SİRLİ ZİKR

:

XANIM FATIMEYI-ZƏHRA(əs)NIN ZIKRI - MISILSIZ HƏDIYYƏ
Belə rəvayət olunur: “Həzrət Əmirəl-möminin Əli (ə) ev işlərinin ağır olmasını nəzərə alıb Xanım Fatimeyi-Zəhraya (əs) təklif etdi ki, işlərdə ona yardımçı olmaq üçün gedib Peyğəmbər(s)dən bir xidmətçi (qulluqçu) istəsin.

Körpə uşaq anası Həzrət Zəhra (əs) atasının hüzuruna getdi və əllərinin qabarlarını göstərib oxşar məzmunda belə dedi: Əl dəyirmanını dolandırmaq (fırlamaq) mənim üçün müşkül yaratmışdır, nəticədə evin digər işlərini keyfiyyətli və zamanında yerinə yetirə bilmirəm...
Sonra Xanım bir xidmətçi istədiyini bildirdi.

Peyğəmbər (s) cavabında buyurdu: “Xidmətçi əvəzinə bütün dünyadan daha qiymətli bir hədiyyəni sənə verməyimi istəyirsənmi? Yatmağa hazırlaşdığın zaman 34 dəfə ”Allahu-Əkbər”, 33 dəfə ”Əlhəmdu-lillah” 33 dəfə ”Subhanəllah” de!”

TƏSBIH - XIDMƏTÇIDƏN DAHA ÜSTÜNDÜR
“Dəaimul-İslam” kitabında Həzrət Əlidən (ə) nəql olunur ki, buyurdu: “Əcəm (qeyri-ərəb) padşahlarından biri Hz. Peyğəmbərə (s) bir qul hədiyyə etdi. Fatiməyə (əs) dedim: “Allah Peyğəmbəri(s)nin yanına get və ondan özün üçün bir xidmətçi istə!”
Fatimeyi-Zəhra (əs) Rəsulullah(s)ın hüzuruna gedib bu məsələni ona söylədi.
Peyğəmbər (s) həzrətləri buyurdu: ”Fatimə can! Sənin üçün xidmətçidən və dünyadan daha üstün olan bir şey verimmi? Namazdan sonra 34 dəfə “Allahu-Əkbər”, 33 dəfə “Əlhəmdu-lillah” 33 dəfə “Subhanəllah” de və axırda bu üçlük zikri “La ilahə illəllah” ilə tamamla! Bu sənin üçün istədiyindən, dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq. Buna görə də Xanım Zəhra (əs) hər namazdan sonra bu zikrlərlə Tanrını yad etməyə diqqət yetirirdi və bu səbəbə görə bu zikr ona nisbət verildi və camaat arasında “Fatimeyi-Zəhra” zikri (təsbihatı) adı ilə məşhurlaşdı.

XANIM ZƏHRA ZIKRINİN SIRRI
Məsum imamlardan olan hədislərdə gəlmişdir ki, Fatimeyi-Zəhranın (əs)  məşhur zikrini (34 dəfə “Allahu-Əkbər”, 33 dəfə “Əlhəmdu-lillah” 33 dəfə “Subhanəllah”) əlavə olaraq “La ilahə illəllah” ilə tamamlayın! (“Biharul-ənvar”, c.85, s.336)
Qeyd olunan zikrin savab və fəlsəfəsini bilmək üçün aşağıdakı hədisə diqqət yetirmək lazımdır:
- Bir şəxs imam Cəfər Sadiqdən (ə) sual edir ki, Kəbə evinin 4 sütunu var və kub şəkilində dörd güşəlidir. Bunun sirri nədir?
İmam (ə) buyurdu: “Çünki Beytul-Məmurun da 4 rüknü (sütunu) var.
O şəxs soruşdu: “Niyə Beytul-Məmurun 4 sütunu vardır.
İmam (ə) buyurdu: “Çünki ərşin 4 sütunu vardır.
Soruşdu: “Ərşin niyə 4 sütunu vardır?”
Buyurdu (ə): “Çünki hər ərş bir rüknün üstündə durur: 1-si Allahu-Əkbər, 2-si Subhənallah, 3-sü Əlhəmdulillah, 4-sü La ilahə illəllah-dır.”
Bu hədis bir daha çatdırır ki, ilahi qanunvericilikdə olan qanunlar, yaradılış aləmində müəyyən sirrə, hikmətə sahibdir.
Peyğəmbərin (s) bu zikri Fatimeyi-Zəhraya (ə) təlim edərək, xanımın adını bu zikrin üzərinə qoyması və İmam Sadiqin (ə) “Bu zikri oxumaq bizim üçün min rəkət namazdan üstündür” – deyə buyurması, bəlkə də bu zikrin insanı yüksək məqamlara (Allaha qovuşmağa) ucaltması səbəbindəndir. Elə bu zikri deyərkən dəstəmazlı olmaq, qibləyə tərəf yönəlməyin şərt olması da, bu zikrin insanı namaz kimi meraca aparmaq potensialına malik olmasına görədir.

FATIMEYI-ZƏHRA (əs) ZIKRININ ŞƏRIƏTƏ MƏNSUB OLMASININ SƏBƏBI
Həzrət Peyğəmbər (s) qızı Fatiməyə (əs) hər namazdan sonra və yatan zaman oxuması üçün zikrlər öyrətdi və bunlar həzrət “Fatimənin zikri” adı ilə məşhurdurlar.
Mərhum Əllamə Məclisi deyir: “Bu təsbihin şəri olmasının səbəbini bir qayda olaraq “İmamiyyə” və başqaları rəvayət etmişlər. Belə ki, Əmirəl-möminin Əli (ə) buyurur: “Ev işlərində Fatimənin (əs) çox zəhmət çəkdiyini görürdüm. Digər tərəfdən də Allah elçisi üçün döyüş qəniməti olaraq əsirlər gətirilmişdi. Fatiməyə (əs) dedim: “Niyə atanın yanına gedib ondan ev işlərində sənə kömək etmək və əziyyətini azaltmaq üçün bir xidmətçi istəmirsən?” Xanım Zəhra (əs) həzrət Rəsulun (s) yanına getdi, lakin bir qrup insanın Həzrətin hüzurunda oturduğunu müşahidə edib öz mətləbini demədən evə qayıtdı. Həzrət Peyğəmbər (s) Fatimə(əs)nin onun yanına əhəmiyyətli bir iş üçün gəldiyini başa düşmüşdü. Ertəsi gün sübh çağı Fatimənin (əs) mənzilinə gəlib dünənki gəlişinin səbəbini soruşdu. O xanım öz istəyini bəyan etmək üçün xəcalət çəkdi. İslam Peyğəmbərinə (s) ərz etdim: “Siz ev işlərinin nə qədər çox olduğunu bilirsiniz. Su çəkmək, əl dəyirmanında un üyütmək, evi süpürmək və bunlar kimi ağır işlər onu yorur. Mən ona demişdim ki, yaxşı olar yanınıza gəlib çətinlik və əziyyətlərini azaltmaq üçün bir xidmətçi ayırmanızı istəsin.”
Həzrət buyurdu: “Xidmətçidən daha üstün bir şeyi deyimmi?”
Dedi: “Bəli! Ey Allahın rəsulu!”
Həzrət bu məşhur zikri yatan zaman və hər namazdan sonra oxumasını ona öyrətdi.

Kitabın adı: Fatimeyi-Zəhranın (əs) zikrinin və salavatın savabı
Tərcümə edən: Əbdülğəfur

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!