HİNDUİZM - 1

:

MƏQSƏDLƏR VƏ YOLLAR
Qədim hinduizmin heç vaxt vahid təsisçinin qayda-qanunları çərçivəsində, konkret bir istiqamətdə və məhdud, inzibati metodları olmamışdır. Bu ayin heç vaxt yeni yaranmış digər firqələrlə münaqişə və ixtilaf yolunu tutmamış, əksinə - həmişə güzəşt və kompromisi seçmişdir.

Eləcə də, caynizm və buddizm ardıcıllarını kafir hesab etməmiş, əksinə bəzən bu iki ayinin ideoloji əsaslarını qəbul və təqdir etmişdir. Bu baxımdan caynizmin əsas ideoloji əsaslarından olan və hindusların bu gün də hörmətlə yanaşdığı canlılara əzab-əziyyət verilməməsi prinsipini qeyd etmək olar. Belə ki, ət yeməyi özlərinə haram etmiş və vegetarian həyatı seçmişlər. Bundan başqa, buddizm məktəbində nirvanaya çatmaq üçün nəzərdə tutulmuş nəfsani istəkləri tərk etmək kimi digər bir prinsipi də qəbul etmiş və onu öz üslublarına çevirmişlər.
Brahmanizm öz inkişaf yolunda enişli-yoxuşlu yolları qət etdikdən, müxalif, əks ideoloji cərəyanlar və rəylərlə qarşılaşdıqdan sonra bu çətinliklərə və uyğunsuzluqlara cavab tapmaq üçün öz ideoloji əsaslarını genişləndirməyə məcbur oldu. Onlar bununla cəmiyyətin müxtəlif təbəqələrinin istəklərinə cavab vermək və ayrı-ayrı düşüncə, maraq və mənafe sahiblərində bu ayinə meyl yaratmaq istəyirdilər. Bu kimi güzəştlərin miqyası elə bir həddə olub ki, Hindistanın müstəqilliyinin banisi Qandi demişdir: “Ola bilər ki, kiminsə Allaha imanı olmasın, amma o, yenə də hinduizmdə dindar sayılacaqdır. Bu şərtlə ki, daim həqiqət axtarışında olsun. Çünki, Allah məhz həmin həqiqətin özüdür.”
Buna görə də, həm Allaha inanıb iman gətirənlər, həm də onu inkar edənlər - aydındır ki, bu iki dəstə bir-birinə zidd olan iki qrupdur - bu ayinə əsasən hindus ola bilərlər.
Bu kompromis əsasında, həyat üçün yalnız bir ali məqsədi qəbul edən və o məqsədə çatmağın da yalnız bir yolunu göstərən brahmanizm ayini öz dəyişikliklər dövründə insan həyatı üçün dörd icazə verilən məqsəd irəli sürmüşdür. Bu məqsədlərin hamısi icazəli və qəbul edilən olmaqla hər birinin xüsusi qayda-qanunları vardır. Zövq və meylindən asılı olmayaraq hər bir etiqadlı şəxs bu dörd məqsəddən birini seçə, öz həyatını onun qanunları əsasında qura bilər. Təbiidir ki, belə bir şəxs bu ayinin ardıcılı hesab olunur. Məqsədlərdən hər birinə çatmaq üçün bir-birindən fərqlənən üç konkret yol da nəzərdə tutulmuşdur. Bu izahla aydın olur ki, brahmanizm ayininə inananlar üçün həyatda həqiqətə qovuşmaq naminə altı məqsəd müəyyənləşdirilmişdir. Eləcə də öncə sitayiş üçün təqdim olunan çoxsaylı məbudlardan yeni dəyişikliklərdə yalnız üçü rəsmən tanınaraq pərəstişə layiq görüldü, qalanlarına isə az diqqət yetirildi.
Uyğun bəhsdən çıxan nəticə bundan ibarətdir ki, bu gün geniş Hindistan torpaqlarında şahidi olduğumuz və çoxsaylı ardıcılları olan hinduizm, yuxarıda qeyd edildiyi kimi, brahmanizmdə baş vermiş proses və dəyişikliklərin məhsuludur. Çünki qədim hinduizmin əsas xüsusiyyəti brahmanların (hindus ruhanilərinin) qeyd-şərtsiz hakimiyyətindən ibarətdir. Adətən bu dövrü brahmanizm, yeni dövrü isə hinduizm adlandırırlar.
Burada, hinduizmdə həyatın dörd icazə verilən məqsədini və üç nicat yolunu araşdıracağıq.

HƏYATIN DÖRD MƏQSƏDİ
Bu dörd məqsəd və hədəfi öz həyatının amalına çevirən hər bir hindus məzəmmət və qınağa tuş gəlməyəcəkdir. Bu dörd məqsəd aşağıdakı formada təqdim olunmuşdur:
1. Kama: Maddi eşq və məhəbbət şəklində təzahür edən nəfsani ləzzətlər axtarmaq və onlardan bəhrələnmək mənasını daşıyır. Hinduslar bu məqsədi o dərəcədə mühüm və həyati hesab edirlər ki, hətta kamaya ilahi və fövqəlbəşər qüvvə kimi yanaşır, onu müəyyən surətdə təsvir edərək pərəstiş edirlər. Kamanın təsviri müxtəlif növ güllər və çiçəklər bəzədilmiş kaman şəklində təqdim olunur və gülün beş şaxəsi insan qəlbini hədəfə alan beş ox kimi onu əhatə edir.
Hinduizmdə eşq (maddi-mənəvi) axtaranları, eləcə də cismani ləzzətləri sevənləri doğru yola yönəltmək üçün şer və ya səhnəcik şəklində müəyyən qayda və adətlər, eləcə də “Kama-sutra” yaxud “Natiye-şastra” adlanan əsərlər nəzərdə tutulmuşdur.
Buna əsasən də, öz ömürlərini bu kimi maddi ləzzətlərin axtarışına sərf edənlər məzəmmət olunmayacaqlar. Əlbəttə bu şərtlə ki, ictimai norma və qayda-qanunları ayaqlar altına atmasınlar. Eyni zamanda, inanclarına görə, insan sonrakı həyatında nəfsani ləzzətlərin nicata çatmaqda ruhun elə bir rolu olmadığı həqiqətini anlayacaq,  buna görə də ruhunun tam sakitliyə qovuşduğu ali məqsəd tapmağa çalışacaqdır.
2. Arta: Bu maddi şan-şöhrət və qüdrət axtarmaq, mal-dövlət toplamaq, sərvət yığmaq, rifahda yaşamaq, yüksək ictimai məqam və mənsəblərə çatmaq deməkdir. Bu məqsəd də yolverilən sayılmışdır və insan ona çatmaq naminə çalışa bilər. Əlbəttə, bu məqsədə çatmaq başqaları ilə rəqabət aparıb onları arxaya atmaq və təbii ki, rəhimsizlik və qəddarlıqla müyəssər olur. Qədim hindus kitab və mənbələrində “ərta-şastra” adlanan yazılarda, eləcə də “pənce-təntrə” (“Kəlilə və Dimnə” hekayətləri) kitabında həyat və  hakimiyyət uğrunda mübarizə meydanında düşmənlərə və rəqiblərə qələbəyə dair hekayələrdə zarafatla deyilmiş ciddi göstərişlər vardır. Buna əsasən də, hinduizm ayinində təyin olunmuş qayda-qanun və şərtlərə əməl ediləcəyi, onlardan boyun qaçırılmayacağı təqdirdə şan-şöhrət və məqam üçün çalışmağın həyat amalına çevrilməsinə icazə verilir. Hərçənd, onun da sonrakı həyatlarda, yaxud hazırkı həyatında öz səhvini anlayaraq nicat yolunun bundan ibarət olmadığını başa düşəcəyi gün gəlib çatacaqdır. Göründüyü kimi, hinduizm ayinində yuxarıdakı iki məqsədə icazə verilməsi sonrakı doğulma və həyatlara etimaddan, təmənnadan irəli gəlir. Bildiyimiz kimi, hinduizm dinində yenidən doğulmalara, yeni həyat və tənasüxə etiqad bəsləndiyinə görə insanın dünyadakı həyatının hər bir raundu sonrakı həyatlar üçün təcrübə meydanı ola bilər. Bu baxımdan hinduslarda belə bir ümid var ki, özlərinin ilkin həyatlarında həyat yolunu səhv getmiş olsalar, öz səhvlərini anlaya və sonrakı həyatlarda həmin işlərin təkrarından çəkinə bilərlər. Kama və artanın hər ikisinə etiqad bəslənməsi səhv və azdırıcı bir məqsəd olmasına baxmayaraq, burada hər iki məqsədin ardıcıllarının öz yollarının səhv və xəta olmasını anlayaraq sonrakı yeni həyatlarında düzgün yolu - qurtuluşu seçə bilmələrinə imkan var. Bu baxımdan hinduizmdə belə səhvlərə düçar olmaq yolları açıq qoyulmuş, hətta bu yolu gedənlərin özlərini daha arxayınlıqla hindus hesab etmələri və xəcalət hissi keçirmələri üçün müəyyən qanun və təlimatlar da işlənmişdir.
3. Darma: Bu məqsəd dini-əxlaqi şəriət deməkdir. Hinduslar vicdanın bəyəndiyi incə qayda-qanunlar silsiləsini istəyən şəxs üçün müəyyənləşdirmişlər ki, şəriət tələb edən şəxs onun əsasında özünün - ailə, siniflər və cəmiyyət qarşısındakı vəzifələrini bilərək onlara əməl etsin. “Darmaşastra” adlanan digər şəriət qanunlarına dair kitablar, “Mano qanunları” kitabı da bu qrupa yol göstərmək üçün yazılmışdır. Bu məqsədi seçənlər özlərini nəfsani istəklər, şan-şöhrət və məqam istəklərinin buxovlarından azad edərək onları xeyir və saleh əmələ daha yaxınlaşdırmaqla onlar üçün ruhi şadlıq və fərəh hissini ərməğan gətirən məqsədi seçə bilərlər. Eyni halda bu məqsəd də son hədəf deyil əksinə, mütləq xilas və qurtuluşa nail olmaq üçün daha ali məqsədi seçməlidir.
4. Məkşe və ya mukşa: Bu da son məqsəd və hədəf mənasınadır ki, hinduizm məktəbində lap əvvəldən kitablarında insana səadət və qurtuluş bəxş edən yeganə məqsəd kimi təqdim edilən son məqsəd və hədəf mənasını verir. Bu məqsədi seçən bir şəxs öz ruhunu bütün əzab-əziyyətlərdən xilas edərək nirvana məqamı olan mütləq rahatlığa nail olur. Bu mərhələdə artıq ardıcıl doğum və tənasüx dövrü çərxi aradan gedir. Bu məqsədə çatmaq bütün dünyəvi istəkləri tərk etmək və istənilən maddi istəkləri, nəfsani meylləri məhv etməklə mümkündür. Buna görə də, ümumiyyətlə götürdükdə hinduizm öz ardıcıllarının önündə açdığı yolverilən 4 hədəf və məqsəddən ikisi azdırıcı, digər ikisi isə düzgün və nicatvericidir.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!