İMAM ƏLİNİN (ə) HƏYATI - VI hissə

:

QƏDİR XUM HADİSƏSİ

Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasiminin təntənəli bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə getmişdi. Çünki Peyğəmbərin sonuncu həcci idi.

Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə qayıdırdı. Yol boyu Peyğəmbərimiz ümməti üçün vəfatından sonra baş verəcək hadisələrdən ötrü çox nigaranlıq keçirirdi.

Xalq arasındakı münafiqlər və onun ölümünü gözləyənlər xilafət və rəhbərliyi əsl yolundan azdırmaq üçün qabaqcadan planlar hazırlamışdı.

O, dost paltarına bürünüb ona hörmət edən münafiqləri görür, amma müşriklərin “Mühəmməd, öz adamlarını öldürür” – demələrinin qabağını almaq üçün səsini çıxarmırdı. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Əli (ə) haqqında əmr etdiyi vəzifəni yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi.

Həmin göstəriş Əlini (ə) xəlifə təyin etmək idi. Onu özünə xəlifə və canişin seçməklə, “Peyğəmbər, bizi xəlifəliyə seçdi.” – deyib xalqın arasında şək-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi.

Vəhy mələyinin Peyğəmbərin ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda verir: “Böyük bir vəzifən, borcun var. Əgər onu yerinə yetirməsən, elə bil risalətini təbliğ etməmisən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır.”

Bəli, bu risalət günəşinin canişini, vəkili, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (ə) bütün kamal və dəyərlərinə sahib idi. Bu şəxsiyyət Əli ibn Əbu Talib(ə)dən başqa kim ola bilərdi? O Əli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tərifləyib buyurmuşdu: “Əli ümmətimin ən bilicisidir. Mən elimin şəhəriyəm, Əli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Əliyə müraciət etsin!“

Elə buna görə də Əli (ə) minbərdə həmişə belə deyərdi: – Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!

Allahın əmrinə görə həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə İslam dinini kamilləşdirmək üçün Əlini (ə) xəlifəliyə seçmək qərarına gəldi. ”Qədir günü” Allahın öz Peyğəmbərini təbrik edib müjdə verərək “Bu gün İslam dinini mükəmməl edib sizlərə nemətimi tamamladım.” – dediyi gün olaraq tarix səhifələrinə yazıldı.

Demək, bu müqəddəs bir qayıdış eləcə də çox bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idi.

Onların hamısı zil-həccə ayının 18-də Cöhfə deyilən yerdə Qədir-Xum adlı məntəqəyə çatdıqları vaxt Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin əmrilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşirdi ki, “Mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlamışdır.” Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.

Peyğəmbər üçün dəvələrin cihazından ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər. Bununla da orada onların hamısı həmin sözləri eşidəcəkdi.

Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:

– Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var-qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanət) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar: “Allahın kitabı və Əhli-beytim”.

Daha sonra hamının görə bilməsi üçün həzrət Əlinin əlini uca bir bayraq kimi qaldırıb buyurdu:

– Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Əli də onun mövlasıdır. Allahım! Əli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. İnşallah ki, eşidib qəbul edərlər!

Kitаbın аdı: On dörd məsumu tanıyaq

Tәrcümә еdәn: A. Fəsihi

Ardı var...

ARDINI BURADAN OXUYUN

Mətni səsləndirdi: MƏMMƏDLİ TURAN
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!