İMAM CƏFƏR SADİQ(ə)İN HƏYATI (1)

:

İMAM SADİQ(ə)İN TƏVƏLLÜDÜ
İmam Sadiq (ə) 83-cü hicri ili, rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya göz açdı. O Həzrətin anasının adı Ümmü Fərhə idi. Atası İmam Baqir (ə) oğlunun dünyaya gəlməsinə çox sevindi.

O Həzrətin anası Əlinin (ə) əshabından olan Məhəmməd ibn Əbu Bəkrin nəvəsi idi. Həzrət Əli (ə) onun haqqında daima belə buyurardı: “Məhəmməd mənim mənəvi övladımdır.”
Məhəmməd ibn Əbu Bəkrin anası isə təqvalı və həmişə Həzrət Fatiməyə (s.ə) xidmət etməkdən iftixar hissi duyan Əsma bint Ümeys idi.
İmam Sadiq (ə) öz anası haqqında belə buyurmuşdur:
"Anam təqvalı və xerixah qadınlardan idi". 
İmam Sadiq (ə) babası İmam Səccad (ə) dünyadan köçdükdə 15, atası şəhid olduqda isə 34 yaşında idi.
İmam Hüseynin (ə) şəhadətindən sonra Əməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu. Bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdı. Bu iki qüdrət mərkəzi hakimiyyət uğurunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda İmam Sadiq (ə) öz elmi hərəkatı ilə İslam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.

İMAM SADİQ(ə)İN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Məlum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin.
İmam Sadiq (ə) da başqa imamlar kimi, bütün həyatı boyu həqiqi İslamı təlim edirdi. O Həzrətin özü də İslam əxlaqının parlaq nümunəsi idi. İnsanlar arasında hər cəhətdən, istər fikir, istər əxlaq, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin Həzrət Peyğəmbərin (s) ailəsi, eləcə də o Həzrətin canişinlərinin hamısı eyni istiqamətdə və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdi. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur.
İmam Sadiqin (ə) əxlaqi üstünlük və dəyərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onun dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o Həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə,hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O Həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı.

İMAM SADİQ(ə)İN ZÖHD VƏ TƏQVASI
Zöhd və təqva insan dəyərinin ölçüsüdür. Elə buna görə də Qurani-Kərim təqva zinəti ilə bəzənmiş insanları çıxmaq şərti ilə, qalan insanları bərabər hesab edir. İmam Sadiq (ə) da babası Əli (ə) kimi o qədər təqvalı idi ki, hamını heyrətləndirmişdi.
Malik ibn Ənəs deyir: ”İmam Sadiq (ə) həmişə Allahı zikr etməklə məşğul idi. O, böyük zahidərdən sayılırdı.”
Əbdül-Əla isə belə deyir: “Yayın isti günlərinin birində İmam Sadiqi (ə) Mədinə küçələrindən birində gördüm ki, harasa gedirdi. O Həzrətə dedim: “Qurbanın olum, sən ki, Peyğəmbərin (s) qohumusan, nə üçün yayın bu istisində özünü zəhmətə salmısan"? 
İmam (ə) buyurdu: “Ruzimi qazanmaq üçün evdən işləməyə çıxmışam, çünki başqalarına möhtac olmaq istəmirəm.”
Başqa bir nəfər isə o Həzrətin haqqında belə demişdir: “İmam Sadiqi (ə) qalın bir paltarla fəhlə kimi bağda işləyib tər tökən gördükdə o Həzrətə “ey Peyğəmbərin (s) övladı, icazə verin mən sizin yerinizə işləyim”! – dedim. Həzrət (ə) isə cavabımda belə buyurdu: “Güzəranımı təmin etmək üçün işləməyi sevirəm. İstəyirəm başqa adamlar kimi qızmar günəşin altında çalışmağın zəhmətini dadım.”
İmam (ə) bir yerə gedəndə yeni, təmiz və bahalı paltar geyər, yorğa ata minərdi. Bir sıra cahil adamlar belə güman edirdi ki, o Həzrətin bu əməli zöhd və təqvaya ziddir və elə buna görə də İmama etiraz edərdi. Lakin İmamın cavabını eşitdikdə utanıb geri qayıdardılar.

İMAM SADİQ(ə)İN YALANÇI MÜQƏDDƏSƏ DEDİYİ SÖZLƏR
Bir gün Süfyan adlı bir yalançı müqəddəs, İmam Sadiqin (ə) qarşısını kəsib dedi: “Siz Peyğəmbərin (s) ailəsindənsiniz. Bəs niyə görə belə bahalı paltarlar geyirsiniz" ? İmam (ə) buyurdu: “Ey Süfyan, bax bu paltarın altında köhnə bir köynək var və mən özüm bilə-bilə onun üstündən bu paltarı geymişəm ki, ağılları gözlərində olanlar mənim yoxsul və möhtac olduğumu zənn etməsinlər. Lakin sən isə əynində olan bu kobud paltarın altından yumşaq bir paltar geyimisən ki, camaatı aldadasan və özünü zahidlər kimi göstərəsən. Ey Süfyan, bu qədər dargözlü olma”! 
Başqa bir gün Süfyan İmamın (ə) fəhlələri ilə tarlada işləyən görüb dedi: “Sən məni təəccübləndirirsən. Nəyə görə bu qoca yaşında dünyaya tamah salıb işləyirsən"?
İmam (ə) belə buyurdu: “Mən zəhmət çəkərək güzəranımı təmin edirəm və xalqa möhtac deyiləm. Əgər bu vəziyyətdə Allahın görüşünə getsəm çox sevinərəm.”
Başqalarının zəhmətinin nəticəsini yeyənlər və onların vasitəsi ilə qüdrətə çatanlar, eləcə də onlara xidmət və məhəbbət əvəzində özlərini onlardan üstün sayanlar çox bədbəxtdir. Onlar da, Süfyan kimi aldadıcı zahirə malikdir. Lakin batinləri pozğun və xarabdır.

İMAM SADİQ (ə) VƏ ƏDALƏTLİ MƏNFƏƏT
İmam Sadiq (ə) əshabından olan Müsadif adlı bir nəfərə min dinar vermişdi ki, ticarətlə məşğul olub mənfəət əldə edərək güzaranını yaxşılaşdırsın.
Müsadif də İmamın (ə) verdiyi pulla mal alıb tacirlərlə birlikdə Misirə getdi. O, Misirin yaxınlığında şəhərdən qayıdan bir karvanla rastlaşdı. O, gətirdiyi malın ticari durumunu öyrənmək üçün onlardan müxtəlif suallar soruşdu. Karvandakılar ona dedilər ki, şəhərdə onun gətirdiyi maldan çox az tapılar, buna görə də müştərisi çoxdur və mütləq gətirdiyini baha qiymətə sata biləcək.
Müsadif bu sözləri eşitdikdə sevinib yoldaşları ilə danışdı ki, gətirdikləri malları iki qat qiymətinə satsınlar və bu qiymətdən aşağı enməsinlər. Şəhərə daxil olandan sonra dedikləri kimi də etdilər və bunun nəticəsində Müsadif min dinar da artıq qazandı. Mədinəyə qayıtdıqdan sonra sevincək İmamın evinə gəldi, Həzrətin hüzuruna getdikdə hərəsində min dinar olan iki kisəni İmamın (ə) önünə qoyub dedi: “Bir kisə sizin sərmayənızdır, o birisi isə alverin qazancıdır.”
İmam (ə) buyurdu: “Bu qədər mənfəəti necə əldə eləmisən?” Tacir kişi əhvalatı olduğu kimi Həzrət üçün danışdı. Birdən birə İmam (ə) narahat olub belə buyurdu:
–Allaha pənah aparıram! Bir qrup müsəlmanın ziyanına olaraq əlbir olmusunuz ki, mallarınızı ikiqat qiymətinə satasınız?!”
İmam (ə) verdiyi pulu götürdükdən sonra ikinci kisəni Müsadifə qaytarıb buyurdu: “İnsafsızlıqla əldə olunan bu qazanca mənim ehtiyacım yoxdur. Ay kişi! Bunu bil ki, halal yoldan var-dövlət qazanmaq çox çətindir"! 

İMAM SADİQ(ə)İN SƏBRİ VƏ DÖZÜMÜ
İnsanın həyatda qarşılaşdığı müxtəlif çərinliklər və hadisələr onun bacarıq və imanının nə dərəcədə olduğunu aşkar edə bilər. İmam Sadiqin (ə) həyatında meydana gələn çətinliklər və o Həzrətin göstərdiyi səbr və dözüm onun dəyərli şəxsiyyətini sübuta yetirib aşkar etmişdir.
O Həzrəti nə qədər söysələr də, əziyyət etsələr də, həmişə öyüd-nəsihət verər və heç vaxt bir kimsəni söyüb nifrin etməzdi.

POZULAN DOSTLUQ
İmam Sadiqi (ə) çox sevən və daima onun yanında olan bir kişi var idi. Bir gün həmin kişi İmamla birlikdə pinəçilər bazarına getmişdi. O kişinin zənci qulu da onların dalınca gəlirdi.
Qul dükanlara baxmağa məşğul olduğundan sahibindən uzaq düşürdü. İmamın dostu da hərdən arxasına baxır, amma qulunu görmədiyindən çox narahat olub hirslənmişdi. O, birdən gələn qulu görüb onun anasını söydükdən sonra soruşdu: “Harada idin?”
Kişinin bu sözlərindən təəccüblənən İmam Sadiq (ə) əlini alnına vurub buyurdu: “Sən onun anasını söyürsən ?!
Mən elə güman edirdim ki, sən təqvalı və pərhizkar bir kişisən. Buna görə də uzun müddət səninlə dostluq edib dostların arasında tərifləyirdim. Yaxşı oldu ki, sənin düz-əməlli bir dost olmadığını anladım. Tez məndən uzaqlaş"! 

TƏBLİĞATI İMAM SADİQ(ə)DƏN ÖYRƏNƏK
Şəqrani gizlində pis işlər görən cavan bir oğlan idi. Onun babasını Həzrət Peyğəmbər (s) azad etmişdi, elə buna görə də camaat onu Peyğəmbərin (s) yaxınlarından hesab edirdir. Bir gün Şəqrani Abbasi xəlifəsi Mənsurun beytül-malından pul payladığını eşitdikdə ondan pul almaq üçün oraya yollandı. Lakin orada heç kimi tanımadığı üçün bir şey ala bilmədi. Bu arada gözü İmam Sadiqə (ə) sataşdı, qaça-qaça onun yanına gəlib Həzrətdən onun üçün xəlifədən bir pay almasını xahiş etdi. İmam da onun istəyini qəbul edib getdi və xəlifədən onun payını alıb gətirdi. İmam (ə) pulları ona verən zaman belə buyurdu: “Hər kəs yaxşı iş görsə, yaxşıdır, lakin sən bizə bağlı olduğun üçün yaxşı iş görsən, daha yaxşıdır və hər kəs pis iş görsə, pisdir, lakin sən pis iş görsən daha pisdir.”
İmam (ə) bunu deyib getdi. Pulları alan Şəqrani bir müddət fikrə daldı və anladı ki, İmam (ə) onun pis iş gördüyünü başa düşdüyündən bu sözlə onu bu işdən çəkindirmək istəyib.
İmamın (ə) bu davranışı səbəb oldu ki, pis iş görən bir şəxs əməlindən utanıb pis işləri buraxsın.
İMAM SADİQ(ə)İN YOXSULLARA OLAN YARDIMI
1.İmamın dostlarından olan Müəlla ibn Xüneys belə deyir: “Qaranlıq və yağışlı bir gecədə İmam Sadiqi (ə) Mədinənin küçələrində gördüm ki, Həzrət ağır bir kisəni dalına çatıb aparırdı. Onun dalınca düşdüm və o Həzrətin hara getdiyini öyrəndim. Kisədə olan çörəklərdən bir azı yerə tökülmüşdü. Mən çörəkləri yığıb İmamın dalınca getdim və salam verdikdən sonra çörəkləri ona verdim.
İmam (ə) onları alıb kisəsinin içinə qoyduqdan sonra yenidən öz yoluna davam etdi. Çox keçmədi ki, yoxsullardan bir qrupunun yaşadığı bir yerə çatdı. Onlar orada yatmışdı. Onların hərəsinin başının altına iki dənə çörək qoyub qayıtdı. Mən İmamdan “onlar sizin şiələrinizdən idilər?” – deyə soruşduqda buyurdu: “Yox, əgər şiələrimizdən olsaydı, onlara daha yaxşı kömək edərdim.”
2. İmamın başqa bir dostu Hişam ibn Salim belə deyir: “İmam Sadiqin (ə) üsulu belə idi: Qaranlıq gecələrdə bir qədər ərzaq götürüb yoxsulların qapısına aparıb, onu gizlincə qapıdan içəri qoyardı.”
İmam vəfat etdikdən sonra, onun etdiyi yardımlar kəsildiyi üçün, yoxsullar başa düşdülər ki, gecələr onların qapısına gəlib onlara yardım edən naməlum şəxs İmam Sadiq (ə) imiş. Buna görə də çox narahat olub yasa batdılar.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 
Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM SADİQ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!