İMAM HƏSƏN(ə)İN FİKRİ-SİYASİ TARİXİ - 2

:

İMAMƏT MƏSULİYYƏTİ
Kufə camaatı ən çətin şəraitdə olduğu bir zamanda Əmirəl-Möminin Əli (ə) şəhadətə yetirildi. Kufəlilər “Cəməl” döyüşündə qədimdən bəri rəqabət apardıqları bəsrəlilərə qələbə çalmasına baxmayaraq, “Siffeyn” döyüşündə şücaət və igidlik göstərsələr də, zəfərə bir addım qalmışkən hələ qədimdən bəri Kufə üçün qorxunc bir rəqib sayılan şamlılar qarşısında düşmənin hiyləsinə aldanaraq ağır nəticəli məğlubiyyətə uğradılar.

Kufə ordusunun həqiqi İslam və onun reallaşması üçün başlarında (cahiliyyət simvolu) Müaviyə olan Şam ordusu ilə döyüşməsinə baxmayaraq, zəiflik göstərmələri səbəbindən Müaviyənin varlığını qəbul etməklə yanaşı, ona tabe olmağa da məcbur oldular.
Bu, yalnız işin başlanğıcı idi. Kufəyə hakim kəsilən ruhi sarsıntı və təhqiredilmə duyğusu xəvaric adında fasid və inadkar bir qrupun meydana çıxmasına səbəb olmuşdu. Bunlar Müaviyə tərəfindən təklif edilən “Quranın hakimiyyəti”ni Əmirəl-Möminin Əliyə (ə) qəbul etdirməkdə o həzrətə müqavimət və təzyiq göstərdilər, amma işin həqiqətini anladıqdan sonra İmamı xaincəsinə tənqid atəşinə tutdular. Nəticədə, kufəlilər sahib olduqları silahları özlərinə qarşı istifadə etməklə Kufənin birlik və bütövlüyünə başqa bir dərin zərbə endirmiş oldular.
Kufəyə hakim olan bu mühitdə hansısa bir işi icra etmək mümkün deyildi. Əmirəl-Möminin Əli (ə) kufəliləri Müaviyə ilə döyüşməyə təşviq etmək və İslamın müqəddəs vücudundakı bədxassəli xərçəng şişini kəsib atmaq üçün hər nə qədər israr etdisə də, onlar döyüşə heç bir rəğbət göstərmədilər. Hətta İraqı müdafiə etməyə belə, səy göstərmədilər. Müaviyənin təyin etdiyi vali və qoşun başçıları dayanmadan İraqa təcavüz edir, kufəlilər isə, bunun müqabilində heç bir reaksiya göstərmirdilər. İmamın nə nəsihətləri, nə də sərt çıxışları onların ağlını başlarına gətirə bilmədi. Çünki kufəlilərin tənbəllik və sadəlövh camaatın yaratdığı bu ruhi zəiflik onları hər hansı bir fəaliyyətdən saxlayaraq iflic vəziyyətinə salmış olurdu.
İmam Kufədə və belə ürəkağrıdan mühitdədə şəhadətə yetirildi. O həzrətin məzlumcasına şəhadəti cəmiyyətdə təlatümlü bir dalğa yaratmasına baxmayaraq, kufəlilər yaratdıqları ixtilaf və çaşqınlıq nəticəsində fəlakətə uğramış, Müaviyə və Şam ordusu da eynilə bir kabus kimi, iraqlıları elə bir vəhşətə salmışdı ki, Əmirəl-Möminin Əlinin (ə) müqəddəs cəsədi gizli şəkildə torpağa tapşırılsın, dəfn olunduğu yeri hər kəsdən gizlədilsin və beləliklə, şiə imamları Əlinin (ə) məzarını xalqa göstərənə qədər Həzrətin qəbri məxfi qaldı.
Bu məzlumiyyət dalğası kufəlilər arasında güclü əks-səda yaratdı. Doğrudur ki, İraq xalqı zəiflədilmiş və sarsılmışdı, amma bu tezliklə Şam rejiminin zülmünə boyun əyməyi və bu asanlıqla ona təslim olmağı özləri üçün bir ləkə və üz qarası olaraq görürdülər. Bunların ardınca bütün diqqəti özünə cəlb edən nisbətən güclü bir təşkilat Kufədə meydana gəldi. İndi kufəlilər beyət etmək üçün Əmirəl-Möminin Əlinin (ə) tədbirlərini tətbiq edəcək və onun siyasətini izləyəcək bir rəhbər axtarışında idilər. İmam Əlinin (ə) oğlundan başqa, heç kim bu yolu davam etdirməyə layiq olmadığından, imam Həsənə (ə) beyət etdilər və Müaviyə ilə döyüşmək şərtilə o həzrətə beyət etdiklərini vurğuladılar. Lakin imam Həsən (ə) onları sınaqdan keçirmək məqsədilə məsləhət gördüyünə əməl edəcəyi və hətta bəzi vaxtlarda lazım gələrsə, Müaviyə ilə sülh etməyə məcbur olacağı təqdirdə kimsənin etiraz etmə haqqı olmadığına dair əhd aldıqdan sonra onların beyətini qəbul etdi. Həmişə olduğu kimi, ilkin mərhələdə qəti və ciddi şəkildə qərar qəbul etmələrinə baxmayaraq, qısa bir müddət sonra fikirlərindən daşındılar və asanlıqla zillət və xarlığı qəbul etdilər. Bəzi xüsusiyyətlərə toxunmadan qeyd etmək istəyirik ki, imam Həsənə (ə) beyət etmək və o həzrəti rəhbər kimi fəaliyyət göstərə bilməkdə ləyaqət və qabiliyyətinin olması məsələsi Peyğəmbər (s) və imam Əlidən (ə) nəql olunan hədislərdə qeyd olunmuşdur.
Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında belə buyurmuşdur: “Həsən (ə) və Hüseyn (ə) istər qiyam etsinlər, istərsə də, (bəzi maneə və məsləhət üzündən) sükut etsinlər, hər iki halda imamdırlar.” (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 159; “Əl-irsad”, Şeyx Müfid, s. 220)
Əmirəl-Möminin Əli (ə) də o həzrəti öz canişini olaraq təyin etmişdi və imam Həsən (ə) Müaviyəyə yazdığı məktubda həmin məsələyə toxunaraq belə buyurmuşdur: “Əmirəl-Möminin Əli (ə) dünyadan köçərkən məni özündən sonra xəlifə təyin etmişdir.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 55; “Murucuz-zəhəb”, Məsudi, c. 2, s. 432)
Abdullah ibn Abbas xalqı o həzrətə beyət etmək üçün dəvət etmək istədiyində belə dedi: “Bu şəxs peyğəmbərinizin övladı və imamınızın vəsi və xəlifəsidir ki, ona beyət edin.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 34; “Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, s. 208)
O həzrətə beyət etmək istəyən Kufənin məşhur şəxslərindən bir qrupu onun atasının xəlifəsi olduğuna istinad edərək deyirdilər: “Sən atanın xəlifəsi və canişinisən, biz də sənin əmrinə əmrindəyik.” (“Biharül-ənvar”, Əllamə Məclisi, c. 44, s. 43)
Yuxarıda qeyd olunanlar imam Həsən Müctəbanın (ə) atası tərəfindən imam təyin edildiyini və onun canişini olduğunu göstərən dəlillərin kiçik bir hissəsini təşkil edir. (“Əl-həyatus-siyasiyyə lil-imamil-Həsən”, Əllamə Seyid Cəfər Mürtəza, s. 47)
İmam Həsən (ə) ona beyət edilən günün sabahı camaatı “Qasitin” qrupuna qarşı mübarizə aparmağa təşviq etməklə əsl fəaliyyətinə başladı.

İMAM HƏSƏNİN (Ə) QƏTİ QƏRARI – MÜAVİYƏ İLƏ DÖYÜŞMƏK
Həqiqətdə, imam Həsənin (ə) və eyni zamanda, İraq əhalisinin ən mühüm işi Müaviyənin mövqeyini təyin etmək və onunla döyüşməkdən ibarət idi. O dövrdə İslam torpaqlarının bir-birindən ayrı olması hansısa bir məna ifadə etmir və bütün İslam ölkələrinin vəhdəti hər bir müsəlman fərd üçün əhəmiyyət kəsb edirdi. İraq Şamdan ayrı ola bilmədiyi kimi, Şam da İraqdan, habelə Hicaz və Misir də bir-birindən ayrı ola bilməzdi... Buna görə də, İslam torpaqları üzərindəki mütləq hakimiyyət təhlil edilməli idi.
İmam Həsən (ə) və şiələrinin nəzərində Müaviyənin dini baxımdan hakimiyyət səhnəsindən çıxarılması vacib bir məsələ idi və Əmirəl-Möminin Əli (ə) hakimiyyətə keçdiyi gündən etibarən, bunu özünün ən önəmli vəzifəsi hesab etmiş və hər şeydən çox ona diqqət göstərmişdi. İmam Əli (ə) “Müaviyə ilə döyüşmək” və yaxud “Allahın nazil etdiklərini inkar etmək” kimi iki yoldan birini seçim etməsi qarşısında qaldıqda, işarə etmişdi. Belə bir ruhiyyə o həzrətin böyük oğlu və öz şiələri üçün də yaradılmışdı. Əgər əlverişli şərait və lazımi miqdarda gücə sahib olsaydı, bu vəzifənin icrası İmama vacib olardı.
Qeyd etməliyik ki, həmin dövrdə siyasi səhnədə xilafətə seçilməsində əhəmiyyətli rola malik olan mühacir və ənsar imam Əliyə (ə) səs verdikləri kimi, indi də ənsarın əksəriyyəti və həyatda olan bir qrup mühacir Kufədə imam Həsənə (ə) beyət etmişdi. Buna əsasən, Müaviyə əməli cəhətdən üsyankar sayılırdı və o dövrün məqbul qayda-qanunları baxımından heç bir əqli dəlilə sahib olmadığından, onun vəziyyəti də təyin olunmalı idi.
Bundan əlavə, İraq əhalisi Müaviyənin xilafəti ələ keçirməyə hazırlaşdığına və o günün mövcud vəziyyəti bu iş üçün əlverişli olmadığından, sözsüz, bəzi cəhdlər edəcəyinə də əmin idilər. Belə bir vəziyyəti düşünmək İraq əhalisinə çox ağır gəlirdi və bu səbəbdən şamlıların kufəlilərə qələbə çalması, şamlıların kufəlilərdən intiqam alması sayılırdı. Bu kimi məsələlər imam Həsənin (ə) hökumətinin başlanğıcında döyüş məsələsi ilə qarşı-qarşıya olmasına səbəb oldu və şəxsən, beyət edənlərin bir qisminin xəvaricdən olması, onların döyüşə çox israr etməsi də döyüş məsələsi ilə hökumət arasında möhkəm bağlılığın yaranmasında əhəmiyyətli rol oynayırdı. Təəssüf ki, hər şeyin istənilən şəkildə irəliləməsinə baxmayaraq, cəmiyyətin ictimai cəhətdən fikri-ideoloji düşüncəsindəki inhirafa meyillik və süstlüyü onların döyüşlə bağlı qəti bir fikrə gəlməsinə mane olurdu. Həmin zahiri və batini vəziyyətin müxalif şəkildə fəaliyyəti imam Həsənlə (ə) sürətlə beyət edildiyi kimi, hətta ondan da sürətli şəkildə Müaviyə ilə beyət etdilər.
Elə əvvəldən imam Həsən (ə) Müaviyənin məqsəd və məramını bilsə də, öz dini səviyyəsinə uyğun şəkildə addım ataraq onun özünün həqiqi və qanuni hakimiyyətinə tabe olmağa dəvət etdi.
İmam Həsən (ə) bu məktubda Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra imamətlə bağlı ümmətin arasında yaranmış ixtilafa toxunaraq özü və şiələrinin əvvəlki hökuməti rəsmi tanımadıqlarını və bu mövqeyin yalnız Rəsulullah (s) Əhli-beytinə məxsus bir haqq olduğunu xatırlatdı və Əhli beytin bir sıra məsləhətlərə uyğun olaraq sükut etməsini və Müaviyənin onların haqqına təcavüz etdiyini bildirərək onun yaratdığı fitnə-fəsada işarə etdi və onun beyət etməsini tələb etdi. Müaviyəni beyət və itaət etmədiyi təqdirdə, əlində olan bütün imkanları ilə döyüşəcəyinə dair hədələdi. Müaviyə imam Həsənin (ə) məktubunun cavabında cahiliyyət düşüncələrinə istinad edərək yaşının böyüklüyünü bəhanə etdi və bildirdi ki, o, siyasi səhnədə imam Həsəndən (ə) daha aydınfikirli olduğundan, gərək İmam beyət etsin. Məktubunun sonuna da belə əlavə etdi: “Mənimlə sənin məsəlin, eynilə, Peyğəmbərin vəfatından sonra Əbu Bəkirlə sənin atanın məsələsi kimidir.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 31)
Belə köklü ixtilafın həll edilməyəcəyi təbii idi. Onun taleyini həll etmək üçün, ancaq döyüş meydanında amansız qarşıdurma tələb olunurdu və buna görə də, imam Həsən (ə) güclü bir iradə ilə Qasitinlə döyüşmək üçün ordu hazırlamağa başladı. Müaviyə də valilərinə məktub yazaraq İraqın düşdüyü bu siyasi vəziyyətindən faydalanaraq Kufəyə hücum edib onu fəth etməsi və imam Həsənin (ə) hökumətini aradan qaldırması üçün qoşun göndərmələrini istədi. (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 38) Müaviyə bütün İslam torpaqlarında kök salan münəzzəm və genişmiqyaslı bir casusluq təşkilatına sahib olduğundan, aydındır ki, İraqın vəziyyəti haqqında ətraflı və doğru xəbərlər əldə edirdi.

İRAQIN QASİTİNLƏ DÖYÜŞMƏKDƏ GÖSTƏRDİYİ ZƏİFLİK
Əvvəldə olduğu kimi, kufəlilər imam Əli (ə) şəhadətə çatmazdan qabaq onları Müaviyə ilə döyüşə təşviq etdikdə, o həzrətə tabe olmayaraq evlərində oturduqları və heç bir əks-təsir göstərmədikləri kimi, indi də Şam ordusunun qorxusundan imam Həsən Müctəbaya (ə) beyət etsələr də, Həzrət onları döyüşmək üçün hazırlaşmalarını istədikdə, eynilə atası Əmirəl-Möminin Əli (ə) dövründəki kimi rəftar etdilər (“Məqatilut-talibiyyin”, İsfahani. s. 39) və “Bəni-Xatəm” qəbiləsindən bir dəstənin tənha olaraq orduya tərəf getdiklərini gördükdə, “Təyy” qəbiləsi və digər qəbilələrdə olan bir qrup da məcbur olaraq onların arxasınca hərəkət etdilər.
İmamın o qədər söhbətlərindən sonra və o həzrətin “Nüxeylə”yə gedərək kufəlilərdən səhlənkarlıq görüb Kufəyə geri qayıtdıqdan sonra, yalnız on iki min nəfərlik bir ordu “Nüxeylə”də o həzrətin ətrafına toplandı. (“Tarixi-Yəqubi”, c. 2, s. 214; "Məqatilut-talibiyyin", İsfahani, s. 40; “Tarixi-Dəməşq”, İbn Əsakir, imam Həsənin (ə) həyatı, s. 176, Mahmudi çapı)
Bəzi tarixçilər Əmirəl-Möminin Əlinin (ə) şəhadətindən sonra qırx min adamın Müaviyə ilə döyüşmək üçün ona beyət etdiyini, bəziləri də səhvə yol verərək onların hamısının imam Həsən Müctəbanın (ə) ordusunda olduqlarını qələmə almışlar. (“Tarixi-Təbəri”, c. 6, s. 94; “Tarixi İbn Əsir”, c. 3, s. 61) Həqiqət isə bundan ibarətdir ki, bir nəql olunanlar həddən artıq şişirdilmiş və həqiqətlə uyğunluğu yoxdur. Bu məsələnin isbatı ilə bağlı imam Əlinin (ə) də dəfələrlə qeyd etdiyi sözləri xatırladıqda, anlaşılır ki, o həzrət camaatın yenidən qüvvə toplayaraq Müaviyənin ordusu ilə döyüşməsini tələb etdikdə, ona laqeyd yanaşmış və itaətsizlik etmişlər. Belə olan halda, tarixçilərin “imam Həsənin (ə) ətrafında on iki min nəfər toplaşdığını” deməsi ağlabatan deyildir.
İmam, Übeydullah ibn Abbası sərkərdə və Qeys ibn Səd ibn Übadəni də ona köməkçi seçərək altmış min nəfərlik Şam ordusuna doğru göndərdi. Özü də yenidən ordu toplamaq məqsədilə Mədaində iqamət etdi. Müaviyə imam Həsənlə (ə) ordu arasındakı fasilə və ayrılıqdan istifadə edərək şayiələr yaymaqla qoşunla o həzrət arasında soyuqluq yaranması və bir-birinin verdikləri qərardan xəbərsiz qalmasna şərait yaratdı. Belə ki, qoşun daxilində İmamın sulh etdiyi yayıldı. Müaviyə bu qarışıqlıqdan istifadə edib İmamın qoşun başçısına onun ordusuna qoşularaq bir milyon dirhəm mükafat almasını istədi. (“Əl-irşad”, Şeyx Müfid, s. 170; “Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 16, s. 42) Qeys ibn Sədin yanında qalan dörd min qoşundan başqa, ruhi sarsıntı və gərginlik keçirən, döyüş üçün heç bir hədəfi olmayan ordu şayiə və hiylələrə aldandı və Müaviyənin qoşununa birləşdi.
Müaviyə bu dəfə Qeysi aldatmağa cahd etsə də, onun planları baş tutmadı. Çünki Qeys, Müaviyənin bu kimi şayiə və vədlərinə aldanmayacaq bir şəxs idi. Mədaində İmamın ordusunun Müaviyə qoşununa qatılması xəbərinin təsirindən əlavə, sülh təkilifi etmək üçün İmamın xidmətinə yetişən Müaviyənin nümayəndələri rədd cavabı aldıqdan sonra qayıdıb camaat arasında şayiə yayaraq İmamın sülhü qəbul etdiyini söylədilər. Bu şayiə və yalanlar (“Tarixi-Yəqubi”, c. 2, s. 215) xalqı sərgərdan etmiş və Müaviyəni qəbul etmək üçün tamamilə hazır bir bəziyyətə gətirmişdi. Bu sırada Müaviyə müqabilində müqavimət göstərən və yeganə qüvvə olan Qeys ibn Sədin qoşununda da sülhün qəbul edilməsi dildən-dilə gəzərək onların qulağına çatdıqda, (“Əl-bidayətu vən-nihayə”, İbn Kəsr, c. 2, s. 14.) onların döyüş ruhiyyəsinə öldürücü zərbə vurdu və son müqavimət əzmini aradan qaldırdı.
Belə bir mühitdə və İraq xalqının xaincə davranışları qarşısında İmamın hökumətdən əl çəkməkdən başqa bir çarəsi yox idi. Həzrətin çox az səhabələrindən başqa, heç kəs Qasitinlə döyüşməkdə təlaş göstərmirdi. Belə olan halda, İmamın təsir göstərə bilməsi qeyri-mümkün idi. Bu səbəbdən, Müaviyə bir neçə dəfə İmamın sülhü qəbul etməsini istədikdə, o həzrət də məcbur olaraq sülhü qəbul etdi.

Kitabın adı: İmamların fikri-siyasi tarixi
Tərcümə edən: R. Zevinli və Q. Məmmədov
Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!