HİNDUİZM - 2

:

NİCAT YOLLARI
Hinduizm ayini əbədi səadətə, son məqsədə nail olmaq üçün üç yolu nicat yolu kimi təqdim etmişdir ki, onların hər üçü bu ayinin ardıcılları arasında mötəbər və məqbul sayılır. Bu üç yol aşağıdakılardır: əməllər, elm və ixlas yolu.

1. Əməllər yolu: Bu ən ümumi yol olub xalq kütlələri üçün başa düşülən və  praktikdir. Bu yolda hindus olan şəxs nicat mənzilinə çatmaq üçün dini əməlləri, adət və ibadətləri öz yolunun şüarına çevirir. Bu yolda fəlsəfi, əqli məsələlərə daha az diqqət yetirilir, “Mano qanunlarında” və hindus şəriət mətnlərində təklif olunan ibadət və dini rituallar qurtuluşa zəmin hazırlayır ki, ruh bu vasitə ilə müsbət və layiqli karmadan –səadətdən bəhrələnir. Qurbanlıq mərasimini yerinə yetirmək, məbədə, məbudların hüzuruna, yaxud əcdadların ruhlarına hədiyyələr vermək, günəşə, oda sitayiş, hörmətlə yanaşmaq üçün aqni-hutra ritualını icra etmək, bir sözlə bu dinin öz ardıcılları üçün nəzərdə tutmuş olduğu bütün saleh əməl və ibadətlər ixlas, dönməz etiqad və inamla yerinə yetirilərsə hindusun nicat tapmasına, ruhunun ölümdən sonra göylərdən birinə yüksəlməsinə səbəb olacaqdır. Bu ruhun yenidən brahmanın (hindus ruhani) müqəddəs vücudunda zühur edərək, onun brahmaya (mütləq ilahiləşməyə) gedən yolunu daha da asanlaşdırması mümkündür.
Hindus şəriətində dini əməllərin bir qismi kişilər üçün nəzərdə tutulmuşdur və yuxarıda onlardan bəhs olundu. Bu təkliflərin bir qismi də qadınlara aiddir ki, yalnız onları yerinə yetirdikləri təqdirdə onların üzlərinə qurtuluş qapısı açılacaqdır. Bu ayində qadın tam itaət və təvazökarlıqla ərinin quluğunda durmalıdır. Bu qulluq göstərməkdə o dərəcədə ifrata varmışdır ki,  “Mano qanunları” kitabında deyilir: “Vəfalı qadın öz ərinə allah kimi pərəstiş etməlidir. Onun ölümündən sonra isə artıq başqası ilə ailə qurmağa haqqı yoxdur.”
2. Elm yolu: Bu yolun əsası bundan ibarətdir ki, insanın bütün şər, müsibət və əzab-əziyyətlərinin əsas amili onun cahilliyidir. İnsan cəhalət zülmətlərində qərq olduqca həqiqətdən uzaq düşür, həqiqətin şərh və izahında zəlalətə, azğınlığa düçar olur. Bu əqidəyə görə əxlaqi xətalar insan bədbəxtliklərinin yeganə mənşəyi hesab olunmur; əksinə, insanı əzab-əziyyətlərə, o cümlədən əxlaqi pozğunluqlara, xətalara düçar edən məhz onun ağlındakı və fikrindəki xətalarıdır. Bütün şərlərin, əzab-əziyyətlərin mənşəyi olan cəhalət əslində insanın öz nəfsinə müstəqil kimlik kimi yanaşmasından qaynaqlanır. Ancaq, həqiqət budur ki, yalnız mütləq vəhdət brahman atmənin tam ruhu və nəfsinin vücududur. Onun dərgahında ikilik və təfriqə yoxdur, insani nəfs də əslində onun özüdür. Buna əsasən hindus o zaman qurtuluşa nail ola bilər ki, bu həqiqətləri tapsın, elm yolunu qət etsin, cəhalətini bu həqiqətləri aşkarlamaqla aradan götürsün. Bu yolun özünün  də dörd mərhələsi vardır:
I. Tələb və təhsil; Bu mərhələdə hindus müəllimin yanında lazım olan təlimləri alır.
II. Ailə qurmaq mərhələsi; Bu mərhələdə hindus öz müəlliminin yanında təhsil aldıqdan sonra elminin varisi olan oğul sahibi olmaq üçün ailə qurur.
III. Təcridolunma mərhələsi; Bu mərhələdə təlim görmüş şəxs rahiblik və guşənişinlik dövrünü keçir.
IV. Müqəddəslik, yaxud arhat (kamil insan). Bu mərhələdə hindus son məqsədə nail olur.
Göründüyü kimi, bu yolda da yalnız elmi və əqli metodlarla kifayətlənməmiş, rahiblik metodu da nəzərdə tutulmuşdır.
3. İxlas yolu: Bəqti-marqə adlanan və əvvəlki iki yoldan sonra ixtira olunan bu yolda hindus xüsusi bir məbuda sadiq iman və xalis məhəbbətlə özünü yaxşı padşahlığı qazanmaq üçün hazırlayır. Bu yol tədricən məbuda qarşı yandırıb qovuran eşq formasını alır və hindus şəxs öz varlığını sevimli məbuduna fəda edir. Bu halda o, hər bir yerdə və hər bir halda məbuda sitayiş və onunla razi-niyaz etməklə məşğul olur.
Bu yol tərəfdarlarının fikrinə görə, əvvəlki iki yolun yolçuları əsas etibarı ilə xəta edənlər hesab olunurlar, çünki onlar seyri-süluka şəxsi mənfəət gözü ilə baxırlar. Halbuki, nicat və qurtuluşa nail olmaq üçün insan öz vücudunu büsbütün saflaşdırılmalıdır. O, özünü məbudlardan birinə həsr etməlidir ki, onun lütfü yolçuya da  şamil olsun və onu səadətə, qurtuluşa yönəltsin.
“Bəqti-marqə” metodu ən mühüm, ən böyük və ən məşhur kitab olan Bhaqavad-gita kitabında irəli sürülmüşdür. Krişna nəğmələri adı ilə məşhur olan bu kitab hal-hazırda hinduizmin ən mühüm və əsas kitablarından biri hesab olunur.

ALTI MƏKTƏB
Hinduizm də həqiqətin aşkarlanması və dərki üçün çox saylı əqli və əməli yollar mövcud olsa da, onların arasında altı ideoloji və fəlsəfi məktəb, daha böyük əhəmiyyətə malikdir. Bunun səbəbi həmin məktəblər arasında mövcud olan ayırıcı və fərqli xüsusiyyətlərdir. Əlbəttə, bu altı məktəbin ortaq cəhətləri də vardır və bu da onların vedalar, brahmanların və upanişadların hinduizmin iman qanunları səriəti qismində bu kitab üçün yazdıqları iki şərhə iman və etiqaddan irəli gəlir. Hinduslar bu kimi məsələlərdə həmfikirdirlər.
Hinduizm dünya görüşü və baxışlarının izahı saydıqlarına görə bu altı ideoloji məktəbin tədqiqi böyük əhəmiyyət daşıyır. Buna görə də bu hissədə həmin altı əqidə məktəbini qısa şəkildə araşdırırıq:
1. Nyaye məktəbi: Bu məktəbdə məntiqi arqument və əsaslandırmalar üslubu Aristotel məntiqi üzərində qurulmuşdur. Belə ki, bəziləri Aristotelin bu üslubu hinduslardan götürdüyünə inanırlar. Əlbəttə, bu iki cərəyanın hansının əvvəl, hansının sonra olmasını dəqiq şəkildə müəyyənləşdirmək olmaz. Nyaye məktəbi məntiq və əsaslandırma yolu ilə hinduslara görə dünyəvi əzab-əziyyətlərin səbəbi, ardıcıl doğulmalardan xilas yolu olan yolu tapmağa çalışır.
Bu dindəki inanclara görə, yenidən doğulmaların, sonsuz əzab-əziyyətlərin əsas amili bir sıra səbəblərə bağlıdır və bu səbəblər bir-birinin ardınca yox olarsa nicat və qurtuluş baş tutacaqdır. Nyaye məktəbində bu barədə belə deyilir:
“Əzab-əziyyət, doğulmalar, fəaliyyət, bağlılıqlar və düzgün olmayan elm azğınlığın və son nəticədə ardıcıl təvəllüdlərə düçar olmağın səbəbləri hesab olunur.” Bu əqidəyə əsasən, düzgün olmayan elm ürək bağlılıqlarından yaranır və onlar insanın fəaliyyətindən, fəaliyyət də doğulmalardan hasil olur. Yenidən doğulma və ölümdən sonrakı aqibət mənasını daşıyan təvəllüd elə yenidən doğulmaq deməkdir. Buna görə də, dünyəvi əzab-əziyyətlər aradan gedərsə, yenidən doğulma dövri çarxı dayanacaq və nəticədə bağlılıqlar və düzgün olmayan elmlər də yox olacaqlar. Əzab-əziyyətləri yox etmək üçün bağlılıqlar nəticəsində yaranan düzgün olmayan elmi aradan götürmək lazımdır. Bağlılıqlar düşüncədəki asılılıqlardan, nadanlıq, nifrətdən ibarətdir və bunun özü də yeni fəaliyyət yaradır. Buna görə də, düşüncə asılılığı, nadanlıq və nifrət aradan gedərsə bağlılıq üçün heç bir əsas qalmır. Bağlılıq olmadığı təqdirdə isə yeni fəaliyyət – istər xeyir, istərsə də şər olmur. Çünki hər bir halda bağlılıq üçün səbəb aradan qalxmış olur. Belə ki, fəaliyyət olmayanda, heç bir təvəllüd də olmayacaqdır və bu halda yenidən doğulmalar, yeni əzab-əziyyətlər də aradan qalxacaqdır.
Nyaye etiqadlarından biri də ruhun müstəqil olmasıdır. Bu etiqada əsasən ölüm sadəcə olaraq ruhun cismdən və duyğu orqanlarından ayrılmasıdır. Ancaq, əvvəlki əməllərin təsirləri lətif cismdə toplanır və ruhla birlikdə yeni bir qəlibə keçməklə insanın müqəddəratını və şəxsiyyətini formalaşdırır. Buna əsasən ruhun ardıcıl təvəllüdlər proseslərindən xilas olması üçün onu əməllərin təsirindən azad etmək lazımdır. Bu məqsədə çatmaq üçün də fəaliyyət və bağlılıqlardan uzaqlaşmaq lazımdır.
2.Vaysesika məktəbi: Bu məktəbin əsas üslubu dünyanın zatını tədqiq etmək ətrafında cərəyan edir. Bu məqsədə çatmaq və dünyanın zatı barədə tədqiqat aparmaq üçün motivləri nyaye məktəbinin prinsipləri üzərində qurulan analitik bir metod seçilmişdir. Bu məktəbdə obyektiv dünya bariz və aydın bir gerçəklikdir; onun əsaslandırma və arqumentlərinin əsasını hiss, təcrübə təşkil edir. Buna əsasən xarici aləm inkarolunmaz bir varlığa malikdir və aləmi təşkil edən zərrələr əbədi, sonsuzdur. Bu zərrələrdən təşkil olunan cismlərin davamsız, müvazinətsiz, süst bir mahiyyəti olmaqla sabitlik və mövcudluqlarını qorumaqdan məhrumdurlar. Bu varlıqların ömrü qısa olur və müəyyən müddətdən sonra yoxluğa düçar olurlar. Bu varlıqların sabit olmaması onların zərrələrinin və zat tərkiblərinin möhkəm, davamlı olmamasından irəli gəlir.
Vaysesika məktəbi ruhların çoxluğu, maddi aləmdə ikilik, ilkin zərrələr, mənəviyyat və ruhlar aləmini qəbul etmişdir. Bu etiqada əsaslanaraq belə deyirlər: “Ruhların çoxluğu zərrələrin və cismlərin çoxluğu kimi saysız-hesabsızdır və hər bir ruh özünü tanıma, ağıl, müştərək hiss, duyğu hissələri, emosiyalar, bağlılıqlar, xatirələr və s. şamil edildiyi daxili hissə malikdir. Yenidənyaranma prosesində təkrar doğulmanın səbəbi bir-birinə zidd olan iki dünyanın, yəni maddi və mənəvi aləmin bir-birinə qarışmasıdır. Bu qarışıqlıq ruhların sərgərdan qalmasına, çoxlu əzab-əziyyət və məşəqqət çəkmələrinə səbəb olur. Dünyanın əzab-əziyyətlərindən və maddiyyatın buxovlarından azad olmaq yalnız bu iki dünyanın bir-birindən ayrılması, ruhun maddənin çirkinliklərindən xilas olması ilə mümkündür. Ruh azad olduqdan sonra öz paklığı, lətifliyi və fitri sadəliyini yenidən tapır, ruhla yanaşı bir bədəndən digər bədənə keçən maddi eybəcərliklər, stereotiplər və əməl təsirlərindən təmizlənir. Bu buxovlardan xilas olan andaca, yenidən doğulmalardan da nicat tapır. Nəticədə əzab-əziyyətlərə və məşəqqətlərə son qoyulur, onun yerinə bəşər ruhunun dərinliklərində sonsuz sevinc hakim olur.”
3. Sankiya məktəbi: Bu məktəb hinduizmin ən mühüm fəlsəfi üslubu və ən geniş yayılmış ideoloji sistemi hesab olunur. Bu məktəbin əsasını ikiliyə pərəstiş təşkil edir və aşkar şəkildə veda monoteizmindən ayrılmışdır. Bu məktəb  inancına görə varlıq aləmində iki qədim və əzəli həqiqət mövcuddur: birincisi maddə, yaxud təbiət aləminin özü olan və terminologiyada “prakriti” adlanan surətdir. Digəri isə ruh, yaxud gözəgörünməz, hiss olunmaz olan  və “puruşa” adlandırılan “məna”. Prakriti bir-birindən ayrı olan başlanğıcını ağlın və nəfsani gücün ən ali təbəqələrindən götürərək gözlə yekunlaşan 23 ünsürdən formalaşmışdır. Bu 23 ünsürün hər birinin üç hal və təbiəti vardır ki, onlara “triqun” deyilir. Birincisi terminologiyada “sətvə” deyilən yüngüllük, səadət, rahatlıq, ağlıq və paklıq halıdır. İkinci, terminologiyada  “rəcəs” adlandırılan hərəkətin yaradıcısı olan fəal istək və şövq halıdır. Üçüncüsü zülmət və qaranlığa səbəb olan durğunluq, donuqluq halıdır. Bu hala “təməs” halı deyilir. “Puruşe”nin ikinci həqiqəti fərdi ruhların hər biri müstəqil və əbədi olan sonsuz ədədlərindən ibarətdir. Bu ruhların təbiət aləmində həbs olunması, bədbəxtlik və əzab-əziyyətə dözməsi cəhalətdən, onları tanımamaqdan irəli gəlir. Cəhalət bütün bədbəxtliklərin mənşəyidir. Cəhalət insanların maddə ilə məna və ya cism ilə ruh arasında fərq qoymamasına, nəticədə ruhun cismin buxovlarında və təbiət qüvvələrinin əsarətində olmasına gətirib çıxarır. Buna görə də, çarəsiz qalıb dövri doğulmalar girdabında fırlanır. Yalnız arif insan bunların bir-birindən ayrı olduğunu dərk edərək, onları cism əsarətindən azad edər, sükunət və əbədi rahatlıq halına çatdırar. Məhz bu mərhələdə ruh nicat və qurtuluşa qovuşaraq ardıcıl doğulmalardan xilas olur. Buna əsasən də, son dərslərdə izah olunmuş əvvəlki üç yoldan yalnız elm yolu sankiya məktəbi tərəfindən qəbul olunur. Bu məktəbə görə, səadət və qurtuluş da yalnız həmin yolla əldə oluna bilər.
4. Yoqa məktəbi: Bu məktəb fəlsəfi və nəzəri məktəb olmaqdan öncə, müəyyən mənada irfani ayin və seyri-süluk hesab olunur. Bu məktəbin əqidəsinə görə, nicat və qurtuluşa nail olmaq üçün nəfsani, zehni və əqli məsələlər silinməlidir. Onlar bu mövzunu belə izah edirlər ki, xüsusiyyəti aydınlıq olan zehn cövhəri qaranlıq və hərəkət cövhərləri ilə qarışdıqda bütün əşyaları ihtiva edərək, onlara hakim kəsilir. Daha sonra isə onlara qarşı bağlılıq hiss edir. Qaranlıq cövhəri zehnə üstün gələrsə, insan fəzilətsizlik və mərifətsizlik uçrumuna, eləcə də maddi asılılıqlar zülmətinə yuvarlanır. Hərəkət cövhəri zehnə qələbə çaldıqda isə insanda fəzilət, mərifət və hürriyyət sifətləri formalaşır. Əgər zehn hərəkət cövhərinin çirkinliyindən də azad olarsa, öz zatında qərar tapır və daha sonra isə ruhla maddə arasında olan fərqləri, ayrılıqları dərk edir.
Bütün bunlara görə də, yoqa məktəbinin əsaslarının sankiya məktəbi ilə eyni olduğunu görürük. Çünki onların hər ikisi ruhla maddə arasında olan ayrılıq anlayışına yiyələnməyi nicat və qurtuluşa çatmağın yeganə yolu hesab edirlər. Əlbəttə, hər iki məktəbin tutduğu yol bir-birindən fərqlənir. Yoqa məktəbinə görə, insan cəmiyyətlə başı qarışdıqda və yemək, içmək və s. kimi gündəlik məşğul olduqda onda bağlılıq, asılılıq yaranır və bu da ruhla maddənin həqiqəti arasında fərqi ayırd edə bilməməklə nəticələnir. Buna görə də ruhun həqiqi mərifətin bu mərhələsinə çatması üçün bütün adət və istəklərin əksinə hərəkət etmək lazımdır. Bu məqsədlə yoqa məktəbi cəmiyyətdən uzaqlaşmağı, ləzzətləri tərk etməyi, nəfsə nəzarət etməyi, hətta uzun bir müddətdə sakit qalmağı və nəhayət adətləri tərk etməyi, nəfsin həyatda xüsusi bir praktikaya, üsluba aludə olmasından çəkinməyi öz şüarına çevirmişdir.
Ümumiyyətlə yoqanın çətin və ağır asketik təmrinlər ayini olduğu təəsüratı  yaranır. Xüsusi hərəkətlər vasitəsilə nəfsdə hiss və idrak öldürülür, cism ruha tabe etdirilir. Belə ki, tədricən hər bir hissdən məhrum olur. Yalnız belə olan halda ruh bütün maddi, xəyali və zehni eybəcərliklərdən təmizlənir, batinin saflaşdırılması ilə mütləq fənaya nail olur və beləliklə də səadətə qovuşur.
5. Purva-mimansa məktəbi: Bu məktəb öz banisinin adı ilə adlandırılmışdır. Əslində veda nəğmələrinin şərh və tədqiqi üçün yaradılmışdır. Mimansa vedaların əbədi olmasına inanırdı. Bu etiqad söz və səslərin əbədi olması əsasında yaranmışdır. Hinduslar inanırdılar ki, səs hər bir yerdə və hər bir zamanda potensial olaraq mövcuddur və heç vaxt itmir. Buna görə də söz danışılan zaman səs yaradılmır, əksinə potensial haldan reallığa keçir. Sözlə məna arasında əzəldən sirli bir əlaqə olmuşdur və bu əbədiyyətə qədər davam edəcəkdir. Sözlərlə mənalar arasında olan əlaqədə insan tərəfindən təyin olunan qərarlar hakim deyildir. Onlar arasında həqiqi və fiziki bir əlaqə vardır. Bu baxımdan hindusların vəhy qismində qəbul etdikləri vedalar əbədi və həmişəlik bir kəlamdır.
Bu məktəb də vaysesiko məktəbi kimi ruhların çoxluğunu və karma qanununu qəbul edir. Yuxarıdakı prinsipə diqqət yetirməklə hər kimsənin vedanın ibadət ayinlərinə və vəzifələrinə əməl edərsə, onun nəğmələrini oxuyarsa, bu vəzifələrin yerinə yetirilməsi sayəsində həmin şəxsdə savaba, mükafata səbəb olan lətif qüvvənin yaranacağına  onda mükafat, cəza, yaxşı əməllərin mükafatı da vedanın zatında gizlənmiş qanunlar əsasında formalaşacağına inanırlar. Buna əsasən də, həmin məktəbdə şəri vəzifə və mükəlləfiyyətin yerinə yetirilməsi nicata, qurtuluşa çatmağın rəhni sayılır. Mimansa bu barədə belə deyir: “Şəri vəzifə veda göstərişlərinə əsaslanan və insanı doğru yola yönəldəndir.”
6. Vedanta məktəbi: Vedanta məktəbi vedaların son şərhi əsasında formalaşmışdır. Vedanta adı ilə məşhur olan bu təfsirlər upanişadların fəlsəfi əsasları sayılır. Bu məktəbdə xarici aləmin, duyulanların olduqlarına, ilğım və batil xəyal kimi qeyri-real və aldadıcı çöküntüyə malik olmalarına inanırlar. Bu məktəb eyni zamanda vəhdət prinsipinə inanmaqla, varlıq aləminin həqiqətində ikililik məsələsini rədd edir. Bu etiqada əsasən dünya və Brahma bir-birindən ayrı olan iki həqiqət deyildir və vücud başdan-başa Brahmanın vücududur. Qalan işlər isə xəyali düşüncə və aldadıcı illüziyalardan başqa bir şey deyildir. Fiziki aləm, fərdi ruh, ardıcıl doğulmalar və tənasüx aldadıcı, qeyri-real işlərdən hesab olunur. İnsan ruhu təkcə duyulanlara və məlumatlara arxalansa yalnız əşyaların zahirini dərk edər, onun batinindən xəbərsiz qalar. Əgər əşyalar və duyğu orqanları ilə dərk olunan varlıqlar həqiqət kimi təsəvvür olunursa, bu da cəhalətdən və nadanlıqdan irəli gəlir. Deməli, Brahmanın özü olan mütləq ruh və nəfs barədə məlumatsızlıq və cəhalət fərdi ruha inanmağımıza, daha sonra buna əsaslanaraq əşya və duyulanlar üçün də müstəqil bir həqiqət nəzərdə tutmağımıza səbəb olur. Mütləq ruha (Brahmaya) diqqət yetirmək tənasüx və ardıcıl təvəllüdlər adı ilə zorla düşüncəmizə qəbul etdirdiyimiz xəyali əzab-əziyyətlərdən qurtulmağa zəmin yaratdığı halda, yuxarıdakı məsələ insanı çətinliyə, əzab-əziyyətə düçar edir.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!