İMAM RZA(Ə)IN HƏYATINA QISA BİR BAXIŞ

:

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
İmam Rza əleyhissalam hicri qəməri tarixi ilə 148-ci il, Zi-Qə`də ayının 11-i dünyaya göz açıb. Anası “Tüktəm” adında fəzilətli bir xanım idi ki, İmam Rza (ə) dünyaya gələndən sonra atası İmam Kazim (ə) o xanıma “Tahirə” (pak qadın) adını verdi.
İmam Rzanın (ə) künyəsi Əbəl Həsən ləqəbi isə “Rza” idi. O əziz atasının zindanda şəhadətindən sonra (h.q 183-cü il) 35 yaşında imamət məqamını və ümmətə rəhbərliyi öz öhdəsinə götürdü.

O həzrətin imamət müddəti, iyirmi il oldu ki, onun on ili “Harun Ər-Rəşidin” xilafəti ilə beş ili “Muhəmməd Əmin”in xilafəti ilə və yerdə qalan beş ilini isə “Abdullahul-Məmun” ilə eyni dövrə təsadüf edir.
İmam Rza (ə), Məmunun xilafətinin başlanğıcına qədər doğma vətəni müqəddəs Mədinə şəhərində qaldı. Lakin məmun hakimiyyətə çatdıqdan sonra Həzrəti Xorasana dəvət etdi və beləliklə hicrətin 203-cü ilində (55 yaşında) Məmun tərəfindən şəhid edilərək orada dəfn olundu.

MƏMUN İMAM RZAN(Ə)I NƏ ÜÇÜN XORASANA DƏVƏT ETDİ?
Məmun əvvəlcə İmamı (ə) ehtiramla xilafətin mərkəzi Xorasana dəvət etdi. İmam (ə) Məmunun dəvətini qəbul etmədi bundan sonra Məmun çox təkid etdi və İmamı (ə) dəvət etmək üçün ona çoxlu məktublar göndərdi. Nəhayət İmam (ə) bir dəstə Əbu Talibin ailəsi ilə birgə Mərvə tərəf yollandı.
Məmun “Cəludi” başqa bir rəvayətə əsasən “Rəca ibn Əbi Zəhhak” adli bir nəfəri məmur etmişdi ki, İmam (ə) və yoldaşlarını ehtiramla Xorasana gətirsin. Lakin buna baxmayaraq İmam (ə) camaat bilsin deyə bu səfərdən narazı qaldığını onlara bildirirdi. İmam (ə) Mədinədən çıxmaq istədiyi gün ailəsini ətrafına toplayıb onlardan özü üçün ağlamasını istəyərək buyurdu: mən daha ailəmin yanına qayıtmayacağam. Sonra həzrət Peyğəmbər (s) ilə vidalaşmaq üçün Peyğəmbər məscidinə daxil oldu. Həzrət dəfələrlə vidalaşıb yenə də Peyğəmbərin (s) qəbrinin yanına gəlib uca səslə ağladı.
“Məxul Sistani” deyir: bu halda həzrətin yanına gəlib salam verdim və səfərin xeyirli olsun dedim. Həzrət buyurdu: Ey Məxul! Mənə yaxşı bax, cəddimin yanından uzaqlaşıram və qürbətdə canımı tapşıraram və Harunun yanında dəfn olunacam!
İmamın (ə) getdiyi yol Mədinədən Mərvə qədər Məmunun göstərişinə əsasən Bəsrə, Əhvaz və Fars şəhərindən keçirdi. Ola bilsin Məmun belə göstəriş verməkdə məqsədi bu idi ki, Küfə, Kirmanşah və Qum kimi şiələrin yaşadığı məntəqələrdən keçməsi Məmunun mövqeyinə xələl gətirə bilərdi.
İmam (ə) Şəvval ayının onu Mərvə çatır. Amma İmam (ə) Şəhərə bir neçə fərsəng qalmış Məmun, Fəzl ibn Səhl və Ali Abbasın böyüklərindən bir dəstə insan Həzrəti (ə) qarşılayaraq ehtiramla şəhərə daxil edirlər. Məmunun göstərişi ilə rifah və asayiş üçün lazım olan hər bir vasitə İmam (ə) üçün hazırlandı. Bir neçə gündən sonra İmam (ə) və Məmun arasında müzakirələr başladı və Məmun xilafəti birbaşa İmamın (ə) ixtiyarında qoymağı o həzrətə təklif etdi. Lakin İmam (ə) bu təklifi rədd etdi. Fəzl, Səhlə deyirdi: Heç vaxt həmin gün qədər xilafəti dəyərsiz və zəlil görməmişdim ki, Məmun, İmam Rzaya (ə) xilafəti tapşırırdı lakin o qəbul etmirdi. Məmun da ola bilsin öncədən hiss etmişdi ki, İmam (ə) bu təklifi rədd edəcək buna görə də dedi: madam ki, bu cürdür onda “Vəliyyi-əhd”liyi qəbul et. İmam (ə) buyurdu: bu işdən də məni üzürlü say. Bundan sonra Məmun öz iç üzünü göstərməyə başladı və İmamı (ə) təhdid edərək belə dedi: Ömər ibn Xəttab öləndə şuranı altı nəfərin arasında qoydu ki, o altı nəfərdən biri də İmam Əli (ə) idi. Sonra belə tövsiyyə etdi ki, kim bu işlə müxalifət etsə onun boynu vurulsun! Siz də mənim təklifimi qəbul etməlisiniz. Çünki mən bundan başqa çarə görmürəm. Məmun daha da əsil üzünü görsədərək əlavə etdi ki; həmişə mənim istəyimin əksinə gedirsən və mənim qüdrətimdən özünü amanda görürsən. Allaha and olsun ki, vilayət əhdini qəbul etməsən səni bu işə məcbur edəcəyəm yenə razı olmasan səni qətlə yetirəcəyəm.
Bundan sonra İmam (ə) çarəsiz qalıb buyurdu: “Mən bu şərtlə sənin vilayət əhdini qəbul edəcəyəm ki, heç vaxt mülk və məmləkət işlərinin başında olmyım. Qəzavət, fətva və bu kimi xilafət işlərinin heç bir işinə dəxalət etməyim.

İMAM (Ə) NƏ ÜÇÜN VİLAYƏT ƏHDİNİ QƏBUL ETDİ?
Tarixə nəzər salsaq görərik ki, İmam (ə) o zaman vəliyyi əhdi qəbul etdi ki, artıq canı heç bir fayda vermədən fövtə gedərdi. Yəni öz canını heç nədən əldən verməkdən əlavə onu sevənlər və ələvilərin canı da təhlükəyə düşərdi. Buna görə də özünün, şiələrin və onu sevənlərin canını qorumaq İmama (ə) lazım idi. Çünki, İslam ümmətinin şiələrin vücuduna və onlar vasitəsilə məsələlərdən agah olmasına ehtiyacları vardı. Onların qalması zəruri idi çünki onlar camaata yol göstərməli və şübhələr zamanı problemlərin həlli üçün rəhbərlik etməli idi.
Bəli Həzrət (ə) əgər vəliyyi əhdliyi öhdəsinə götürməsə idi öz canı və bütün şiələrin canı təhlükədə idi. Burada sual olunar ki, İmam Hüseyn (ə) bəs öz və şiələrinin canında keçdi nə üçün İmam Rza (ə) keçmədi? Cavab budur ki, əvvala İmam Rzanın (ə) şəraiti İmam Hüseynin (ə) şəraiti kimi deyildi, çünki hamı Yezidi şərab içən kimi tanıyır lakin Məmuna gəldikdə zahirdə özünü mömin kimi aparmağı bacarır və hətta fiqh elmini bilir, elmi münazirələr və mübahisələr etməklə camaat onu mömin sanırdı. Məhz buna görə də əgər İmamı (ə) və şiələri öldürsəydi hamı elə bilərdi ki, doğurdan da düzgün mövqe seçib və İslam xilafətinə qarşı olanları aradan aparıb.
Bundan əlavə İmam Rza (ə) ona görə vəliyyi əhdi qəbul etdi ki, camaat görsün ki, Peyğəmbər (s) ailəsi də siyasət meydanındadır və Peyğəmbər (s) ailəsi unudulmamalı və həmçinin güman etməsinlər ki, onlar təkcə fiqh və din alimləridir. Xeyir onlar din alimi olmaqla yanaşı bütün digər fəzilətlər də Peyğəmbər (s) ailəsində mövcuddur və üstəlik hamısından yaxşı bacarırlar hər bir sahəni.
İbn Ərəfə həzrət İmam Rzadan (ə) soruşdu: Ey Allah rəsulunun övladı! Hansı hədəflə vəliyyi əhd macərasına daxil oldunuz? İmam (ə) cavab verdi: cəddim əmirəl-möminin Əlinin (ə) şuraya daxil olmağa vadar edən hədəf ilə.
Bun deyilənlərin hamısından əlavə İmam (ə) öz vəliyyi əhdliyi dövründə Məmunun əsil simasını bütün camaata tanıtdırdı və Məmunun niyyətini və gördüyü işləri ifşa etməklə camaatın zehnində olan bütün şübhələri yuyub aradan apardı.

Tags: ƏHLİ-BEYT (ə), İMAM RZA (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!