HƏZRƏT RIZA(ə)NIN HƏYATI - 1

:

TƏVƏLLÜDÜ
148-ci hicri-qəməri ili, zilqədə ayının 11-də Mədinə şəhərində Musa ibn Cəfərin (ə) ailəsində bir uşaq dünyaya gəldi. Körpənin adını Əli, ləqəbini isə Riza qoydular.

 

İmamın  əziz anası Nəcmiyyə iman və zəka baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı.
Uşaqlıq çağından atası Imam Kazimlə (ə) birlikdə idi. İmam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: “Məndən sonra İmam budur.”
Bu barədə Məxzumi belə demişdir: “Günlərin birində Musa ibn Cəfər (ə) bizi çağırıb, “Sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız” – deyə buyurdu.
İmamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axrına belə əlavə etdi: “Sizə dediyim yadınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımızdan başqa.”

İMAMIN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Məsum imamlar (ə) Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər . Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər.Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər.  Bu barədə mərhum Səduq, İbrahim ibn Abbasdan nəql edərək belə yazmışdır: “İmam Rizanın (ə) sözlə bir kimsəyə zülm etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçilərini süfrəyə dəvət edərək, onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olardı. Ata-babaları kimi o da,  gecə yarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı.
Məhəmməd ibn Əbi İbad, İmam (ə) haqqında belə deyir: “Həzrət yayda həsirdən, qışda isə yun xalılardan istifadə edərdi. Sadə bir evdə yaşayırdı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi."
Bir gecə evdə yanan çıraq xarab olur, qonaq çırağı düzəltmək istədikdə, İmam onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: “Biz qonaqlarımızı işlətmərik.”
İmamın  xidmətçisi Yasir deyir: “İmam Riza (ə) bizə belə buyurardı: “Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın!”
İmamın   əshabından olan başqa bir nəfər isə o Həzrətin əxlaqı barəsində belə deyir: “Bir gün yad bir adam İmamın  evinə gəlib: “Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün yol xərcim yoxdur, əgər siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm. " – dedi. İmam  qalxıb o biri otağa keçərək,  200 yüz dirhəm gətirib qapının arasından ona verdi və buyurdu: “Al bunu, mənim tərəfimdən sədəqə verməyin lazım deyildir." 
İmamdan "Belə etdin ki, səni görməsin?"  – deyə soruşduqda belə buyurdu: “Belə etdim ki, gözü gözümə sataşıb utanmasın." 

İmamın əshabından olan Süleyman deyir: “Bir gün Həzrət  ilə evə getdik. Fəhlələr işləyirdi. Orada İmamın  tanımadığı bir kişi də var idi. İmam buyurdu: “Bu kişi kimdir?“ Dedilər: “Onu bizə kömək etmək üçün gətirmişik.” Buyurdu: “Onunla müqavilə bağlayıb muzdunu təyin etmisiniz?”
Dedilər: “Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz.” İmam bu sözdən narahat olub buyurdu: “Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzdun təyin edin! Çünki muzdu təyin olsa muzdundan çox ona versəniz, sevinər. Amma əgər muzdu təyin etməsəniz, onda muzdunun üç qatını da verəsiniz, elə güman edər ki, muzdunu verməmisiniz.”

QÜRRƏLƏNMƏK
Əhməd Bəzənti öz zəmanəsinin tanınmış alimlərindən idi. O, Imam Rizaya (ə) məktublar göndərib cavablarını aldıqdan sonra Həzrətin  imamətini qəbul etmişdi. Bir gün Bəzənti Həzrətə (ə) belə dedi: “Xəlvət bir saatda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm.” Həzrət onun istəyini qəbul edib, hətta öz miniyini də Bəzənti üçün göndərdi. Həmin gün gecə yarısına qədər elmi mübahisə apardılar və Bəzənti öz çətin məsələlərini İmamın  məclisində həll etdi.
Yatmaq vaxtı çatanda İmam xidmətçisini çağırıb buyurdu: “Mənim şəxsi yatağımı gətirib yanımda böyük məqama malik olan qonağım üçün sər, qoy istirahət etsin!”
İmamın  sözləri Bəzəntidə məğrurluq hissi yaratdı və o,  öz-özünə belə dedi: “İmamdan  sonra dünyada ən yaxşı adam mənəm. Bu mənəm ki, İmam   öz miniyini mənim üçün göndərdi, öz yatağını mənə verdi və saatlarla mənimlə oturub söhbət etdi!"
Bəzənti öz boş xəyalları ilə məşğul ikən, İmam  otağa qayıdıb ona buyurdu: “Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürrələnmə! Çünki Əlinin (ə) dəyərli əshabı Səsəə xəstələndikdə onu görmək üçün yanına gedib, saatlarla ona nəvaziş göstərdikdən sonra məğrur olmaması üçün buyurdu:
“Əziz dost, bu gördüklərini əsla özünə qürur vasitəsi edərək, “mən beləyəm, mən eləyəm, İmam mənə məhəbbət göstərdi” – deyə qürrələnmə! Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm.”
Bəzənti belə deyir: “Həzrət  bu əhvalatı danışaraq, mənə yanıldığımı başa saldı. Ondan sonra belə qərara gəldim ki, heç vaxt batil fikir etməyim, öz niyyət və əməllərimə diqqət yetirim!”
Bəlx əhalisindən olan bir kişi deyir: “Həzrət Riza (ə) ilə Xorasan səfərində idik. Süfrə salınanda o Həzrət əmr etdi ki, hamı gəlib süfrə başında otursun.” Dedim: “Qurbanın olum, icazə ver qulların süfrəsini ayırım!” Həzrət  belə buyurdu: “Sus! Bunu bil ki, heç birimiz başqasından üstün deyilik. Bizim Allahımız birdir, ata-anamız birdir. Biz yalnız təqvamıza görə bir-birimizdən fərqlənə bilərik.”
Cabir Zəhhak belə deyir: “Məmunun əmri ilə Həzrəti  Mədinədən Mərvə gətirirdim. Allaha and olsun ki, İmamın xidmətində olduğum bu müddət ərzində o dərəcədə təqvalı və pak bir kişi görməmişdim.”

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM RZA (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!