MƏHƏRRƏM AYININ 9-CU GÜNÜ

:

MƏHƏRRƏM AYININ DOQQUZUNCU GÜNÜ BAŞ VERMİŞ HADİSƏLƏR
Tasua adlandırdığımız həmin gün cümə axşamı gününə təsadüf edirdi. Şimr, Übeydullahdan məktubu alıb Məhərrəm ayının doqquzuncu günü özünü Kərbəlaya yetirib, Ömər Sə`d üçün oxudu.

Ömər Sə`d dedi:
Vay olsun sənə! Allah evini yıxsın, necə də pis xəbər gətirdin mənim üçün! Allaha and olsun ki, onu razı olmağa sən mane olmusan. İşi xarabladın, mən ümidvar idim ki, bu iş sülh ilə bitəcək, Allaha and olsun Hüseyn təslim olmayacaq çünki atasının ruhu onun cismindədir.
Şimr dedi:
De görüm nə edəcəksən?! Əmirin sözünə itaət edib düşməni ilə döyüşəcəksən yoxsa mən qoşunun məsuliyyətini öhdəmə götürüm?
Ömər Sə`d dedi:
Qoşunun əmirliyini sənin öhdənə buraxmayacağam, sən buna layiq deyilsən, özüm işi sona yetirəcəm, sən piyadalara başçılıq et.
İmam Sadiq (ə) buyurur: "Tasua" günü həmin gündür ki, Küfə və Şam qoşunu İmam Hüseyni (ə) və səhabələrini mühasirə saldı. Mərcanənin oğlu və Ömər ibn Sə`d ordunun çoxluğuna görə sevinir şadyanalıq edirdi. Bu gündə İmam Hüseyni (ə) qərib və tənha gördülər və bildilər ki, daha İraq camaatından kimsə ona yardıma gəlməyəcək.

ÜMMÜL-BƏNİN ÖVLADLARINA AMANNAMƏ
Şimr ibn Zil-Cövşən elə ki, Übeydullahdan məktubu aldı, "Ümmul Bənin"in qardaşı oğlu Abdullah ibn Əbil Məhəl ilə birlikdə Übeydullaha dedi:
Ey əmir! Bizim bacımızın övladları da, Hüseyn ilə bir yerdədir. Əgər məsləhət bilirsinizsə onlara bir amannamə yazın! Übeydullah onların məsləhətini qəbul edib öz katibinə əmr etdi ki, onlar üçün bir amannamə yazsın.

AMANNAMƏNİN CAVABI
Abdullah ibn Əbil Məhəl amannaməni qulamının vasitəsilə Kərbəlaya göndərdi. O, Kərbəlaya çatandan sonra məktubun mətnini Ümmul Bəninin övladları üçün oxuyaraq dedi:
Bu məktubu sizin qohumlarınızdan biri Abdullah ibn Əbil Məhəl göndərib. Onlar qulamın cavabında dedilər ki, bizim salamımızı ona çatdır və de: “Bizim sizin amannamənizə ehtiyacımız yoxdur, Allahın amanı Süməyyə oğlu Übeydullahın amanından daha yaxşıdır”.
Şimr bununla kifayətlənməyib İmam Hüseynin (ə) xeymələrinə tərəf gəlib Həzrət Əlinin (ə) Ümmul Bənindən olan övladları Abbası, Abdullahı, Cəfər və Osmanı (Allahın salamı onlara olsun) çağırıb dedi: “Sizin üçün Übeydullahdan amannamə almışam”. Onlar isə cavabında yekdilliklə dedilər: “Allah sənə və sənin amanına lənət etsin. Biz amanda olaq lakin Peyğəmbər qızının (s) oğlu amanda olmasınmı?!”

PEYĞƏMBƏR(S)İN NƏVƏSİ İLƏ DÖYÜŞ ELAN EDİLİR
Ammannamənin cavabı veriləndən sonra Ömər Sə`d bağıraraq dedi: “Ey Allahın qoşunu! Atlarınızı minin və sevinin ki, Cənnətə gedirsiniz! Əsr namazından sonra süvarilər döyüş üçün hərəkət etdilər.
Bu an İmam Hüseyn (ə) xeymənin qabağında oturub qılıncına dayanmış və mübarək başını dizinə qoymuşdu. Bu halda Həzrət Zeynəb (əs) ağlağan halda qardaşının yanına gəlib dedi: “Ay qardaş! Getdikcə yaxınlaşan hay-küyü eşitmirsən?!”
İmam Hüseyn (ə) başını qaldıraraq buyurdu: “Bacım! Allahın Peyğəmbər(s)ini indicə yuxuda gördüm, mənə buyurdu: “Sən yanımıza gəlirsən”.”
Bu sözü eşidən Həzrət Zeynəbin (s) ixtiyarsız naləsi ucaldı.
İmam (ə) buyurdu: “Ey bacı! Şivən qoparmağın yeri deyil, aram ol. Allah səni Öz rəhmətinə şamil etsin”. Bu əsnada Həzrət Abbas (ə) İmam Hüseynin (ə) yanına gəlib buyurdu: “Bu düşmən qoşunudur ki, xeymələrin yaxınlığına qədər gəliblər!”
İmam (ə) yerindən qalxıb buyurdu: “Ey Abbas! Canım sənə fəda olsun! Atını minib onlara tərəf yollan, soruş gör nə baş verib, bura niyə gəliblər?
Həzrət Əbülfəzl (ə) iyirmi nəfər atlı ilə birlikdə yaxınlaşmış düşmən qoşununa tərəf gəlib soruşdu: “Nə baş verib, sizə nə lazımdır?”
Dedilər: “Əmirin fərmanıdır ki, sizə elan edək ya onun hökmünü qəbul edəsiniz, ya da döyüşə hazır olun!”
Hz. Abbas (ə) dedi: “Burada gözləyin, yerinizdən də tərpənməyin. Sizin peyğamınızı İmam Hüseynə (ə) çatdırım”.
Onlar razılaşdılar.  Həzrət Abbas (ə) İmam Hüseynin (ə) hüzuruna gedib macəranı Həzrətə danışdı.
İmam Hüseyn (ə) Həzrət Abbasdan (ə) imkan olarsa qarşı tərəfdən bu gecəni Pərvərdigarla razü - niyaz etmək üçün möhlət almasını istədi.

AŞURA GECƏSİNDƏ MÖVLA ƏBA ƏBDİLLAH(Ə)IN XÜTBƏSİ
İmam Hüseyn (ə) qürub çağı səhabələrini yanına çağırdı.
İmam Səccad (ə) buyurur: Mən də xəstə halda atamın sözlərini eşitdiyim üçün onun hüzuruna getdim, atam səhabələrinə buyururdu:
“Allaha həmd səna edirəm ən gözəl həmd səna və Ona çətinliklərdə və rahatlıqda "Həmd" deyirəm. İlahi! Bizi nübuvvətlə (peyğəmbərliklə) kəramətli etdiyin üçün sənə şükür edirəm. Allahım, Quran elmini və dini anlamağı bizə kəramət buyurdun. Bizə eşidən qulaq, görən göz və agah qəlb əta etdin. Bizləri şükür edənlərdən qərar ver. Mən öz köməkçilərimdən və səhabələrimdən ən yaxşı və ən vəfalısını tanımıram. Öz ailəmdən daha itaətcil və daha qohumlarla əlaqəsi olan başqa bir ailə tanımıram. Allah, mənə köməy etdiyinizə görə sizə xeyir mükafat versin! Mən bilirəm ki, sabah bizim işimiz bunlarla döyüşlə bitəcək. Mən sizə icazə verir və bey'ətimi üzərinizdən götürürəm, yolu keçmək və təhlükəli məntəqədən uzaqlaşmaq üçün  gecənin qaranlığından istifadə edin. Sizlərdən hər biriniz mənim ailəmdən birinin əlini tutub kənd və şəhərlərə parakəndə olun. Allah sizinlə Öz qəza və qədərini təyin etsin. Bu camaata mən lazımam və mənə əlləri çatdıqda sizinlə işləri olmayacaq”.
Bu xütbədən sonra İmam Hüseynin (ə) səhabələri hərəsi qalxıb özünə məxsus tərzdə İmam Hüseynə (ə) öz sədaqətini bildirdi.
İmam Səccad (ə) buyurur: Atam səhabələrinə buyurdu bey'ətimi sizdən götürdüm siz azadsınız, səhabələr fədakarlıqlarını və vəfadarlığını şəhadətin sərhəddinə qədər İmamın (ə) yanında möhkəm saxladılar. İmam (ə) onların haqqında dua edib buyurdu: “Başlarınızı qaldırın və məqamınızı görün! Səhabələr baxıb Cənnətdəki öz məqamlarını müşahidə etdilər və İmam (ə) onların uca məqamlarının hər birini onlara bir-bir göstərdi.

İMAM HÜSEYN (Ə) VƏ SƏHABƏLƏRİN MÜDAFİƏ TAKTİKASI
İmam (ə) əmr etdi ki, əshab ətrafda, ayaq altda olan tikanları, çör-çöp, çubuq və qamışları toplayıb xeymələrin kənarında qazılmış çalalara töksünlər. Düşmənin gecə xeymələrə arxadan hücum edə bilməsini nəzərə alan İmam (ə) xeymələrin müdafiəsi üçün əmr etdi ki, düşmən hücuma keçdiyi təqdirdə dərhal toplanmış çubuqlar və qamışlar yandırılsın.

DÜŞMƏN TƏRƏFDƏN OTUZ NƏFƏRLİK DƏSTƏ İMAM HÜSEYNƏ (Ə) QOŞULUR
Ömər Sə`din qoşunundan otuz nəfər Kufəli, Ömər Sə`də dedi: Nə üçün Peyğəmbər(s)in nəvəsi üç təklif irəli sürdü, lakin siz, heç birini qəbul etmədiniz?! Bu etirazdan sonra məntiqli cavab almayan Kufəlilər, Ömər Sə`din qoşunundan ayrılıb İmam Hüseynə (ə) qoşuldular.

 

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), İMAM SƏCCAD (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!