NÜBÜVVƏT - 3

:

İSLAM PEYĞƏMBƏRİNİN (S) NÜBÜVVƏTİ

Peyğəmbər Məkkədə doğulmuş və besətdən əvvəl uzun illər öz qövmünün içərisində yaşamışdı. O, yalnız iki dəfə, özü də qısamüddətli olaraq Ərəbistan yarımadasından kənara səfər etmişdi. Birinci dəfə öz əmisi Əbu Taliblə həyatının ikinci on illiyinin əvvəllərində, digəri isə Xədicənin sərmayəsi ilə ömrünün üçüncü on illiyinin ortalarında səfər etmişdi.

Bu səfərlərin hər ikisində yazıb-oxumağı bilmədiyi üçün yəhudilərin və məsihilərin dini kitablarından istifadə edə bilməzdi. Cəmiyyətə hakim mühitin səbəbi ilə o mənbələrlə heç bir tanışlığı yox idi. Çünki o dövrün Məkkə şəhərinə bütpərəstlik adət-ənənələri və yanlış təfəkkür hökmranlıq edirdi. Məsihilərin və yəhudilərin dini təfəkkürü də oraya nüfuz edə bilməmişdi. Ümumiyyətlə, din hər hansı şəkil və formada olursa olsun, Məkkə həyatına daxil ola bilməmişdi. Hətta bütpərəstliyi tərk edən Məkkə hənifləri də məsihi və yəhudilərin dini təfəkküründən təsirlənməmişdilər. Biz Qeys ibn Saninin və sair şairlərin yazdığı şeirlərdə belə, yəhudilərin və məsihilərin dünyagörüşlərinin əks olunmasını görmürük.

Əgər Peyğəmbəri-Əkrəm (s) yəhudi və məsihilərin tarixi mənbələrindən agahlıq tapmaq üçün azacıq belə səy etsəydi, heç vaxt camaatın nəzərlərindən gizli qalmazdı. Çünki belə bir tarixi mənbələrlə ümumiyyətlə rabitəsi olmayan Məkkənin məhdud mühitində, yadların fikir və ideologiyasının nüfuz etmə yollarını üzünə bağlayan bir mühitdə hər hansı bir mədəni fəaliyyətin baş verib, amma nəzərlərdən gizli qalması və camaatı özünə cəlb etməməsi hətta səssiz şəkildə olsa belə, mümkün deyildir. Əks halda, belə bir hərəkət hökmən müəyyən yerlərdə iz salmalı idi.

2. Peyğəmbəri-Əkrəmin (s) dünyaya agahlıq tapdığı risalət, onun bəşəriyyətə təqdim etdiyi Qurani-Kərim və İslam şəriəti özünün bir çox xüsusiyyətləri ilə seçilir. O cümlədən:

1. İslam dini özünün bəyan etdiyi misilsiz və yeganə asimani təlimləri ilə: Allahın varlığı, Onun sifətləri, elm və qüdrəti, həmçinin insanın Allah ilə olan rabitəsi, peyğəmbərlərin insanları hidayət edib yol göstərmək üçün ifa etdikləri rol, onların risalətindəki vəhdət və xalqlara gətirdiyi dəyərlər və məramlar, Allahın peyğəmbərlər barəsindəki sabit və pozulmaz qanunları, eləcə də haqq ilə batilin, ədalətlə zülmün arasında kəsilməz və barışmaz mübarizə, ilahi peyğəmbərlərin məzlum və məhrum təbəqə ilə ardıcıl və möhkəm rabitələri, onların qanunsuz imtiyaza malik olanlarla daim təzadda olmaları və s. kimi işlər barəsində söhbət açır. Belə ki, bu ilahi təlimlər bütpərəstlik cəmiyyətlərinin hakim olduğu o dövrün ideoloji və təfəkkür səviyyəsindən çox-çox yüksəkdə olub, o günə qədər bəşərə məlum olan dini təlimlərin hamısının fövqündə dayanırdı. Aparılan hər növ araşdırmalar aşkar şəkildə göstərir ki, İslam dini keçmiş səmavi dinlərdə yaranmış təhriflərin və xətaların islah olunması üçün gəlmişdi. Bu dinin əsas məqsədi bu idi ki, həmin dinləri sağlam əql və fitrət yoluna gətirsin.

Bütün bu işlər elə bir insanın vasitəsi ilə bəyan olunurdu ki, onun özü, geridə qalmış və bütpərəst bir cəmiyyətdə yaşayırdı və onun öz əsrinin dini kitablarından, mədəniyyətindən nəzərə çarpacaq dərəcədə tanışlığı yox idi. Ona görə də onları dəyişdirib islah etmək fikrinə düşə bilməzdi.

2. İslam dini insanın həyatı, əməli və ictimai rabitələri üçün elə dəyər və məfhumlar gətirmiş, öz əhkam və qanunlarında elə yolları bəyan etmişdir ki, hətta İslam dininin səmavi bir din olmasına inanmayanların nəzərində belə, bu din bəşər tarixində mövcud olan ictimai qanun və mədəniyyətlərin ən dəyərlisi və ən təəccüblüsüdür.

Bəli, qəbilə həyat tərzi keçirən bir cəmiyyətdə gözlənilmədən bir nəfər seçilərək tarix səhnəsində və yer üzündə zahir olur ki, bəşəriyyəti ümumi bir fəryad olan vəhdətə doğru çağırır.

O, elə bir cəmiyyətdən çıxmışdı ki, həmin cəmiyyətin bünövrəsi irqçilik və qəbilə təəssübləri əsasında qurulmuşdu. O Peyğəmbər bu kimi əsasız şeyləri ləğv edərək elan edir:

“Bütün insanlar darağın dişləri kimi bir-biri ilə bərabərdir.” (Mən la yəhzuruhul-fəqih, səh. 579)

Həmçinin buyurur:

“(Ey insanlar!) Həqiqətən, Allah yanında ən sevimli və kəramətliniz ən çox təqvalı olanınızdır.” (Hücurat surəsi, ayə: 13)

O həzrət bu ayəni əməli olaraq həyata keçirməklə camaatı cahiliyyət təəssüblərindən azad etmək, diri-diri torpağa basdırılan qadını, özünün ləyaqətli məqamına – əri üçün layiqli həyat yoldaşı olmaq məqamına, bir sözlə, insanı, insaniyyətin kəramətli dərəcəsinə çatdırmaq istəyirdi.

O həzrət elə bir səhrada dünyaya gəlmişdi ki, oranın əhalisi yersiz istəklərdən, yeyib-yatmaq və puç, yersiz qəbilə təəssübləri ilə iftixar etməkdən başqa bir şey barəsində fikirləşmirdilər. Peyğəmbər (s) məhz belə bir cəmiyyət arasından seçildi ki, onları böyük və ali hədəflərə doğru hidayət etsin, insanları azadlığa çıxarsın, onları zülm boyunduruqlarından xilas etsin, yer üzünün hər yerində olan məzlumları Kəsra və Qeysər kimi padşahların zülmlərindən azad etsin, bu yolda mübarizə aparıb məzlumlar arasında vəhdət yaratsın.

Peyğəmbər siyasi, iqtisadi və sair kimi məfhumların heç bir həqiqi mənası olmayan, eləcə də sələmçilik, möhtəkirlik və istismarın hakim olduğu bir cəmiyyətin arasından gözlənilmədən seçildi ki, bu kimi çatışmazlıqları aradan qaldırsın, fəqir və yoxsul cəmiyyətləri maddi-mənəvi cəhətdən zənginləşdirsin, İslam qanunlarını və hökmlərini onların ictimai-iqtisadi rabitələrində bərqərar etsin, sələmçiliyin, möhtəkirliyin və istismarın kökünü kəsib ictimai sərvətin bölüşdürülməsini elə bir əsasda qoysun ki, yalnız sərvətlilərin əlində dövr etməsin. Bununla yanaşı, ictimai vəfadarlıq və məsuliyyət prinsiplərini dünya xalqlarına elan etdi. Belə ki, ondan sonra bəşərin ictimai ticarət qaydaları hətta yüz illər sonra belə, həmin nəticəyə çata bilməmişdir.

Bütün bu dəyişikliklər, ictimai dəyişikliklərlə müqayisədə doğrudan da, qısa müddət ərzində baş vermişdi.

3. Peyğəmbər (s) Qurani-Kərimin müxtəlif ayələrində keçmiş peyğəmbərlər və onların ümmətləri barəsində söz açmışdır. Halbuki Peyğəmbərin ətraflı şəkildə bəyan etdiyi bu hadisələr barəsində savadsız və bütpərəst ərəb cəmiyyətində heç bir məlumat yox idi. Yəhudi və məsihi alimləri bir neçə dəfə o həzrətlə elmi mübahisəyə qalxaraq, ondan istəmişdilər ki, özlərinin din və mədəniyyət tarixləri barəsində onlara məlumat versin. Peyğəmbər də tam mətinliklə onlara cavab verir, Quran ayələri vasitəsi ilə onların istəklərini yerinə yetirirdi. Ümumiyyətlə, o həzrətin ixtiyarında Qurandan başqa bu qədər elmi məlumatları izah edə biləcək heç bir əlavə vasitə yox idi. Qurani-Kərim bu barədə buyurur:

“Ey Peyğəmbər! Sən, Musaya nübüvvət məqamı və ilahi fərmanlar əta etdiyimiz zaman qərb tərəfdə deyildin. Lakin Biz müxtəlif ümmət və qəbilələr yaratdıq, onlar uzun ömür sürdülər. Sən Mədyən əhlinin arasında deyildin ki, Bizim ayələrimizi onlara tilavət edəsən. Lakin biz peyğəmbərləri risalət üçün göndərdik. Biz nida etdiyimiz zaman sən Tur dağının yanında deyildin, lakin Bizim vəhyimiz – Musa və sair peyğəmbərlərin qissələri barəsindəki vəhyimiz – Allahın mərhəmətinin tələbinə görə sənə gəldi. Bu, ona görə idi ki, səndən əvvəl ilahi əzabdan qorxudan peyğəmbərlərin gəlmədiyi qövmü Allahdan qorxudasan, bəlkə özlərinə gələlər. (Qəsəs surəsi, ayə: 44-46)

Hər bir mühəqqiqi heyrətləndirən məsələ budur ki, Quranın bəyan etdiyi tarixi hadisələr heç vaxt – hətta bu mətləblərin Ərəbistan yarımadasında Peyğəmbərin zahir olduğu dövrdə rəvac tapdığını fərz etsək də belə – “Əhdeyn” (Tovrat və İncil) kitablarının mətləblərinin üzündən köçürülə bilməzdi. Çünki o kitabların üzünün köçrülməsi yalnız onun dastanlarındakı mənfi yönlərə malik olan almaq, istəmək, əta etmək və s. kimi şeyləri göstərirdi. Halbuki Qurani-Kərim keçmiş ümmətlərin sərgüzəştlərini bəyan edərkən əksər hallarda müsbət yönləri bəyan edir. Yəni onların mətləblərini islah edib normal hala salmaqdan əlavə, peyğəmbərlərin şərhi-halını bəyan edərkən insanın əqli, tovhid fitrəti və sağlam dini dünyagörüşü ilə uyğun olmayan məsələləri ayırıb təmizləyirdi.

4. Qurani-Kərimin bəyan üslubu insanı son dərəcə heyrətə gətirən gözəllikdə, söz üslubu və məharətin yeni səpgisində elə yüksək bir həddə idi ki, hətta onun vəhy olmasına etiqad bəsləməyənlərin nəzərində belə, Quran, Ərəbistan tarixinin iki mərhələsini bir-birindən ayırırdı və bu söz üslubu böyük bir mədəni-inqilabi dəyişikliyin bünövrəsini qoymuşdu.

Quran ayələrini Peyğəmbərdən eşidən ərəblər hiss edirdilər ki, onun dili ümumiyyətlə onların ünsiyyətdə olduqları gözəl bəyan tərzi və həmişə ünsiyyətdə olduqları təbirlərlə yanaşı olaraq kamalın son həddinə çatmışdır və onların bəyanlarına əsla oxşamır. Hətta onların söz ustalarından biri (Vəlid ibn Müğeyrə) Quran ayələrini eşidərkən dedi: “Allaha and olsun! Mən elə kəlam eşitmişəm ki, nə cinlərin, nə də insanların kəlam növündən deyildir. Onda çox şirinlik və söz gözəlliyi vardır, əvvəli də, axırı da çox dolğun mənalıdır. Onun özü ən böyük bir sərmayədir, heç nə ondan üstün ola bilməz. Şübhəsiz, o, öz ardınca çoxlu müsbət nəticələr gətirəcəkdir.

Onlar heç vaxt özlərinə icazə vermirdilər ki, Quranı öyrənsinlər. Çünki onun öz batinlərində və hissiyyatlarında buraxacağı qəribə və nüfuzlu təsirindən qorxur və Quranın onların əqidə üsullarını dəyişəcəyindən çəkinirdilər. Bunların hamısı Quranın üslubunun onların arasında olan üsullardan möcüzəli dərəcədə üstün olmasını göstərir və sübut edir ki, Quran dili, onların arasında mövcud olan və tədriclə inkişaf etmiş olan söz üslubundan tamamilə fərqlənir.

Ərəblər Quranın vaxtaşırı mübarizə tələb etmək üslubu (buna təhəddi deyilir) qarşısında həmişə aciz qalır və təslim olurdlar. Peyğəmbəri-Əkrəm (s) onları əvvəlcə Quranın oxşarı olan bir kitab gətirməkdə aciz olduqlarını bəyan etdi. İkinci dəfə hətta on dənə surə belə gətirməkdə aciz olduqlarını təkidlə bəyan etdi. Üçüncü dəfə isə onları, Qurani-Kərimin bir surəsinə oxşar olan surə gətirmək üçün mübarizəyə tələb etdi.

Peyğəmbər (s) bu kəlamları elə bir cəmiyyətdə təkrar edirdi ki, heç bir hünər və peşəni nitq söyləmək qədər yaxşı tanımırdılar və nitq söyləmək müsabiqəsindən başqa bir şeylə məharət tapmamışdılar. Onlar yeni risalət nurunu söndürmək və onunla mübarizə aparmaq üçün həddindən artıq hərisliklə çalışırdılar. Lakin onlar, Quranın mədəniyyət və ədəb üsulunun onların öz hünər və söz üslublarından üstün olmasına qəlbən iman gətirib inandıqlarına görə, Quranın təkrar təhəddilərinə (mübariz tələb etmək) baxmayaraq, onunla mübarizəyə qalxa bilmədilər.

Qəribə burasındadır ki, insan həyatının bütün yönlərini əhatə edən və eləcə də misilsiz ədəbi xəzinə olan bu Quranı onlara elə bir şəxs gətirmişdi ki, özü 40 il ərzində onların arasında yaşamış, hətta bir dəfə də olsun belə, onların şeir və ədəbiyyat müsabiqələrində, söz üslubunu bəyan edən çıxışlarında iştirak etməmişdi.

Qeyd olunanlar İslam Peyğəmbərinin bütün bəşəriyyətə və insaniyyətə təqdim etdiyi risalətin xüsusiyyətlərinin bir qismi idi.

Burada üçüncü mərhələyə çatırıq. Yəni biz bəşər cəmiyyətlərində aparılan elmi müşahidələr əsasında sübut etməliyik ki, bu risalət və ilahi vəzifə, ikinci mərhələdə araşdırdığımız xüsusiyyətlərlə belə, son dərəcə təəccüblü və birinci mərhələdə qeyd olunan amil və şəraitlərin səthindən çox-çox yüksəkdədir. Cəmiyyət tarixində çoxlu insanlar olmuşdur ki, ictimaiyyət səhnəsində parlayaraq onu müəyyən mərhələyə qədər irəli apara bilmişlər. Lakin burada, (Peyğəmbərin isbat olunmasında) mövcud olan müxtəlif təfavütlərə görə onun oxşarı ilə qarşılaşmırıq. Çünki:

Bir tərəfdən, burada irəliyə doğru bir addım atmaq və tədriclə getmək əvəzinə, insan həyatının bütün sahələrini əhatə edən, onu inqilabi şəkildə, bütün dəyərlərdə və insan həyatının bütün sahələri ilə əlaqədar olan məfhumlarda kamala çatdıran sıçrayışlı bir təkamül görür və dərk edirik ki, qəbilə üsul-idarəsinin hakim olduğu bir cəmiyyət Peyğəmbəri-Əkrəmin (s) əli ilə, qısa müddət ərzində iman üfüqlərinə pərvaz etdirilir, bütün dünya cəmiyyətləri yeganə bir etiqada malik olur, bütpərəst cəmiyyəti kökündən dəyişərək əsl tovhid üfüqlərinə çatır, bütün tovhid dinlərini islah edir, onlara qarışmış xurafatları və əyintiləri təmizləyir və nəhayət, elə bir cəmiyyət onun risaləti sayəsində tamamilə mənəviyyatla dolu olan yeni bir cəmiyyətə çevrilərək mənəvi cəhətdən inkişafa doğru gedir. Bu da bütün dünyanı öz nüfuzu və şüası altına alan bir mədəniyyətdən söz açır.

Digər tərəfdən də, bilirik ki, cəmiyyətin hər bir sahəsini əhatə edən dəyişikliklər hiss olunan amillərin nəticəsi olarsa, onda heç bir müqəddiməsi və müqəddimati mərhələlərlə rabitəsi olmadan, o cəmiyyətdə baş verən siyasi cərəyanlardan ayrı halda vücuda gəlib tədrici olaraq inkişaf edə bilməz və mənəvi-ideoloji baxımdan genişlənə bilməz. Yalnız o cəmiyyətin daxilində bu müqəddimati işlər baş verdikdən sonra layiqli bir rəhbər yaranıb rəhbərlik məsuliyyətini öhdəsinə alar və məhz bu zaman cəmiyyətin tələbinə uyğun olaraq onlara rəhbərlik edə bilər.

İctimai dəyişik və islahatlarda aparılan tətbiqi mütaliələr də göstərir ki, baş verən hər bir dəyişiklik ilk əvvəldə fikri dəyişiklikdən, özü də cəmiyyət fəzasında pərakəndə vəziyyətdə olan qığılcımlardan başlanır və tədrici olaraq fikri-ideoloji bir cərəyan şəklini alır. Get-gedə onun əlamət və nişanələri formalaşır və öz daxilində rəhbərlik təşkilatını yaradır. Hətta bəzən cəmiyyətin rəsmi şəkildə qəbul etdiyi cəhətin müqabilində həmin cəmiyyətin cüzi göstəricisi kimi başqa bir cəhət də səhnədə zahir olur, bu iki cərəyanın ziddiyyəti nəticəsində ilkin cərəyan qüvvətlənib genişlənir, nəhayət, cəmiyyətdəki vəziyyətə hakim olur.

Amma bütün bunların əksinə olaraq, İslam tarixində gördüyümüz kimi, həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) tarixi cərəyanlardan heç birinin nümayəndəsi deyildi, onun təqdim etdiyi təfəkkür, dəyər və ideoloji anlayışların mənşəyi ondan əvvəl elə onun böyüyüb boya-başa çatdığı bir cəmiyyətdə mövcud olmamışdı. Hətta həzrət Peyğəmbər (s) və müsəlmanlardan bir qrup seçmə şəxslərin vasitəsi ilə yaradılan cərəyanlar da risalətin gedişatında öz-özünə yaranan bir məsələ deyildi ki, onun əsasında cəmiyyəti idarə etsin, əksinə onu təkcə Peyğəmbərin özü və onun risaləti yaratmışdı.

Buradan məlum olur ki, Peyğəmbərlə müsəlmanların gətirdiyi şeylərin hər biri arasında olan fərq, bir amil ilə digər amillər arasındakı cərəyan kimi nəzərə çarpan fərqlər deyildi; əksinə buradakı fərq çox köklü və əndazədən artıq bir fərqdir. Bu özü göstərir ki, Peyğəmbəri-Əkrəm (s) bu cərəyanın bir hissəsi deyildi, əksinə yeni cərəyan onun varlığının bir hissəsi idi.

Digər bir nəzərdən baxdıqda isə, tarix sübut edir ki, yeni bir cərəyanın ideoloji, əqidəvi və ictimai rəhbərliyi, müəyyən ictimai-ideoloji dəyişikliklər əsnasında vahid bir əsasda təmərküzləşsə, o əsas və mehvər həmin məsuliyyətlərə mütənasib olaraq elm və qüdrətdən bəhrələnməlidir. Bu xüsusiyyətlər də labüd olaraq onda olan məlum metod və üslublara uyğun olaraq gerçəkləşməlidir. Şübhəsiz, ardıcıl və vaxtaşırı məşqlər onu formalaşdırıb həmin cərəyanın rəhbərlik məqamına çatdırır.

Amma bütün bu deyilənlərin əksinə olaraq, İslam Peyğəmbəri (s) müsəlmanlara ideoloji, fikri və ictimai rəhbərliyi təkbaşına öhdəsinə aldı, halbuki mədəni-maarif cəhətindən onu zaman formalaşdırmamışdı, eləcə də bu rəhbərlik məqamı üçün azacıq belə təcrübəyə malik deyildi. Həmçinin (həmin vaxta qədər) yazıb-oxumağı bacarmırdı, öz əsrinin mədəniyyətindən və keçmiş dinlərdən də bir şey bilmirdi.

Qeyd olunanlara diqqət yetirməklə dördüncü mərhələdə bu vəziyyəti ağlasığan və məqbul tərzdə izah edə biləcək yeganə təfsirə çatırıq: O da hiss olunan amil və şəraitlərin fövqündə dayanan əlavə bir amilin fərz olunmasıdır. Bu əlavə amil vəhy və nübüvvətdən ibarətdir və insanın düz yola hidayət olunmasında ilahi mərhəmətin göstəricisi sayılır:

“Beləliklə, Biz Öz ruhumuzu, Öz fərmanımız ilə vəhy üçün sənə göndərdik. Sənə vəhy gəlməzdən qabaq, kitabın nə olduğunu, iman və şəriətin hansı olduğunu bilmirdin. Lakin Biz o kitabı və şəriəti bir nur qərar verdik. Bəndələrimizdən hər birini istəsək, o nurun vasitəsi ilə hidayət edərik. İndi sən insanları düz yola hidayət edəcəksən.” (Şura surəsi, ayə: 52)

Ardı var ... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!