FƏLSƏFİ BAXIMDAN ALLAHIN VARLIĞININ SÜBUTU (1) - Altıncı hissə

:

2. BU METODUN DƏYƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Biz bu metodun dəyərini misalda tətbiq etməklə qiymətləndirəcək və bəhsə gündəlik həyati misallar gətirməklə başlayacağıq.
Əvvəldə qeyd etdiyimiz kimi, siz bir məktubu oxuyub onun hansısa bir şəxsin sadəcə yazışma məqsədi ilə yazdığını deyil, öz qardaşınızdan olduğunu bilirsiniz.

Bu iş də (yəqin şəkildə bilmək) ehtimal əsasında olan istiqra dəlilinə görə baş verir. Bu nəticə (burada məktubun qardaşınızdan olması) sizin üçün nə qədər açıq-aşkar olsa da, həqiqətdə qeyd olunan istiqra metoduna əsaslanan bir qəziyyənin nəticəsində əldə etmisiniz.
Siz ilk mərhələdə bir neçə məsələ ilə qarşılaşırsınız. O cümlədən: məktubda qardaşınızın adı ilə eyni olan bir ad yazılmışdır, məktubun yazılma üslubu, yazılan hərflərin hamısı tamamilə qardaşınızın xətti kimidir. Məktubun kəlmələri tamamilə qardaşınızın əlyazmasındakı kəlmələr kimidir və hər birinin necə yazılması açıq-aşkar şəkildə müşahidə olunur. Bəyan səpgisi, cümlələrin bir-birinə bağlılığı və ondakı qabarıq və zəif cəhətlər, bütünlüklə qardaşınızın üslubu ilə tam oxşardır. Həmçinin, yazı metodu, inşa və s. cəhətdən olan səhvlərin hamısı qardaşınızın buraxdığı səhvlərlə uyğun gəlir. Məfhum baxımından isə, orada olan məlumatlar adətən sizdən istənilən şeylərdir. Bir sözlə, məktubda olan tələbatlar qardaşınızın tələbatları ilə düz gəlir. Bütün bunlar müşahidə etdiyiniz zahiri əlamətlərdir.
İkinci mərhələdə müəyyən suallar yaranır və öz-özünüzdən soruşursunuz: Doğrudanmı bu məktubu qardaşım göndərmişdir, yoxsa təsadüfən onunla eyni adlı ayrı bir şəxs yazmışdır? Sonra əvvəldəki məsələləri təsdiq edəcək bir ehtimal irəli sürüb deyirsiniz ki, məktub doğrudan da qardaşımdandır. Belə olduqda, təbiidir ki, birinci mərhələdə mülahizə etdiyiniz bu mənanı isbat edə biləcək şahidlər çoxdur.
Üçüncü mərhələdə belə bir sual yaranır: əgər məktub qardaşınızdan deyil, ayrı şəxsdəndirsə, onda birinci mərhələdə mülahizə etdiyiniz xüsusiyyətlərin hamısının təsadüfən baş verməsi hansı dərəcədə mümkündür?
Bütün bunların mümkün olacağı təqdirdə o məlumat və xüsusiyyətlərin gerçəkləşməsinin də mümkün olması üçün genişmiqyaslı fərziyyələrə ehtiyac duyulur.
Bunun mümkün olması üçün qardaşınızla eyni adda və ona oxşar olan elə bir şəxs fərz edilməlidir ki, həm bütün kəlmələri yazmaqda, həm imlada, həm bəyan etmək qabiliyyətində və həmçinin intellektual səviyyədə onunla eyni olsun. Bir-birinə oxşar olan təsadüfi xüsusiyyətlər nə qədər çox az olsa, ehtimalın düzgün olma dairəsi bir o qədər məhdudlaşır.
İstiqrai məntiq prinsipləri ehtimalı necə qiymətləndirmək yolunu bizə öyrədir, onun necə zəif olmasını, eləcə də bu zəifliklə fərz olunan təsadüfi hadisələrin sayının çoxalması arasındakı asılılığı aydınlaşdırır. Biz bu barədə geniş şərh vermək fikrində deyilik, lazım olan şeyləri bəyan edəcəyik. Çünki ümumxalq kütlələri bu cür dərin məsələləri başa düşüb qavraya bilməzlər.
Xoşbəxtlikdən, ehtimalların zəifliyinin dərk olunmasının bu barədə uzun-uzadı təfsilatı dərk etməklə heç bir asılılığı yoxdur. Necə ki, insanın uca yerdən yıxılması ilə onun cazibə qüvvəsi və onunla əlaqədar olan sair qanunları dərk edib-etməməsi arasında heç bir asılılıq yoxdur: o, bəzən hətta müvazinət halından çıxmağını belə dərk etməyə bilər.
Eləcə də, bir şəxsin, qeyd olunan bütün xüsusiyyətlərdə qardaşınızla eyni olması doğrudan da zəif ehtimaldır. Digər bir misal: Bank işçiləri, bankda üzv olanların hamısının əmanət qoyduğu pulları eyni zamanda götürməsi ehtimalının zəif olmasını bilirlər və bunu dərk etmək üçün məntiqi istiqranın məfhumunu başa düşmələrinə heç bir ehtiyac duyulmur. Halbuki bu ehtimal bir-iki nəfər barəsində belə deyildir.
Dördüncü mərhələdə belə deyirsiniz: əgər məktub qardaşımdan olmasa, onda bu hadisələrin təsadüf üzündən bir yerə toplanması ehtimalı çox zəifdir. Beləliklə də, mövcud məlumat və şahidlər məktubun qardaşınızdan olması ehtimalına üstünlük verir.
Beşinci mərhələdə isə, dördüncü mərhələdə üstünlük verdiyiniz ehtimal (yəni məktubun qardaşınızdan olması) ilə üçüncü mərhələdəki zəif ehtimalın (yəni bütün bu şahid və məlumatlar ola-ola, məktubun qardaşınızdan deyil, başqasından olmasının) qeyri-mümkün olması ehtimalını müqayisə edib onların arasındakı uyğunluğu ölçürsünüz. Nəticə bu olur ki, ehtimalın üstünlük təşkil edən tərəfi ilə zəif olan tərəfi bir-biri ilə tərs mütənasibdir. Yəni bu ehtimal nə qədər zəif olsa, qeyd olunan üstünlük dərəcəsi daha çox qənaətbəxş və dəyərli olacaq. Bu məsələni inkar edə biləcək bir şahid olmazsa, bu beş mərhələdən sonra məktubun qardaşınızdan olmasına şəksiz inanacaqsınız. Bu, hər bir insan üçün gündəlik həyatda yetərli bir sübut yoludur.
Ardı var...

ARDINI BURADAN OXUYUN

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR, MÜNAZİRƏ, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!