ATANIN ZİNƏTİ - 1

:

XANIM ZEYNƏBİN (əs) HƏYATI 
İmam Əli (ə) və Fatimeyi-Zəhra(əs)nın Həsən, Hüseyn, Zeynəb, Ümmü Gülsüm və Möhsin adlı beş övladı olmuşdur.

İmam Sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən, Həzrət Zəhra(ə.s)nın son övladı olan Möhsin, İmam Əli (ə) düşmənlərinin o Həzrətin evinə etdikləri təcavüzün nəticəsində anasının bətnində öldürüldü, Xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi. Bu xanədanın 3-cü övladı Zeynəb hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.

ATANIN ZİNƏTİ
Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün adqoyma mərasimi haqda tarixdə belə oxuyuruq:
Zeynəbi-Kubranın təvəllüdü zamanı Həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə (ə.s) Əlidən (ə) istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın (s) uşağı olması xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu:" Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur." Ondan sonra Cəbrail nazil olub xəbər gətirdi ki, Allah buyurur: "Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-məhfuz”da yazmışam" . Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu:" Tövsiyə edirəm ki, hamı bu qıza hörmət etsin. Çünki o, Xədiceyi-Kubra kimidir" . Yəni Həzrət Xədicənin fədakarlıqları kimi, Həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

PEYĞƏMBƏRLƏ BİRLİKDƏ
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin (s) mübarək vücudundan səbir və dözüm hədisini yazsın. Çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-taala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin(ə) yetişdirməsi və Zəhranın (ə. s) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopartdı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o, da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”
Peyğəmbər (s) Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: “Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”

ANASI FATİMƏ İLƏ SON GÖRÜŞ
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra (ə. s) kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi. Bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin (s) vəfatından sonra anası Fatiməni (ə. s) gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə (ə. s) atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və İmam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər. Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o, isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.
Nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın (ə.s) pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın (ə. s) balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
“Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır, növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: "Babamız Peyğəmbər (s) anamız, Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Muhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq" ". 
Əli (ə) buyurur: “O zaman göydən bir səs eşitdim ki, deyirdi:" Ey Əbülhəsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər" ". 
Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.

ANASINDAN SONRA
Artıq Əli (ə) evi Fatimə (ə. s) vücudunun şamı ilə nurlanmırdı. Buna görə də, uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə. s) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli (ə) üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf Həzrət Zəhranın (ə. s) ögey bacısı “Əmaməyə” mənsub idi.
Zeynəb anasından sonra Əli (ə) kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır. Zeynəb Həsən (ə) və Hüseyndən (ə) kiçik olamasına baxmayaraq, Fatimə (ə. s) qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. O, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

ŞƏRİKLİ HƏYAT
Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O, bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnədən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir. Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O, bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O, bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbir edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır. Bu səbəbdən, Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün İmam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt dostlarından olan Abdullah ibn Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət, Zeynəbin əri olmaq şərəfinə nail olur.

ZEYNƏBİN HƏYAT YOLDAŞI
Abdullah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alnını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.
Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.” Buna görə də, ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Abdullahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləcə, sanki Abdullaha və başqa balalara təsəlli verərdi.
Peyğəmbərdən (s) sonra Abdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.

ATA MƏKTƏBİNDƏ
Həzrət Əlinin (ə) şəhadəti zaman Zeynəbin təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı.
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu. Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. Çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti (ə) məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: “Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.
Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. Öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.

ATA MÜSİBƏTİ
Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: “Ədalət və düzlük İmamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.”
Kufə şiələri nigaran halda özlərini İmama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb isə, o Həzrətin başqa övladları kimi atasının yanında idi. O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma onun ürəkağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, Həzrətin dostlarını əldən salan bu hadisə, gör Zeynəb kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi. O isə, atası İmam Əli (ə) məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbr edirdi.

Tərcümə edən: V. Hüseynzadə və M. Sayil

 

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

 

Tags: İMAM HÜSEYN (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!