RƏBBIN DƏRGAHINDA - 11

:

DUA EDƏNLƏRİN NÖVLƏRİ

İnsanlar Allaha diqqət baxımından eyni səviyyədə deyillər. Onları bu baxımdan dörd dəstəyə bölmək olar. Əlbəttə, bu dörd dəstənin hər biri ayrılıqda daha xırda qruplara bölünür:

1. Birinci dəstə bütün hallarda, istər rifah içində, istərsə də giriftarçılıq və bəla zamanı Allaha diqqətli olur, Onun dərgahına dua edir. Quranın dediyi kimi, hər sübh və şam öz Allahlarını yad edirlər və onların duası çətinliklərinə görə deyil: “Sübhlər və axşam...”[1]

Bəlkə də bu halın səbəbi bütün nemətlər ixtiyarlarında qoyulduğu halda onların yenə də Allahdan ehtiyacsız olmadıqlarını, ən aşağısı bu nemətlərin sonunda Ona möhtac olduqlarını dərk etmələridir. Əlbəttə, hər kəs öz mərifət dərəcəsinə görə ehtiyacını dərk edir. Bu dəstə üçün nemət və ya bəlanın fərqi yoxdur.

Onlar həmişə Allahı yad edən və Ona diqqətli olan ləyaqətli bəndələrdir: “Onlar xeyir işlər görməyə tələsər, ümid və qorxu ilə bizi çağırar və həmişə bizim qarşımızda müti olarlar.”[2]

2. İkinci dəstəyə əksər möminlər daxildir. Bu şəxslər nemət və rifah zamanı qürur və qəflətdə olurlar. Lakin qarşıya bəla çıxdıqda ayılaraq öz ehtiyaclarını hiss edir və Allaha münasibətdə ehtiyaclı olduqlarını göstərirlər. Bu dəstədən olanlar nisbətən yaxşı bəndələr sayılır. Lakin Allah onlardan narazıdır ki, nə üçün nemət verilən zaman Allahı unudurlar və nemətlərin onlardan alındığı zaman dua edirlər: “İnsana bir nemət əta etdiyimiz zaman üz döndərər və uzaqlaşar. Ona şər və bəla üz gətirən zaman geniş dua edər.”[3]

Xalqın əksəriyyəti belədir. Çox az insanlar nemət zamanı Allahı unutmur.

3. Üçüncü dəstə bəzi bəlaların Allah tərəfindən gəldiyini düşünür. Buna görə də bu növ bəlalar onlara nazil olarkən dua edirlər. Çünki bu bəlanın qeyri-təbii vasitələrdən doğduğunu və ilahi əzabın nişanəsi olduğunu bilirlər. Məsələn, Yunusun qövmü ilahi əzab nişanələrini gördüyü zaman bu əzab çatmazdan öncə özünə gəldi və tövbə etdi. Allah da onlara nicat verdi.

Bu qism insanlar müəyyən bəlaların Allah tərəfindən gəlmədiyini təsəvvür edib həmin bəlalara qarşı diqqətsiz olurlar. Yalnız hər yerdən naümid olaraq heç bir kəsdən kömək gəlmədiyini gördükləri zaman Allahı çağırırlar.

4. Dördüncü dəstə o kəslərdir ki, hətta bəla və müsibət zamanı Allahı yada salmırlar. Allah bu qisim insanların rəftarını pisləmiş və onları əvvəlki dəstələrə nisbətən daha çox əzaba layiq bilmişdir. Qurani-Kərim bu insanlar barəsində belə buyurur: “Nə üçün bizim bəlamız onlara çatan zaman yalvarıb-yaxarmadılar? Çünki onların qəlblərini qəsavət tutmuş və şeytan pis əməllərini onlara gözəl göstərmişdir.”[4] Başqa bir yerdə isə belə buyurulur: “Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. (Amma nə sizin qəlbləriniz Allahın qorxusundan çırpınar və nə də gözlərinizdən bir qətrə yaş axar) Allah sizin etdiklərinizdən xəbərsiz deyil.”[5] Əvvəldə dediyimiz kimi, həqiqi mömin heç bir halda duadan uzaqlaşmır. İstər rifah içində olsun, istərsə çətinlik içində! Onun nəzərində dua insanın kamillik səbəbidir. İstər adi vasitələr olsun, istərsə də olmasın! O, duadan əl çəkmir! Adi vasitələrin hazır olduğu yerdə bu vasitələri həqiqi səbəb bilməyərək dua edir və həqiqi səbəbə doğru əl açır. Allahı səbəbkar bildiyindən süfrəsində çörək olmasına baxmayaraq, doymağını Onun iradəsindən asılı bilir. Çünki öz ehtiyaclarının ödənməsində həqiqi səbəbkar yalnız Allahı hesab edir və maddi vasitələrin təsirini Onun icazəsindən asılı olduğunu anlayır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. O inanır ki, Allah adi vasitələrsiz də onun ehtiyaclarını təmin edə bilər.

İndi isə baxaq görək, özümüz sadalanan hansı dəstədənik?! Allah eləməmiş, üçüncü və ya dördüncü dəstədən olaq! Allah insana bol-bol nemətlər vermişdir. Lakin bəzən əvvəlcədən təsəvvür olunmadığı halda bu nemətlər azalır və çətinliklər qarşıya çıxır. Məgər bunları təsadüfi hesab etmək olarmı? Məgər bu hadisələrin Allah ilə heç bir əlaqəsi yoxdurmu?

Bu işləri Allahla əlaqələndirmə ölçüsü bizim mərifət səviyyəmizə bağlıdır. Mömin insan heç bir şeyi Allahın tədbir və iradə dairəsindən xaric bilmir. Hətta əgər başı ağrıyarsa, əvvəlcə Allahdan şəfa istəyir, sonra həkim və ya dərmanın ardınca gedir. Dərman istifadə edərkən də onun Allahın icazəsi ilə təsir göstərdiyini düşünür. Əgər Allah istəməsə dərmanın heç bir təsiri olmaz. Qısası, bütün işlərin kökünün Allahın əlində olduğunu hesab edir və Allahdan başqa heç bir kəsi ilahi hakimiyyətdə və varlıq aləmində müstəqil səbəbkar bilmir. Bütün aləm Onun mülküdür və Onun izni olmadan heç kəsin sahiblik və səbəbkarlıq hüququ yoxdur.

Biz, adətən, öz etiqadi mübahisə və söhbətlərimizdə deyirik ki, Allahın tədbir və iradəsi ümumidir, hər şeyə şamil olur. Heç bir şey Onun tədbir və qüdrət dairəsindən xaric deyildir.

Fəlsəfədə də “tövhiddə işlər” haqqında çox rahat bəhs edirik. Bu mövzunun digər mövzular kimi zehnimizdə çox rahat yer tutması mümkündür. Lakin, adətən, əməl zamanı bu həqiqəti unuduruq. Bir çox başqa etiqadlar kimi, Allahın hər yerdə hazır olmasına da inanır, lakin əməldə bu həqiqəti unuduruq. Feli tövhidə əqli yolla, ayə və rəvayətlərlə dəlil gətirərək onu sübut edirik. Lakin əməl zamanı bunları yaddan çıxarırıq.

Buna görə də çətinliklərlə qarşılaşdıqda bu çətinliklərdə Allahı təsirsiz hesab etmək olmaz. Bu çətinliklərdə Allahın nə dərəcədə təsirli olduğuna gəldikdə isə ən aşağısı inanırıq ki, əgər Allah istəsəydi bu çətinliklərin qarşısını alar və onların baş verməsinə mane olardı.

Bir tərəfdən insanın qarşılaşdığı bütün çətinliklər Quranın dediyi “bəsuna” (“bizim qəzəbimiz” –“Ənam” surəsi, ayə 43, 148; “Əraf” surəsi, ayə 4, 5, 97, 98; “Yusuf” surəsi, ayə 11; “Ənbiya” surəsi, ayə 12; “Ğafir” surəsi, ayə 84, 85) sözünə əsasəndir. Bəzi bəlaların Allah tərəfindən, bəzilərinin isə Allahdan qeyrisi tərəfindən olması fikri düzgün deyil. Çünki bütün işlərin ixtiyarı Allahın əlindədir. Hansısa bir şəxsə bəlanın çatması üçün Allahın təbii icazəsi bu bəlanın Allaha bağlı olmasının dəlilidir. Kamil mərifətə sahib olan və “tövhiddə işlər” məsələsini daha çox dərk edən hər bir kəs bu mövzunu daha gözəl anlayar. Bu mövzu fəlsəfədə geniş şəkildə şərh olunur. Əlbəttə, Allah tərəfindən insana nazil olan bütün bəlalar öz pis əməllərimizin nəticəsidir.

Bu mövzuda bir çox ayə və rəvayətlər vardır. Allah-taala Quranda buyurur: “Əgər Allah xalqa bir nemət verərsə, bu neməti heç zaman geri almayacaqdır. Yalnız bu xalq öz halətini dəyişsə geri alınar!”[6] Allahın bir şəxsin bərəkətinə görə xalqdan hansısa bir bəlanı uzaqlaşdırması mümkündür. Baxmayaraq ki, xalq özü bu bəlanın uzaqlaşması üçün heç bir iş görməmiş olsun. Ya da ki, Allah nazil etdiyi bəlanı öz rəhməti və ya tədbirinə əsasən uzaqlaşdıra bilər. Lakin Allah xalqa verdiyi hansısa bir neməti heç zaman onlardan almaz. Amma xalq özü öz pis əməlləri ilə nemətin kəsilməsinə səbəb ola bilər.

Başqa bir ayədə buyurulur: “Hər hansı bir tayfa öz tövrünü (yəni mövcud olanı) dəyişməzsə Allah da onun tövrünü dəyişməz.”[7] Bu ayənin məzmunu əvvəlki ayədəki kimidir. Lakin bu ayədə daha çox təkid olunur. Bu mübarək ayəyə əsasən, qəbul etməliyik ki, bəzi nemətlərin bəlaya çevrilməsinin səbəbi öz əməllərimizdir.

Quran təlimlərinə əsasən, çətinliklərimiz və qarşımıza çıxan müsibətlər öz əməl və rəftarlarımızın nəticəsidir. Əgər əməllərimizi və rəftarlarımızı islah etsəydik, nemətlər çətinlik və əzaba çevrilməzdi. Məşhur bir məsələ əsasən “bizə gələnlər bizdəndir”.

“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazdığınız günahların ucbatındandır. Allah bir çoxlarından keçər.”[8]

Əgər Allah xalqın bütün əməllərini cəzalandırmaq istəsəydi, yer üzündə heç bir canlı qalmazdı: “Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı.”[9] “Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfər belə saxlamazdı.”[10]

Allahın nazil etdiyi dünyəvi bəlalar xalqı cəzalandırmaq yox, onları tənbeh etmək üçündür. Beləliklə, insanlar bu vasitə ilə islah olsunlar və bilsinlər ki, Allahın hakimiyyətində yaşayırlar. “İnsanların öz pis əməlləri üzündən suda və quruda fəsad, pozuntu yarandı. Allah onlara etdikləri bəzi günahların cəzasını dadızdırar. Olsun ki, geri dönələr.”[11] Adətən, bəla nazil olduqda hamıya şamil olur. Məşhur sözdür ki, qurunun oduna yaş da yanar. Beləliklə, bəla günahkar olmayanlar üçün imtahan, günahkarlar üçün isə əzab sayılır.

Ardı var...

 

ARDINI BURADAN OXUYUN


[1]  “Əraf” surəsi, ayə 205; “Rəd” surəsi, ayə 141; “Nur” surəsi, ayə 36.

[2]  “Ənbiya” surəsi, ayə 90.

[3]  “Fussilət” surəsi, ayə 51.

[4]  “Ənam” surəsi, ayə 43.

[5] “Bəqərə” surəsi, ayə 74.

[6] “Ənfal” surəsi, ayə 53.

[7]  “Rəd” surəsi, ayə 11.

[8]  “Şura” surəsi, ayə 30.

[9]  “Nəhl” surəsi, ayə 61.

[10]   “Fatir” surəsi, ayə 45.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!