NƏHC-ül-BƏLAĞƏ - 18-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın əks fətva verən (hökmü «şəriət» dəlilləri ilə deyil, «qiyas» əsasında, öz rəyləri ilə verən) alimləri məzəmmət etdiyi kəlamlarındandır.

Öz rəyləri əsasında fətva verənlərin məzəmməti:
Alimlərin birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi əsasında fətva verir, həmin məsələ digər qazidən (hakim, fətva verən) soruşulduqda, onun fətvası birinci qazinin fətvasının əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazi təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazilər qazisi onların Allahı bir, peyğəmbəri bir, kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir.1 Allah-taala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət və sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-taalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə onun fikir ziddiyyətlərini düzgün hesab etməsi və hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-taala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir, çünki Xaliqin məxluqdan kömək istəməsi ağıla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batildir. Çünki Allahın heç bir şəriki olmadığı aydındır.) Və ya Allah-taala tam bir din göndərmiş, (qazilərin ixtilafının səbəbi budur ki,) Allahın rəsulu (səlləlahu əleyhi və alih) isə onun təbliğində və çatdırılmasında bir nöqsan etmişdir? Halbuki (belə deyildir, çünki) Allah-taala (Qurani-Kərimdə Rəsulu vasitəsi ilə camaata ”Ənam” surəsinin 38-ci ayəsində) buyurur: «Biz Quranda heç bir şeyi əsirgəməmişik!» (deməli olduğumuzu demişik). وَ قاَلَ فِيهِ تِبْيانُ كلِّ شىءٍ yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurur2 və xatırladır ki, Quranın bəzi ayələri (hissələri) başqa ayələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, beləliklə, (”Nisa” surəsinin 82-ci ayəsində) buyurur: «Əgər bu Quran Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin və münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız».3
Qurani-Kərimin zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri və sirləri) tükənməzdir (onları öyrənmək üçün nə qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı və şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 في ذم اختلاف العلماء في الفتيا

 و فيه يذم أهل الرأي و يكل أمر الحكم في امور الدين للقرآن
 ذم اهل الرأي
 تَرِدُ عَلَى أَحَدِهُم الْقَضِيَّةُ فِي حُكْمٍ مِنْ الْأَحْكامِ فَيَحْكُمُ فِيها بِرَأْيِهِ، ثُم تَرِدُ تِلْكَ الْقَضِيَّةُ بِعَيْنِهَا عَلَى غَيْرِهِ فَيَحْكُمُ فِيهَا بِخِلافِهِ، ثُمَّ يَجْتَمِعُ الْقُضَاةُ بِذلِكَ عِنْدَ الْإِمَامِ الَّذِي اسْتَقْضَاهُمْ فيُصَوِّبُ آرَاءَهُمْ جَمِيعاً - وَ إِلهُهُمْ وَاحِدٌ! وَ نَبِيُّهُمْ وَاحِدٌ! وَ كِتَابُهُمْ وَاحِدٌ! أَفَأمَرَهُمُ اللَّهُ - سُبْحَانَهُ - بِالْاختِلافِ فَأَطَاعُوهُ! أَمْ نَهَاهُمْ عَنْهُ فَعَصَوْهُ

 الحكم للقرآن
 أمْ أَنْزَلَ اللَّهُ سُبْحَانَهُ دِيناً ناقِصاً فَاسْتَعَانَ بِهِمْ عَلَى إِتْمامِهِ! أَمْ كانُوا شُرَكاءَ لَهُ، فَلَهُمْ أَنْ يَقُولُوا وَ عَلَيْهِ أَنْ يَرْضَى؟ أمْ أنْزَلَ اللَّهُ سُبْحَانَهُ دِيناً تَامًّا فَقَصَّرَ الرَّسُولُصلى الله عليه وآله وسلم عَنْ تَبْلِيغِهِ وَ أَدَائِهِ، وَ اللَّهُ سُبْحَانَهُ يَقُولُ:(مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ) وَ قَالَ:( فِيهِ تِبْيَانٌ لِكُلِّ شَيْءٍ) وَ ذَكَرَ أَنَّ الْكِتَابَ يُصَدِّقُ بَعْضُهُ بَعْضاً، وَ أَنَّهُ لا اخْتِلافَ فِيهِ فَقَالَ سُبْحَانَهُ: (وَ لَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلافاً كَثِيراً) وَ إِنَّ الْقُرْآنَ ظَاهِرُهُ أَنِيقٌ وَ بَاطِنُهُ عَمِيقٌ، لاَ تَفْنَى عَجَائِبُهُ، وَ لاَ تَنْقَضِي غَرَائِبُهُ، وَ لاَ تُكْشَفُ الظُّلُمَاتُ إِلاَّ بِهِ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

19-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Belə isə bir məsələnin hökmünü ziddiyyətlə bəyan etmək nə üçündür? Qazilər qazisinin bütün bu ziddiyyətlərin düzgünlüyünü təsdiq etməsi nəyə əsaslanır?!
2. Bu cümlə Allah-taalanın ”Nəhl” surəsinnin 89-cu ayəsində buyurduğunun məzmunudur. Orada buyurur: وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ  «Sənə hər bir şeyi bəyan edən Quranı göndərdik».
3. Çünki insan kəlamı hərf və məna cəhətdən səhvsiz və xətasız deyil. Quranda məna cəhətdən bir-birini inkar edən və nəzm fərqi kimi ziddiyyətlər tapılmaması onun insan tərəfindən deyilməməsinə dəlildir. Bu bəyan olunanlardan o da məlum olur ki, Allahın Rəsulu hökmlərin çatdırılmasında nöqsana yol verməyib və Allahın kitabına olan cəhl və nadanlıqdan başqa heç bir şey fətva verənlərin ziddiyyətinə səbəb olmayıb. Əlbəttə, belə şəxslər hökm verməyə layiq deyillər.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!