HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ-12

:

Cənab İbrahim ibn Hasin Əsədi
Əbu İshaq İbrahim ibn Hasin Əsədi,Kərbəla şəhidlərindən və İmam Hüseynin (ə) Aşura günü tənha qaldığı anlarında adlarını çəkərək köməyə çağırdığı şəxslərdən biri idi. Aşura günü İbrahim İmamın (ə) yanına gedir və Həzrətdən döyüş meydanına çıxmaq üçün icazə aldıqdan sonra düşmənə meydan oxuyaraq, belə deyir: "Bu gün qanım tökülənə qədər sizə qılıncımla zərbələr endirəcəyəm. Əbu İshaq ölümü, pis və günahkarların övladlarına dadızdıracaq". O, düşmənə hücum edir və 84 nəfəri məhv edərək, böyük bir cəsarət və şücaətlə vuruşduqdan sonra, nəhayət şəhid olur.

Cənab Əbul Hutuf ibn Haris Ənsari
Əbul Hutuf və qardaşı Səid ibn Haris ibn Səlmə Ənsari, hər ikisi Xəvaric (Mühəkkəmə) olmuş və Ömər Sədin qoşunu ilə birlikdə İmam Hüseyn (ə) ilə mübarizə etmək üçün Kufədən Kərbəlaya gəlmiş, lakin Aşura günü günortadan sonra İmam Hüseynin (ə) "Həl min nasir yənsuruni" söyləyərkən, eləcə də, rəsulullahın (s) ailəsindən olan qadınlar və uşaqların ah-nalə və ağlama səsləri ərşə ucaldığı bir zamanda, bu iki qardaş davam gətirə bilməyərək İmam Hüseynin (ə) müdafiəsinə qalxaraq, qılınc çəkib, İmamın (ə) düşmənlərinə hücum etdilər və şəhid olana qədər vuruşdular.
Cənab Əbi Əmrə Ziyad ibn Ərib Səidi (Əbu Əmir (Əbu Amir) Nəhşəli)
Ziyad Həmdan qəbiləsinin bir qolu olan Bəni-Said tayfasına məxsus, gecə ibadətlərini tərk etməyən, dindarlığı və şücaəti ilə tanınan bir insan idi. Əbi Əmrənin atası Allah Rəsulunun (s) səhabələrindən biri olmuşdur. Həmçinin Əbi Əmrə, Aşura günü qılınc çəkib İmamın hədəfi uğrunda döyüşən o Həzrətin (ə) səhabələrdən biri idi. O, imamdan (ə) meydana çıxmaq üçün icazə istəyir və icazə aldıqdan dərhal sonra Ömər Sədin qoşununa tərəf hücum edir. Nəql olunur ki, Aşura günü Ömər ibn Sədin ordusu sıralarında olan Mehran Kahəli deyir: "Mən Kərbəlada idim. Şücaətli birini gördüm, qorxmadan müqavimət göstərir və döyüş meydanında tək başına cəsarətlə və qəhramancasına vuruşurdu. Düşmən qoşunu hansı cinahından ona qarşı hücum edirdisə, o, həmin cinahı alt üst edirdi. Bir müddət döyüşdükdən sonra, İmam Hüseynə (ə) yanına qayıdır və Həzrətə müraciət edərkən deyir: "Ey Əhmədin (s) övladı, hidayət yolunu bizə göstərdiyiniz üçün sizə Firdovs cənnətində yüksək bir məqam bəşarəti verilsin". Soruşdum: O, kimdir? Dedilər: "O, Əbu Əmrə Hənzəli idi". Nəhayət, bir müddət döyüşdən sonra Amir ibn Nəhşəh adlı biri onun yolunu bağlayır və şəhadətə çatdırdıqdan sonra, başını bədənindən ayırır.
Cənab Ədhəm ibn Uməyyə Əbdi
Ədhəm Bəsrə şiələrindən olmuşdu. O, Bəsrədəki Mariyə adlı bir şəxsin evində toplaşan şiə icmasına qatılır. Mariyənin evində məşvərət üçün təşkil olunan bir görüşdə ibn Sabitin İmam Hüseynə (ə) kömək etmə çağırışına cavab verir, onunla birlikdə Bəsrədən Məkkəyə tərəf gəlir və Əbtəh məntəqəsində İmamın (ə) karvanına qoşulur. Ədhəm ibn Uməyyə İmam Hüseynlə (ə) Kərbəlaya qədər birlikdə olur. Kərbəlada İmamın (ə) müdafiəsinə qalxır və nəhayət, Aşura günündə şəhid olur. Bəzi mənbələrdə onun şəhadətə çatması anının ilk hücum zamanı baş verdiyi bildirilir və həmçinin, Allah Rəsulunun (s) səhabələrindən biri olduğu qeyd edilir.

Müəllif: Elçin Səfaquliyev

Tags: İMAM HÜSEYN (ə), SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!