İMAM RİZA(ə)DAN BİR MÖCÜZƏ

:

"Kəramati Rəzəviyyə" kitabında deyilir: 1343-ci hicri qəməri ilində (1923) Şəvval ayının 14-də Təbriz əhalisindən olan Məşhədi Yusifin qızı Xədicə öldürücü bir xəstəlikdən şəfa tapmışdır. Hadisə belə olmuşdu:

(Əvvəlki səhifədə) adını çəkdiyimiz seyyid və Əbul-Qasim Xan nəql edirlər ki, o qadının əri hacı Əhməd Təbrizi xalça satan idi. Məşhəddəki “Məhəmmədiyyə” bazarında onun ticarət otağı var idi. O deyir: Xədicə ilə evləndikdən bir il sonra ağır xəstəliyə tutuldu. Təbiblər nə qədər onu müalicə etməyə çalışdılarsa da, vəziyyəti yaxşılaşmadı. Aybaay, ilbəil ağırlaşmağa başladı. 7-8 il bundan qabaq da ürək döyüntüsü əmələ gəldi. Həkimlər bu xəstəliyini də müalicə etmək istədilər, amma heç bir faydası olmadı, üstəlik bütün xəstəlikləri şiddətlənməyə başladı. Şəfa tapmasından bir neçə gün qabaq ürəyi elə döyünürdü ki, gün ərzində təkcə iki saat huşa gəlirdi və günün qalan hissəsini bihuş olurdu. Artıq bədəninin qüvvəsi əldən getmişdi, ayağa durmağa qüdrəti yox idi və başqalarının köməyi ilə yerindən qalxıb otururdu. Onun səhhətindən tamamilə ümidimi üzmüşdüm. Amma bu günlərdə eşitmişdim ki, həzrət Əli ibni Musər-Riza (ə) özünün xüsusi mərhəmət qapısını dərdlilərin üzünə açmış, bir neçə sağalmaz xəstəyə şəfa vermişdir. Mən də o həzrətə ümidvar olaraq arvadımı qohumlarımızdan olan iki qadınla birlikdə faytona mindirib hərəmə göndərdim ki, gecəni sübhə qədər orda qalsın, bəlkə ağamız ona şəfa verə. Özüm də evdə qalıb uşaqlara baxırdım. Anaları evdə olmadığına görə tabsızlıq edirdilər. Hətta onlara yemək vermək istədikdə ağlaya-ağlaya deyirdilər ki, biz xörək yemək istəmirik, anamızı istəyirik. Axırda mən özüm də yemək yemədim. Bir qızımı güclə-bəla ilə yatırddım, amma oğlum sakitləşmək bilmirdi. Onu qucağıma alıb yatırtmaq istəyirdim ki, birdən qapının bərk-bərk döyüldüyünü eşitdim. Güman etdim ki, arvadım hərəmdə qala bilmədiyi üçün evə gətiriblər. Qapını açanda gördüm ki, xalça satan hacı İbrahim və hərəmin xidmətçilərindən bir neçəsi ayaqyalın qapıda dayanıblar. Onlar dedilər: Özün gəl. arvadını hərəmdən gətir, imam Riza ona şəfa vermişdir!” Mən inanmadım, amma onlar and içib dedilər ki, arvadına şəfa verilibdir. Tələm-tələsik paltarlarımı geyib hərəmə gəldim və arvadımın sağ-salamat oturduğunu gördüm. O zaman gecədən təqribən dörd saat keçmişdir və arvadımın hərəmə gəlişindən yarım saat və ya qırx beş dəqiqədən artıq keçməmişdi. Mən sevinclə onu evə gətirdim və uşaqlar onu görüb sevindilər.

Qadın deyir: Məni mütəhhər hərəmə gətirib qadınlar məscidinə qoydular. Bu zaman ürəyimin döyüntüləri gücləndi və huşdan getdim. Ayılanda orda olan qadınlar mənə dedilər: "Biz sənin bu vəziyyətindən qorxuruq!" Buna görə də məni mütəhhər zərihin yanına gətirdilər və qəbin baş tərəfinə qoydular. Mən özümü zərihə bağladım, ürəyi sınmış halda türk dilində dedim: "Ağa! Bilirsən ki, nə hacət üçün gəlmişəm! Əgər mənə şəfa verməsən evə getməyəcəyəm! Səhraya üz qoyacağam!" Sonra haldan getidm. Elə həmin halsızlıq zamanı başında yaşıl əmmamə olan alicənab bir seyyidi gördüm və hərəmin xidmətçilərindən olduğunu güman etdim. O türk dilində (və Təbriz ləhcəsi ilə) mənə dedi: "Burdan dur, niyə oturubsan burda? Balalarun evdə ağlıllar!" Türk dilində dedim: "Ağa! Mən burdan getmərəm. Mən şəfa almağa gəlmişəm. Əgər şəfa verməsən, üz qoyacam çöllərə!" Buyurdu: "Getginən, balalarun evdə ağlıllar!" Dedim: "Axı naxoşam!" Buyurdu: "Naxoş dəyirsən!" Bu sözü eşidən kimi hiss etdim ki, bədənimdə heç bir ağrı yoxdur. O zaman başa düşdüm ki, o şəxs imam Rizadır. Bihuşluq vəziyyətindən ayılanda gördüm ki, tamamilə sağ-salamatam. Sevincək halda ayağa qalxdım. Bacım və mənimlə olan o biri qadın mənə şəfa verildiyini başa düşən kimi "İmam bizim xəstəyə şəfa verdi!" deyə qışqırdılar. Camaat mənim üstümə tökülüb paltarlarımı təbərrük üçün cırıb götürməyə başladılar.1


1- "Kəramati-Rəzəviyyə", Şeyx Əli Əkbər Mürəvvicül-islam, səh.106

Qum - Məşhəd ziyarəti kitabından

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!