuşdu. O Həzrət bir külüng götürüb xeymələrin arxasında on doqquz addımlıq fasilədə qibləyə tərəf yeri qazdı, oradan kifayət qədər təmiz su çıxdı.
Hamı sudan içib məşklərini doldurdu. Sonra su yoxa çıxdı və bir daha ondan əsər əlamət qalmadı. Bu ecazkar xəbər casuslar vasitəsi ilə Übeydullaha çatdı, o dərhal bir qasid vasitəsilə Ömər Sədə bu xəbəri göndərdi:

Mənə xəbər çatıb ki, Hüseyn quyu qazır və su çıxararaq özü və səhabələri o sudan içir. Bu məktub sənə çatan kimi gecikmədən diqqətli ol ki, Hüseynin əli suya çatmasın, Hüseyn və tərəfdarlarını daha sıxışdır və Osmanla gördüyü işi sən də, onlarla gör!
Ömər ibn Səd Übeydullahın məktubunu alan kimi dərhal İmam Hüseynə (ə) və dostlarına vəziyyəti daha da acınacaqlaşdırdı ki, suya əsla əlləri çatmasın.

YEZİD İBN HİSSİN HƏMDANİNİN, ÖMƏR SƏD İLƏ GÖRÜŞÜ
Artıq susuzluğa dözmək olmurdu. Xüsusilə şərait uşaqlar üçün daha dözülməz olmuşdu. İmam Hüseynin (ə) zöhd və ibadətdə ad qazanmış Yezid ibn Hissin Həmdani adlı səhabəsi İmam(ə)dan Ömər Sədlə su haqda danışıq aparmaq üçün izn istədi. İmam (ə) buyurdu: (Bu haqda) Seçim özünlədir.
O, Ömər Sədin xeyməsinə daxil oldu, amma salam vermədi.
Ömər Səd dedi: ey Həmdanlı kişi! Salam verməyə sənə nə mane oldu?! Mən müsəlman deyiləmmi? Allah və Peyğəmbərini tanımırammı? Niyə mənə salam vermədin?!
Həmdani dedi:
Özünü müsəlman sanırsansa nə üçün Peyğəmbər (s) ailəsini öldürməyi qərara alıb suyu yolunu onların üzünə bağlamısan?! Allah və onun Rəsulunu tanıdığını düşünürsənmi?!
Ömər Səd başını aşağı saldı və dedi:
Ey Həmdani! Mən bilirəm ki, bu ailəni incitmək haramdır! Amma Übeydullah bu işə məni məcbur edibdir! Mən həssas anları yaşayıram və nə edəcəyimi bilmirəm! Bilmirəm Rey hakimiyyətini buraxım?! Halbuki o hakimiyyətin şövqündən yanıram. Yaxud əllərimi Hüseynin qanına bulayım?! Halbuki bilirəm bunun cavabı Cəhənnəmdir. Lakin Rey hakimiyyəti mənim gözümün nurudur. Ey Həmdani! Mən özüm özümdə Rey hakimiyyətindən vaz keçmək kimi bir fədakarlığı görə bilmirəm.
Yezid ibn Hissin Həmdani qayıdıb İmam Hüseynə (ə) hadisəni danışıb dedi: Ömər Səd Rey hakimiyyətinə çatmaq üçün sizi qətlə yetirməyə hazırdır.

SƏHABƏLƏR "FƏRAT" ÇAYINDAN SU GƏTİRİR
Getdikcə susuzluq xeymələrdə artırdı. İmam Hüseyn (ə) qardaşı Cənab Əbülfəzli (ə) çağıraraq onu otuz nəfər süvari və iyirmi nəfər piyada ilə birlikdə xeymələrə su gətirmək üçün göndərdi. Onlar gecənin qaranlığında hərəkət etdilər. Nafi ibn Hilal əlində xüsusi bayraq onların önündə gedirdi.
Onlar "Şəttu Fərat"ın yanına çatanda Ömər ibn Həccac soruşdu: Kimsən?
Nafi ibn Hilal özünü təqdim etdi.
Ömər ibn Həccac dedi: Ay qardaş! Xoş gəldin, bura gəlməyinin səbəbi nədir?
Nafi dedi: Gəlmişəm məhrum edildiyimiz bu sudan içəm.
Ömər ibn Həccac dedi: İç nuş olsun.
Nafi ibn Hilal dedi: Allaha and olsun ki, Hüseyn və tərəfdarları nə qədər susuzdursa mən tək su içməyəcəm.
Ömər ibn Həccacın ordusu başa düşdü ki, Nafi ibn Hilal tək gəlməyib və yanında köməkçiləri də var.
Ömər ibn Həccac dedi: Onlar bu sudan içməməlidir. Bizi məhz buna görə burada qoyublar.
Ömər ibn Həccacın qoşunu yaxınlaşanda Həzrət Abbas (ə) piyadalara məşkləri doldurmağı əmr etdi. Piyadalar da, göstərişə əməl etdilər. Ömər ibn Həccac və ordusu yolu bağlamaq istədikdə Əbəlfəzl Abbas (ə) və Nafi ibn Hilal onlara hücum edərək diqqətlərini yayındırdılar. Nəticədə məşklər doldu və toqquşmada düşmən əskərlərindən biri İbni Hilalın zərbəsindən cəhənnəmə vasil oldu.

İMAM HÜSEYNİN (Ə) ÖMƏR SƏD İLƏ GÖRÜŞÜ
İmam Hüseyn (ə) öz səhabələrindən Ömər ibn Qürzə Ənsari adında bir kişini Ömər Sədin yanına göndərib ondan gecə təmas xəttində görüş istədi. Ömər Səd təklifi qəbul etdi. İmam Hüseyn (ə) iyirmi nəfərlə, eləcə də Ömər Səd iyirmi nəfərlə görüş yerinə gəldilər.
İmam Hüseyn (ə) əmr etdi ki, qardaşı Abbas və oğlu Əli Əkbərdən başqa hamı qayıtsın. Ömər Səd də oğlu Həfs və qulamından başqa hamıya qayıtmağı göstəriş verdi.
Birinci, İmam Hüseyn (ə) sözə başladı: [Ey] Səd oğlu! Mənimlə döyüşüb və Ona tərəf qayıdacağın Allahdan qorxmursanmı? Mən, o şəxsin övladıyam ki, sən [hər kəsdən]daha yaxşı tanıyırsan [kimdir o]! Sən bu dəstəni tərk edib bizimlə olmursanmı? Bu səni Allaha yaxın edəcək.
Ömər ibn Səd dedi: Əgər bu dəstədən ayrılsam qorxuram evimi uçursunlar!
İmam Hüseyn (ə) buyurdu: Evini sənin üçün mən təmir edəcəm.
Ömər: Qorxuram mal-dövlətimi əlimdən alsınlar!
İmam (ə) buyurdu: Mən, Hicazda olan malımdan, [səndə olandan] daha yaxşısını sənə verəcəm!
Bəzi mənbələrdə qeyd olunub ki, İmam Hüseyn (ə) Ömər Sədə özünün böyük bir xurma bağını vəd edir.
İmam Hüseyn (ə) nə qədər Ömər Sədi hidayət etməyə çalışsa da Ömər müxtəlif bəhanələr gətirdi. Bundan sonra İmam Hüseyn (ə) ayağa qalxıb Ömərə buyurdu: Sənə nə olur?! Allah tezliklə sənin canını yatağında alsın və səni Qiyamət günü bağışlamasın, Allaha and olsun bilirəm ki, İraq buğdasından cüzi miqdardan başqa qismətin olmayacaq yeyəsən.
Ömər istehza ilə - mənə arpası da yetər - dedi!!
Bəzi mənbələrdə yazılıb ki, İmam Hüseyn (ə) ömər Sədə buyurur sənin başını ney üstündə Küfənin küçələrində gəzdirildiyini və uşaqların da ona daş atdığını görürəm.

ÖMƏR SƏDİN ÜBEYDULLAHA MƏKTUBU
Görüşdən sonra Ömər Səd Übeydullah ibn Ziyada bu məzmunda bir məktub yazdı:
... Hüseyn deyir, gəldiyi yerə qayıda bilər, yaxud da digər İslam vilayətlərindən birinə gedib orada adi müsəlman kimi yaşayar, digər təqdirdə Özü Yezidin yanına gedə bilər, nəhayət Yezid istədiyi tərzdə onunla rəftar edər...

İFTİRA VƏ BÖHTAN
Həzrət İmam Hüseynin (ə) vəfalı xanımı Həzrət Rübabın (s) Əqəbət ibn Səman adında bir qulamı var idi. O belə deyir: Mən Mədinədən Məkkəyə və Məkkədən də İraqa qədər İmam Hüseynin (ə) yanında idim və ondan ayrılmadım. Bu müddət ərzində İmam Hüseyn (ə) elə bir söz demədi ki, mən onu eşitməmiş olum. Allaha and olsun İmam Hüseynin (ə) - icazə verin mən beyət əlimi Yezidə uzadım, yaxud qoyun gedim İslam vilayətlərindən birinə - deməsini camaat güman edirsə, İmam Hüseyn (ə) belə bir söz buyurmayıb. Əksinə yalnız belə deyərdi: Qoyun mən bu torpaqda gəzim, xalqın işinin hara çatdığını görüm.
Nəticə alırıq ki, Ömər Səd məktubdakı sözləri özündən yazıb. Mümkündür Ömər bu yazıdan Übeydullahı İmam Hüseynlə (ə) döyüşməkdən çəkindirmək məqsədi güdüb.

ÜBEYDULLAHIN ÖMƏR SƏDƏ CAVABI
Übeydullah Ömər Sədin məktubunu görəndə dedi:
Ömər Səd qohumlarına ürəyi yanır deyə onlar üçün çıxış yolu axtarır.Bu an Şimr ibn Zil-Cövşən (Allahın lənəti olsun ona) yerindən qalxıb dedi: “Ömər Sədin bu rəftarını qəbul edirsənmi?! Hüseyn sənin torpağına gəlib yanındadır, Allaha and olsun sənə beyət etmədən yanından gedərsə günü-gündən qüvvəsi çoxalacaq və sən onu ələ keçirə bilməyəcəksən. Əgər bununla razılaşsan məğlub olacaqsan. [Hüseyn] Sənin əmrinə tabe olduğu təqdirdə onları cəzalandırmaqda və ya əfv etməkdə ixtiyar sahibi olacaqsan”.
İbn Ziyad dedi: “Yaxşı fikirdir və mənim də nəzərim belədir. Ey Şimr! Mənim məktubumu Ömər Sədin yanına apar ki, Hüseyn və onun tərəfdarlarına oxusun. Əgər mənim hökmümə itaət etməzlərsə onda onlarla döyüş. Əgər Ömər Səd onlarla döyüşməkdən imtina edərsə qoşuna başçılığı öz öhdənə götür və Ömərin də başını kəsib yanıma göndər.

Kitabın adı: "Qessehaye Kərbəla"
Tərcümə edən: Rəsul Mahmudzadə

Ardı var...

DOQQUZUNCU HİSSƏNİ BURADAN OXYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!