ALLAHIN XALİQİ

:

Sual: Mən Allahın varlığını inkar etmirəm. Lakin deyilənlərə görə, hər bir şeyin yaradanı vardır. Görəsən, Allahın yaradanı və xaliqi kimdir?

Cavab: Bəli, hər bir şeyin, hər bir şəxsin xaliqi və yaradan səbəbi var. Amma diqqət yetirmək lazımdır ki, görəsən, bu qanunun meyarı varmı? Görəsən, Allah-Təalada bu meyar mövcuddurmu? O da bu qanuna aid edilirmi?
Əvvəla, “hər bir varlıq və nəticənin bir səbəbi vardır” – qanunu meyara əsaslanır. İslam filosofları bu məsələ ilə bağlı ayrıca bəhs etmiş və ona “Səbəbə ehtiyac meyarı” ünvanını vermişlər. Bunu qısa şəkildə belə bəyan etmək olar ki, əgər səbəb əlaqəsinin predmeti mütləq şəkildə varlıqdırsa, demək, varlıq (olduğu kimi) səbəbə möhtacdır. Lakin bu mətləb aydın və anlaşıqlı olmadığı kimi, onun heç bir dəlili də yoxdur. Üstəlik, onun əksini sübut edən dəlillər də var. Allah-Taalanın varlığını sübut edən dəlillər göstərir ki, səbəbə möhtac olmayan varlıq da mövcuddur. Buna əsasən, “hər bir varlıq səbəbə möhtacdır” – qanununun predmeti mütləq deyil və onun şərti vardır. Bəs, bu predmetin şərti nədir?
İslam filosoflarının nəzərincə, onun şərti “mümkün varlıqlar”dır; yəni zati olaraq mövcudluğu, yaxud yoxluğu mümkün olan və fərziyyəsi qeyri-mümkün olmayan hər bir varlıq səbəbə möhtacdır. Halbuki Allah-Taala “mümkün” yox, “zəruri” bir varlıqdır; Onun fərz olunmaması mümkün deyil. Onun üçün varlıq zəruri, yoxluq isə qeyri-mümkündür. Mövcud olub-olmaması bərabər olan varlığın səbəbə ehtiyacı var. Belə ki, səbəb bir tərəfi digər tərəfə qalib edərək ona varlıq verir. Çünki o şey öz-özünə nə mövcud, nə də yox ola bilər. Allah-Taala isə “zəruri varlıq”dır – Onun üçün varlıq vacibdir. Buna əsasən, “hər bir şey səbəbə möhtacdır” – ifadəsində (Allaha da aid) hər varlıq yox, mümkün varlıqlar nəzərdə tutulur.1
Bundan əlavə, əgər Allahı (zəruri varlığı) yaradan səbəbin mövcudluğunu fərz etsək, fəlsəfədə batilliyi sübut edilmiş sonsuzluğa – mühakimə ilə sübutların bir-birindən asılı olaraq davam edib, müəyyən bir nəticəyə çatmamasına – düçar olacağıq. Əgər (sonu olan və sonu olmayan) bir sıra səbəb və nəticələri, xaliq və məxluqları zati olaraq zəruri, səbəbi və yaradanı olmayan varlığı nəzərə almadan fərz etsək, ümumi şəkildə və ayrı-ayrılıqda onların heç biri zəruri olmayacaqdır. Zəruri olmadığına görə, vücuda da gəlməyəcəkdir. Çünki hər bir nəticə zəruri olaraq (zaman baxımından yox, dərəcə baxımından) vücuda gəlir və onun yoxluğu əsla mümkün deyil. Əgər onun min bir şərtlə yaranmasını, hər bir silsilənin mövcud olmamasını nəzərə alsaq, vacibin mövcud olmadığını görəcəyik. Məlum olduğu kimi, varlığın özünün özünə səbəb olması və öz məhvinin qarşısını ala bilməsi də belədir; çünki o silsilənin, yaxud bütün silsilənin səbəbinin mövcud olmasını fərz etsək, nəticə vacib olaraq vücuda gələcəkdir. Lakin bizim fərziyyəmizə görə, həmin səbəbin də yox olması mümkündür və nəticənin yox olması yolu həmin səbəbin yox olması vasitəsilə açıqdır. Necə ki o səbəbin yox olmasının yolu səbəb olmaması vasitəsilə də açıqdır. Bu minvalla o, sonsuz olaraq nəticəsiz qalacaqdır. Yəni hər bir nəticəni nəzərə alsaq, onun yox olması yolu öncəki bütün səbəblərin yox olmasının vasitəsilə açıqdır.
Beləliklə, bütün silsilələr “vacib” yox, “imkan” mərhələsində olub, zəruri mərhələyə çatmayınca, vücuda gələ bilməz. Bu silsilədə təkcə zatən zəruri varlıq yoxluq imkanının qarşısını alır. Lakin varlıq aləmi mövcud olduğu üçün vacibdir, vacib olduğu üçün də bu aləmin başında zəruri varlıq durur və Onun zatı ilə bütün mümkünlərin varlığı zərurət tapır.2

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Amuzeşi-fəlsəfə”, 2-ci cild, səh. 29.
2. “Üsuli-fəlsəfə və rəvişi-realizm”, 5-ci cild, səh.7 4-76.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!