QÜREYŞ QƏBİLƏSİ

:

Qüreyş qəbiləsi Hicazda olan ərəb qəbilələri arasında ən mötəbər qəbilələrdən biri sayılırdı. Həzrət Peyğəmbərin (s) dördüncü cəddi Qüsəy ibn Kilab Allah evinin xidmətçisi və məsulu idi. Qüreyş müxtəlif qruplardan ibarət idi. Həmin qrupların ən şərəflisi də Bəni-Haşim tayfası idi.

Haşim ağıllı, şöhrətli və Məkkə əhalisi arasında böyük nüfuz sahibi olan bir şəxsiyyət kimi tanınmışdı. O, xalqın bütün məsələlərinə böyük həvəslə maraq göstərirdi, hətta Məkkə əhalisinin güzəranını təmin etmək məqsədilə yay və qış səfərlərini də təşkil etmişdi. Göstərdiyi böyük və misilsiz xidmətlərinə görə əhali ona “Seyid” yəni ağa, başçı ləqəbini vermişdi. Elə buna görədir ki, onun və Peyğəmbərin (s) nəslindən olanlar da “Seyid” adlanır.

Haşimdan sonra oğlu Müttəlib, daha sonra isə nəvəsi Əbdülmüttəlib xalq arasında olduqca böyük hörmətə malik oldu. O zaman Əbrəhənin Məkkəyə basqın edərək ağır məğlubiyyətə uğraması Əbdülmüttəlibin xalq içərisində olan etibarını daha da artırmışdı.

Abdullah isə Əbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evləndi. Bu mübarək izdivacın nəticəsi isə, “Fil hadisəsindən” iki ay sonra dünyaya gəlmiş Mühəmməd adlı nurlu bir oğlan olmuşdu. Atası hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Əbdülmüttəlib öz öhdəsinə almışdı. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində çətinliklərə qələbə çalmağa müvəffəq olub, çox qısa bir müddət ərzində də camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrilmişdi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətini də onun yanında əmanət qoyurdu. Necə ki, sonralar o həzrətə bu üstün əxlaqi səciyyəsinə görə “Qüreyşin əmini” (Qüreyşin ən etibarlı, inamlı şəxsi) ləqəbini vermişdilər.

O həzrət sağlam və sarsılmaz bir imanla məzlum və kasıbların tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və çətinliklərinin çıxış yolunu axtarıb tapırdı. Cavanlardan bir qrup “Hilful-füzul” müqaviləsini imzaladıqları zaman Peyğəmbər (s) onları müdafiə etmişdi. Çünki cavanların məqsədi məzlumları qorumaq və zalımlarla mübarizə aparmaq idi. Daha sonra həzrət Mühəmməd (s) əmisi Əbu Talibin istəyilə Xədicənin karvanına qoşulmuşdu. Düzlüyü və etibarlı olduğuna görə karvanın başçısı seçilən Mühəmmədə, cəmiyyətdəki üstün şəxsiyyətinə heyran qalan Xədicə ona evlənmək təklifini irəli sürmüşdü.

Həzrət Peyğəmbər (s) bu izdivacı münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul edir ki, bu mübarək izdivacının meyvəsi bütün məsumların və İslam ümməti rəhbərlərinin anası sayılan həzrət Fatimədir (s.ə).

Mənbə: On dörd məsumu tanıyaq
Müәllif: Seyid Mehdi Dadvər
Tәrcümә еdәn: A. Fəsihi

 

Tags: PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!