HƏZRƏT RIZA(ə)NIN HƏYATI - 2

:

İMAM RİZA (Ə) VƏ QARDAŞ NƏSİHƏTİ
Həzrət Riza (ə) Xorasana dəvət olunub bir sıra şərtlərlə Məmunun vəliəhdi olmağı qəbul etmək məcburiyyətində qaldı. Bu zaman Mədinədə qiyam edən qardaşı Zeyd də Məmunun əmri ilə Xorasana gətirildi. Məmun İmamın (ə) hörmətinə onu azad buraxıb cəzalandırmadı.

Bir gün izdihamlı bir məclisdə İmam (ə) xalqa söhbət edərkən Zeydin məclisin bir küncündə oturub özünü təriflədiyini eşitdi. İmam fəryad etdi:
–Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan? Bu sözlər nədir ki, deyirsən? Əli ilə Zəhranın övladları ancaq Allahın əmrinə təslim olduqları və özlərini günahdan uzaq saxladıqları zaman dəyərli və üstün sayılır. Olmaya belə güman edirsən ki, Musa ibn Cəfər, həzrət Səccad və başqa imamlar kimisən? Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdi. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi? Bunu bil ki, əgər bizim Əhli-beytimizdən olan bir şəxs yaxşı iş görsə, iki qat savab aparır. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin hörmətini saxlamışdır. Lakin pis iş görüb bir günah etsə, iki günah qazanır: həm başqaları kimi pis iş görüb, həm də Peyğəmbərin abrını aparımışdır.
Ey qardaş! Hər kim Allaha itaət etsə, biz Əhli-beytdəndir, lakin günahkar olsa, bizdən deyildir. Necə ki, Allah-taala, öz mənəvi əlaqəsini atası ilə qıran Nuhun oğlu barədə buyurub: “O, sənin nəslindən deyildir. Əgər sənin nəslindən olsaydı, ona nicat verərdik.”
Şeyx Səduq, Həsən Nofəlidən belə nəql edir: “Məmun dünyanın müxtəlif din alimlərini yığaraq bir məclis qurmağı, İmam Rizanı (ə) da bu yığıncağa dəvət edib onun elmi dəyərini etibarsız edərək nüfuzunu aradan aparmağı planlaşdırmışdı. Məmun həmin yığıncağı təşkil etmək əmrini vəziri Fəzl ibn Səhlə verdi. Məmun adam göndərib İmam Rizanı (ə) da həmin məclisə dəvət etdi. İmam (ə) oraya getməzdən öncə evindən çıxanda Həsən Nöfəliyə belə buyurdu:
–Məmunun bu məclisi təşkil etməkdən məqsədini bilirəm. Amma bunu da bil ki, xristianlarla öz kitablarından, yəhudilərlə Tövratdan, məcusilərlə də farsca danışdığım zaman Məmun bu işindən peşman olacaq.
İmam (ə) dediyi kimi də oldu. İmam məclisə girəndə hamı onun ehtiramına ayağa qalxdı. Həzrət (ə) Məmunun yanında əyləşdi. Məmun xristianların böyük ruhanisi Casəliqə “istədiyin sualı ver!” – dedi. Casəliq belə dedi: “İsa haqqında nə bilirsən?” İmam (ə) buyurdu: “Bizim əqidəmizə görə İsa (ə) Allahın peyğəmbəri olmuşdur.”
Casəliq: “Öz peyğəmbərinizin nübüvvətinə dair sübutunuz nədir?”
İmam (ə): “Məgər İncildə oxumamısan ki, Yuhənna İsanın (ə) belə buyurduğunu nəql edir: ”Məndən sonra keçmiş peyğəmbərlərin dinini kamilləşdirəcək bir peyğəmbər gələcəkdir.”
Casəliq: “Oxumuşam. Amma onun kim olduğunu və harada olacağını deməmişdir.”
Həzrət (ə) buyurdu: “Sənə İncil kitabından oxumağımı istəyirsənmi?”
Dedi: “Oxu!”
Həzrət (ə) üçüncü bölməni oxuyub İsanın belə buyurduğu yerə çatdı: ”Mən sizin Pərvərdigarınıza doğru gedəcəyəm və Barqilita, (yəni Mühəmməd) sizə doğru gələcək və küfrü məğlub edəcəkdir.” Casəliq susub heç bir söz demədi.
Sonra Həzrət (ə) yəhudilərin başçısı Rəsül-caluta tərəf dönüb belə buyurdu: “Musanın peyğəmbər olduğuna dair hansı dəliliniz vardır?”
Dedi: “Musanın əsanı ilana çevirmək, Nil çayını yarıb ondan keçmək və əlindən saçan nur kimi möcüzələri vardır.”
Həzrət (ə) buyurdu: “Nəyə görə İsanın peyğəmbərliyinə inanmadınız?”
Dedi: “Deyilənlərə görə İsa ölünü dirildir, dəri xəstəliklərini sağaldırmış, lakin biz bunları görməmişik ki, ona iman gətirək!”
Həzrət (ə) buyurdu: “Onda nəyə görə Musadan öncəki peyğəmbərlərə, habelə Musanın özünə inanırsınız, məgər onların möcüzələrini görmüsünüzmü?”
Dedi: “Bizə nəql olunduğuna görə o, kimsənin söyləmədiyi sözləri söyləyib və qabaqcadan kimsənin görə bilmədiyi işləri görmüşdür.”
İmam (ə) belə buyurdu: “Bu sözləri onun demiş olduğunu haradan bilirsiniz?”
Hürmüzan dedi: “Tarixdən oxuyub və bu sözləri eşidənlər vasitəsi ilə eşitmişik.”
İmam (ə) buyurdu: “Başqa dinlər və tarixə istinad edirlər. Onda siz onları necə öz dininizə dəvət edəcəksiniz?”
Hürmüzan susub bir söz demədi.
İmam (ə) sonra məcusların başçısına belə buyurdu: “Sən də istədiyini soruş!” Ömran, Allah və yaradılışın fəlsəfəsi haqqında bir neçə sual verib cavabını aldı və Həzrətin vasitəsi ilə İslamı qəbul etdi. Məclis İmamın (ə) qələbə və müvəffəqiyyəti ilə sona çatdı. Bunu gözləməyən Məmun ilan sancmış adam kimi qıvrılır, məclisi qurduğu üçün özünü danlayırdı.

İMAMIN QUM ŞƏHƏRİNƏ GƏLMƏSİ
Məmun İmamı (ə) Xorasana dəvət etdiyi zaman o həzrət Mədinədən Bəsrəyə, oradan da Quma gəldi. Qum əhalisi İmamı qarşılamağa çıxdı. Hamı istəyirdi ki, İmamı öz evinə qonaq aparsın. Həzrət (ə) belə buyurdu: “Kənara çəkilin! Mənim dəvəm bu işin məmurudur. Hər kimin qapısında dayanıb otursa, ora mənim qalacağım yer olacaqdır.”
Dəvə Qumun əyri-dar küçələrindən keçib bir evin qapısına çatanda yerə oturdu. İmam (ə) da həmin evə (bu gün Qum şəhərinin elmi mədrəsələrindən biridir, “Rəzəviyyə mədrəsəsi”) qonaq oldu.
Xorasan yolu boyunca camaat sevincək o həzrətin ətrafına yığılıb ən dərin məhəbbətlərini göstərirdi.

İMAMIN NİŞABUR ŞƏHƏRİNƏ GƏLMƏSİ
O dövrdə Nişabur şəhəri İranın böyük sahəli, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin İmam Riza (ə) üçün təşkil etdiyi qarşılama mərasimi tarixdə misilsiz idi. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. İmam (ə) gələndə isə Nişaburun alimləri əllərində kağız-qələm, İmamın sözlərini yazmaq üçün şəhərin darvazası ağzına yığılmışdı. O zamanlar Nişaburda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük ravi və hədisçilərdən sayılan Məhəmməd ibn Əsləm Tusi qabağa gəlib İmamdan camaat üçün bir hədis söyləməsini xahiş etdi. İmam (ə) kəcavənin pərdəsini qaldırıb başını çıxartdı. Xalqın gözü İmama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. İmam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu: “Allah-taala buyurmuşdur: “La ilahə illəllah” kəlməsi mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gərirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır.”
Bu hədisin sənədi ardıcıl olaraq Peyğəmbər (s), Cəbrail (ə) və Allah-taalaya yetişdiyinə görə “Silsilətüz-zəhəb” hədisi adlandırılmışdır.

İMAMIN SƏNABADA GƏLMƏSİ
Əbasəlt belə nəql edir: “Həzrət (ə) Sənabad kəndinə çatdıqda günorta idi. Həzrət namaz qılmaq istəyirdi. Su istədikdə, dedilər suyumuz yoxdur. Bu zaman Imam Riza (ə) bir yeri qazdı və həmin yerdən su qaynayıb çıxdı. İmam (ə) ilə yoldaşları dəstəmaz alıb namaz qıldı. Sonra bu gün daş qablama qayırmaq üçün əsas xammal sayılan dağa mübarək üzünü tutub belə buyurdu: “İlahi! Bu dağa xeyir-bərəkət əta et!” Sonra əmr etdi ki, evinin bütün qablamalarını bu dağın daşından düzəltsinlər. Həzrət (ə) daha sonra Həmid ibn Qəhtəbənin evində yerləşən məqbərəyə daxil olub Harunun qəbrinin yanında əli ilə bir xətt çəkərək buyurdu: “Bura mənim qəbrimdir, məni burada dəfn edəcəklər. Allaha and olsun ki, hər kəs mənim ziyarətimə gəlsə, Allahın rəhməti və bizim şəfaətimiz ona nəsib olacaq.” Daha sonra qibləyə tərəf dayanıb bir neçə rəkət namaz qıldı və dua etdikdən sonra uzun səcdəyə getdi.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var...ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM RZA (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!