VİDA HƏCCİ - QƏDİR XUM

:

Hicrətin 10-cu ilində həzrət Peyğəmbər (s) Allah evini ziyarət edəcəyini elan etdi. Bu xəbər müsəlmanların sevincini artırdı. Minlərlə müsəlman o həzrətlə həcc ziyarətinə getməyə hazırlıq işləri gördülər.

Həzrət Peyğəmbər (s) zil-qədə ayının 25-də Əbu Dəcanəni Mədinədə öz yerinə təyin edib 60 qurbanlıq götürərək, digər müsəlmanlarla birgə həcc mərasimini yerinə yetirmək üçün Məkkə şəhərinə yola düşdü. Peyğəmbər (s) Zul-Hüleyfə adlı yerə çatdıqda ehram bağlayıb ləbbeyk nidasını deməyə başladı. Sonra həzrət Məscidul-Hərama daxil olub Kəbəni təvaf etdi və həccin digər mərasimlərini yerinə yetirdi.
Yəmən şəhərində məmuriyyətdə olan Əli (ə) Peyğəmbərin (s) həcc səfərindən xəbərdar olan kimi ixtiyarındaki dəstə ilə Məkkəyə doğru yollandı və Ərəfə günündən qabaq, gəlib Peyğəmbərə (s) qoşuldu. Həzrət Mühəmməd (s) həcc mərasimindən sonra Mədinə şəhərinə yola düşdü. Zil-həccə ayınıın 18-i bazar günü Cöhfə məntəqəsinin yaxınlığındakı Xum adlı yerə çatdıqda mələk Cəbrail (ə) Allahın əmri ilə enib Peyğəmbərə (s) bu ayəni nazil etdi: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi elçiliyi, peyğəmbərliyi) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! (Maidə, 67)
Beləliklə, Allah tərəfindən Peyğəmbərə (s) əmr olundu ki, Əlini (ə) açıq-aşkar camaata tanıtdırıb özündən sonra ümmətə layiqli rəhbər olacağını elan etsin və ona itaət etməyin müsəlmanlara vacib olduğunu onlara çatdırsın. Həzrət Peyğəmbər (s) bu əmrə əsasən qabaqda gedən karvanın geri qayıtmasını əmr etdi və geridə qalan karvanın gəlib çatmasını gözlədi. Bütün müsəlmanlar bir yerə toplaşdılar. Orada olan müsəlmanların sayı təxminən, 120 min nəfər idi. Hamı bir-birindən nə hadisə baş verdiyini soruşurdu. Qızmar günəşin şiddətindən camaat əbalarının yarısını altına atmış, yarısını isə kölgə üçün çətir kimi başları üzərinə tutmuşdular. Camaat namazı qılındı. Namazdan sonra həzrət Peyğəmbər (s) dəvələrin yəhərlərindən hazırlanmış hündür yerdə dayanıb camaat bu xütbəni oxudu: “Həmd və səna Allaha məxsusdur. Ondan kömək istəyir, ona iman bəsləyir, Ona təvəkkül edib və layiqsiz əməllərdən ona pənah aparırıq. Allahdan başqa hidayət edib düz yol göstərən yoxdur. Allah hidayət edən şəxsi heç kəs yolundan azdıra bilməz. Şəhadət verirəm ki, Ondan başqa məbud yoxdur. Mühəmməd Onun qulu və elçisidir.
Camaat! Aqah olun! Haqqın dəvətinin qəbul edib, tezliklə sizlərdən ayrılmağımın vaxtı yaxınlaşmışdır. Mən və sizlər məsuliyyət daşıyırıq. Mənim barəmdə nə deyirsiniz?
Hamı bir ağızdan səsləndi: “Şəhadət veririk ki, sən öz risalətini bizə çatdırdın, nəsihətlər edib düz yola dəvət etməkdə çox çalışdın. Allah sənə savab versin.”
Həzrət Peyğəmbər (s) buyurdu: “Allahdan başqa heç bir məbudun olmamasına və Mühəmmədin Onun bəndəsi və elçisi olduğuna şəhadət verirsinizmi? Habelə, Cənnət və Cəhənnəmin, ölümün haqq olduğuna, Qiyamət gününə şübhə olmamasına və Allah-taalanın ölüləri diriltməsinə şəhadət verirsinizmi?
Dedilər: “Bəli, şəhadət veririk.”
Həzrət Peyğəmbər (s) buyurur: “İlahi, Sən Özün şahid ol! Həqiqətən, mən başqa dünyaya (axirət aləminə) köçməkdə və hovuzun kənarına çatmaqda sizləri qabaqlayıram. Hovuzun kənarında yanıma gələcəksiniz. Mən sizlər üçün qiymətli olan iki ağır əmanət qoyub gedirəm. Fikirləşin və diqqətli olun.
Məndən sonra bu əmanətlə necə rəftar edəcəksiniz?!”
Bir nəfər soruşdu: “Ya Rəsuləllah! Onlar hansılardır?” Həzrət Peyğəmbər (s) buyurdu: “Biri Allahın kitabı olan Quran, ikincisi isə itrətim olan pak Əhli-beytimdir. Mehriban Allah məni xəbərdar edib ki, bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşmayınca, bir-birindən ayrılmayacaqlar. Mən bu işi (Quranla Əhli-beytimin bir-birindən ayrılmamasını) Allahımdan istəmişəm. Quran və itrətimdən qabağa keçsəniz yaxud geri qalsanız həlak olarsınız.
Sonra həzrət Peyğəmbər (s) Əlinin (ə) əlindən tutub qoltuqlarının altı görünənə qədər yuxarı qaldırdı və buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ey Allahım! Hər kim onunla dost olsa, Sən də onunla dost ol. Hər kim onunla düşmən olsa, Sən də onunla düşmən ol.”
Sonra həzrət Peyğəmbər (s) əlavə edərək buyurdu: “Bu xəbəri burada olanlar olmayanlara çatdırsın.” Onun sözlərindən sonra Cəbrail (ə) enərək Allah tərəfindən bu ayəni nazil etdi:
“Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.” (Maidə, 3)
Ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) buyurdu: “Allahu əkbər! Din kamilləşdi, nemətlər tamamlandı. Allah-taalanın risalətimə və məndən sonra Əlinin (ə) vəsi və canişinim olmasına sevindiyinə görə Ona təşəkkür edirəm.”
Bu hadisədən sonra müsəlmanlar bir-bir Əli ibn Əbu Talibi möminlərin əmiri olması münasibətilə təbrik etdilər. Hamıdan öncə Əbu Bəkr və Ömər ibn Xəttab Əlinin (ə) yanına gəlib dedilər: “Ey Əbu Talibin oğlu Əli səni təbrik edirik. Sən bu gündən bizim və mömin kişi və qadınların ağası və rəhbərisən!”

HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏLİ (Ə) HAQQINDA BUYURDUĞU HƏDİSLƏRDƏN NÜMUNƏLƏR:

1. Əli mənimlə müqayisədə, Harunun Musaya (ə) olan nisbəti kimidir. Lakin məndən sonra peyğəmbər yoxdur.
2. Əli Qiyamət günü Cənnətə daxil olacaq ilk şəxsdir.
3. Əli Cənnət və Cəhənnəmi böləndir.
4. Əli haqq ilədir, haqq da Əli ilə. Bunlar Kövsər hovuzunun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar.
5. Əli və onun şiələri səadət tapanlardır.
6. Əlinin zikri və onun üzünə baxmaq ibadətdir.
7. Əlinin vilayətini qəbul edən mənim kimi yaşar və mənim kimi ölər.
8. Hər bir peyğəmbərin vəsisi olduğu kimi, Əli də mənim vəsi və varisimdir.
9. Əli Kəbə mislindəndir.
10. Əli dünya və axirətdə qardaşımdır.
11. Əlini xatırlamaqla məclislərinizi zinətləndirin.
12. Əliyə məhəbbət cəhənnəm odundan bəraətdir.
13. Əli mənim tərəfimdən əvəzolunmaz təbliğatçıdır.
14. Əli xəlq olunmasaydı, Fatiməyə layiq ər tapılmazdı.

 

İstifadə olunan mənbələr:
1. Sünəni-İbn Macə, c.1, səh.43.
2. Əl-Qədir, Əllamə Əmini, c. 1, səh. 9.
3. Müsnədi-Əhməd, c. 4, səh. 211.
4. Əl-Mizan, Əllamə Təbatəbai, c. 6, səh. 53-59.
5. Səhihi-Tirmizi, c. 6, səh. 298.
6. Kənzul-ümmal, c. 11, səh 603. Sireyi-İbn Hişam, c. 4, səh. 163.
7. Ərcəhul-mətalib, səh. 661.
8. Yənabiul-məvəddə, səh.180, 237.
9. Tarixi-Bağdadi, c.14, səh. 321.
10. İbn Əsakir, c. 3, səh.120.
Hazırlayan: Təkamül Tərcümə Mərkəz

 

 

Tags: PEYĞƏMBƏR (s) , İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!