KUMEYL İBN ZİYAD və MƏŞHUR KUMEYL DUASI HAQDA

:

Allahın adı ilə.

Allahın salam-salavatı olsun Peyğəmbərimiz Həzrət Məhəmmədə və onun nəslindən olan İmamlara.

Müsəlman alim İbni Əbil-hədid Kumeyl ibni Ziyad haqqında deyir: O, (Kumeyl) Əli (ə) şiəsi və o həzrətin yaxın dostlarından idi. Kumeyl, zəmanəsinin dahilərindən və Kufə şəhərində yaşayan səkkiz məşhur abid və zahiddən biri idi. Onun təvəllüd tarixi haqqında deyilir: Yəmənin Nəxə adlı qəbiləsindən olan Kumeyl ibni Ziyad Nəxəi Yəmani Həzrət Məhəmmədin (s) Mədinəyə hicrətindən 8 ya 12 il öncə dünyaya gəlmişdir.

Mərhum Şeyx Müfid, “Əl-İrşad” kitabında Kumeylin ölümü barəsində isə belə yazır: Həccac ibni Yusif, Kufəyə başçı gələndən sonra Kumeyli hüzuruna çağırdı. Həccacın qaniçənliyindən xəbərdar olan Cənab Kumeyl qaçmağa qərar verdi. Vəziyyəti belə görən Həccac isə əvəzində onun qopum- qardaşının məvacibini kəsərək, qəbilə üzvləri üçün çətinliklər yaratmağa başladı.

Məsələdən xəbər tutan Kumeyl, yalnız ona xatir ailəsinin zəhmətə düşməsini rəva bilməyib, özünü Həccacın məmurlarına təslim edir.

Həccac, Kumeyli görəndə deyir: Mən çoxdan idi ki, səni ələ keçirmək istəyirdim.

Kumeyl isə cavab verir: “Mənim ömrümdən çox qalmayıb. Tanrının da vədəsi haqdır, şübhəsiz qətldən də sonra sorğu olacaqdır. Mövlam Əli (ə) xəbər vermişdi ki, mənim qatilim sən olacaqsan”.

Həccac deyir: Bəli ...  Sonra isə onun fərmanı ilə 90 yaşlı Peyğəmbər səhabəsinin boynu vurulur.

Kumeyl ibni Ziyad, görkəmli ravilərdəndir ki, Həzrət Əli (ə), İbni Abbas və bir çoxlarından rəvayətlər nəql etmişdir. Kumeyli şöhrətin zirvəsinə qaldıran məşhur “Kumeyl duası” da onlardan biridir ki, birbaşa İmam Əli (ə)-dən nəql etmişdir.

Seyyid ibni Tavus (hicri-qəməri 589 / miladi 1193), “İqbal-ul-əmal” adlı əsərində (1-ci cild, səh:709) Kumeylin dilindən nəql edərək yazır:

“Bir gün Mövlam Əmirəl-möminin Əli (ə) ilə birlikdə Bəsrə məscidində oturmuşduq. Şaban ayının 15 barəsində söz düşdü. Həzrət buyurdu:

- O gecəni oyaq qalıb ibadət edən və Xızr (ə)-ın duasını oxuyan hər kəsin duası eşidiləcəkdir.

Həzrət evə qayıtdıqdan sonra, hüzuruna getdim. İmam (ə) məni gördükdə soruşdu: Ey Kumeyl! Sənə nə lazımdır?

Dedim: Xızr (ə) duası üçün gəlmişəm.

Həzrət buyurdu: Əyləş.

Ey Kumeyl, bu duanı öyrəndikdən sonra hər cümə axşamı bir dəfə, ya hər ay dir dəfə, ya hər il bir dəfə, yaxud ömründə bir dəfə belə oxusan düşmənlərin şəri səndən uzaqlaşar, Tanrı sənə kömək edər, ruzin çoxalar və günahların bağışlanar.

Ey Kumeyl, uzun müddət mənimlə yoldaşlıq etdiyin üçün bu mübarək dua vasitəsilə səni ucalmağa layiq bildim.

Sonra Həzrət buyurdu: Yaz. – Sonra isə Həzrət (ə) diktə etdi və mən yazdım.”

İnsanın cismi tək ruhunun da diqqətə və qayğıya ehtiyacı vardır. Zahirdən daha da əhəməiyyətli insana əsl qədir- qiymət gətirən onun daxili gözəlliyi, hər şeydən öncə çirkdən “təmizlənmə” və günahdan “boşalma”dan asılıdır. Tanrını unudub ətraf muhitin çirkinliklərinə bulanmış insan ruhu, yalnız duanın zülal suyu ilə yuyulub təmizlənə bilər. Dualar sırasında haqqında məlumat verdiyimiz Kumeyl duasının əlavə də üstünlüyü vardır. Hissiyyatla bürünmüş insan qəlbini oxşayan dərin mənalı Kumeyl duası eyni zamanda birbaşa şəxsin düşüncəsində təsir qoyur, onu hər an yüksək bir dəyər kimi təfəkkür səmtinə yönəldir. Xaliqlə məxluq arasında gözəl danışıq nümunəsini nümayiş etdirən bu dua, oxucunu ardıcıllıqla tövbənin mərhələlərindən keçirərək, günahkar bəndəyə Xaliqlə aşiqanə davranma tərzini öyrədir. Yerində tam incəliklə Allahın zatı, sifətləri və yeganəliyinə işarə edir, bir sözlə oxucuda Ali varlıq haqda hərtərəfli düzgün təsəvvür formalaşdırır.

Sözlərinin düzülüşü ilə qiymətli əxlaq gövhərinin doğru əqidə dərinliklərində gizləndiyini vurğulayan bu dua, təklikdə əqidə, əxlaq və əməldən təşkil tapmış İslam dininin həqiqi mahiyyətini və bənzərsiz incilərini hər kəsə tanıtmaqa qadirdir. Bütün bunları nəzərə alıb, bu duanı etiqadi, irfani və əxlaqi dua adlandırsaq heç də yanılmarıq.

 

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!