HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-6

:

Cənab Ovn ibn Abdullah ibn Cəfər Təyyar
Həzrət İmam Hüseynin (ə) səhabələri çox vəfalı, igid və mənəviyyatlı insanlar idilər. Həzrət yolun lap əvvəlində onlara buyurmuşdur ki, bu yolun sonu şəhadətdir. Ona görədə əgər kimsə dünya malına və ya məqama çatmaq istəyirsə, öz vəzifəsini indidən bilsin və yola davam etdirməsin. Həzrətlə birlikdə olnların hər biri mənəvi və daxili mübarizədən qalib oldular. Öz övladını fəxirlə və razılıqla meydana göndərən ana, həyatın zahiri ləzzətlərindən keçən, özünü cihad və mübarizə meydanına tapşıran gənclər var idi. Belə igid gənclərdən biri də, Ovn ibn Abdullah olmuşdur.

Ovn ibn Abdullah Həzrət Zeynəb Kübranın (s.ə) övladı və həmçinin əzəmətli və ləyaqətli Kərbəla şəhidlərindən olmuşdur. İmam Hüseyn (ə) Küfəyə getmək məqsədi ilə Məkkədən xaric olduğu zaman, Abdullah ibn Cəfər İmam Hüseynə (ə) oğulları Məhəmməd və Ovn vasitəsilə məktub göndərərək, Kufəyə getmək qərarından imtina etməsini istəmişdir. Onlar Ətiq vadisində məktubu İmama (ə) təqdim etdilər.
Bu tarixi hadisə ilə əlaqədar mərhum Şeyx Mufid İrşad əsərində belə nəql edir:
İmam Hüseyn (ə) Məkkədən çıxarkən bəziləri Həzrətin (ə) Kufəyə səfər etməkdən çəkinməsini istəmişdilər. İmama (ə) məktub yazanların arasında Abdullah ibn Cəfər Təyyar da var idi. O, Həzrətdən (ə) Kufəyə getməməyi xahiş etmiş və bu səbəbdən dolayı, onun iki övladı Ovn və Məhəmməd məktubla birlikdə İmamın (ə) hüzuruna müşərrəf olmuşdular, lakin İmam (ə) razılaşmayaraq qərarından dönməmişdir.
Məktubun mətni belədir :
“Ey İmam və Allahın yer üzündə olan höccəti! Allaha and verirəm bu məktubu gördükdə geri qayıt, qorxuram ki, yola çıxdığın təhlükəli səfər səni və ailənin qətli ilə sonlansın. Bizim aramızdan getdiyin zaman, yer üzü zülmətə qərq olacaq, Ey sərvərim! Sən bu millətin hidayət çırağı və möminlərin ümid yerisən. Ey əziz İslam Peyğəmbərinin (s) xəlifəsi, getməyə tələsməyin ki, göndərdiyim məktubun arxasınca gələrək özümü sizə çatdırmağa çalışacam. Vəssalam."
Abdullah ibn Cəfərin məktubu övladlarının vasitəsi ilə İmamın (ə) mübarək hüzuruna çatdıqdan sonra, Həzrət (ə) onun qayğıkeşliyini nəzərə alaraq öz təşəkkürünü bildirdi, lakin əlavə edərək buyurdu: "Əziz Peyğəmbərimizi (s) yuxuda gördüm və mənə buyurdu ki, mütləq bu səfəri yerinə yetirim. Mən, sizdən mənim bu səfərə çıxmamağımla bağlı etdiyiniz xahişi etməməyinizi istəyirəm". Abdullah ibn Cəfər İmam Hüseynin (ə) geri dönməyəcəyindən məyus olduqda, övladlarına məktub ünvanlayaraq, Həzrətin düşmənləri ilə cihada qalxıb, vuruşmalarını tövsiyə edir.
Aşura gecəsi İmam Hüseyn (ə) vəfalı səhabələrindən beyətini götürdüyünü bəyan edib və gecənin qaranlığında oradan ayrılmalarını istədi, Həzrəti Abbasın (ə) və daha sonra Həzrət İmam Hüseynin (ə) qardaşları və qardaşlarının övladları və həmçinin Abdullah ibn Cəfərin iki övladı İmam Hüseynə (ə) dəstək olmalarından imtina etməyəcəklərini və İmama son damla qanlarına qədər kömək edəcəklərini açıqladılar.
Aşura günü Ovn ibn Abdullah ibn Cəfər (rizvanullah ələyhi) döyüşə çıxıb, bu sözləri deyərək düşmənə meydan oxuyur:
Əgər məni tanımırsınızsa, bilin ki, mən cənnətdə nurani çöhrəsi olan və orada yaşıl qanadlarla uçan həqiqi şəhid Cəfər Təyyarın oğluyam və bütün bunlar Qiyamət günü başı uca olmağıma və orada iftixar etməyimə kifayət edər.
Ovn (rizvanullah) düşmən qoşununa hücum edərək 30 atlı və 18 nəfər piyadanı öldürdükdən sonra Abdullah ibn Qatnə Nəbəhani (lənətullah) tərəfindən şəhadətə çatır.

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!