MERAC MƏSƏLƏSİNDƏ SƏMA DEDİKDƏ, NƏ NƏZƏRDƏ TUTULUR? (2)

:

2. YEDDİ GÖY

Qurani-Kərimdə “yeddi göy” ibarəsi səkkiz dəfə işlənmişdir. Diqqət yetirdikdə, yeddi qat göyün soğan qatları kimi bir-birinin ortasında yerləşdiyi anlaşılır. Məsələn, “Mülk” surəsinin 3-cü ayəsində buyurulur:


الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا مَّا تَرَى فِي خَلْقِ الرَّحْمَنِ مِن تَفَاوُتٍ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَى مِن فُطُورٍ

“Yeddi göyü bir-birinin üstündə qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?!”

“Nuh” surəsinin 15-ci ayəsində buyurulur:

أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا

“Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratmışdır.”

“Bəqərə” surəsinin 29-cu ayəsində buyurulur:

هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi göy halında düzəldib nizama salan Odur (Allahdır). O, hər şeyi biləndir.

“İsra” surəsinin 44-cü ayəsində buyurulur:

تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

“Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif edib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamırsınız. O, həqiqətən, həlimdir, bağışlayandır.”

Təfsir alimlərinin çoxu bəzi ayələrdə qeyd olunan “tibaqən” sözünü bir-birinin üstündə yerləşən təbəqələr kimi mənalandırmışlar.[1] Ayələrə əsasən, bütün bu təbəqələr yalnız bir təbəqədən – qəliz qazdan yaranmışdır. “Fussilət” surəsinin 11-ci ayəsində buyurulur:

ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ

“Sonra Allah tüstü və buxar halında olan göyə üz tutdu.”[2] Yəni mütəal Allah ilk qazdan planetləri yaratdı.

Göy və yerin xilqətindən qabaq qəliz buxar (tüstü) və qaz halında olduğu, tədriclə yeddi qat göyə çevrildiyindən, ümumiyyətlə, göyün yeddi qatdan ibarət olması haqda iki ehtimal vardır:

a) Ola bilsin, yeddi göy dedikdə, yerin fəza qatları nəzərdə tutulsun. Bəzi ayələrdən göyün bir-birinin üstündə yerləşən yeddi qatdan ibarət olması başa düşülür. “Təlaq” surəsinin 12-ci ayəsində buyurulur:

اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ

“Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır.”

Bioloqlar fəaliyyət prosesi baxımından yerin fəza qatlarının yeddi qata bölündüyünü bildirmişlər:

1. Troposfer: “trop” dəyişən, “osfer” isə dairə və məntəqə mənasını daşıyır və onun hündürlüyü ekvator xətti boyunca 16 km, qütbdə isə 10 km-dir. Yerin bu qatını buludlar təşkil edir və yerin hava durumu təyin edilir.

2. Astratosfer: Yerin bu qatı troposferin üst qatından başlayaraq yerin 32 kilometliyinə qədər uzanır və orada davamlı şəkildə bərk küləklər əsir.

3. Ozonosfer: Yerin bu qatı ikinci təbəqənin az bir hissəsinə də aid olaraq, hündürlüyü 20 km-dən 50 km-ə qədər təyin olunmuşdur. Bu qatda ozon adlı oksigen mövcuddur və digər qatlardan fərqli olaraq nisbətən istidir və istiliyi sıfır dərəcəyə çatır. Səbəbi də odur ki, ozon, günəşin ultra şüasının fövqündəki şüasını özünə cəzb edir.

4. Mezosfer: Bu qatda fəzadan gələn göy cisimləri sürətlə hərəkət etdiklərindən sürtünmə nəticəsində möhkəm qızaraq yanır və yer üzünə külü çatır.

5. İonosfer: Yerin bu qatı sirli və qəribədir, havası qəliz olduğundan boş yerə bənzəyir. Hündürlüyü 50 kilometrdən başlayaraq 380 kilometrə qədər qalxır. Bu məntəqədə kosmik gəmilərindən başqa, heç bir canlı günəşin ultra şüasının fövqündəki şüadan və axan meteoridlərdən salamat qala bilməz.[3]

6. Termosfer: Bu qatda hava zərrəcikləri (elektrik şüası ilə) yüklənir.

7. Eksosfer: Bu qatda zərrəciklər aşağı qatlardan fərqli olaraq çox azdır. Bu da onların sürətlə hərəkət etməsinə və həmçinin onların bəzsinin yerin cazibə qüvvəsindən çıxa bilməsinə imkan yaradır.[4]

b) Bəzi alimlərin qeydlərinə əsasən, “Peyğəmbəri-Əkrəmin (s) merac gecəsi seyr etdiyi yeddi göy dedikdə, yerin fəzasının qatları yox, bizim agah olmadığımız yeddi qat göy nəzərdə tutulur. Onlar bu iddianın sübutu üçün belə deyirlər: “Əgər “yeddi göy” ibarəsində yeddi rəqəmini say ədədlərindən götürsək, onun mənası yeddi göy qatından ibarət olacaqdar. “Saffat” surəsinin 6-cı – “Biz aşağı səmanı (göyün birinci qatını) ulduzlarla zinətləndirdik!” – və “Fussilət” surəsinin 12-ci – “Biz aşağı səmanı ulduzların çıraqları ilə zinətləndirdik!” – ayələrinə diqqət yetirdikdə, aydın olur ki, bizim gördüyümüz bütün göy cisimləri, sabit və hərəkətdə olan ulduzlar hamısı birlikdə birinci göy qatını təşkil edir. Qalan altı aləm və göy qatı isə bizim gözlərimizdən, müasir elmi cihazların görə biləcəyindən çox-çox uzaqdır.[5]

Uyğun ayələrdən məlum olur ki, bizim müşahidə etdiklərimizin hamısı və ulduzlar aləmini təşkil edənlər birinci göy qatının tərkib hissələridir və bundan əlavə altı göy qatı da mövcuddur ki, hal-hazırda onların barəsində dəqiq məlumatmız yoxdur[6] və yalnız gəcələkdə elmin inkişafı ilə onların da kəşf olunacağına ehtimal vardır.

Qeyd etməliyik ki, bəşərin naqis elmləri nə qədər irəliləyərsə, kainatın sirləri ilə bir o qədər də yaxından tanış olur, yaradılışa dair yeni-yeni sirlərlə rastlaşırıq. Artıq astronomiya öz inkişafı istiqamətində elə bir həddə çatmışdır ki, teleskoplar artıq öz funksiyasını itirmiş, əvəzində isə həmin məqsəd kosmik gəmilərdə yerləşdirilmiş məxsus radarlar və dəqiq aparatlarla yerinə yetirilir. Böyük rəsədxanaların kəşf etdikləri ulduzların yerdən fasiləsi milyardlar kilometr işıq ili qədərdir. Onlar özləri etiraf edirlər ki, hələ bu, dünyanın axırı yox, əvvəlidir. Ola bilsin, gələcəkdə elmin, xüsusilə astornomiya və kosmik elmlərin inkişafı ilə sair qalaqtika və səmalar da kəşf edilsin.

Bunlara diqqət yetirdikdə, uyğun suala belə cavab vermək olar:

1. Peyğəmbəri-Əkrəmin (s) merac gecəsi seyr etdiyi göy qatlarında məqsəd, şübhəsiz, yerin fəza qatları nəzərdə tutulmur. Biz o həzrətin səfərinin yerin fəza qatlarına merac etdiyini dediyimiz təqdirdə, uyğun irad irəli sürülə bilər. Çünki Peyğəmbəri-Əkrəmin (s) meracında ayrı göy qatlarından söz açılır və meraca dair söhbətlərdə yerin fəza qatlarından başqa göy qatlarının varlığı göstərilir. Bəzi təfsir alimləri də bu qənaətə gəlmişlər ki, gördüyümüz göyün fövqündə digər altı göy qatı da mövcuddur.[7]

2. Peyğəmbəri-Əkrəmin (s) göylərdə, o cümlədən, göyün yeddinci qatına qalxması yaradılış aləminin sirləri və Allahın möcüzələrindəndir. Biz bu dünyada Qurani-Kərimdə bəyan olunan yeddi göydən yalnız birini görür və digər qalaqtika və kürələrdən, orada yaşayan mövcudatdan xəbərsizik. Bəşərin bu məsələ ilə bağlı məlumatsızlığı digər göy qatlarının mövcud olmaması demək deyildir.[8]

3. Müasir insan bütün elmi inkişafı ilə belə, günəşdə mövcud qalaqtikaların yalnız onların kəşflərindən ibarət olduğunu iddia edə bilməz. Belə isə, bu dünyada gördüyümüz göy qatından başqa göy qatlarını necə inkar edə bilər?!

NƏTİCƏ

Qeyd edilənlərdən belə qənaətə gəlirik ki, meracla bağlı səma dedikdə, yerin fəza qatları, başqa sözlə, yer kürəsi ilə günəş arasındakı sonsuz fəza yox, digər göy qatları nəzərdə tutulur ki, bizim yalnız birinci göy qatı haqqında məlumatımız vardır. Bəşər qalan altı göy qatı barədə öz acizliyini etiraf edir. Bu müddəaya ən tutarlı sübut astronomiya səhasində yeni kəşflərdir. Bəşər maddi gözlə görə bilmədiyi hər bir şeyi dana bilməz. Çünki bəşər elmi məhduddur və naqis elmi ilə qəti şəkildə onu inkar edə bilməz. 

SON HƏDİS

İmam Sadiq (ə) “Tariq” surəsinin “And olsun göyə və tariqə (gecə gələnə)!” – ayəsinin təfsirində buyurmuşdur: “Bu ayədəki səma sözündə Əmirəlmöminin Əli (s) və “tariq” sözündə isə imamlarla birgə olan, onları saleh əməllərə doğru aparan və hər gecə onlara Rəbbi tərəfindən gecə-gündüz baş verəcək hadisələrdən xəbər verən bir ruh nəzərdə tutulur.”[9]

Kitabın adı: Dini suallara cavablar

Müəllif: Tədqiqat qrupu

Tərcümə edən: Rza ŞÜKÜRLÜ



[1] Bax: “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 10-cu cild, səh.150.

[2] “Məcməül-bəyan”, Təbərsi, 9-cu cild, səh.8.

[3] “Qamusi-Quran”, Seyid Əliəkbər Qürəşi, 3-cü cild, səh.334.

[4] “Təfsiri əhsənül-hədis”, Seyid Əliəkbər Qürəşi, 1-ci cild, səh.83; “Kövsər”, Yəqub Cəfəri, 1-ci cild, səh.116.

[5] “Təfsiri-nümunə”, 14-cü cild, səh.261.

[6] “Təfsiri-nümunə”, 1-ci cild, səh.167-168.

[7] “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 17-ci cild, səh.370.

[8] “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, 17-ci cild, səh.370.

[9] “Təfsiri-Lahici”, 4-cü cild, səh.757.

 

 

Tags: PEYĞƏMBƏR (s) , SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!