KURSİ AYƏSİ YOXSA KURSİ AYƏLƏRİ?

:

AYƏTUL KURSİ

Ayətül-Kursi (Bəqərə surəsi, 255) Allahın cəlal və cəmal sifətlərinin məcmusudur ki, burada Allahın həm zati sifətləri vəhdaniyyət, həyat, qəyyumluq, elm və qüdrət kimi sifətləri, həm də feli sifətləri kainata sahib olmaq və şəfaət etmək kimi sifətlər daxildir.

Bu ayədə gələn “vəsiə kursiyyuhus səməvəəti vəl ərz” kəlməsinə görə ona ayətu-kursi deyirlər. Bəziləri Bəqərə surəsinin 256 və 257-ci ayələrini də “ayətul-kursi”-dən hesab etmişdir. Lakin bir çoxu isə hədislərə və bu ayədə olan nişanələrə əsasən onu yalnız Bəqərə surəsinin 255-ci ayəsi kimi qəbul etmişlər. Hədis qaynaqlarında bu ayə üçün çoxlu xüsusiyyətlər və fəzilətlər bəyan olunmuşdur. Məsələn hədislərin birində bu ayə Quranın ən üstün ayəsi qeyd olunub. Bu ayəni hər vaxt məxsusən də yatmazdan öncə, dəstəmazdan və namazdan sonra, təhlükə ilə üzləşdikdə, evdən çıxdıqda və s hallarda oxumaq çox tövsiyyə olunub. Bu ayəni bəzi müstəhəb namazlarda o cümlədən də qəbrin ilk gecəsinin namazı (vəhşət namazında) oxumaq dini qaynaqlarda gəlmişdir.

AYƏTUL KURSİ ƏRƏBCƏ MƏTNİ

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

OXUNUŞU
Bismillahir-Rəhmanir-Rəhim
Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la tə‘xuzuhu sinətuv vəla nəvm, ləhu ma fis səmavati və ma fil-ərz, mən zəlləzi yəşfəu indəhu illa bi iznih, yə‘ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyim min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərz və la yəuduhu hifzuhuma və huvəl-əliyyul-əzim.

TƏRCÜMƏSİ
Allahdan başqa heç bir ilah yoxdur. Əbədi, Əzəlidir. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük Odur!

KURSİ AYƏSİ YOXSA KURSİ AYƏLƏRİ
Şiə təfsirçilərinin nəzərinə əsasən Ayətul-Kursi yalnız Bəqərə surəsinin 255-ci ayəsidir1

Təfsirul Mizan kitabının müəllifi, Seyid Muhəmməd Hüseyn Tehrani, Əllamə Təbətəbai də Ayətul-Kursi-ni Bəqərə surəsinin 255-ci ayəsindən hesab edərək əliyyul əzim kəlməsində bu ayənin bitdiyini buyurur.

Şiənin görkəmli müasir alimlərindən olan Ayətullah Məkarim Şirazi Ayətul-Kursinin bir ayə olduğuna dair altı arqument gətirir:

Bu ayənin fəzilətindən danışan bütün hədislər yalnız bu ayəni Ayətul-Kursi adlandırıb.
Kursi kəlməsi yalnız bu ayədə qeyd olunub.
Bəzi hədislərdə gəlib ki, Ayətul-Kursi 50 kəlmədən ibarətdir və Bəqərə surəsinin 255-ci ayəsində olan kəlmələrin də sayı 50-dir.
Baxmayaraq bəzi hədislərdə Ayətul-Kursi-dən sonra ondan sonrakı iki ayəni oxumaq tövsiyyə olunsa da həmin iki ayə Ayətul-Kursi ünvanı ilə qeyd olunmayıb. Bu hədislər şiələr arasında məşhur olduğundan həmin iki ayəni bir çoxu Ayətul-Kursi-dən hesab etmişlər.
Bəqərə surəsinin 256-257-ci ayələrini Ayətul-Kursi-dən hesab edənlərin dəlilləri budur ki, sonrakı iki ayı Ayətul-Kursi ayəsi ilə məzmun baxımdan çox yaxındırlar.
Seyid Muhəmməd Kazim Təbətəbai Yəzdi, Ürvətul-Vusqa kitabında “vəhşət namazı” namazı üçün 257-ayəyə qədər oxumağı ehtiyata uyğun hesab etmişdir.2
Beləliklə nəticə alırıq ki, Ayətul-Kursi, bir ayədir və Bəqərə surəsinin 255-ci ayəsidir. Çünki heç yerdə 256 və 257 – ci ayələr Ayətul-Kursi olaraq qeyd olunmamışdır və əgər sözü gedən ayələri oxumaq tövsiyə olunsa da Ayətul-Kursi adı verilməmişdir.

Bundan əlavə bütün hədislərdə Ayaatul-Kursi (kursi ayələri cəmdə) yox, Ayətul-Kursi (kursi ayəsi təkdə) gəlmişdir. Lakin müstəhəb namazlarda və məxsusən də vəhşət namazında 255, 256 və 257-ci ayəni savab qəsdi ilə oxumağın da eybi yoxdur.

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir. 
Hazırladı: Rəsul Mahmudzadə


1. Tusi, əl-Əmali, c2, s278
2. Nümunə təfsiri, Ayətul-Kursi ayəsinin təfsiri

Tags: QURAN, DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!