BƏNİ ÜMƏYYƏNİN SONU

:

Bəni-Üməyyə hakimiyyətinin tarixini araşdırarkən, az illər istisna olmaqla, onların səksən illik qısa hakimiyyətinin təhlükələrlə, xaoslar, toqquşmalarlar, ciddi problemlər və sürətli yerdəyişmələrlə dolu olduğu tam aydın olur.

Təxminən bir insanın ömrünə bərabər müddətdə, Süfyan və Mərvan sülaləsindən on dörd nəfər bir-birinin ardınca hakimiyyəti ələ almışlar. Onlardan bəzilərinin hakimiyyəti təkcə bir və ya bir neçə ay, bəzilərinin isə yetmiş gün olmuşdur. Müddət baxımından ən uzun hakimiyyət, təxminən iyirmi il davam edən Əbdülməlikin hakimiyyətidir. Bəlkə də buna səbəb, Həccacın tövsiyələrinə qulaq asmaması və Bəni-Haşimin qanını tökməkdən imtina etməsi olmuşdu1.
Əslində Bəni-Üməyyə İmam Hüseynin (ə) şəhadətindən sonra özündə rahatlıq görmədi, daima qiyamlarla, qanlı qarşıdurmalarla qarşılaşdı ki, bütün bunların əsl mahiyyətini İmam Hüseynin (ə) qanının qisası təşkil edirdi.
Ayrı-ayrı cəhətlərdə bir-birinin ardınca hərəkatlar baş qaldırırdı və müxtəlif xalq kütlələrini o günün “Ya saratil-Huseyn!”, “Ər-Riza min Əhlil-beyt”, “Ər-Riza min Ali-Muhəmməd” kimi məşhur şüarları ətrafında toplayırdı. Bu minvalla Bəni-Üməyyə hökumətinin bir hissəsi onların hakimiyyəti altından çıxırdı; İraq, Hicaz, Şam və nəhayət, Xorasan bu inqilabların odunda qovrulurdu.
İmam Hüseyn (ə) və Peyğəmbər (s) övladlarının məzlumcasına şəhid olması, əslində yalan və hiylə yolu ilə özlərinə İslam dövlətində yer edən Bəni-Üməyyənin qırx illik zəhərli təbliğatını çokdürən bir xətt idi.
İmam Hüseynin (ə) səfərbərliyi İslamın həqiqi simasını insanlara göstərdi, yalançıların üzündən niqabını götürdü və hakimiyyətlərinin qanunsuz olduğunu isbat etdi.
O qiyamların tarixini araşdırmaq belə bir həqiqətdən xəbər verir ki, o dövrün xalq kütlələri İmam Hüseynin (ə) qanının qisasını istəmək və Bəni-Üməyyədən intiqam almaq şüarından başqasına məhəl qoymurdular, hətta Ali-Əbu Süfyana son zərbəni vuran Abbasilər bu şüarın sayəsində öz məqsədlərinə çatdılar və xəlifəlik kürsüsünə yiyələndilər.
Abbasilərin qiyamı və Bəni-Üməyyədən intiqam almaq
Tarixi göstəricilər, “Abbasilər qiyamı” kimi tanınan qıyamın qığılcımları Əbu Müslim Xorasaninin rəhbərliyi altında bir qrup şiə tərəfindən hicri tarixlə 132-ci ildə, Xorasanda alışdı. Onlar, öz qara dəftərində Kərbəla faciəsi kimi alçaqlığı qeyd edən Bəni-Üməyyədən intiqam almaq məqsədilə qiyam etdilər. “Ər-Riza min Ali-Muhəmməd (ə)” şüarı ilə mübarizəyə qalxdılar. Lakin Bəni-Abbas (Bəni-Haşimin bir qolu) xalqın Əhli-beytin (ə) həqiqi nümayəndələrini tanımamasından istifadə edərək, şiələrin coşqusunu mənimsədilər. Şübhəsiz, onların Bəni-Üməyyə üzərindəki zəfərinin ən başlıca amili, İmam Hüseynin (ə) qisasının alınması şüarı və o Həzrətin (ə) xanədanının məzlumluğunun ibrazı idi. Onlar, bu şüarı rəhbər tutmaqla, Bəni-Üməyyəyə qarşı xalqı qəzəbləndirdilər. Nəhayət, Bəni-Üməyyənin büsatını topladılar.
İbn Əbil-Hədidin nəqlinə əsasən, Əməvilərin sonuncu xəlifəsi Mərvanın kəsilmiş başını Əbul-Abbas Səffahın – Abbasilərin ilk xəlifəsi – yanına gətirdikdə, o, uzun səcdə yerinə yetirdi, sonra başını səcdədən qaldıraraq Mərvanın kəsilmiş başına müraciətlə dedi: “Allaha şükür edirəm ki, mənim intiqamımı səndən və tayfandan aldı və məni sənə qalib etdi”.
Sonra əlavə etdi: “Artıq, ölümdən qorxmuram, Bəni-Üməyyədən iki min nəfəri öldürməklə İmam Hüseynin (ə) qanının qisasını aldım”2.

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi, Höccətül-İslam Səid Davudi və Höccətül-İslam Mehdi Rüstəmnejad
Hazırlayan: Seyid Azər Əhmədoğlu

1. “İmamın (ə) mesajı”, c. 6, səh. 418 və c. 3, səh. 594. 87-ci xütbənin şərhində.
2. İbn Əbil-Hədid, “Nəhcül-bəlağə”nin şərhi, c. 7, səh. 130; “Murucuz-zəhəb”, c. 3, səh. 257

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!