HƏZRƏT RIZA(ə)NIN HƏYATI - 3

:

İMAMIN MƏRV ŞƏHƏRİNƏ GƏLİŞİ
Həzrət (ə) Mərv şəhərinə daxil olanda Məmun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq Həzrətə belə dedi: “Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm.”

İmam (ə) onun cavabında buyurdu: “Əgər xəlifəlik paltarını Allah sənə geyindirmişsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?”
Məmun dedi: “Artıq bu, qərara alınmışdır və xəlifəliyi qəbul etməlisən!” İmam (ə) Məmunun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Məmun belə dedi: “Onda mənim vəliəhdliyimi qəbul etməlisən!” İmam (ə) isə buyurdu: “Bu qədər israr etmə! Ata-babalarımdan eşitmişəm ki, səndən qabaq dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər.” Məmun ”Səni kim zəhərləyəcək?” – deyə soruşduqda İmam buyurdu: “Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma!”
Məmun narahat olub ağladı. Sonra belə dedi: “Mənim vəliəhdliyimi qəbul etməlisən! Bu bir əmrdir ki, əgər onu rədd etsən səni öldürtdürərəm!” Həzrət (ə) çarəsiz qalıb Məmunun vəliəhdliyini qəbul etdi, lakin bu müddət ərzində hökumət işlərinə qarışmayacağını bildirdi. Məmun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq Həzrəti oraya gətirdi və camaata dedi: “Hamınız İmamla beyət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun!”
Məmun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxarıb Bəni-Haşimin yaşıl rəngli paltarını geyinsin. Həmçinin qızı Ümmü Həbibi Həzrətə (ə) verib, o biri qızı Ümmü Fəzli isə Həzrətin oğlu Məhəmməd Təqiyə (ə) nişanladı. O bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi.

BAYRAM NAMAZI
Bayram günü Məmun bayram namazını İmamın (ə) qılacağını bildirib əmr etdi ki, böyüklərin də hamısı onun arxasında namaz qılsın. İmam (ə) bunu qəbul etmədi. Lakin Məmunun israr etməsi ilə qəbul etmək məcburiyyətində qaldı, bu şərtlə ki, namazı babası Peyğəmbərin qıldığı kimi qılsın. Məmun qəbul etdi və İmam (ə) bayram günü sübh təmiz paltar geydi, özünə ətir vurdu, başına ağ əmmamə qoydu və ayaqyalın təkbir deyərək şəhərin çölünə tərəf hərəkət etdi. Camaat da İmamla birlikdə yola düşdü. Onlar sevindiklərindən uca səslə ağayıb Peyğəmbər və xanədanına salam göndərirdi. Elə bir vəziyyət yaranmışdı ki, sanki yer-göy və bütün məxluqlar İmamın səsinə səs verərək təkbir deyirdi.
Məmunun vəziri Fəzl ibn Səhl vəziyyəti belə görüb təklükə hiss edərək Məmuna xəbər verdi: “Əgər İmam bu şəkildə namaz qılsa, üsyan və qarışıqlıq yaranacaq. Hamımızın həyatı təhlükə altındadır. Tezliklə İmamın yanına bir nəfər göndər ki, mərasimi yarımçıq qoyub qayıtsın!” İmam (ə) Məmunun göndərdiyi adamın sözünü eşidən kimi ayaqqabısını geyib ata mindi və şəhərə qayıtdı. Beləliklə də o həzrət xalqa göstərdi ki, bunların hamısı Məmunun oyunlarıdır. Xalqın Məmuna qarşı olan qəzəb və nifrəti İmama qarşı isə sevgi və məhəbbəti daha da çoxaldı. Hamı Məmunun ikiüzlü, hiyləgər olduğunu və İmam haqqında gördüyü işlərin siyasi bir məqsəd güddüyünü başa düşdü.

MƏMUN NƏ ÜÇÜN İMAMI XORASANA DƏVƏT ETMİŞDİ?
Bunu nəzərə almaq lazımdır ki, Məmun zirək və ağıllı bir adam idi. Onun İmamı Mərvə dəvət edərək onu vəliəhd təyin etməsi nəticəsiz qalan siyasi bir plan əsasında qurulmuşdu. Məmunu maraqlandıran məsələlər bunlardan ibarət idi:
1. Ələvilər məmləkətin hər tərəfindən hökumətə qarşı qiyam etmişdi. Bundan əlavə İslam ərazisi genişlənərək nəzarət altından çıxmışdı. Buna görə də zahirdə xəlifəliyi ələvilərdən birinə verib onların qiyamının qarşısını almaq qərarına gəlmişdi. Bununla da onlar geri çəkilib üsyandan əl çəkəcəkdi. Abbasilərin siyasəti hiylə üzərinə qurulmuş bir siyasət idi. Onlar Peyğəmbərin ailəsinin qanına susamışdı, lakin ələvilərin üsyanından qurtulmaq, şiələri razı salmaq üçün xalqa Əli (ə) ailəsinin səmimi dostu olduqlarını göstərmək məcburiyyətində idilər.
2. Məmun istəyirdi ki, Bəni-Haşim ailəsi də hökumət qərarlarını həyata keçirməkdə iştirak etsin və həzrət Rizanın (ə) Məmuna dediyi kimi, xalqa belə göstərsin ki, Bəni-Haşim ailəsi dünyanı sevir və özlərini dünyaya etinasız göstərmələri yalandır. Güya onlar da qüdrətə çatsa, başqa adamlardan heç də fərqlənməyəcək. Lakin qüdrətləri olmadığı üçün kənara çəkilmişlər və əgər bir gün qüdrətə çatsa, camaatın ağlına gələ bilməyəcək işləri görəcək. Məmun bu fikri yayaraq xalqı onlardan uzaqlaşdırıb xalq arasında olan mənəvi dəyərlərini məhv etmək istəyirdi.
Məmun dəfələrlə üsyan edən şəhərlərə vali təyin etmək üçün İmam Rizaya (ə) öz adamlarından bir namizəd göstərməsini təklif etmişdi, amma o həzrət (ə) ona belə cavab vermişdi: “Mən vəliəhdliyi qəbul edəndə hökumətin heç bir işinə qarışmayacağımı şərt etdim və siz də onu qəbul etdiniz. Əgər müqavilənin şərtlərinə sadiq qalmağımı istəyirsənsə, siz də buna əməl edin!” Məmun susub heç bir söz demədi.
İmam Riza (ə) anlamışdı ki, Məmun gördüyü işləri ona nisbət verib xalqı ondan uzaqlaşdırmaq istəyir. Buna görə də Məmunun heç bir təklifini qəbul etmədi və bunun nəticəsində də Məmunun bütün planları puça çıxdı.
3. Məmunun güddüyü başqa bir hədəf isə bundan ibarət idi: İmamı Xorasana gətirməklə ələviləri paytaxta toplayıb nəzarət altında saxlasın və etiraz edənləri aradan götürsün. Necə ki, İmamı (ə) zəhərlədi, ələviləri öldürdü və bağladığı bütün əhdü-peymanları ayaq altına atdı.

AZAD ŞAİR DEBƏL
Debəl deyir: “Əli (ə) xanədanı haqqında məşhur qəsidəmi Həzrətə oxumaq üçün Xorasana getmək qərarına gəlmişdim. Nəhayət Xorasana gəlib İmamın hüzurunda qəsidəmi oxudum. Həzrət Riza (ə) da Tusda şəhid olacağı ilə əlaqədar bir neçə beyti mənim şeirimə əlavə etdikdən sonra belə buyurdu: “Şeirini gizlət və daha heç kəsə oxuma!”
Məmun mənim oraya gəldiyimdən və İmama qəsidə oxumağımdan xəbərdar olmuşdu. Məni çağırıb qəsidəni ona da oxumağımı istədi. Mən belə bir qəsidə oxuduğumu inkar etdim, amma Məmun İmamı da məclisə çağırtdırıb dedi: “İmamın hüzurunda Əli (ə) xanədanının dəyəri haqqında oxuduğum məşhur qəsidəni mənim hüzurumda da oxu!” Mən də məcbur qalıb oxudum. Məmun zahirdə sevinərək məni mükafatlandırdı, onun vəzri Fəzl də mənə yorğa bir at hədiyyə etdi. Həzrət Riza (ə) da Məmunun o həzrətin adına basdırdığı sikkələrdən yüz dinar mənə verib “Bunu saxla, bir gün gərəyin olar!” – deyə buyurdu.
Mən İmama belə dedim: “Sizdən geydiyiniz köynəklərdən birini istəyirəm ki, öləndən sonra kəfənim olsun.” Həzrət (ə) qəbul edib köynəklərindən birini mənə verərək buyurdu: “Bu köynək səninlə olduğu müddətdə təhlükələrdən qorunacaqsan.”
Mən Həzrətlə xudahafizləşib Fəzlin verdiyi atla karvana qoşulub Tusdan çıxdım. Yolda quldurlar karvanımıza hücum edib var-yoxumuzu apardı. Çox keçməmişdi ki, mənim atıma minən oğrubaşını gördüm. Atın üstündə mənim şeirimi oxuyurdu. Ona yaxınlaşıb “Bu şeri yazan şairin kim olduğunu bilirsənmi?” – deyə soruşdum. Dedi: “Bəli, Debəl Xüzaidir!” Dedim: “Mənim şair Debəl olduğumu bilirsənmi?” O, təəccüblənib sözümə inanmadı. Dedim: “Karvandakılardan soruş!” Mənim Debəl olduğumu soruşub öyrəndikdən sonra karvandan oğurladıqları malları, mənə xatir yiyələrinə qaytardı. İmamın buyurduğu kimi bu köynək mənim və dostlarımın azad buraxılmasına, əldən getmiş malların qaytarılmasına səbəb oldu.
Debəl bu hadisədən sonra Qum şəhərinə gəldi. Camaat onu sevinclə qarşılayıb İmamın hüzurunda oxuduğu şeiri onlar üçün də oxumasını istədi. Debəl qəbul edib Qum məscidinə getdi və şeirini onlar üçün də oxudu. Camaat ona çoxlu pul və hədiyyələr verdi və Həzrətin köynəyinin əhvalatını öyrəndikdən sonra ona yalvarıb köynəyin müqabilində istədiyi pulu alıb onlara verməsini istədi. Debəl qəbul etmədi. Onlar köynəyin bir parçasını istədi. Debəl yenə qəbul etmədi.
Debəl Qumdan çıxandan sonra cavanlardan ibarət bir dəstə yolunu kəsib köynəyi ondan aldı və Quma qayıtdı. Debəl də Quma qayıdıb köynəyinin geri verilməsini xahiş etdi. Lakin qəbul etmədi. Debəl köynəyin bir parçasını ona qaytarmasını xahiş etdikdə, qəbul edib köynəkdən bir hissəsini min dirhəmlə birlikdə ona verdilər. Debəl vətəninə qayıtdıqdan sonra öz evinə getdi, lakin oğruların evini qarət edib hər şeyini apardığını müşahidə etdi. Debəl İmam yüz dinarı ona verəndə ”Bunu saxla, bir gün gərəyin olar!” – deyə buyurduğunu xatırladı. Pulları bazara aparıb hər bir dinarını yüz dinara satıb on min dinara sahib oldu. Bu arada çox sevdiyi arvadı da xəstələnmiş, həkimlər də onu sağalda bilməmişdi.
Debəl İmamın köynəyindən ona yadigar qalan parçanı arvadının gözünə bağladı. Sabahı gün parçanı açanda artıq arvadının gözləri sağalmışdı. Debəl cəsarətlə yazdığı məşhur qəsidə və şerilərinə görə həm var-dövlət, həm də hörmət sahibi oldu. Ondan sonra bütün şiələr ona ehtiram edərdi və özü də tarixdə cəsur və azad bir şair kimi tanındı. Onun dəyərli şeirlərindən olan bəzi misraların tərcüməsi belədir:
Peyğəmbər övladının yıxılmış evini görüncə ağladım;
Yiyələrinin qovulub münafiqlərin onların yerində oturduğu evlər;
Quran təfsiri söylənib vəhyin nazil olduğu evlər İndi cinayətkarların zülmləri ucubatından,
Quran səsindən məhrum qalıb.
Evin yiyələri Peyğəmbərin mirası və ümmətin ən yaxşı adamları sayılırdı;
Yoxsullara yardım edən kişilər.
Onların sərvətinin zülmkarlar əlində olduğunu, onların bərəkətli əllərinin boş qaldığını gördüm.
Kufə, Mədinə, Kərbəla və Fəxdə yatan imamlıq səmasinin ulduzlarına, İslam yolunda öz canından keçən ulduzlara salam göndərirəm.
Bağdadda bir qəbir vardır, orada pak və mübariz bir can yatıbdır;
O qəbir cənnətin otaqlarından biridir.
Debəl deyir: “Bura çatanda həzrət Riza (ə) belə buyurdu: ”Mən də sənin qəsidənə bir beyt əlavə edirəm ki, kamil olsun:
Tus şəhərində də bir qəbir vardır. Bu qəbir böyük bir müsibət sahibidir və qiyamətə qədər ürəkləri yandırıb, nalələri yüksəldər.

(İmamın (ə) özünün şəhid olub Tusda dəfn ediləcəyini xəbər verməsi o həzrətin böyük möcüzələrindən biri sayılır).

İMAMIN ŞƏHİD OLMASI
Şəhid olduğu gecə İmam (ə) yuxuda babası Peyğəmbərin (s) ona belə buyurduğunu görmüşdü: “Sabah bizim yanımıza gəl! Bizim yanımızda olan, içində olduğundan daha yaxşıdır.”
Hərsəmə belə deyir: “Gecə yarısı İmam (ə) məni hüzuruna çağırıb belə buyurdu: “Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, mən şəhid olduqdan sonra o, mənə qüsl verməyəcək. Ona belə de: Bu işi görmə, yoxsa Allah sənə möhlət verməz! Elə bu vaxt heç kimin görüb bilmədiyi şəkildə oğlum Mədinədən gəlib mənə qüsl verib kəfən edəcək. Sonra mənim cəsədimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxa tərəfində dəfn etmək istəyəcək, lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və orada şəffaf su qaynayıb daşacaq, suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin! Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, əlavə iş görülsün, yoxsa Allah sizə əzab verib cəzalandərar.”
Nəhayət Məmun o həzrəti (ə) Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərlədi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Əbasəltə belə buyurdu:
–Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma! Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm.”
İmam (ə) şəhid olmazdan qabaq Məmun Həzrətin yanına gəldi. İmam (ə) gözlərini açıb ona belə dedi: “Oğlum Mühəmməd Təqi ilə yaxşı rəftar et! Çünki səninlə onun vəfatı bir-birinə yaxındır.”
İmam Rizanın (ə) pak bədənini Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa tapşırdılar. Bu faciə 203-cü hicri ili Səfər ayının son günündə, İmam (ə) 55 yaşında ikən baş verdi.
İmamın şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi. Məmun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Məmun İmamın qatilidir. Məmun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz İmamın meyidini evdən çıxartmağa icazə vermədi. O, həmçinin öz adamlarını İmamın öz əcəli ilə öldüyü xəbərini yayıb Məmunun bu işdə əli olmadığını elan etmək üçün xalqın arasına göndərdi. Lakin bütün bu səylərə baxmayaraq o, özünü günahsız göstərməyə nail olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM RZA (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!