İMAM ƏLİNİN (Ə) PEYĞƏMBƏRİ-ƏKRƏM (S) TƏRƏFİNDƏN CANİŞİN SEÇİLMƏSİ

:

Sual: İmam Əli (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən xəlifə və ya layiqli bir şəxs kimi tanıtdırılıbmı?

İmam Əlinin (ə) rəhbərlik və canişinlik məsələsi elə Peyğəmbəri-Əkrəmin (s) dövründən irəli sürülmüş və o həzrət belə mühüm məsələni heç vaxt qaranlıq qoymamışdır. O həzrətin vəfatından sonra rəhbərlik və canişinlik məsələsi əməli mərhələyə çatdıqda, bu aydın məsələ bir sıra amillər ucbatından müsəlmanlar arasında fikir ayrılığına və müxtəlif sualların meydana çıxmasına səbəb oldu. Təəssüflər ki, bəzən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə meydanına çevrilmişdir. Bəzi teoloqların dediyi kimi, vilayət və imamətlə bağlı qılınc çəkildiyi qədər İslamda qılınc çəkilməmişdir! Məhz bu səbəbdən də, ən çox kitab İslamın köklü əqidə üsullarından olan bu məsələ barədə yazılmış və mövzu bütün incəlikləri ilə maraqlananların ixtiyarına verilmişdir.
Məsum imamlar (ə) və din alimlər Qurani-Kərimin ayələrinə, Peyğəmbərin (s) sünnəsinə və tarixi şahidlərə istinad edərək müxaliflər tərəfindən irəli sürülən bütün sual və şübhələri cavabsız qoymamış, bütün incəlikləri ilə açıqlamışlar. Odur ki, uyğun sual bu mövzu ilə bağlı digər suallarla yanaşı irəli sürülmüşdür.
Cavab: Bu sual həqiqətdə, iki qisimdən ibarətdir və onun cavabında üç ehtimal vardır:
1. Sualın hər iki qismi həyatda baş verməmişdir;
2. Sualın iki qismindən biri həyatda baş vermişdir;
3. Sualın hər iki qismi həyatda baş vermişdir.
Həqiqətdə, Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əlini (ə) özündən sonra həm xəlifə və canişin, həm də layiqli şəxs kimi tanıtdırmışdır. O həzrətin (s) buyurduğu hədislərə əsaslanaraq imam Əmirəlmöminin Əlinin (ə) hər iki qismə malik olduğunu qısa şəkildə araşdırırıq:
1. İmam Əlinin (ə) layiqli şəxs kimi tanıtdırılması: İmam Əli (ə) başqalarında olmayan misilsiz şəxsiyyətə və spesifik xüsusiyyətlərə malikdir. O həzrətin bütün fəzilət və xüsusiyyətlərinə yalnız mütəal Allah və İslam Peyğəmbəri (s) agahdır. Peyğəmbəri-Əkrəm (s) bu haqda buyurmuşdur: “Ey Əli, Allahdan və məndən (Peyğəmbər) başqa heç kim səni olduğu kimi tanıya bilməz.”1
a) İmam Əli (ə) insanların ən yaxşısıdır: Peyğəmbəri-Əkrəm (ə) İmam Əlini (ə) insanların ən yaxşısı adı ilə tanıtdırmış və buyurmuşdur: “Əli insanların ən yaxşısıdır, hər kəs buna şəkk etsə, kafirdir!”2
b) İmam Əli (ə) insanların ən elmlisidir: İmam Əli (ə) insanların ən elmlisi və İslam ümmətinin ən yaxşı qazisidir. Peyğəmbəri-Əkrəm (s) bu haqda buyurmuşdur: “Məndən sonra ümmətimin ən elmlisi Əbu Talibin oğlu Əlidir.”3 Başqa bir hədisdə belə buyurmuşdur: “Əbu Talibin oğlu Əli Allaha və camaata qarşı insanların ən elmlisidir. O, “La ilahə illəllah” əhlini (möminləri) hamıdan çox sevir və əziz bilir.”4 İslam Peyğəmbəri (s) imam Əlinin qəzavəti və mühakimə yürütməsi haqda belə buyurmuşdur: “Əli məndən sonra ümmətimin ən yaxşı qazisi və ən bilikli alimidir.”5
c) Haqq imam Əli (ə) ilədir: İmam Əmirəlmöminin Əli (ə) ilə haqq arasında fasilə və ayrılıq yoxdur. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Əli haqq ilə, haqq da Əli ilədir. Onlar qiyamət günü “hovuz” (Kövsər) kənarında mənə qovuşana qədər heç zaman bir-birindən ayrılmazlar.”6
ç) Quran imam Əli (ə) ilədir: İmam Əmirəlmöminin Əli (ə) ilə Quran arasında da əsla fasilə və ayrılıq yoxdur. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Əli Quranla, Quran da Əli ilədir və “hovuz” (Kövsər) kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar.”7
d) İmam Əliyə (ə) sevgi iman nişanəsidir: İslam Peyğəmbərinin (s) nəzərində imam Əmirəlmöminin Əliyə (ə) məhəbbət bəsləmək möminlə münafiqi tanımağın meyarıdır. Belə ki, buyurmuşdur: “Ey Əli, mömin şəxs sənə düşmən olmaz və münafiq də səni sevməz.”8
e) İmam Əlinin (ə) elmi: İslam Peyğəmbərinin (s) elm və hikmət şəhərinə girmək istəyən şəxs, mütləq onun qapısından girməlidir. O həzrətin elm və hikmət şəhərinin qapısı imam Əmirəlmöminin Əlidir (ə). İslam Peyğəmbəri (s) buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.”9
Həmçinin başqa bir hədisdə belə buyurmuşdur: “Mən hikmət eviyəm, Əli isə onun qapısıdır!”10 Şübhəsiz, kim bir evə girmək istəsə, mütləq onun qapısından daxil olmalıdır; necə ki, Qurani-Kərimdə buyurulur: “Evlərə qapılarından daxil olun!” Demək, hər kim İslam Peyğəmbərinin (s) elm və hikmət xəzinəsinə yol tapmaq istəyirsə, mütləq imam Əlidən (ə) başlamalı və bu xəzinənin açarını ondan almalıdır.
ə) İmam Əli (ə) fəzilətlər ocağıdır: Aləmdə seçilmiş bəndələr sırasında fəzilətlər ocağı, övliyalar öndəri, rəsullar varisi, Allahın misilsiz məxluqu adını daşıyan imam Əmirəlmöminin Əlidir (ə). Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs Adəmin elmini, Nuhun təqvasını, İbrahimin səbrini, Musanın heybətini və İsanın ibadətini görmək istəyirsə, Əbu Talibin oğlu Əliyə baxsın!”11
f) İmam Əlinin (ə) saysız-hesabsız fəzilətləri: İmam Əmirəlmöminin Əlinin (ə) fəzilətlərini saymaqla qurtarmaq olmaz. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər bütün ağaclar qələm, dənizlər mürəkkəb, cinlər mühasib, insanlar yazıçı olsalar da, Əbu Talibin oğlu Əlinin (ə) fəzilətlərini sayıb qurtara bilməzlər.”12
2. İmam Əlinin (ə) xəlifə və canişin təyin edilməsi: Peyğəmbəri-Əkrəm (s) müxtəlif yerlərdə imam Əlini (ə) özündən sonra canişin seçmişdir ki, biz burada qısa şəkildə ona toxunacağıq:
a) İmam Əlinin (ə) canişinliyi: Peyğəmbəri-Əkrəm (s) “besət”in (peyğəmbərliyinin) üçüncü ilində وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ (Ən yaxın qohumlarını qorxut!)13 – ayəsi nazil olduqdan sonra qırx nəfərdən ibarət olan Əbdülmüttəlib övladlarını bir yerə yığdı və onlara qonaqlıq süfrəsi açdı. Ertəsi gün yenə onları bir yerə yığıb, süfrə başına dəvət etdi. Bu vaxt onları həm qorxudub, həm də müjdələyərək buyurdu: “Sizdən hansı biriniz mənə beyət etmək və iman gətirməklə mənim qardaşım, dostum və varisim olmaq istəyir?” Məclisə sükut çökdü. İmam Əli (ə) ayağa durub dedi: “Ey Allahın Rəsulu, mən bu işə hazıram!” Peyğəmbər (s) buyurdu: “Əyləş.”
Həzrət ikinci dəfə də sözünü təkrar etdi. İmam Əlidən (s) başqa heç kim müsbət cavab vermədi. Peyğəmbər (s) imam Əliyə buyurdu: “Əyləş.” Həzrət üçüncü dəfə sözünü təkrar etdikdə, yenə imam Əli (ə) ayağa qalxıb, o həzrətə yardımçı olacağına bildirdi. Bu zaman Peyğəmbər (s) buyurdu: “Bu Əli sizin aranızda mənim qardaşım, vəsim, varisim və xəlifəmdir. Onun sözünü eşidin və əmrinə itaət edin!”14
b) İmam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) Mədinədə canişini: Peyğəmbər-Əkrəm (s) “Təbuk” müharibəsinə gedərkən, imam Əlini (ə) Mədinədə öz yerinə qoydu. İmam Əli (ə) dedi: “Ey Allahın Rəsulu! Məni Mədinədə qadın və uşaqlarla birgə qoyub gedirsən?” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Razı olmazsanmı ki, səninlə mənim nisbətim Harunla Musanın nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur.”15
c) İmam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) Qədir-Xumda canişini: Bütün təfsirçilər الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا... (Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim!)16 – ayəsinin Peyğəmbəri-Əkrəmin (s) vəfatından bir neçə ay qabaq “vida həcci”ndə nazil olduğunu demişlər. Mütəal Allahالْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ (Bu gün kafirlər dininizdən naümid oldular. Onlardan qorxmayın, Məndən qorxun!)17 – ayəsində kafirlərin İslamı məhv edə bilmədiklərindən naümid olduqlarını bəyan etdikdən sonra təkidlə buyurur ki, bu gün dininizi təkmilləşdirdim və nemətimi sizə tamamladım.
Bu ayənin nazil olma səbəbi ilə əlaqədar bir çox rəvayətlərə diqqət yetirdikdə, məlum olur ki, Peyğəmbəri-Əkrəm (s) Allah-Taala tərəfindən özünə canişin və ümmətə rəhbər seçməklə din təkmilləşmiş, ilahi nemət tamamlanmışdır və kafirlər İslamı məhv etmək üçün ümidlərini üzmüşlər. İslam düşmənləri Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra, xüsusilə, o həzrətin oğlu olmadığını nəzərə alaraq İslamın rəhbərsiz qalıb məhv olacağını gözləyirdilər. Lakin o həzrət özünə canişin seçməklə İslam dini təkmilləşdi və Allahın neməti tamamlandı.18
Peyğəmbəri-Əkrəm (s) “vida həcci”ndən qayıdarkən, Qədir-Xum məntəqəsinə çatdıqda, hacıların dayanması üçün göstəriş verdi. Sonra geniş xütbə söyləyərək imam Əlini (ə) özünə canişin seçdi. Bundan sonra hacılar Əliyə (ə) yaxınlaşıb, onunla beyət etdilər.
Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisini yüz on səhabə, səksən dörd tabein və üç yüz altmış məşhur alimdən nəql etmiş və onu tarixin “təvatür” həddinə çatmış hadisələrindən saymışdır. Odur ki, onun sənədində əsla şəkk-şübhə yoxdur.
BAŞQA HƏDİSLƏR
1. Həməvini kimi əhli-sünnə alimlərindən nəql olunan rəvayətlərdə belə deyilir: “İmam Əli (ə) ümmətə imam və rəhbər seçildikdən sonra Əbu Bəkr və Ömər Peyğəmbəri-Əkrəmdən (s) “(Ümmətə) imam və rəhbərlik məqamı yalnız Əliyə (ə) məxsusdurmu?” – deyə soruşduqda, Həzrət buyurdu: “Bəli, Əliyə və qiyamət gününə qədərki vəsilərimə məxsusdur.” Soruşdular: “Vəsiləriniz kimlərdir?” Buyurdu: “Ümmətim arasında qardaşım, vəzirim, varisim, canişinim olan Əli məndən sonra hər bir möminin vəlisi, imamıdır. Ondan sonra oğlu Həsən, sonra Həsənin qardaşı Hüseyn, sonra isə Hüseynin övladlarından doqquz nəfəri biri digərindən sonra gələcəklər. Quran onlarla, onlar da Quranladır və qiyamət günü “hovuz”un (Kövsər) kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqlar.”19
Bu hədisə əsasən, Peyğəmbəri-Əkrəm (s) birinci və ikinci xəlifənin cavabında imam Əli (ə) və ondan sonrakı imamların xilafət və canişinliyini açıq-aşkar bildirmişdir.
2. “Nisa” surəsinin 59-cu ayəsi –يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” – nazil olub, “əmr sahibləri”nə itaəti mütləq şəkildə vacib etdi. Onlara itaətin Peyğəmbəri-Əkrəmə (s) itaətlə bir səviyyədə olduğunu açıqladı. Cabir ibn Abdullah Ənsari Peyğəmbəri-Əkrəmdən (s) soruşdu: “Ey Allahın Rəsulu, itaəti sənin itaətinlə birgə qeyd olunan “əmr sahibləri” kimlərdir!” Həzrət (s) buyurdu: “Ey Cabir, onlar məndən sonra canişinlərim və müsəlmanların rəhbərləridir. Onların birincisi Əbu Talibin oğlu Əli, ondan sonra onun iki oğlu Həsən və Hüseyn, sonra Əli ibn Hüseyn Zeynəlabidin, sonra “Tövrat”da Baqir adı ilə qeyd olunmuş Məhəmməd ibn Əlidir. Ey Cabir! Yaxın gələcəkdə onu görəcəksən. Onu gördükdə, salamımı çatdırarsan. Ondan sonra Cəfər ibn Mühəmməd, sonra Musa ibn Cəfər, sonra Əli ibn Musa, sonra Mühəmməd ibn Əli, sonra Əli ibn Mühəmməd, Həsən ibn Əli və ondan sonra adı və künyəsi mənim adım və künyəmlə eyni olan, Allahın yer üzündə “höccət”i (dəlili), bəndələri arasında qalanı Həsən ibn Əlinin oğludur...”20
Bu hədisdə də Peyğəmbəri-Əkrəmdən (s) sonra imam Əlinin (ə) və digər imamların (ə) imamət və xilafəti açıq-aydın bəyan olunmuş və onların hər birinin adı çəkilmişdir.
3. Peyğəmbəri-Əkrəm (s) məşhur “Şəbaniyyə” xütbəsində özündən sonra imam Əmirəlmöminin Əlinin xilafət və canişinliyi haqda belə buyurmuşdur: “Allah-Taala məni və səni Öz nurundan yaratmış, sonra məni peyğəmbərliyə, səni isə imamətə seçmişdir. Həqiqətən, sənin imamətini inkar edən mənim peyğəmbərliyimi inkar etmişdir. Ey Əli, sən mənim vəsim, varisim, övladlarımın atası, qızımın həyat yoldaşısan! Sənin əmrin mənim əmrim, qadağan isə mənim qadağamdır. Məni peyğəmbər və xeyirxahların yaxşısı seçən Allaha and olsun, sən Allahın məxluqatı üzərində “höccət”i (dəlili), sirrinin əmanətdarı və bəndələri arasında canişinisən!”21
Bu xütbəyə əsasən, Peyğəmbəri-Əkrəmdən (s) sonra imam Əlinin (ə) imamət və canişinliyini danmaq o həzrətin peyğəmbərliyini danmaqdır; imam Əlinin (ə) əmr və qadağası o həzrətin əmr və qadağasıdır. Bu hədisdə Allah tərəfindən imam Əlinin (ə) imamət və canişinliyə seçilməsi açıq-aşkar göstərilmişdir.
NƏTİCƏ
Şiə və sünni mənbələrini diqqətlə araşdırdıqda, görürük ki, Peyğəmbəri-Əkrəm (s) özündən sonra imam Əlini (ə) həm layiqli şəxs, həm də xə lifə və canişin kimi İslam ümmətinə tanıtdırmışdır. O həzrətin Peyğəmbəri-Əkrəm (s) tərəfindən müsəlmanlara tanıtdırılması tamamilə məntiqə uyğundur. Çünki Peyğəmbəri-Əkrəmdən (s) sonra ümmətin rəhbərliyinə layiq şəxs yalnız imam Əli (ə) və məsum övladlarıdır.
Əlbəttə ki, Peyğəmbəri-Əkrəmin (s) imam Əlini (ə) özündən sonra imam, xəlifə və layiqli şəxs kimi tanıtdırması, onun spesifik fəzilət və xüsusiyyətlərini bəyan etməsi xalqın o həzrətin fəzilət və xüsusiyyətlərindən agah olmadığı mənasında deyildir. İmam Əlinin (ə) həqiqi şəxsiyyətini yalnız Allah və Peyğəmbəri-Əkrəm (s) tanıya bilər. İmam Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) dövründə müxtəlif sahələrdə əməli ilə layiqli bir şəxs olduğunu hamıya göstərmişdir. Peyğəmbəri-Əkrəm (s) onun canişinliyinə qarşı çıxanlara etiraz və bəhanə yeri qoymamaq üçün onu müxtəlif yerlərdə özündən sonra həm layiqli şəxs, həm də imam və canişin kimi tanıtdırmışdır.
Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Biharul-ənvar”, Əllamə Məhəmmədbaqir Məclisi, 39-cu cild, səh.84.
2. “Kənzül-ümmal”, Ələddin Əli Müttəqi ibn Hisaməddin Müttəqi Hindi, təhqiq: Şeyx Bəkri Həyati, 11-ci cild, səh.625, hədis: 33045; “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, Əli ibn İsa Ərbili, 1-ci cild, səh.155.
3. “Kənzül-ümmal”, Ələddin Əli Müttəqi ibn Hisaməddin Müttəqi Hindi, təhqiq: Şeyx Bəkri Həyati, 11-ci cild, səh.615 hədis: 32977; “Əl-mənaqib”, Müvəffəq ibn Əhməd Xarəzmi, təhqiq: Şeyx Malik Məhmudi, səh.82; “Fəraidüs-səmteyn fi fəzailil-Mürtəza vəl-Bətuli vəs-sibteyni vəl-əimməti min zürriyyətihim”, İbrahim ibn Məhəmməd Cüveyni Həməvini, təhqiq: Məhəmməd Baqir Məhmudi, 1-ci cild, səh.97; “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, Əli ibn İsa Ərbili, 1-ci cild, səh.111.
4. “Kənzül-ümmal”, Ələddin Əli Müttəqi ibn Hisaməddin Müttəqi Hindi, təhqiq: Şeyx Bəkri Həyati, 11-ci cild, səh.625 hədis: 32980.
5. “Əl-Əmali”, Məhəmməd ibn Əli Səduq, səh.440, hədis: 20; “Əl-mənaqib”, Müvəffəq ibn Əhməd Xarəzmi, təhqiq: Şeyx Malik Məhmudi, səh.81, hədis: 66; “Əl-müstədrəkü ələs-səhiheyn”, Məhəmməd ibn Məhəmməd Hakim Nişapuri, təhqiq: Doktor Yusif Məşəli, Beyrut, “Darul-mərifət” nəşriyyatı, 3-cü cild, səh.135; “Zəxairül-üqba fi mənaqibi zəvil-qürba”, Əhməd ibn Abdullah Təbəri, səh.83; “Ət-təbəqatül-kübra”, İbn Səd, 2-ci cild, səh.338; “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, Əli ibn İsa Ərbili, 1-ci cild, səh.111.
6. “Tarixi-Dəməşq – imam Əli ibn Əbu Talibin (ə) həyatı)”, Əbülqasim Əli ibn Həsən ibn Əsakir, təhqiq: Məhəmmədbaqir Məhmudi, 3-cü cild, səh.117; “Əs-səvarimül-mühriqə fi nəqdis-səvaiqül-mühriqə”, Qazi Nurullah Tüstəri, təhqiq: Seyid Cəlaləddin Mühəddis, səh.148; “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.104.
7. “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.104; “Əl-camiüs-səğir”, Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr Süyuti, 2-ci cild, səh.177.
8. “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, 18-ci cild, səh.173; “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.56; “Müsnədi-Əhməd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh.84; “Sünəni-Nisai”, Əhməd ibn Şüeyb Nisai, 2-ci cild, səh.116; “Əl-mocəmül-kəbir”, Süleyman ibn Əhməd Təbərani, təhqiq: Həmdi Əbdülməcid Sələfi, 2-ci cild, səh.321; “Sünəni-Termizi”, Məhəmməd ibn İsa Termizi, təhqiq: Əbdülvahab Əbdülvəhid, 5-ci cild, səh.306; “Lisanül-mizan”, Şəhabəddin Əbülfəzl Əhməd ibn Əli ibn Həcər Əsqəlani, 2-ci cild, səh.446.
9. “Kənzül-ümmal”, Ələddin Əli Müttəqi ibn Hisaməddin Müttəqi Hindi, təhqiq: Şeyx Bəkri Həyati, 11-ci cild, səh.615 hədis: 32979; “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.84; “Əl-mənaqib”, Müvəffəq ibn Əhməd Xarəzmi, təhqiq: Şeyx Malik Məhmudi, səh.200; “Kəşfül-ğita”, Şeyx Cəfərül-Qita Kaşifül-Qita, 1-ci cild, səh.11; “Əl-əmali”, Məhəmməd ibn Əli Şeyx Səduq, səh.561; “Əlamül-vəra”, Əminül-İslam Fəzl ibn Həsən Təbərsi, səh.159; “Əl-mocəmül-kəbir”, Süleyman ibn Əhməd Təbərani, təhqiq: Həmdi Əbdülməcid Sələfi, 11-ci cild, səh.55; “Lisanül-mizan”, Şəhabəddin Əbülfəzl Əhməd ibn Əli ibn Həcər Əsqəlani, 21-ci cild, səh.197; “Əs-səvarimül-mühriqə fi nəqdis-səvaiqül-mühriqə”, Qazi Nurullah Tüstəri, təhqiq: Seyid Cəlaləddin Mühəddis, səh.132; “Əl-camiüs-səğir”, Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr Süyuti, 1ci cild, səh.415; “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, Əli ibn İsa Ərbili, 1-ci cild, səh.111.
10. “Kənzül-ümmal”, Ələddin Əli Müttəqi ibn Hisaməddin Müttəqi Hindi, təhqiq: Şeyx Bəkri Həyati, 11-ci cild, səh.600 hədis: 32889; “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.84; “Lisanül-mizan”, Şəhabəddin Əbülfəzl Əhməd ibn Əli ibn Həcər Əsqəlani, 4-cü cild, səh.144; “Əl-Mənaqib”, Müvəffəq ibn Əhməd Xarəzmi, təhqiq: Şeyx Malik Məhmudi, səh.83; “Əl-müstədrəkü ələs-səhiheyn”, Məhəmməd ibn Məhəmməd Hakim Nişapuri, təhqiq: Doktor Yusif Məşəli, 3-cü cild, səh.126; “Əs-səvarimül-mühriqə fi nəqdis-səvaiqül-mühriqə”, Qazi Nurullah Tüstəri, təhqiq: Seyid Cəlaləddin Mühəddis, səh.133; “Əl-camiüs-səğir”, Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr Süyuti, 1ci cild, səh.415, hədis: 2705; “Sünəni-Termizi”, Məhəmməd ibn İsa Termizi, təhqiq: Əbdülvahab Əbdülvəhid, 5-ci cild, səh.301; “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, Əli ibn İsa Ərbili, 1-ci cild, səh.111.
11. “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, Əli ibn İsa Ərbili, 1-ci cild, səh.111.
12. “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.14484; “Lisanül-mizan”, Şəhabəddin Əbülfəzl Əhməd ibn Əli ibn Həcər Əsqəlani, 5-ci cild, səh.62.
13. “Şüəra” surəsi, ayə 214.
14. Əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı mənbələrə müraciət etsinlər: “Əl-qədir”, Əllamə Əmini; “Tarixi-Təbəri”, Məhəmməd ibn Cərir Təbəri, 2-ci cild, səh.62-63; “Əl-kamilü fit-tarix”, Əli ibn Əbülkərəm Məhəmməd ibn Əsir, 2-ci cild, səh.41-42; “Müsnədi-Əhməd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh.111; “Şərhi Səhihi-Buxari (“Fəthül-barinin müqəddiməsi)”, Şəhabuddin ibn Həcər ibn Həcər Əsqəlani, 8-ci cild, səh.114; “Əl-kəşşafu ən həqaqiqit-tənzil və üyunul-əqavil fi vücuhit-təvil”, 1-ci cild, səh.347; “Kənzül-ümmal”, Ələddin Əli Müttəqi ibn Hisaməddin Müttəqi Hindi, təhqiq: Şeyx Bəkri Həyati, 13-cü cild, səh.131, hədis: 36419; “Məcməüz-zəvaid və mənbəül-fəvaid”, Nurəddin Əli ibn Əbu Bəkr Heysəmi, 8-ci cild, səh.302; “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.84; “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, 13-cü cild, səh.210. (Tədqiqatlar göstərir ki, “Yovmud-dar” hədisi “mənəvi təvatür” həddinə çatmışdır. Çünki mətni bütün qaynaqlarda eynidir.)
15. “Müsnədi-Əhməd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh.177; “Səhihi-Buxari”, Məhəmməd ibn İsmayıl Buxari, 3-cü cild, səh.58; “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.59; “Səhihi-Müslüm”, 7-ci cild, səh.120; “Sireyi-İbn Hişam”, Məhəmməd ibn İshaq Hişam, təhqiq: Məhəmməd Muhyiddin Əbdülhəmid, 4-cü cild, səh.947; “Məcməüz-zəvaid və mənbəül-fəvaid”, Nurəddin Əli ibn Əbu Bəkr Heysəmi, 9-cu cild, səh.109; “Kənzül-ümmal”, Ələddin Əli Müttəqi ibn Hisaməddin Müttəqi Hindi, təhqiq: Şeyx Bəkri Həyati, 13-cü cild, səh.106, hədis: 36345; “Əl-müstədrəkü ələs-səhiheyn”, Məhəmməd ibn Məhəmməd Hakim Nişapuri, təhqiq: Doktor Yusif Məşəli, 3-cü cild, səh.109; “Siyərü əlamin-nübəla”, Şəmsəddin Məhəmməd ibn Əhməd Zehni, təhqiq: Şüeyb Ərnut və Hüseyn Əsəd, 1-ci cild, səh.142; “Əl-camiüs-səğir”, Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr Süyuti, 2-ci cild, səh.177; “Əl-mənaqib”, Müvəffəq ibn Əhməd Xarəzmi, təhqiq: Şeyx Malik Məhmudi, səh.199; “Zəxairül-üqba fi mənaqibi zəvil-qürba”, Əhməd ibn Abdullah Təbəri, səh.83; “Səhihi-Termizi”, 5-ci cild, səh.302; “Ənsabül-əşraf”, Əhməd ibn Yəhya Bilazəri, 1-ci cild, səh.217.
16. “Maidə” surəsi, ayə 3.
17. “Maidə” surəsi, ayə 3.
18. “Amuzeşi-əqaid”, Məhəmmədtəqi Misbah Yəzdi, səh.312.
19. “Fəraidüs-səmteyn fi fəzailil-Mürtəza vəl-Bətuli vəs-sibtəyni vəl-əimməti min zürriyyətihim”, İbrahim ibn Məhəmməd Cüveyni Həməvini, təhqiq: Məhəmməd Baqir Məhmudi, 2-ci cild, səh.66; “Qayətül-məram və hüccətül-xisam fi təbyinil-imam min təriqil-xassi vəl-amm”, Əbülməkarim Seyid Haşim ibn Seyid Süleyman Bəhrani, təhqiq: Seyid Əli Aşur, 1-ci cild, səh.139-140.
20. “Qayətül-məram və hüccətül-xisam fi təbyinil-imam min təriqil-xassi vəl-amm”, Əbülməkarim Seyid Haşim ibn Seyid Süleyman Bəhrani, təhqiq: Seyid Əli Aşur, 3-cü cild, səh.113; “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 3-cü cild, səh.399; “Kəşfül-ğümmə fi mərifətil-əimmə”, Əli ibn İsa Ərbili, 3-cü cild, səh.316; “İsbatül-hüda bin-nüsusi vəl-mocizat”, 3-cü cild, səh.123.
21. “Yənabiül-məvəddət”, Şeyx Süleyman ibn Şeyx İbrahim Qunduzi Hənəfi, təshih və təhqiq: Ələddin Ələmi, 1-ci cild, səh.63.

 

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!