HZ. AYƏTULLAH XAMENEININ TƏRCÜMEYI-HALI (2)

:

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.

Müqəddəs Nəcəf şəhərinin elmiyyə hövzəsində

1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.

Müqəddəs Qum şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xamenei 1337-1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: “Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir”.

Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?!

O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin xəstə atasına xidmət edirdi.

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!