HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-5

:

Cənab Həbib ibn Məzahir Əsədi
Mənəviyyatın parlaması cəhətindən baxsaq, dəfələrlə vurğulanıb ki, çoxları İmam Hüseynə müraciət edib bu müqavimətinə görə Həzrəti (ə) qınayırdılar. Onlar pis, yaxud kiçik insanlar deyildilər. Bəziləri İslamın böyük şəxsiyyətlərindən idilər. Lakin pis anlayırdılar və zəif cəhətləri onlara qalib gəlmişdi. Onlar Hüseyn ibn Əlini də (ə) həmin zəif cəhətlərə məğlub etmək istəyirdilər. İmam Hüseyn (ə) dözdü, məğlub olmadı. İmam Hüseynlə (ə) birgə olanların hər biri bu mənəvi mübarizədə qalib oldular. Həyatın zahiri ləzzətlərindən və qocalıq dövrünün rahatlığından, öz evlərinin isti və yumuşaq yatağından keçib, çətinliyə dözən Müslim ibn Övsəcə və Həbib ibn Məzar kimi qocalarda var idi.

Həbib ibn Məzahir sayılıb seçilən və görkəmli şəxslərdən və Bəni Əsəd qəbiləsində böyük hörmət sahib olan və etimad əldə etmiş bir şəxsiyyət idi. Həbib əziz İslam Peyğəmbərinin (s) səhabələrindən biri idi və gənc yaşlarında Peyğəmbərimiz (s) yanında olmuşdur.
Bütün tarixçilər onun İmam Əlinin (ə) imamətlik dövründə Kufə sakini olduğunu yazmışlar və o, İmamın (ə) sadiq doslarından və bütün səhnələrdə Əmirəl-möminin (ə) ilə birlikdə olmuş və müharibələrin hamısında, Həzrətin (ə) hüzurunda düşmənə qarşı qılıncından istifadə etmişdir.
Müaviyənin ölümündən sonra Kufə əhlinə xəbər çatmışdı ki, İmam Hüseyn (ə) Mədinədən ayrılıb və Yezidə beyət etməkdən imtina etmişdir. İmamın (ə) Məkkəyə tərəf hərəkət etməsi çox mənalı idi. Beləliklə, Həzrətin şiələri Süleyman ibn Sərd Xuzainin evinə toplaşaraq qərara gəldilər ki, İmam Hüseynə (ə) məktub yazaraq Kufəyə dəvət etsinlər. Xətiblər də həmçinin, cümə namazlarında insanları bu məsələyə sövq edirdilər. İmamın (ə) məktubunu yazan və Həzrəti Küfəyə dəvət edənlər arasında Həbib ibn Məzahir, Müslim ibn Övsəcə və Süleyman ibn Sədr və s. kimi şəxsiyyətlər var idi.
Tarixdə belə qeyd edilir: Müslim ibn Əqil Kufəyə gələrək Muxtarın evində məskunlaşdıqda, şiələr onunla görüşmək üçün oraya get-gəl edir və məclislər təşkil edirdilər. Belə məclislərin birində əvvəl Abbas ibn Əbi Şəbib Şakeri çıxış etdi. Ondan sonra Həbib ayağa qalxdı və Abbasın çıxışını təqdirə layiq olduğunu bildirdikdən sonra, dedi: "Allah sənə rəhm etsin, əlbətdə qısa cümlələrlə qəlbində olan sözləri dilinə gətirdin. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq bir məbud yoxdur. Biz hamımız eyni yoldayıq, o yolda ki, sən onda möhkəm dayanmısan.”
Kərbəla hadisəsindən öncə Həbib ibn Məzahir, yaxın dostu və silahdaşı olan Müslim ibn Övsəcə ilə birlikdə Küfədə İmam Hüseynə (ə) kömək etmək üçün camaatdan beyət alırdılar. İbn Ziyad Kufəyə gələn kimi insnlara ağır əziyyətlər verir və İmama beyət edənlərin qətlinə fərman verir, həbs etdirir və bəzilərinə hədə qorxu gəlir və ya dünya malları ilə şirnikdirirdi. Bu səbəblərdən dolayı, Kufə əhli beyətlərini sındıraraq Müslim ibn Əqili tənha qoydular, Bəni Əsəd qəbiləsi Həbib ibn Məzahiri və Müslim İbn Övsəcəni onlara zərər gəlməməsi üçün gizlətmişdilər və İmam Hüseyn (ə) Kərbəlaya yetişdikdən sonra, Həzrətin iki yaxın və səmimi dostları Kufəni gizli şəkildə tərk edərək, o Həzrətin yanına yollandılar. İbn Ziyadın casuslarına və xəbərçilərinə bildirmədən gecə saatlarında bütün maneələri aşaraq, özlərini İmamın düşərgəsinə çatdırdılar.
Həbib İmam Hüseynin (ə) düşmənlərinin sayının çox olduğunu müşahidə etdikdən sonra, Həzrətdən icazə istədi ki, Kərbəla yaxınlığında yaşayan Bəni Əsəd qəbiləsindən köməklik üçün canlı qüvvə dəvət etsin. İmam ona icazə verir. Qəbiləsinin yanına gələrək onlardan dünya və axirət şərəfi qazanmaları üçün Allah Peyğəmbərinin (s) övladına kömək etmələrini istədi. Bəni Əsəd qəbiləsindən 90 nəfər cəngavər onun çağırışını qəbul etdi. Həyy qəbiləsindən olan bir nəfər Ömər ibn Sədə Bəni Əsəd qəbiləsindən olan bir dəstənin İmamın yanına hərəkət etdiyini xəbər verdi. İbn Səd onların qarşısını almaq üçün "Əzrəq"-in başçılığı altında 400 döyüşçü göndərdi və Kərbəla yaxınlığında toqquşma baş verdi, döyüşdə "Bəni Əsəd" qəbiləsindən bir çoxları öldürüldü. Çox az sayda sağ qalan yaralılar çətinliklə də olsa, gecənin qaranlığında qaçaraq özlərini qəbilələrinin yanına çatdırdılar.
Beləliklə, Həbib İmam Hüseynin (ə) yanına qayıtdı və baş verənləri Həzrətə bildirdi. İmam (ə) buyurdu: Allahın iradəsi ilə hər hansı hadisə baş verməlidirsə mütləq yerinə yetəcək. Allahdan başqa heç bir güc və heç bir qüdrət yoxdur.
Aşura günü Həbib İmam Hüseynin (ə) sol cinahının , Zuheyr isə sağ cinahın komandiri idi. Hər kəs Həbibi döyüşməyə dəvət etsəydi, tərəddüd etmədən cavab verərdi. Ziyadın qulamı "Salim" və Ubeydullah ibn Ziyadın qulamı "Yəsar" döyüş meydanına çıxaraq mübarizə tələb etdilər və Salim bir miqdar irəlidə idi. Həbib və Bureyr sürətlə onlara tərəf yollandılar, amma İmam Hüseyn (ə) onları geri qaytardı, Abdullah ibn Əmir ayağa qalxdı və İmam ona cihad icazəsi verdi.
Təbəri və başqaları Həbibin vəziyyəti haqqda belə yazırlar: Nə zaman Həbib müharibədə döyüşməyə dəvət olunurdusa, asanlıqla bunun öhdəsindən gəlirdi. Belə bir ruhiyyə böyük mücahidlərin cəsarətini və Tanrı dininin dirçəldilməsinə sədaqətin nümayiş edilməsi demək idi. Cəsur aslan Həbib, qoca yaşına baxmayaraq, Aşura günü onlardan 62 nəfəri yerə sərərək cəhənnəmə vasil etdi. "Budəylu"-nun hücumuna qədər Həbib şücaətlə və cəsarətlə vuruşdu.
"Budeylu ibn Sureym" deyilən "Bəni Təmim" qəbiləsindən olan biri, qılıncı ilə Həbibə zərbə endirdi və eyni qəbilədən (Təmim) orada olan digərləri də nizələr ilə hücum etdilər və yalnız bu zaman Həbibi at üstündən yerə endirə bildilər, ancaq Həbib ayağa qalxmaq istədikdə Hasin ibn Təmim qılıncını çalaraq atından yerə sıçradı və Həbibin başını bədənindən ayırmağa çalışırdı. İmam Hüseyn (ə) özünü oraya yetirdi və Həbibin başını dizinin üstünə qoyaraq buyurdu: "Mən özümü və sadiq səhabələrimi Allah-Taalaya məxsus bilirəm" və sonra İmam Qurani-Kərimin bu ayəsini təkrarlayaraq oxudu: "Biz hamımız Allaha məxsusuq və Onun hüzuruna qayıdacayıq".

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!