İMAM ƏLİNİN (Ə) HƏYATI - VIII hissə

:

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ

Nəhrəvan müharibəsindən sonra “xaricilər”adlı bir qrup Məkkədə hər gün yığıncaqlar təşkil edib,  Nəhrəvanda ölənlər üçün ağlayırdı.

Bir gün onlar öz aralarında belə fikrə gəldilər ki, “Oturub ağlamağın mənası yoxdur. İslam hökumətini çevirib,  qardaşlarımızı öldürən adamları məhv etməliyik. Əvvəlcə Əli, Müaviyə və Əmr ibn Ası öldürmək lazımdır.“ Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda İbn Mülcəm ayağa qalxıb, “Mən Əlini öldürəcəyəm“ – dedi. Daha sonra Əmr ibn Bəkri Təmimi “Mən də Əmr ibn Ası öldürəcəyəm” – söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.

Onların üçü də and içib mübarək Ramazan ayının 19-nu planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar.Təəssüflər olsun ki, o iki nəfər işlərində müvəffəq olmadı, amma İbn Mülcəm müvəffəq oldu.

İbn Mülcəm Kufəyə gəlib Əlinin (ə) düşmənləri ilə əlaqə yaradaraq  Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.

Bir gün Əli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. İbn Mülcəm özünü gizlətmək istədisə də, Əli (ə)onu görüb belə buyurdu: “Kufəyə nəyə görə gəldiyini bilirəm.“

Bu sözləri eşidən İbn Mülcəm qorxdu və ayaqları titrəməyə başladı. Əliyə (ə) belə dedi: “Onda ey Əli, əmr et ki, məni öldürsünlər, ya zindana atsınlar, ya da sürgün etsinlər.”

Əli (ə) ona baxıb belə dedi: “Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilərəm. Amma İslam dini cinayətdən qabaq qisası, öldürməyi rəva görmür. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən.“

Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da İbn Mülcəm namazda səcdə halında olan Həzrət Əlinin (ə) başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb Həzrət Əlini(ə)  şəhid edərək İslam dünyasını matəmə qərq etdi. Əlinin (ə) mehrabdakı “And olsun Allaha ki, artıq qurtuldum!” səsinin dalınca mələk Cəbrayılın səsi yüksəldi.

Camaat Əlinin (ə) qatilini tutub İmam Həsən Müctəbaya (ə) təhvil verdi. İmamın (ə) yaralı bədənini isə öz evinə apardılar.

İmam Əli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: “Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın! Əgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın!”

Amma əfsus ki, Əli (ə) daha yaşamadı və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəf-əşrəf şəhərində torpağa tapşırıldı.

Kitаbın аdı: On dörd məsumu tanıyaq

Tәrcümә еdәn: A. Fəsihi

Mətni səsləndirdi: TURAN MƏMMƏDLİ
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!