İMAM ƏLİNİN (Ə) HƏYATI - III hissə

:

ƏLİNİN (Ə) ƏDƏBİ

İslam hökumətinin mərkəzi Kufə şəhəri idi. Elm öyrənmək üçün dünyanın hər tərəfindən bu böyük İslam mərkəzinə axışırdılar. Bir gün şəhər qırağında iki nəfər bir-birilə rastlaşdı.

Bunlardan biri Əli (ə), o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, Əli (ə) isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt xristian “Xudahafiz ” – deyib yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla birgə gəldiyini görüb heyrətlə soruşdu: ”Məgər siz Kufəyə getmirdiniz?”

Əli (ə) dedi: “Bəli!” Xristian: “Bəs onda nəyə görə bu tərəfdən gəlirsiniz?” – deyə soruşduqda Həzrət Əli (ə) cavab olaraq buyurdu:

–Bir az səninlə birgə yerimək istəyirəm. Çünki Peyğəmbərimiz (s) belə buyurub: “İki nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar. İndi sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə bir az gələcəyəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm.”

Həzrət Əlinin (ə) bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: “ İslam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm.” Yoldaşının İslam rəhbəri Həzrət Əli (ə) olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Əlinin (ə) hüzurunda İslamı qəbul etdi.

HƏZRƏT ƏLİNİN (Ə) ÖZÜNÜ ƏLƏ ALMASI

İnsan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olur. Lakin qəzəbli, əsəbi hallarda insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağır məsələdir. Buna görə də cinayərlətin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir.

Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş Əli (ə) kimi ülvi bir insanın rəftar və davranışı da digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.

İstər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşması üçün o Həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək:

Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq düşmənin yolunu bağlamaq üçün su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Əmr ibn Əbdüvəd əsgərlər arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə heç kəs cürət etmirdi.

Elə bu vaxt Həzrət Əli (ə) mətin addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: “Ey Əmr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən yanındadır!”

Əmr Həzrət Əliyə baxıb lovğa-lovğa dedi: “Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam.”

Əli (ə) ona belə cavab verdi: “Allaha and olsun, mən isə səni öldürmək istəyirəm.”

Bu sözdən hirslənib atından düşən Əmr qılıncını siyirərək Həzrət Əliyə (ə) hücum etdi. Lakin qılınc şiddətlə Əlinin (ə) qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı.

Daha sonra Həzrət Əli (ə) onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Əmr Əlinin (ə) mübarək üzünə tüpürdü. Əli (ə) birdən Əmrin sinəsi üstən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Əmrə tərəf getdi. Əmr soruşdu: “O cür zərbədən sonra məni buraxmağının mənası nədir?”

Əli (ə) belə buyurdu: “Ey Əmr! Mən Allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Əgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Buna görə də sinən üstən qalxdım və bir az yeriyib hirsimi yatırtdım.”

Əlinin (ə) şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhləvanı Əmrə çox böyük təsir etmişdi. Hamı, istər dost, istərsə də düşmən, Həzrət Əliyə diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən düşmənlərin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. Həzrət Peyğəmbər (s) Əlinin (ə) bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu:

Əlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha üstündür.”

Kitаbın аdı: On dörd məsumu tanıyaq

Tәrcümә еdәn: A. Fəsihi

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!