HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-7

:

Cənab Əbu Səmamə Saidi (Seydavi)
Əmir ibn Abdullah ibn Kəbəh Saidi, Əbu Səmamə Saidi (Seydavi) kimi tanınırdı və Kufənin tanınmış, şücaətli şiələrindən biri idi və Hüseyn ibn Əli (ə) ilə Aşura günü Kərbəla hadisəsində şəhidlik dərəcəsinə yetişmiş, Əli ibn Əbu Talibin (ə) və Hüseyn ibn Əlinin yoldaşlarından, vəfalı səhabələrindən biri olmuşdur. O, Həmdan tayfasının qollarından biri olan Bəni Said qəbiləsinə məxsus olmuş və bəzi antropoloji tədqiqat mənbələrinə əsasən, Əbu Səmaminin şəxsi məlumatında tam adı Ziyad ibn Əmir ibn Ərib ibn Hənzələ ibn Darəm ibn Abdullah Əl-Saidi kimi qeyd olunmuşdur.

Müaviyənin ölümündən və Yezidin xilafətə gəlməsindən sonra, Əbu Səmamə və Kufədən olan bir qrup şiələr Süleyman ibn Surəd Xuzainin evinə yığışaraq, Hüseyn ibn Əlinin (ə) Həcc əməllərini yerinə yetirmək üçün Məkkədə olduğunu bilib, oraya məktub ünvanlamışdılar.
Müslim ibn Əqilin beyət almaq üçün Kufəyə daxil olmasından sonra, Əbu Səmamə ona qoşularaq, İmam Hüseyn (ə) hərəkatının daha da güclənməsi üçün maddi köməklərin yığılması və silah tanıma bacarığı olduğundan dolayı, silah satın almaq məsuliyyətini öz üzərinə götürmüşdür.
Əbu Səmamə Ubeydullah ibn Ziyad onu və yoldaşlarını həbs etdirmək üçün aralarına nüfuz edən casus Muqəlin verdiyi pulu Müslim ibn Əqilin göstərişi ilə təhvil almış və Haninin həbs edilmə xəbəri Kufə camaatı arasında yayıldıqda, İbn Ziyadın olduğu saraya (Darul-İmarəyə) hücum etməyə hazırlaşmaq üçün Kufə camaatına səfərbərlik elanı etmişdir.
Müslim ibn Əqil öz qoşununa döyüş təlimatları vermək üçün Təmim və Həmdan qəbiləsinin komandanlığını Əbu Səmaməyə tapşırmışdı. Əbu Səmamənin komandanlığı altında olan və digər Küfə camaatından ibarət döyüşçülər Müslim ibn Əqili tənha qoyduqdan sonra, Əbu Səmamə bir müddət məxvi şəkildə öz qəbiləsinin yanında gizlənmiş və İbn Ziyadın onu təqib etməsinə baxmayaraq, onu həbs etməyə müvəffəq olmamışdır. Hüseyn ibn Əlinin (ə) Məkkədən İraqa yola çıxdığı xəbərini eşitdikdən sonra, Əbu Səmamə, Nafi ibn Hilal ilə birlikdə o Həzrətin qafiləsinə qoşulmuşlar.
Aşura günü, zöhr namazının vaxtı yaxınlaşdığı bir zamanda, Əbu Səmamə Hüseyn ibn Əlinin (ə) yanına gələrək deyir: Canım sənə fəda olsun, düşmənin qoşunu anbaan bizə yaxınlaşmaq üzərədilər. Allaha and olsun ki, mən sizin qarşınızda həlak olmayana qədər, siz şəhadətə çatmayacaqsınız, istərdim sizə yaxın olan düşmələrin qarşısını alam. Ancaq bilirəm ki, bu yolda şəhid olacağam. Allah-Taala ilə görüşə yaxın olduğum anlardır, amma zamanı daxil olan bu namazı sizinlə birlikdə vaxtında qılmağı çox istəyirəm. Hüseyn ibn Əli (ə) mübarək başını səmaya tərəf qaldıraraq buyurdu: Namazın vaxtının daxil olmasını bizim yadımıza saldın və namazı yad etdin, Allah səni namaz qılanlardan və zikr edənlərdən qərar versin. Bəli, zöhr namazının əvvəl vaxtı başlanmışdı. Onlardan namaz qılanadək döyüşü saxlayıb sabitliyin bərqərar edilməsini istəyin.
Təbərinin yazdığına görə, Əbu Səmamə Ömər ibn Sədin ordusu sıralarında olan əmisi oğlunu həlakətə çatdırmışdır. Sonra Hüseyn ibn Əli (ə) və vəfalı səhabələri günorta namazını Xovf namazı qaydası ilə qıldılar. Əbu Səmamə, Malik ibn Dudanın şəhid olmasından sonra, Hüseyn ibn Əli (ə) ilə vidalaşaraq, döyüş meydanına hücum edir və nəticədə, Qeys ibn Abdullah tərəfindən şəhadətə çatır. Onun adı müqəddəs Aşura Şəhidləri ziyarətində (Ziyarəti Nahiyeyi Müqəddəsə) və həmçinin Rəcəbiyyə ziyarətində də yad edilir.

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!