ALLAHA MÜNASİBƏTDƏ XOŞGÜMANLIQ (HÜSNÜ-ZƏNN)

:

Sual: Müsəlman öz Allahına, hindu öz bütünə, ümumiyyətlə, hər kəs öz dininə, ayininə və Allahına üz tutaraq cavab alır. Bu da, insanın əqidəsini möhkəmləndirir. Bütün bu əqidələrdə insanlar müştərəkdir. Belə isə, insanın əqidəsindən üstün bir şey varmı?

ALLAHIN HƏQİQƏT OLMASI
“Etiqad” və “iman” barədə söhbət üçün əlavə vaxt və başqa zəmin lazımdır. Bunu demək olar ki, insanın inandığı və etiqad bəslədikləri bir məsələ, istəklərin yerinə yetməsi və təvəssüllərdən faydalanmaq isə başqa bir həqiqətdir.
Bu mətləbə diqqət yetirmək lazımdır: İnsanın etiqadından üstün bir şey mövcud olmadığı halda, onun istəkləri yerinə yetə bilərmi? Görəsən, mövcud olmayan bir şey bizim istəklərimizə varlıq libası geyindirə bilərmi?
“Mövcud olan bu həqiqət nədir, din və məzhəblərin hansı biri tam mənada haqdır?” – kimi suallar haqqında söhbət bizim mövzumuzdan kənardır.
Bəs, (azacıq belə torpaq götürməklə) təvəssül və vasitəli istəklər necə yerinə yetirilir və (məsələn,) xəstəyə necə şəfa verilir?
Qeyd etmək lazımdır ki, bir sıra rəvayətlərə və “qüdsi hədis”lərə əsasən, Allah-Taalanın bəndələrə olan lütf və mərhəmətlərindən biri onların yaxşı güman etmələridir. Hər kəs iki mövzuda – 1. özünün pak və müqəddəs vücudunda; 2. hər hansı bir iş, yaxud əşya barəsində – yaxşı güman etsə, Allah-Taala o gümanı həyata keçirər və insanın ümidini qırmaz. Bəzi rəvayətlərdə bizə həm Allaha, həm də gündəlik məşğul olduğumuz və rast gəldiyimiz digər işlərə münasibətdə xoş gümanlı olmaq göstəriş verilmişdir. Bir rəvayətdə istixarənin insanın əqidəsinə uyğun təsiri göstərilir; yəni əgər insan bir hadisənin çətin olduğunu (və mütləq baş verəcəyini) güman etsə, həmin hadisə və müsibət onun üçün çətin olacaqdır. Əgər hadisəni yüngül hesab etsə, aqibət də yüngül olar. Əgər hadisəyə etinasız yanaşsa, ona heç bir təsir göstərməz.1 İmam Əmirəl-Möminin Əli (ə) buyurmuşdur: “Hər kəs sənə qarşı yaxşı gümanda olsa, onun gümanını təsdiq et, sənə qarşı güman etdiyi kimi keçin!”2
Biz başqalarına xoş güman etməklə bu nöqtəyə də diqqət yetirməliyik ki, istəklərimizin qəbulu üçün xoşgümanlıq zəruridir. Rəvayətlərdən belə başa düşülür ki: “Allah-Taala (yalnız özünə münasibətdə yox,) hər şeyə münasibətdə yaxşı gümanı təsdiq edir və işini yaxşı gümanlara uyğun yerinə yetirir.”3
Başqalarına yaxşı güman, sanki Allaha qarşı yaxşı gümanın zahiri nümunəsidir. Güman edən şəxs Allaha etiqad bəsləməyən hindu olsa belə! Əslində, varlıq aləmi öz varlığını Allah-Taaladan aldığı üçün hansısa bir şəxsə çatan xeyir də Ondandır. Beləliklə, hər bir yaxşı gümanın nəticəsi Allah haqqında yaxşı gümandır. Yəni Allah-Taala bu xeyir və yaxşılığı şəxsə, yaxud şeyə əmanət olaraq əta etmişdir. Bu zaman Allah-Taala da həmin gümanı həyata keçirəcəkdir.
Rəvayətdə də bu mənaya işarə ilə buyurulur: “Hər kəs bir daş barəsində xoş güman etsə, (Allah-Taala) onda bir sirr qoyar.” (Ravi təəccüb edərək) “Daşdadamı?!” – soruşduqda, İmam (ə) buyurdu: “Həcərül-əsvədi” (qara daşı) görmürsənmi?”4
Beləliklə, dünya xalqlarının torpağa, daşa, ağaca, şəxsə və başqa bir əşyaya təvəssül etmələrinə səbəb olan etiqadlarında həqiqət var. Lakin bu həqiqət etiqadda yox, Allahın onlara lütf və mərhəmətindədir. Səbəb və amillər onların yaxşı gümanı əsasında hazırlanmışdır.
Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Süluki irfani dər sireyi Əhli-beyt (ə)” kitabından nəqlən, səh. 34.
2. Yenə orada, səh. 35.
3. Yenə orada.
4. Yenə orada.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!