HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-9

:

Cənab Nafi ibn Hilal Cəməli

Kufə əhalisindən olan Nafi, İmam Əlinin (ə) səhabələrindən olmuş və Siffeyn, Cəməl və Nehrəvan müharibələrində qılınc çəkib döyüşmüşdü. Qurani-kərim qarisi və hədisçi kimi tanınırdı. İmam Hüseynin (ə) karvanı İraqa tərəf yollandığı bir zamanda, ona tərəf gedərək, Həzrətin (ə) karvanına qoşulur. O, dostlarından Kaməl adlı atını Kufədən gətirmələrini istədikdə, Əmr ibn Xalid və dostları onun bu istəyini yerinə yetirirlər.
Aşura günü İmamın (ə) səhabələrindən olan Ömər ibn Qərzə öldürüldüyü və Kufə ordusunda olan qardaşı Əli ibn Qərzə qisas almaq üçün meydana gəldiyi zaman Nafi ibn Hilal ona hücum edərək onu yaralayır. Yoldaşları onu xilas etmək üçün hücuma keçirlər və Nafi bin Hilal onlarla mübarizə edir və meydan oxuyaraq deyir: "Əgər mənim kim olduğumu bilmirsinizsə, özümü sizə tanıtdırım: Mən Cəmili qəbiləsindənəm və dinim Hüseyn ibn Əlinin (ə) dinidir."
Məzahim ibn Haris adlı bir şəxs ona hücum edir, lakin Nafi bir zərbə ilə ona aman vermədən öldürür. Kufə qoşununun komandiri Əmir ibn Həccac uca səslə deyir: "Kiminlə vuruşduğunuzu bilirsinizmi?. Heç kim tək başına meydana Hüseynin səhabələri ilə döyüşə getməsin!" Nafi ibn Hilal adını nizələrinin üzərinə yazır və onları zəhərli edirdi. Ömər ibn Səd ordusunun on iki üzvünü ox ilə öldürür və çox sayda adamı yaralayır.
Oxunun nizələri bitdiyi bir zamanda isə qılıncını qınından çıxarıb uca səslə meydan oxuyaraq düşmənin üzərinə hücuma keçir: "Mən Cəməli qəbiləsindən olan bir aslanam. Əli dininin davamçısıyam". Düşmən ordusu yeganə çıxış yolunu hamılıqla hücuma keçməkdə görür. Nafini mühasirəyə alaraq ox və daş ilə hədəfə alırlar, qalxanı sındıqdan sonra onu tutmağı bacarırlar. Şimr və qoşundan olan bir qrup, onu Ömər ibn Sədin yanına apardıqda. Ömər ibn Səd ona deyir: "Ey Nafi! Vay sənin halına! Özünü nə üçün bu vəziyyətə saldın?" Nafi ona belə cavab verir: "Allaha and olsun ki, xəsarət alanlardan başqa, on iki nəfəri öldürdüm və mən özümü buna görə də məzəmmət etmirəm, əgər qalxanım sağlam olsaydı, siz məni əsla ələ keçirə bilməzdiniz".
Şimr, Ömər ibn Sədə deyir: Onu öldürün! Ömər ibn Səd: Sən onu buraya gətirdin, istəyirsən özün öldür! Şimr qılıncı çıxararaq Nafini şəhid etmək istədikdə, Nafi ona deyir: Allahla görüşmək sənin üçün çox çətin olacaq. Allaha and olsun ki, qanımız sənin boynuna çəkiləcək. Allaha şükürlər olsun ki, bizi öldürməyi xəlq etdikləri arasında ən pis varlığının əlinə verir!" Beləliklə, Nafi Şimrin əli ilə şəhadətə çatır.

Cənab Abis ibn Əbi Şəbib Şakəri 
Abis cəsarəti, ədibliyi, şairliyi, ibadəti və gecə namazını tərk etməməsi ilə dillər əzbəri olan, İmam Əlinin (ə) vilayəti yolunda ixlasla misilsiz fədakarlıqları ilə tanınan Bəni Şakəri tayfasına məxsus görkəmli bir şəxs idi. Bəni Şakəri tayfanın camatı həddindən artıq şücaətli olduqlarından, ''ərəbin comərdləri'' adlandırılmışlar. Həmçinin Abəs Müslim ibn Əqilin Kufəyə gəldiyi zaman ona beyət edən və sonra isə Məkkəyə İmam Hüseynə (ə) Müslim tərəfindən göndərilən məktubu çatdıran qasid olmuş, habelə Kərbəla hadisəsində yaxın dostu və silahdaşı olan "Şözəb" ilə birlikdə böyük bir cəsarət və rəşadətlik göstərmişdir. Kufə qoşununda onunla təkbətək döyüşdə mübarizə edə biləcək kimsə yox idi. Buna görə də, Ömər ibn Səd onun bu cəsarətini gördükdə, ordusuna onu daşqalaq etmələrini əmr edir.
Tarixdə nəql olunur ki, onu şəhadətə çatdırdıqdan sonra, başını bədənindən ayıraraq hədiyyə əldə etmək üçün, hücum edənlərin hər birisi onu məhz özünün şəhid etdiyini iddia edirdi.

Müəllif: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!