MERAC MƏSƏLƏSİNDƏ SƏMA DEDİKDƏ, NƏ NƏZƏRDƏ TUTULUR? (1)

:

MERAC MƏSƏLƏSİNDƏ SƏMA DEDİKDƏ, NƏ NƏZƏRDƏ TUTULUR?

İzah: Əgər səmada məqsəd yerlə günəş arasında yerləşən sonsuz fəzadırsa, orada merac adlı bir şey yoxdur və əgər məqsəd günəşin yuxarı səthidirsə və mütəal Allah onun yeddinci tavanının arxasındadırsa, belə tavanlar əsla mövcud deyildir!


CAVAB

Yaradılış aləmində yerlə göy sirr olaraq qalmaqdadır və bəşər övladı hələ də onları kəşf edə bilməmişdir. Təfsirçilər səma ilə bağlı ayələri geniş şəkildə təfsir etmişlər ki, biz burada onun bir qisminə toxunacaq və Peyğəmbəri-Əkrəmin (s) merac gecəsi seyr etdiyi səmanın nədən ibarət olduğunu araşdıracağıq.

Meracla əlaqədar yeni bir şübhə kimi irəli sürülən bu sualı cavablandırmaq üçün, öncə səmanın, onun yeddi qatdan ibarət olduğunu və Peyğəmbəri-Əkrəmin seyr etdiyi səmaların mənasını ayə və rəvayətlərə uyğun izah etməyi lazim bilirik:

1. SƏMA ANLAMI

“Yuxarı səmt” mənasını daşıyan “səma” lüğətdə “sümüvv” sözündən alınmışdır. Ərəbcə uxarıda qərarlaşmış hər bir şeyə “səma” deyilir.1 Hətta bəzi dilçilərə görə, bütünlükdə, yuxarı səmt aşağı səmtlə müqayisədə səma, aşağı səmt isə yuxarı səmtlə müqayisədə yer adlanır.2 “İslam Maarifi Ensiklepodiyası” kitabında səma insanların başları üstündə gördükləri dairəvi tavana təfsir edildikdən sonra İbn Mənzurdan belə nəql olunur: “Ərəbcə göy sözünə tavan kimi “yuxarı səmt” mənasını ifadə edən “səma” deyilir.”3 Əllamə Təbərsi “Məcməül-bəyan” kitabında yazır: “Məşhur nəzərə görə, insanın başı üstündə qərarlaşan və yaxud kölgə salan hər bir şeyə “səma” deyilir. Evin səması isə tavanıdır. Bulud və yağışa da səma deyirlər.”4 Yeni fizikada səma belə tərif edilir: “Planetlər və ulduzların göründüyü dairəvi tavana “səma” deyilir.”5

Qurani-Kərimdə səma sözü həm tək halda (səma), həm də cəm formada (səmavat) 310-dan çox işlənsə də,6 hər yerdə eyni mənanı daşımır. Ümumiyyətlə, Qurani-Kərimdə səma iki maddi və mənəvi mənada işlənmişdir. Biz burada bununla bağlı bir neçə nümunəyə işarə etməklə kifayətlənirik:

1. Yuxarı səmt: Bu məna səmanın lüğəvi mənası ilə uyğundur və ayədə belə buyurulur:

كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاء

“Xoş bir söz kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir.”7

Bəzi müasir təfsirçilər bu mənaya toxunsa da, bəziləri isə belə demişlər: “Qurani-Kərimdə səma, yuxarı səmt mənasında işlənmişdir. Ola bilsin, məcazi məna nəzərdə tutulmuşdur. Çünki yuxarı səmtə cəm forması qoşmaq və onu müxtəlif hissələrə bölmək mümkün deyildir. Halbuki Qurani-Kərimin bəzi ayələrində səma cəm formada – “səmavat” (səmalar, göylər) işlənmişdir.8 Demək, ayələrdə işlənən “səb`ə səmavat” (yeddi göy) yuxarı səmt mənasını vermir.

2. Yerin fəza qatı: Buludların və havanın yerləşdiyi yer nəzərdə tutulur. Qurani-Kərimdə bu haqda buyurulur:

وَنَزَّلْنَا مِنَ السَّمَاء مَاء مُّبَارَكًا

“Biz göydən bərəkətli su endirdik.”9

3. Bürclərin, planet və ulduzların məkanı: Qurani-Kərimdə buyurulur:

تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاء بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُّنِيرًا

“Səmadan bürclər yaradan, orada çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər uca və uludur!”10

4. Dünyanın işlərinin idarəsi ilə bağlı “qürb” və “hüzur” məqamı: Əlamə Təbatəbai kimi bəzi təfsirçilər “səma” sözünü bir neçə yerdə belə mənalandırmışlar.11 Buna dəlalət edən ayələrdən biri də “Səcdə” surəsinin 5-ci ayəsidir:

يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاء إِلَى الْأَرْضِ

“O, göydən yerə qədər olan bütün işləri idarə edir.”

5. Uca və həqiqi varlıq: Bəzi nəzər sahibləri belə yazırlar: “Səma Qurani-Kərimdə maddi göy (yeddi qat göy kimi) mənasında işləndiyi kimi, yüksək vücud və uca mövcud mənasında da işlənmişdir ki, maddənin fövqündə duran aləm, başqa sözlə, mənəvi səma nəzərdə tutulur və bütün varlıqlar, nemətlər həmin uca mərtəbədən endirilir.12 Qurani-Kərimdə buyurulur:

وَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

“Göydə ruzi və vəd olunduğunuz şey vardır.”13

Səmanın maddənin fövqündə duran mənəvi aləm mənasında olması güclü ehtimaldır. Ayələrin zahirindən başa düşülür ki, maddi aləmdə hər nə varsa, yuxarı aləmdən endirilir. “Hicr” surəsinin 21-ci ayəsində buyurulur:

وَإِن مِّن شَيْءٍ إِلاَّ عِندَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلاَّ بِقَدَرٍ مَّعْلُومٍ

“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın. Lakin Biz ondan ancaq müəyyən qədər endiririk.”

Beləliklə, səma lüğətdə, yeni elmdə və Qurani-Kərimdə müxtəlif mənalarda işlənmişdir.

Ardı var ... 


1 “Ət-təhqiqu fi kəlimatil-Quranil-Kərim”, Həsən Müstəfəvi, 5-ci cild, səh.219.

2 “Əl-müfrədat”, Hüseyn Rağib İsfahani, səh.427, “səma” sözü.

3 “İslam Maarifi Ensiklepodiyası”, Əhməd Təfəzzüli, “asiman” sözü.

4 “Məcməül-bəyan”, Fəzl ibn Həsən Təbərsi, səh.148.

5 Bax: “Bəyyinat” jurnalı, 2-ci il, 8-ci say, 1374-cü h.ş. ilinin qışı, səh.76-77.

6 “Qamusi-Quran”, Seyid Əliəkbər Qürəşi, səh.332.

7 “İbrahim” surəsi, ayə: 24.

8 “Məarifi-Quran”, Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi, 1-3-cü cildlər, səh.234.

9 “Qaf” surəsi, ayə: 9.

10 “Furqan” surəsi, ayə: 61.

11 Bax: “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 16 və 19-cu cildlər, səh.247 və 327.

12 “Məarifi-Quran”, Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi, səh.234-236.

13 “Zariyat” surəsi, ayə: 22. 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!