QƏDİR-XUM QURAN VƏ HƏDİSDƏ

:

Mühəmməd peyğəmbərin (s) ömrünün sonlarında getdiyi həcc səfəri “vida həcci” adlanır. O ildə Peyğəmbər (s) həcc üçün ümumi çağırış elan etdi. Bəzilərini nümayəndə göndərərək, bəzilərinə isə məktub yazaraq həcc səfərinə dəvət etdi. “Zulhuleyfə”ni (Şəcərə məscidini) isə onlar üçün görüş və toplantı yeri təyin etdi.

Hicrətin 10-cu ilində müsəlmanlar həcc səfərinə yola düşdü. Peyğəmbər (s) İslama dəvət etmək üçün həzrət Əlini (ə) Yəmənə göndərmişdi. Həzrət Əli (ə) isə oradan hacılara qoşuldu.
Həcc mərasimi sona yetdikdən sonra Peyğəmbər (ə) Mədinəyə qayıdırdı. Günortaya yaxın karvanların bir-birindən ayrıldığı, Qədir-Xum adlı məntəqəyə çatdıqda, Peyğəmbər (s) carçıya göstəriş verdi ki, xalqa belə desin: Camaat dayanın! Qabaqda gedənləri geri çağırın, arxadan gələnləri gözləyin!
Havanın istiliyi elə bir həddə idi ki, camaat və hətta Peyğəmbər (s) əbasının bir hissəsini başına örtmüş, digər yarısını da ayaqlarının altına atmışdı. Camaatın bir qismi isə əbalarını ayaqlarına bükmüşdü.
Sonra dəvələrin cihazlarını (yəhər kimi bir şey) və əşyaları bir-birinin üzərinə qoyaraq, minlərlə hacının Peyğəmbərin (s) səsini eşitməsi və nur camalını görməsi üçün hündür minbər hazırladılar.
Zöhr namazı qurtardıqdan sonra Peyğəmbər (s) minbərə qalxdı və həzrət Əlini (ə) yanına çağıraraq sağ tərəfində durmasını istədi.
Nəhayət, Həzrət (s) məzmunu Quran ayələrindən ibarət olan öz tarixi xütbəsini oxudu. Sonra həzrət Əlini (ə) özündən sonra canişin seçərək belə buyurdu: ”Mən hər kimin mövlasıyamsa, Əli (ə) də onun ağası və mövlasıdır.”
Orada olanlar həzrət Əliyə (ə) möminlərin ağası və mövlası olaraq beyət etdilər.
Peyğəmbərin (s) tədbiri ilə qadınlar da beyət etdi. Belə ki, böyük bir qabda su gətirdilər, Əli (ə) əlini o qabın içinə qoydu və qadınlar da qabın digər tərəfinə əllərini qoyaraq beyət etdilər.
İslam tarixi boyunca bu hadisə kimi möhtəşəm və əhəmiyyətli bir hadisə baş verməmişdir; izdiham, misilsiz beyət və tayı-bərabəri olmayan bir xütbə! Elə bir xütbə ki, Peyğəmbər (s) öz övladları və yaxınlarına bu misilsiz xütbənin oxuyub əzbərləməyi sifariş və təşviq etmişdir.
Allahın Peyğəmbərə buyurduğu hadisə belə idi: “Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini (peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan....”
O hadisə Allahın əmri ilə dinin kamilləşməsi və nemətin tamamlanması idi.
Bu gün unudulmaz və önəmli bir gündür. Bu gün bayram günüdür. İmam Rza (ə) onun barəsində belə buyurur:
1. Qəmdən qurtuluş günü.
2. Günahların məhv olduğu gün.
3. Bəxşiş və əta günü.
4. Elmin yayılma günü.
5. Böyük bayram və müjdə günü.
6. Duaların qəbul olma günü.
7. Böyük məqam günü.
8. Qara paltarları çıxarmaq və şadlıq libasları geyinmək günü.
9. Əməllərin qəbulu üçün şərt qoyulan gün.
10. Kədər və qəmin qovulduğu gün.
11. Həzrət Əli (ə) şiələrinin günahlarına göz yummaq günü.
12. Yaxşı işlərdə yarışmaq günü.
13. Peyğəmbər (s) və onun Əhli-beytinə salavatın çox göndərildiyi gün.
14. Allah, mələkələr, peyğəmbərlər, övliyalar və möminlərin şad olduğu gün.
15. Peyğəmbər Əhli-beytinin bayram günü.
16. Möminlərin əməllərinin qəbul olunan günü.
17. Ruzi və bərəkətin çoxalmasının istənildiyi gün.
18. İman əhlinin rahatlıq günü.
19. Xeyirxahların ticarət və qazanc günü.
20. Sevgi və dostluq günü.
21. Allahın geniş rəhmətinə nail olma günü.
22. Nəfsi saflaşdırma günü.
23. Böyük günahların tərk edildiyi gün.
24. İbadət və bəndəlik günü.
25. Oruclara iftar verilən gün.
26. Zinət və gözəllik günü.

Bu gündə möminlərə ehsan vermək, bir-birini ziyarət etmək tövsiyə olunmuşdur və çoxlu savabı vardır.
Əlbəttə, Peyğəmbərin (s) həzrət Əlini (ə) canişinliyə seçməsi nə ilk, nə də son dəfəsi idi, əksinə Peyğəmbərlik dövrünün ilk günlərində dəfələrlə həzrət Əlini (ə) tərifləyib onu ən gözəl varlıq və özünün canişini ünvanı ilə təqdim etmişdir.
Allah-taala da özünün əzəmətli və həmişəyaşar kitabında o Həzrətin misilsiz sifətlərini saymışdır.

Kitabın adı: Quran və Qədir-Xum
Müəllif: Ustad Möhsin Qəraəti
Tərcümə edən: Şahin Cabbarov

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!