SİZDƏN SONRA BU DÜNYA...

:

SƏFƏR AYININ İYİRMİ SƏKKİZİ ƏZİZ PEYĞƏMBƏRİMİZ(S)IN VƏFATI VƏ İMAM HƏSƏN(Ə)IN ŞƏHADƏTİ GÜNÜDÜR
Salam olsun sənə ey göndərilənlərin ən yaxşısı, salam olsun sənə ey yer üzünün mehriban mələyi, sən göylərdən yer üzünə nazil oldun ki, insanı özünün həqiqi mənası ilə tanış edəsən.

Sən həqiqətin aydın günəşi idin ki, qəlblərin məşriqində zühur edib onları hərarətinlə diriltdikdən sonra qürub edirsən. Salam olsun sənə ey Allahın həbibi olan Məhəmmədi Mustafa (s).
Hicrətin on biri Peyğəmbər (s) sonuncu Həcc səfərində, Qədir-Xumda, Mədinədə, Məkkədə, xəstəliyindən öncə və sonra dəfələrlə açıq-aşkar öz vəfatından xəbər verdi. Həzrət (s) vəfatından bir ay öncə buyurdu.
Ayrılıq yaxındadır və dönüş Allaha doğrudur. Yaxınlarda çağırılacağam və Haqqın dəvətini qəbul edəcəyəm. Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın kitabı və itrətim (Əhli-beytim). Lütfkar və agah olan Allah mənə xəbər verdi ki, bu ikisi Kövsər hovuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmaz. Beləliklə yaxşı düşünün onlarla necə rəftar edəcəksiniz.
Son Həcc mərasimində belə buyurdu: Həcc əməllərinizi məndən öyrənin, ola bilsin bu ildən sonra daha Həccə gəlməyəm və məni bir daha burada görməyəsiniz.
Bir gün o həzrətə xəbər verdilər ki, camaat sizin ölüm xəbərinizdən nigarandır. Həzrət (s) Fəzl ibn Abbas və Əli ibn Əbitalibə (ə) söykənən halda məscidə gəlib Allaha həmd səna edəndən sonra buyurdu: mənə xəbər veriblər ki, siz öz Peyğəmbərinizin (s) ölümündən qorxuya düşmüsünüz. Məndən öncə elə bir peyğəmbər olubmu əbədi qalsın?! Agah olun, mən öz Pərvərdigarımın rəhmətinə qovuşacam, siz də öz Pərvərdigarınızın rəhmətinə qovuşacaqsınız.
Başqa bir gündə həzrət Rəsuli Əkrəm (s) həzrət Əli (ə) və digər səhabələrindən ir neçəsi ilə Bəqi qəbiristanlığına gedib ölülər üçün bağışlanmaq istədikdən sonra imam Əliyə (ə) üzünü çevirib buyurdu: Dünyanın əbədi xəzinələrinin kilidini və onda əbədi qalmağı mənim ixtiyarımda qoyuldu və dünyada yaşamaq və Allaha qovuşmaq arasında mənə seçim verildi lakin mən Pərvərdigarımla görüşü və Allahın cənnətini üstün tutdum.
Allah Rəsulunun (s) ömrünün son günlərində o Həzrət (s) məsciddə sübh namazını qılandan sonra buyurdu:
Ey camaat! Fitnələrin odları şölələnib və fitnələr gecə qaranlığının dalğa parçaları kimi üz gətiribdir. Mən Qiyamət günü sizin önünüzdə və siz isə Kövsər hovuzunda mənə qovuşacaqsınız. Agah olun ki, mən sizdən “səqəleyn” (iki ağır əmanət) haqqında soruşacağam. Belə isə baxın məndən sonra o ikisi haqqında necə rəftar edirsiniz. Çünki lütfkar və xəbərdar Allah məni agah edib ki, o ikisi mənimlə görüşənə qədər bir-birindən ayrılmaz. Agah olun ki, mən o iki şeyi sizin aranızda qoydum (Allahın kitabı və Əhlibeytim). Onlardan qabağa keçməyin ki, bir-birinizdən ayrılıb parakəndə olacaqsınız. Onlar haqqında səhlənkarlıq etməyin ki, həlak olarsınız.
Sonra Peyğəmbər (s) əziyyətlə evinə tərəf getdi və camaat gözü yaşlı Allahın sonuncu elçisini yola salırdı. Həzrət (s) son günlərində həzrət Əliyə (ə) vəsiyyət etdiki ona qüsl verib kəfənə büksün və ona namaz qılsın. Canı Peyğəmbərin (s) canına qarışan həzrət Əli (ə) cavab verdi: “Ey Allahın peyğəmbəri, qorxuram bu işi görməyə taqətim olmasın”.
Peyğəmbər (s) İmam Əlini (ə) özünə yaxınlaşdırdı. Üzüyünü əlinə taxsın deyə o həzrətə verdi. Sonra qılıncını, zirehini və başqa döyüş alətlərini istədi və hamısını həzrət Əliyə (s) verdi.
Həmin günün səhəri Peyğmbərin (s) xəstəliyi çoxaldı lakin o yenə də bu halda ətrafındakılarını camaatın haqqları və onlara diqqət haqqında sifəriş edirdi. Sonra yanında olanlara buyurdu: “Qardaşım və dostumu çağırın bura gəlsin”. Peyğəmbərin (s) xanımı Ümmi Sələmə dedi: “Əlini çağırın gəlsin. Çünki Peyğəmbərin məqsədi ondan başqa kimsə deyil”. Elə ki, həzrət Əli (ə) gəldi, Peyğəmbər ona yaxınlaşmağı işarə etdi. Bu an həzrət Əlini (ə) qucaqlayıb haldan gedib huşunu itirənə qədər onunla gizli nəsə danışdı. Peyğəmbərin (s) bu vəziyyətini görən nəvələri İmam Həsən (ə) və İmam Hüseyn (ə) şiddətlə ağlayıb özlərini Peyğəmbərin (s) mübarək bədəninin üstünə atdılar. Həzrət Əli (ə) onları ayırmaq istəyəndə Peyğəmbər (s) ayılıb buyurdu: “Əlican, onları burax qoy qoxulayam və onlar da məni qoxulasın, o ikisi məndən mən də onlardan bəhrələnim”.
Nəhayət Peyğəmbər (s), başı İmam Əlinin (ə) dizi üstə olan halda canını Allaha təslim etdi.

PEYĞƏMBƏR(S)IN İMAM HƏSƏNƏ SEVGİSİ
Bəzən onu qardaşı Hüseyn (ə) ilə güləşdirər və imam Həsəni təşviq edər və buyurardı: Mən Həsəni təşviq edirəm çünki Cəbrail Hüseyni təşviq edir”.
Peyğəmbərin (s) İmam Həsənə (ə) olan məhəbbətini onun uşaqlığından hamı görürdü. Peyğəmbər (s) onu bədəninin bir parçası, gözünün nuru, qəlbinin meyvəsi, peyğəmbərlik bağının ətirli gülü adlandırır, həmişə onu övladım çağıraraq buyururdu: “Fatimənin övladlarından başqa bütün anaların övladları atasına nisbət aparır, lakin Fatimənin övladları mənə nibət aparır”.
Qəlbinin dərinliyindən ona eşq bağlayır, əlini tutub öz qucağında otuzdurub camaata deyərdi: kim mənim bu övladımı sevərsə məni sevmiş və kim onu düşmən bilsə məni düşmən bilmişdir. Allah mənim Həsənimi sevəni sevsin”.
Bəzən buyurardı: Allah mənə Həsən və Hüseyn ilə dost olmağa fərman verib. Bəzən də belə buyurardı: mən səninlə müharibə edənlə müharibə edirəm.
İmam Həsən (ə) ağlayanda Peyğəmbər (s) minbərdən düşər və onu qucağına alar, sakit edərdi. Sonra minbərə qayıdar onu qucağında otuzdurub qoxulayar və öpüb belə buyurardı: Sən ağasan, ağanın oğlusan və ağanın qardaşısan.
İmam Həsən (ə) uşaq olarkən Peyğəmbər (s) namazda səcdəyə gedərdisə o həzrətin kürəyində oturar, Peryğəmbər (s) də əziz nəvəsinə olan məhəbbət və əlaqəsinə görə öz kürəyindən düşənə qədər namazın səcdəsini uzadardı. Bəzən isə onu aram və mehriban bir tərzdən arxasından yerə düşürər və səcdədən qalxardı. Bəzən də Peyğəmbər (s) əziz nəvəsi İmam Həsəni (ə) kürəyinə çıxarar və buyurardı: “necə də yaxşı minikdir sənin miniyin, sən necə də yaxşı süvarisən!”
Həmçinin Peyğəmbər (s) onu və İmam Hüseyni (ə) ərşin iki sırğası adlandırar və yaradılış aləminin zinəti bilərdi. O iki böyük şəxsiyyət haqda buyurardı: “Həsən və Hüseyn hər ikisi imamdır istər qiyam etsin istərsə də qiyam etməsin.”
Əziz oxucular rizvan.net saytının əməkdaşları sizlərə bu hüznlü və matəm günü münasibəti ilə başsağlığı deyir və Uca Allahdan o böyük şəxsiyyətlərin həqiqi davamçısı olmasını arzulayır.

 

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!